Məhkəmə qərarları › İş №2(005)-2367/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(005)-2367/2021

27.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2367/2021 27.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə 27.04.2020-ci il tarixdə, 1132 nömrə ilə 5 saylı Asan Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsində qeydə alınmış nikahın etibarsız sayılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehin və iddiaçının valideynləri uzun müddətdir ki, bir-birini tanıyaraq ailəvi dostluq edirlər. 2019-cu ilin dekabr ayının sonunda Yeni il bayramı ilə bağlı valideynləri görüşmüş və söhbət zamanı cavabdehin valideynləri bildirmişlər ki, Cavabdeh oxumaq üçün Türkiyə Respublikasına gedəcək və bununla bağlı müəyyən sənədlərin rəsmiləşdirilməsi aparılır. Həmin ərəfələrdə müəyyən biznes fəaliyyətini qurmaq üçün iddiaçının Türkiyə Respublikasına gedib uzun müddət orada yaşamağı nəzərdə tutulurdu və həmin məqsədi həyata keçirmək üçün iddiaçıya Türkiyədə yaşamaq üçün oturum almaq lazım idi. Bu məsələ ilə bağlı Türkiyədə vəkillərdən məsləhət alarkən oturumun verilməsi üçün əsas olan sənədlər barədə məlumat almış və iddiaçının valideynləri iş üzrə cavabdehin valideynləri ilə danışaraq Cavabdeh təhsil almaq üçün qanuni əsaslarla uzun müddətə Türkiyədə yaşayacağını və bunun əsasında evli olduğu halda onun həyat yoldaşının da Türkiyədə oturum alıb yaşamaq hüququnun olmasını bildirərək, tərəflər arasında formal nikahın bağlanmasını xahiş etmişlər. Daha sonra 2-3 dəfə görüşüb yenə də bu barədə söhbətlər edəndən sonra cavabdehin valideynləri formal nikahın bağlanması üçün razılıq vermiş və iddiaçı sənədləri hazırlayıb 5 saylı Asan Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsinə vermiş və 27 aprel 2020-ci il tarixdə Asan Xidmət Mərkəzində nikahları formal olaraq qeydə alınmışdır. Tərəflərin ailə qurmaq niyyəti olmamış, sadəcə xarici ölkədə yaşamaq üçün icazə almaq məqsədi ilə valideynlərinin razılığı əsasında formal olaraq nikah qeydiyyat orqanında qeydiyyatdan keçmiş və onlara nikah haqqında şəhadətnamə verilmişdir. Lakin nikah rəsmiləşdiriləndən bir müddət sonra iddiaçının işlərinin gedişatı və planları dəyişmiş, artıq Türkiyədə oturum almaq məqsədi ilə formal bağlanmış nikaha ehtiyac qalmamışdır. Ona görə də, hər iki tərəfin ailə qurmaq niyyəti olmadan bağlanmış nikah etibarsız hesab edilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmənin 20 may 2021-ci il tarixli iclasında iştirak edən İddiaçı bildirmişdir ki, Cavabdeh ailəsi ilə ailəvi tanışlıq münasibətləri olmuş, cavabdehlə formal nikaha girmiş, heç vaxt birgə yaşamamışlar. Cavabdeh Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə yazdığı və iddiaçı tərəfindən təqdim olunan ərizəyə əsasən cavabdeh bildirmişdir ki, onların ailə qurmaq niyyətləri və istəkləri olmamış, sənədləşmə işlərində müəyyən məqsədlərə nail olmaq üçün valideynlərinin istəyi ilə formal olaraq nikah ASAN Xidmət mərkəzində qeydiyyatdan keçirilmiş və bu səbəbdən İddiaçı iddia tələbini qəbul etdiyini, hal-hazırda Türkiyə Cümhuriyyətində yaşayıb təhsil aldığından məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunaraq nikahın etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfin işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq məhkəmə iclasına gəlməməsini nəzərə alaraq, mülki işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirakı iddiaçı tərəfindən təmin edilmiş şahid X2 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, Cavabdeh bibisidir. Onun iddiaçı ilə hər hansı ailə münasibətləri olmamışdır. İddiaçı ailə üzvü kimi tanımır. Bildiyinə görə, Əlin viza alaraq işləmək üçün başqa ölkəyə getmək arzusu var idi. Vizanın daha rahat və tez alınması üçün o, cavabdehlə nikaha daxil olmuşdur. El adəti ilə toy, nişan olmamışdır. Sadəcə qeydiyyat şöbəsinə getməklə nikaha daxıl olmuşlar. Məhkəmə iclasında iştirakı iddiaçı tərəfindən təmin edilmiş şahid X3 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, İddiaçı dostudur. Cavabdeh tanımır, sadəcə olaraq onları maşınla qeydiyyat şöbəsinə aparmışdır. Tərəflərin toyu, nişanı olmamış, formal nikaha daxil olmuşlar. Bildiyinə görə, iddiaçı viza almaq üçün cavabdehlə nikaha daxil olmuşdur. Onların toyu olmamış, iddiaçı ilə cavabdeh arasında faktiki nikah münasibətləri olmayıb. Dostunun toyu və ya nişanı olsa bundan xəbəri olardı. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 5 saylı Bakı "Asan Xidmət" mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən 27.04.2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 395815 nömrəli nikah haqqında şəhadətnamədən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında 27 aprel 2020-ci il tarixdə bağlanmış nikah 1132 nömrə ilə akt qeydləri kitabında qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Əliyeva soyadı verilmişdir; 08.04.2021-ci il tarixli qəbzdən görünür ki, İddiaçı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 20 manat məbləğində dövlət rüsumu ödəmişdir. Ailə Məcəlləsinin 2.3-cü maddəsinə görə nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 25.1-ci maddəsinə əsasən bu məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır; 25.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır; 25.4-cü maddəsinə əsasən etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Qanunvericinin mövqeyindən göründüyü kimi, nikah, digər hallarla yanaşı, həm də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadığı halda (saxta nikah) bağlandıqda etibarsız sayıla bilər. Çünkü saxta nikahın bağlanmasındakı məqsəd ailə hüququ münasibətləri üzrə hüquq və vəzifələr əldə etmək deyil, əmlak və şəxsi qeyriəmlak xarakterli hüquq və güzəştlərin əldə edilməsi olur ki, belə nikahın etibarlı sayılması mümkün deyildir. Bununla belə, nikahın etibarsızlığının əsasları qanunvericilikdə dəqiq şəkildə müəyyən olunduğu üçün, bu mübahisələrdə əsaslı, mötəbər sübut olmadan yalnız formal mülahizələrə əsaslanmaqla iddiaların təmin olunması bu institutun mahiyyətinə zidd olmaqla bərabər, ailənin dövlətin himayəsində olması ilə bağlı konstitusion müddəanın pozulmasına səbəb ola bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında 27 aprel 2020-ci il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Əliyeva soyadı verilmişdir. Hazırda iddiaçı ailə qurmaq niyyətində olmadığını, cavabdehlə aralarında bağlanmış nikahın formal xarakter daşıdığını iddia edir və bu səbəbdən nikahın etibarsız hesab edilməsini tələb edir. Göründüyü kimi, nikahın etibarsız sayılması üçün əsas olan hallar (şərtlər) Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 25-ci maddəsində təsbit edilmiş və tərəflərdən, yəni ər və arvaddan birinin və ya hər ikisinin ailə qurmaq niyyətinin olmaması da onlar arasında bağlanmış nikahın etibarsız sayılması üçün əsaslardan biri kimi müəyyən edilmişdir. İddiaçı ilə Cavabdeh arasında nikah bağlanarkən tərəflərin ailə qurmaq niyyətində olmamış və iddiaçı nikahın bağlanmasının səbəbi kimi onun “xarici dövlətə viza almaq üçün” evlənmək istədiyini göstərir. Bununla belə, məhkəmə belə qənaətə gəlir ki, hər iki tərəfin, yəni həm iddiaçının, həm də cavabdehin ailə qurmaq niyyəti olmadığından və tərəflər arasında nikah görünüş üçün bağlandığından, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında 27 aprel 2020-ci il tarixdə bağlanmış və 1132 nömrə ilə 5 saylı Bakı "Asan Xidmət" mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmış nikah etibarsız hesab edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, və 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 27 aprel 2020-ci il tarixdə bağlanmış və 1132 nömrə ilə 5 saylı Bakı "Asan Xidmət" mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmış nikah etibarsız hesab edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qiyabi qətnaməni rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə, 1 (bir) ay müddətində isə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar