Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2400/2021 23.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X3, Ərizəçi və onun vəkili və nümayəndəsi Vəkil Allahverdi oğlunun, Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi (maraqlı şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nərimanov rayon şöbəsi) qarşı “əmək stajı faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “əmək stajı faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 26.03.1975-ci ildən 26.03.1980-cı ilə qədər olan dövrdə Ermənistan Respublikası, Razdan rayonunun Meşə Yaşıllaşdırma İdarəsində işləməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1958-ci ildə Ermənistan Respublikası, Axda rayonunun Axundov kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1975-ci ildən başlamışdır. Mənfur ermənilərin məlum deportasiya siyasəti nəticəsində yüz minlərlə azərbaycanlı kimi iddiaçı da ailəsi ilə birlikdə doğma torpaqlarımızdan didərgin düşmüşdür. Əmək fəaliyyəti 2012-ci ilin sonuna qədər davam etmişdir. 26.03.1975-ci ildən 01.01 2006-cı ilə qədər 25 il 06 ay 22 gün iş stajı olmuşdur. İddiaçının Razdan rayonunun Meşə Yaşıllaşdırma İdarəsində 26.03.1975-ci ildən 26.03.1980-cı ilə qədər olan dövr iş stajı əmək kitabçasının 3-cü səhifəsində qeyd edilsə də həmin səhifəyə möhür vurulmamışdır. İddiaçı tərəfindən Azərbaycan Respublikası ƏƏSMN yanında DSMFnin Bakı şəhəri Nərimanov rayon şöbəsinə müraciət olunaraq yaşa görə əmək pensiyası təyin edilməsi xahiş olunmuş, sonuncu tərəfindən **********9 nömrəli, 04.03.2020-ci il tarixli məktubla fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədiyinə və tələb olunan iş stajı olmadığına görə pensiya təyin edilməsinin qanuna zidd olduğu qeyd olunaraq pensiya təyin edilməsindən imtina olunmuşdur. Əmək kitabçasına möhür vurulması mümkün deyil, işlədiyi həmin dövrün qeydiyyata alınmaması nəticəsində iddiaçının yaşa görə əmək pensiyası təyin edilməmişdir. Həmin dövrlərdə iddiaçının harda işləməyi ilə bağlı vəkil tərəfindən Milli Arxiv İdarəsinə sorğu verilmiş və sorğuya 08.09.2020-ci il tarixli, 5/1395 saylı cavab məktubu gəlmişdir. Məktubda məlum hadisələr zamanı köçkün düşmüş vətəndaşların iş stajı və başqa sosial-hüquqi xarakterli hər hansı bir sənədi Azərbaycan Respublikasının Dövlət Arxivlərində mühafizə edilmədiyindən qaldırılan məsələ ilə bağlı araşdırma aparılmasının mümkün olmadığı göstərilmişdir. Məhkəmə iclasında Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X5 ərizə ilə bağlı məhkəməyə rəsmi etiraz təqdim edərək hüquq üzrə mübahisə olduğunu əsas göstərərək, Ərizəçi Razdan rayonunun Meşə Yaşıllaşdırma İdarəsində 26.03.1975-ci ildən 26.03.1980-ci ilə qədər işlədiyi dövrü hüquqi fakt olaraq qəbul etdiyini, sadəcə olaraq əmək kitabçasında həmin dövrdə işləməyi ilə bağlı qeydlər möhürlə təsdiq olunmadığından o müddətin iş stajı kimi qəbul edilmədiyini bildirmişdir. Hüquqi faktla bağlı mübahisə olmadığından Nərimanov rayon Məhkəməsinin 2(005)-3720/2020 saylı, 12.11.2020-ci il tarixli qərardadı ilə hüquqi faktın müəyyən olunması barədə ərizə baxılmamış saxlanılmış, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı tərəfindən iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilərək 26.03.1975-ci ildən 01.01.2006-cı ilə qədər 25 il 06 ay 22 gün iş stajı qeydə alınaraq iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Bakı şəhəri Nərimanov rayon şöbəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi xahiş olunmuş. 2-1(112)-3391/2021 saylı iş həmin məhkəmənin hakimi Nəriman Abıyevin icraatına verilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən iddia ərizəsi ilə bağlı məhkəməyə rəsmi təqdim edilərək əmək kitabçasında uyğunsuzluqlar olması və iddiaçının 26.03.1975-ci ildən 26.03.1980-ci ilə qədər işləməyi ilə bağlı qeydlər möhürlə təsdiq olunmadığından həmin dövrlərin ümumi iş stajına əlavə edilə bilməməsi qeyd olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi cavabdehin nümayəndəsinə sual verərək: ”Əgər Saabat xanımın 26.03.1975-ci ildən 26.03.1980-ci illər ərzində işlədiyi dövrü nəzərə almayacaqdızsa nə üçün Nərimanov rayon Məhkəməsində hüquqi faktın müəyyən olunması ilə bağlı işə baxılarkən hüquqi faktı qəbul etdiyinizi, lakin onun araşdırılmalı olmasını qeyd etmişdiniz? Hazırda isə qeyd olunan dövr ərzində iddiaçının işləməsini ümumiyyətlə qeyd etmirsiniz.” sualına gülümsəyərək “Nərimanov rayon Məhkəməsində mən yox, digər nümayəndə iştirak etmişdir.” cavabını vermişdir. Nümayəndənin gülümsəyərək suala bu cür cavab verməsi onu göstərir ki, Dövlət Sosial Müdafiə Fondu istənilən vasitə ilə iddiaçıya pensiya təyin edilməsinə mane olmaq niyyətindədir. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X7 bildirmişdir ki, iddiaçı Ərizəçi 26.03.1975-ci il tarixdən 01.01.2006-cı il tarixə qədər olan dövrün sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edir. İddiaçı cavabdeh orqana 18.11.2020-ci il tarixində müraciət etdiyini iddia etmiş, lakin cavabdeh orqan tərəfindən 30 gün ərzində heç bir məlumatın verilmədiyini əsas gətirərək məhkəməyə müraciət etdiyini bildirmişdir. İddiaçı öz iddiasında həmin illərə dair qeydlərin əmək kitabçasında mövcud olduğu üçün sosial sığorta stajına əlavə edilməsini əsaslandırır. Hesab edirik ki, sözügedən iş üzrə iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Sözügedən maddənin qeyd hissəsində müəyyən olunur ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddənin mətnindən aydın olur ki, yasa görə əmək pensiyasının təyin edilməsi üçün, 2 əsas eyni anda mövcud olmalıdır: 1) Vətəndaşın yaşı bu qanunda göstərilən yaş həddinə çatmalıdır. 2) Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir yaxud azı 25 il sığorta stajı olmalıdır. İddiaçı Ərizəçi nəzərən birinci əsasla bağlı qeyd olunmalıdır ki, iddiaçı qanunla müəyyən edilmiş yaş həddinə çatmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş AA seriyalı 142163 nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, iddiaçı Ərizəçi xx.xx.1958-ci ildə anadan olmuşdur. İddiaçının pensiya almaq hüququ “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq 25.08.2020-ci ildə yaranmışdır. İkinci əsasla bağlı qeyd olunmalıdır ki, iddiaçının 1675-2012-ci illər arasında işlədiyin iddia etdiyi illər onun mübahisələndirilməyən ümumi iş stajına əlavə edildiyi təqdirdə, iddiaçının subyektiv hüquqi marağı-pensiya almaq hüququ yaranır. Lakin həmin illərin iddiaçının ümumi iş stajına aşağıda göstərilən əsaslarla əlavə edilə bilməz. İşin faktiki hallarına əsasən, iddiaçının 28.03.1985-ci il tarixli ******* nömrəli əmək kitabçasının ilk qeydində iddiaçının 26.03.1975-ci ildə Razdan rayon Meşə Yaşıllaşdırma İdarəsinə əmək fəaliyyətinə başladığı göstərilmişdir. 1985-ci ildə qeydiyyata alınan əmək kitabçasına 1975-ci ilin qeydinin aparılması qeydlərin sonradan əlavə olunduğunu göstərir. Həmçinin əmək kitabçasındakı 15-ci qeyddə iddiaçının 01.12.1982-cı ildə məzuniyyətə çıxdığı göstərilsə də növbəti qeyddə 23.03.1983-cü ildə işə qəbul olunduğu qeyd olunmuşdur. İddiaçının həmin bu müddətlər arasında işdən azad olunma haqqında əmri yoxdur. Həmçinin, iddiaçının Razdan rayonunun Meşə Yaşıllaşdırma İdarəsində işlədiyini iddia etdiyi dövrlər müəssisənin rəsmi möhrü ilə təsdiq olunmamışdır. Eyni zamanda, əmək kitabçasının 10-cu səhifəsində iddiaçının 30.04.1996-cı ildə Yaşıllaşdırma Trestindən işdən azad olunduğu daha sonrakı qeyddə isə 22.04.1996-cı ildə Bakı Dövlət Pambıqəyirmə fabrikində isə qəbul olduğu göstərilmişdir. Əmək kitabçasının qeydləri arasındakı bu kimi uyğunsuzluqlar və möhürlə təsdiq edilməmə halı iddia edilən illərin sığorta stajına əlavə edilməsi tələbini əsassız hesab etmək üçün vacib sübutlardandır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə 23.02.2021-ci il tarixli **********2 nömrəli sorğu ünvanlanmışdır. Milli Arxiv idarəsinin 12.03.2021-ci il tarixili 4/585 nömrəli cavab məktubunda Bakı şəhər Yaşıllaşdırma Trestinin (halhazırda fəaliyyət göstərən X2) arxiv sənədlərinin Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi bildirilmişdir. Eyni zamanda, iddiaçının Ermənistanın Razdan rayonu Meşə Yaşıllaşdırma İdarəsində işləməsi ilə əlaqədar qeyd olunmuşdur ki, Ermənistan Respublikasında anadan olmuş və vaxtı ilə orada yaşayan, lakin məlum hadisələr zamanı köçkün düşmüş vətəndaşların iş stajı və başqa sosial-hüquqi xarakterli hər hansı bir sənədi Azərbaycan Respublikası Dövlət Arxivində yoxdur. İnzibati işin tam araşdırılması məqsədi ilə Dövlət Sosial Müdafiə Fonduna iddiaçının xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarını barəsində məlumatın əldə edilməsi üçün sorğu ünvanlanmışdır. Fondun 05.03.2021-ci il tarixli **********8 nömrəli cavab məktubunda bildirilmişdir ki, Nazirliyin "X1 Sisteminin Sığorta (Monitorinq) altsisteminin "Sığortaolunanların reyestri" bölümündən əldə edilən məlumatlara əsasən Ərizəçi (SSN: 25081S580C9Q3) 20 aprel 2007-ci il tarixdən sığortaolunan kimi uçotdadır. Lakin Nazirliyin “X1 Sisteminin “Sığorta (Hesabat) altsisteminin “Sığortaolunanların hesabları" bölümündən əldə edilən məlumatlara əsasən Ərizəçi 01.01.2006-cı il tarixdən 26.02.2020-ci il tarixədək hər hansı sığortaedən tərəfindən təqdim edilmiş hesabatlara əsasən xeyrinə məcburi dövlət sosial sığorta haqları ödənilməsi barədə məlumatlar aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş iddiaçının əmək kitabçasındakı qeydlərdə isə 22.04.1996-cı il tarixdən iddiaçının xadimə vəzifəsinə təyin edilməsi, 05.12.2012-ci il tarixli 108 nömrəli əmrlə işdən azad edilməsi göstərilmişdir. Bu qeydlərdən də aydın olduğu kimi, iddiaçı 05.12.2012-ci il tarixə kimi əmək fəaliyyəti ilə məşğul olmuşdur. Bu halda “Sığorta AS”-də onun adına ödənilən məcburi dövlət sığorta haqları göstərilməli, yığılmış pensiya kapitalı əks olunmalı idi. Lakin göstərilən heç bir hal baş verməmiş, iddiaçının adına ödənilən heç bir məcburi dövlət sosial sığorta haqqı qeydə alınmamışdır. Belə ki, Azərbaycan Respublikası ‘Əmək pensiyaları haqqında" Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zaman nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusu hesab edilir. Sözügedən Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair" 2020-ci il 15 may tarixli Qərarında da qeyd etmişdir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından "Əmək pensiyaları haqqında" Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Cavabdeh tərəf göstərilənlərin nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirakı Ərizəçi tərəfindən təmin edilmiş şahid X12 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, Ərizəçi ilə 1975-ci ildən 1980-ci ilə qədər birlikdə Razdan rayonunun Meşə Yaşıllaşdırma İdarəsində işləmişlər. Məhkəmə iclasında iştirakı Ərizəçi tərəfindən təmin edilmiş şahid X13 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, Ərizəçi ilə 1975-ci ildən 1976-cı ilə qədər birlikdə Razdan rayonunun Meşə Yaşıllaşdırma İdarəsində işləmişlər. Ərizəçi o idarəyə yeni gələndə o, artıq neçə il idi ki, həmin iş yerində işləyirdi. Bakıya 1988-ci illərdən əvvəl köçmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nərimanov rayon şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 04.03.2020-ci il tarixli məktubda qeyd etmişdir ki, Azərbaycan Respublikasının Maraqlı şəxs1 iddiaçının 5 saylı Asan xidmət vasitəsilə təqdim edilmiş 03.03.2020-cı ıl tarixli yaşa görə əmək pensiyası təyin edilməsi ilə əlaqədar ərizəyə əsasən bildirir ki, “Əmək pensiyaları haqqında” Qanuna 01.01.2019-cu il tarixə qüvvəyə minmiş dəyişikliklərə uyğun olaraq “Əmək pensiyaları haqqında” Qanunun Maddə 22-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri 22-1.1, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən onun fərdi hesabının sığorta hissəsində 2018-cı ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2.1 2019-cu il yanvarın 1-dən etibarən sığorta olunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır. 22-1.2.1 2019-2020-ci illərdə bu Qanunun 7-cı maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçun bir il azaldılmaqla hesablanır. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədiyinə və tələb olunan iş stajı olmadığına görə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsinin qanuna zidd olduğu bildirilmişdir. Maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı Ərizəçi ünvanlanmış 19.12.2020-ci il tarixli məktubda qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon xidmət nümayəndəliyindən daxil olmuş ərizənizə və ona əlavə olunmuş sənədlərə Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialında baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) 2020-ci ilin 1 iyul tarixindən qadınların pensiya yaşı 62 yaş müəyyən olunmuşdur. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxiİ edilən digər dövrlərin məcmusudur. İddiaçının təqdim etdiyi sənədlərdən göründüyü kimi iddiaçının ümumi iş stajı 21 il 11 ay olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır. Bildiririk ki 28.03.1985-ci il tarixli əmək kitabçanızda 1975-1980-ci illərdə iddiaçının dövr üzrə möhür olmadığı üçün həmin dövrlərin sığorta stajına əlavə olunması mümkün hesab olunmadığı bildirilmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən Vəkil ünvanlanmış 08.09.2020-ci il tarixli məktubda göstərilmişdir ki, Ermənistan Respublikasında anadan olmuş və vaxtı ilə orada yaşayan, lakin məlum hadisələr zamanı köçkün düşmüş vətəndaşların iş stajı və başqa sosial-hüquqi xarakterli hər hansı bir sənədi Azərbaycan Respublikası Dövlət Arxivində yoxdur; Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nərimanov rayon şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 04.03.2020-ci il tarixli məktub; X6 aid əmək kitabçasının surətindən görünür ki, o, 22.03.1961-ci ildən 17.01.1981-ci ildən müxtəlif vəzifələrdə olmaqla Ermənistan Razdan rayonunun Meşə Yaşıllaşdırma İdarəsində işləmişdir. X8 aid əmək kitabçasının surətindən görünr ki, o, 07.05.1959-cu ildən 23.08.1980-ci ilədək Ermənistan Razdan rayonunun Meşə Yaşıllaşdırma İdarəsində işləmişdir. X9 aid əmək kitabçasının surətindən görünür ki, 22.03.1961-ci ildən 1976-cı ilədək Ermənistan Razdan rayonunun Meşə Yaşıllaşdırma İdarəsində işləmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qanunun mənasından göründüyü kimi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını isə öz növbəsində iki qrupa bölmək olar - hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar və hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Mülki işin materiallarından görünür ki, Ərizəçi özünün ona əmək pensiyası təyin edilməsi üçün Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Bakı şəhəri Nərimanov rayon şöbəsinə müraciət etmiş, lakin ərizəçinin əmək kitabçasının möhür olmadığı üçün ona əmək pensiyası təyin edilməsindən imtina olunmuşdur. Buna görə də ərizəçi haqlı olaraq 1975-ci ildən 1980-ci ilədək olan dövrdə Ermənistan Respublikası Razdan rayonu Meşə Yaşıllaşdırma İdarəsində işləməklə əmək stajına malik olmasına dair hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Onun 1975-ci ildən 1980-ci ilədək olan dövrdə Ermənistan Respublikası Razdan rayonu Meşə Yaşıllaşdırma İdarəsində işləməsi şahid ifadələri və həmin idarədə qeyd olunan dövrdə çalışan şəxslərin əmək kitabçaları ilə təsdiq olunmuşdur. Ərizəçiyə lazım olan hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinin başqa qaydada əldə etməsi mümkün olmamış, çünkü ərizəçi, müvafiq dövr üçün iş stajının nəzərə alınması üçün aidiyyəti dövlət orqanına müraciət etsə də, onun müraciəti müsbət həll olunmamış, həmçinin o, bunu təsdiq edəcək sənədləri də əldə edə bilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə hesab edir ki, Ərizəçi 1975-ci ildən 1980-ci ilədək olan dövrdə Ermənistan Respublikası Razdan rayonu Meşə Yaşıllaşdırma İdarəsində işləməsi faktını şahid ifadələri ilə sübuta yetirə bilmişdir. Azərbaycan Respublikasının MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, işdəki sübutları araşdıraraq, istinad olunan hüquq normalarına əsasən belə nəticəyə gəlir ki, Ərizəçi .03.1975-ci ildən 26.03.1980-ci ilədək olan dövrdə Ermənistan Razdan rayonu Meşə Yaşıllaşdırma İdarəsində vəzifəsində işləməklə əmək stajına malik olmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi 26.03.1975-ci ildən 26.03.1980-ci ilədək olan dövrdə Ermənistan, Razdan rayonu Meşə Yaşıllaşdırma İdarəsində işləməklə əmək stajına malik olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-2400/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2400/2021
23.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver