Məhkəmə qərarları › İş №2(005)-2429/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2429/2024

31.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2429/2024 31.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfaərov Davud Rauf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Hacıbala qızına qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Hacıbala qızına qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ondan aldığı, ümumi çəkisi 10.84 qram olan 585 əyarlı (sep) qızıl-zinət əşyasına, ümumi çəkisi 7.4 qram olan 585 əyarlı (qolbağı) qızıl-zinət əşyasına və ümumi çəkisi 2.47 qram olan 585 əyarlı (qolbağı) qızıl-zinət əşyasına görə 1680 manatın və xx.xx.2023-cü il tarixdən ödəniləcək günə hesablanan illik faiz dərəcəsi 5 olmaqla kompensasiyasının və məhkəməyə ödədiyi 50 manatın cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ümumi çəkisi 10.84 qram olan 585 əyarlı (sep) qızıl-zinət əşyasını, ümumi çəkisi 7.4 qram olan 585 əyarlı (qolbağı) qızılzinət əşyasını və ümumi çəkisi 2,47 qram olan 585 əyarlı (qolbağı) qızıl-zinət əşyasını ümumilikdə 2680 manata satmışdır. Aralarında olan razılaşmaya görə, cavabdeh aldığı qızılların pulunu hissə-hissə ödəməyi öhdəsinə götürsə də, buna əməl etməyərək, cəmi 1000 manat ödənişi etmişdir. Daha sonra iddia tələbinin azaldılmasına dair ərizə təqdim edərək, Cavabdeh ondan aldığı ümumi çəkisi 10.84 qram olan, 585 əyarlı (sep) qızıl-zinət əşyasına, ümumi çəkisi 7.4 qram olan 585 əyarlı (qolbaq) qızıl-zinət əşyasına və ümumi çəkisi 2.47 qram olan 585 əyarlı (qolbaq) qızıl-zinət əşyasına görə ümumilikdə qalan 1530 manat və ödənilmiş dövlət rüsumuna görə 35,3 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, təqdim edilən sübutları tədqiq edib, sübutların məcmusunda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İltizamdan görünür ki, Cavabdeh Hacıbala qızı İddiaçı dəyəri 2680 manat olan qızıl sep və 2 ədəd qızıl qolbaq aldığını qeyd etmiş, 2022-ci ilin mart ayının sonuna qədər ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin görünür ki, müxtəlif vaxtlarda 300 + 200 +200 +200 +100 + 150 manat ödəniş edilmiş və nəticədə 1530 manat qalıq borc qalmışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında malın nisyə alqı-satqı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında əldə olunmuş razılığa əsasən iddiaçı qeyd edilən qızıl-zinət əşyalarını müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onların dəyərini ödəmək şərti ilə cavabdehə satmışdır. Bu barədə iltizam tərtib edilmiş və cavabdeh tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 601-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.1-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Eyni Məcəllənin 600.5-ci maddəsinə əsasən isə alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. İş materiallarından göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında olan razılaşmaya əsasən iddiaçı qeyd edilən qızıl-zinət əşyalarını müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onların dəyərini ödəmək şərti ilə cavabdehə satmış, cavabdeh həmin əşyaları qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməyərək müqavilə şərtlərini pozmuşdur. Buna görə də o, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək məhkəmə hesab edirəm ki, iddia təmin edilməli, Cavabdeh Hacıbala qızından qızıl-zinət əşyalarına görə 1530 manat məbləğində pul və dövlət rüsumuna görə ödənilmiş 35,3 manat pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Hacıbala qızından qızıl-zinət əşyalarına görə 1530 manat məbləğində pul və dövlət rüsumuna görə ödənilmiş 35,3 manat pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar