Məhkəmə qərarları › İş №2(005)-2439/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2439/2025

19.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2439/2025 19.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) təhsil haqqının geri qaytarılması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2021-2024cü tədris illərində təhsil haqqı üçün ödədiyi ümumilikdə 7200 manat məbləğində pulun cavabdeh Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi Azərbaycan Turizm və Menecment Universiteti X7ndən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ailəsi məlum hadisələr zamanı 1992-ci ildən Laçın rayonundan məcburi köçkün düşərək Bakı şəhərində məskunlaşmışdır və həmin vaxtdan da məcburi köçkün statusu daşıyırlar. O, 2021-ci ildə cavabdeh Azərbaycan Turizm və Menecment Universitetinin rus dili bölməsinə ödənişli əsaslarla qəbul olunmuşdur. Onunla cavabdeh arasında 2021-ci il tarixli 86 nömrəli müqavilə bağlanmış və o həmin müqavilə əsasında 2021-2024-cü illər üçün hər il 2400 manat olmaqla ümumilikdə 7200 manat məbləğində təhsil haqqı ödəmişdir. Onun məcburi köçkün statusu daşıyan təhsil haqqı ödənişindən azad güzəştli tələbələr kateqoriyasına aid olmağına baxmayaraq cavabdeh 2021-2024-cü illər üçün təhsil haqqını tam şəkildə almışdır. Halbuki o həmin vaxt ailəliklə məcburi köçkün statusuna malik olduğuna dair müvafiq arayışları cavabdehə təqdim etmişdir. Azərbaycan Turizm və Menecment Universiteti Publik Hüquqi şəxsə ödədiyi illər ərzində həmin ödənişlərin geri qaytarılmasına köməklik göstərilməsinə dair müraciət etmiş, lakin cavabdeh təşkilat 06.01.22-ci il tarixli, 3-46-3/2-1- 24-1/2025 saylı cavab məktubunda 2021 -2024-cü tədris illəri ərzində ödənilmiş təhsil haqqının geri qaytarılmasının ATMU-nun imkanları xaricində olması ilə əsaslandırmışdır. Elə bu səbəbdən də ərizənin icrasını təmin etməkdən imtina etmişlər. Cavabdeh ondan 2024-2025-ci illər üçün təhsil haqqını almamışdır. Bu zaman onun məcburi köçkün statusuna malik olduğunu əsas götürmüşdür. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, 2021-ci ildə məcburi köçkün vəsiqəsi almaq üçün müraciət etsələr də, uşağın atasının şəxsiyyət vəsiqəsinin vaxtı keçdiyindən, özü isə Rusiyada olduğundan həmin dövrdə vəsiqəni almaq mümkün olmamışdır. Yalnız 2024-cü ildə Bakıya gəldikdən sonra şəxsiyyət vəsiqəsini dəyişmiş və bundan sonra vəsiqəni ala bilmişlər. Həmin vəsiqə təqdim edildikdən sonra universitet sonuncu ildə oğlunu təhsil haqqından azad etmişdir, lakin əvvəlki illərin ödənişlərini geri qaytarmaqdan imtina etmişdir. Onların vaxtında müraciət etmələrini, lakin sənədlərin çatışmazlığından vəsiqəni ala bilmədiklərini, hər bir halda məcburi köçkün sayıldıqlarını nəzərə alaraq iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, heç bir üzrlü səbəbi təsdiq edən sübut təqdim etmədən nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək, iş üzrə təqdim olunmuş sübutları və iddia tələbinin dəlillərini araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Turizm və Menecment Universiteti X7 ilə “tələbə” İddiaçı arasında bağlanmış 2021-ci il tarixli müqavilənin surətindən görünür ki, təhsil müəssisəsi tələbənin “turizm işinin təşkili” ixtisası üzrə ödənişli əsaslarla al təhsilli mütəxəssis kimi hazırlanmasını öhdəsinə götürür, tələbə isə oxuduğu müddətdə hər təhsil ili üçün Azərbaycan Turizm və Menecment Universitetin müəyyən etdiyi 2400 manat məbləğində təhsil haqqını ödəməlidir; AA seriyalı 506416 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı Laçın rayonundan məcburi köçkündür. Vəsiqə Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən verilmişdir. İlk qeydiyyat tarixi xx.xx.2024-cü il tarixidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 2021-ci ildə iddiaçı ilə cavabdeh ali təhsil müəssisəsi arasında təhsil müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən təhsil haqqı 2400 manat təşkil etmişdir. İddiaçının ailəsi Laçın rayonundan məcburi köçkündür. İddiaçı özü isə məcburi köçkün vəsiqəsi almaq üçün ilk dəfə 2021-ci ildə Komitəyə müraciət etsə də, sənədlər tam şəkildə təqdim edilmədiyindən, (atasının şəxsiyyət vəsiqəsinin müddəti bitdiyindən) vəsiqəni əldə edə bilməmişdir. Üç tədris ili üçün iddiaçı tərəfindən cəmi 7200 manat ödəniş edilmişdir. 2024-cü ildə isə məcburi köçkün vəsiqəsi alaraq cavabdehə təqdim etmiş və sonuncu tədris ili üçün təhsil haqqından azad edilmişdir. Hazırda iddiaçı məcburi köçkün statusu təsdiqlənməsə belə, faktiki olaraq, daha əvvəldən məcburi köçkün olduğunu əsas gətirərək, ödənilmiş təhsil haqqının geri qaytarılmasını tələb edir. Azərbaycan Respublikası Prezidentinin “Dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin təhsil haqqını ödəməkdən azad edilməsi barədə” 4 avqust 2003-cü il tarixli, 1308 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin 2002/2003-cü tədris ilindən etibarən təhsillərini başa çatdıranadək təhsil haqqını ödəməkdən azad edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Prezidentinin “Dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin təhsil haqqını ödəməkdən azad edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 1308 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında” 14 sentyabr 2011ci il tarixli, 1721 nömrəli Sərəncamı ilə əvvəlki Sərəncamdakı “məcburi köçkünlər” sözləri “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşları” sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 9-cu maddəsinə, Azərbaycan Respublikası Prezidentinin həmin Qanunun tətbiq edilməsi barədə 8 iyul 1999-cu il tarixli 148 nömrəli Fərmanına və Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2005-ci il tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Əsasnaməsinin tələblərinə əsasən “məcburi köçkün” statusu, həmçinin onu təsdiq edən sənədin (vəsiqənin) verilməsi və bu statusdan məhrumetmə səlahiyyətləri Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə həvalə edilmişdir. Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair” Qaydaların 1.1-ci bəndinin tələbinə görə “Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Komitə qəbul edir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən məcburi köçkünlər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə və bu qaydalarla müəyyən edilmiş müddətdə “məcburi köçkün” statusu almaq hüququna malikdirlər. Qaydaların 3.3-cü bəndinə görə şəxsə “məcburi köçkün” statusu verilməsi və ya bundan imtina haqqında qərar ərizənin Komitədə qeydə alındığı gündən bir ay müddətində qəbul edilir. Qaydaların 3.5 və 3.6-cı bəndlərinə görə “məcburi köçkün” statusu almış şəxslərə “məcburi köçkün” vəsiqəsi verilir və Komitənin aidiyyəti şöbəsi tərəfindən uçotu aparılır. “Məcburi köçkün” vəsiqəsi Komitənin sədri tərəfindən bu barədə səlahiyyət verilmiş vəzifəli şəxs tərəfindən imza edilir və Komitənin gerbli möhürü ilə təsdiq edilir. Məhkəmə qeyd edir ki, iddiaçı məcburi köçkün vəsiqəsinə malik olmasa belə, həmin statusun mövcudluğunun məlum olduğunu və faktiki olaraq 1992-ci ildən məcburi köçkün şəraitində yaşadığını irəli sürsə də, bu statusun əldə olunması və onunla bağlı hüquqi nəticələrin yaranması üçün yalnız faktiki vəziyyət deyil, statusun rəsmi qaydada tanınması, yəni vəsiqə ilə rəsmi surətdə təsdiqlənməsi tələb olunur. Bu baxımdan, vəsiqə, statusun sadəcə sübutu deyil, onun hüquqi tanınmasının yeganə əsaslı göstəricisidir. Vəsiqə olmadığı halda, şəxsin məcburi köçkün olması barədə fakt iddiaçı tərəfindən yalnız subyektiv mülahizə kimi qiymətləndirilə bilər, bu isə hüquqi cəhətdən tanınmır. İş materiallarından da göründüyü kimi, iddiaçı xx.xx.2024-cü il tarixdə vəsiqə almış və statusu rəsmi surətdə təsdiq edilmişdir. Belə olan halda, iddiaçının təhsil aldığı 2021– 2024-cü tədris illəri ərzində “məcburi köçkün” statusuna dair vəsiqəsinin olmaması, həmin dövrdə bu statusa malik şəxs kimi hüquqi baxımdan tanınmaması səbəbindən, müvafiq dövrdə həmin statusa əsaslanan güzəştlərdən – o cümlədən təhsil haqqından azadolma hüququndan istifadə edə bilməmişdir. Həmçinin statusun sonradan tanınması geriyə şamil edilmir və əvvəlki dövrdə yaranmış öhdəlikləri (təhsil haqqı ödənişlərini) ləğv etmir. Beləliklə, vəsiqənin olmaması, hüquqi baxımdan statusun olmaması kimi qiymətləndirildiyindən, iddiaçının təhsil aldığı dövrdə məcburi köçkünlərin imtiyazlarından istifadə etmək hüququ mövcud olmamışdır. Buna görə də cavabdeh tərəfindən ondan təhsil haqqının alınması qanunvericiliyə uyğun olmuş, hər hansı hüquq pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı təhsil haqqının geri qaytarılması tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı təhsil haqqının geri qaytarılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar