Məhkəmə qərarları › İş №2(005)-245/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-245/2024

01.07.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-245/2024 01.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun vəkilləri və nümayəndəsi X1 və Vəkil3, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh qarşı əmlakdan çıxarılma, əmlakın boşaldılaraq təhvil verilməsi tələbinə dair ilkin iddia ərizəsi, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi barədə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri yaşayış sahəsindən çıxarılma və əmlakın boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binası onun xüsusi mülkiyyətindədir. AR ƏMDK yanında DƏDRX-nin (indiki AR İN yanında ƏMDX) xx.xx.2017-ci il tarixli, ********* qeydiyyat nömrəli çıxarışına əsasən əmlak onun adına qeyd edilmişdir. Yuxarıda qeyd edilən əmlakını Cavabdeh şifahi razılıq əsasında aylıq 200 manat ödəməklə icarəyə vermişdir. Cavabdeh əmlakını qəbul etdikdən və yalnız 1 il ona icarə haqqı ödədikdən sonra heç bir ödəniş etmədən əmlakından qanunsuz istifadə edir, icarə haqqı ödəmir, əmlakdan çıxmaqdan imtina edir. Dəfələrlə cavabdehlə apardığı danışıqlar heç bir nəticə vermir. Hər səfərində cavabdehə əmlakından bu formada kortəbii şəkildə istifadə etməyin qanunsuz olduğu, buna görə əmlak sahibi kimi onun müvafiq icra hakimiyyəti orqanları tərəfindən cərimə olunmaq ehtimalının olduğunu bildirsə də, cavabdeh öz qanunsuz əməllərini davam etdirməklə, əmlakını kafe, çayxana tipli qanunsuz istifadə etməkdə davam edir. Bunun nəticəsi olaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(005)-342/2023-cü il saylı qətnaməsi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yaninda ƏMDX-nin iddiası təmin edilərək ondan sonuncunun xeyrinə cəmi 11449 manat torpaq icarə haqqının alınaraq müvafiq quruma ödənilməsi qərara alınmışdır. Məhz cavabdehin qanunsuz əməllərinin nəticəsində o dövlət orqanları tərəfindən cərimə maliyyə sanksiyalarına məruz qalır. Cavabdeh isə heç bir şey olmamış kimi əmlakından qanunsuz istifadə etməkdə davam edir, özü üçün kafe, çayxana tipli xidmət obyekti açaraq sonda əmlak sahibi kimi onun cərimələnməsinə səbəb olan hərəkətlərə yol verməkdə davam edir. Cavabdehin qanunsuz olaraq onun mülkiyyətindən istifadə etməsi onun mülkiyyətçi hüquqlarını məhdudlaşdırır, əlavə xərclər, cərimələr yaradır və əmlakın mülkiyyətçisi kimi həmin istifadə, sahiblik, hüquqlarının həyata keçirilməsində çətinliklər yaradır. Artıq xeyli müddətdir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində, qanuni əmlakına sərbəst surətdə sahib ola, ondan istifadə edə bilmir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, X2 xeyrinə aylıq 700 manat olmaqla ödənilməmiş, 8 il ərzində yığılmış ümumi məbləğ olan 67200 manat pul məbləğinin, eyni zamanda həmin natəmiz, çirkli, bərbad olan yerə çəkilmiş xərc olan 90000 manat pul məbləğinin, ümumilikdə 157200 manat pul məbləğinin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilk iddia üzrə İddiaçı əsassız və böhtan xarakterli fikirlər irəli sürərək, guya şifahi razılıq əsasında ayda 200 manat ödəməklə, aylıq icarə haqqı ilə X3 əmlak icarəyə vermişdir. Halbuki, bu deyilən absurd, tamamilə həqiqətə uyğun olmayaraq qeyd edilmiş, belə bir halın olması mümkünsüz olmuşdur. Belə ki, cavabdeh qeyd edir ki, ayda 200 manatla əmlak icarəyə verib, ancaq bununla bağlı məhkəməyə mötəbər heç bir sübut təqdim etməyib, həmçinin 200 manata icarə ödəməklə, əmlak kirayələmək, indiki bazar şəraiti ilə qeyri mümkündür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Bakı şəhəri, Nərimanov rayonunun, Gigiyena və Epidemiologiya Mərkəzinin 02 sentyabr 2015-ci il tarixli, 735/15 saylı məktubu ilə görünür ki, mübahisə olunan ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsi, natəmiz, ətrafdakı insanlar üçün təhlükə mənbəyi olmaqla yanaşı, uzun müddət baxımsız qaldığından buraya çoxlu miqdarda müxtəlif mənşəli zibil tullantıları atılaraq antisanitar vəziyyətin yaranmasına və ətrafdakı yaşayan sakinlərin haqlı narazılığına səbəb olmuşdur. Bununla əlaqədar qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onunla əlaqə saxlayaraq, bu çirkli, natəmiz, problemli olan ərazini ona ayda 700 manat məbləğində ödəniş etməklə işləməsini, həmin ərazidə abadlıq, təmizlik işləri apararaq səliqə sahman yaratmasını istədi. Onlar bununla bağlı elə həmin dövrdə yəni 2015-ci il tarixdən ayda 700 manat ona ödəniş etməklə razılığa gəliblər. Bir vaxt sonra isə cavabdeh təklif edib ki, “istəsən bura xərc çəkib daha da səliqə sahman yaradıb, fəaliyyət göstərə bilərsən”. Bundan sonra o, həmin əraziyə vəsait yatıraraq, ərazini abadlaşdırıb, həmin natəmiz, çirkli yerə ümumilikdə 90000 manat məbləğində vəsait yatırdıq, eyni zamanda Cavabdeh aylıq ödənişlər edilməyərək, ümumilikdə 8 il ərzində ayda 700 manat olmaqla, ildə 8400 manat hesablanaraq, ümumilikdə 67200 manat verilməmiş pul öhdəliyi qalır. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, eləcə də onun vəkilləri və nümayəndəsi X4 və Vəkil3 iddia ərizəsinin məzmununa müvafiq izahat verərək, mülki işin aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsi məsələsinin məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişdirlər. Məhkəmə iclasında iştirak edən lkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil1 qarşılıqlı iddianın məzmununa müvafiq izahat verərək, mülki işin aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsini xahiş etmişlər. Məhkəmə tərəflərin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, hazırki işə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Belə ki, Mülki Məcəllənin 13-cü maddəsinə görə, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinə görə də sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Göründüyü kimi, qanunvericiliyin sahibkarlıq fəaliyyətinə verdiyi anlayışın xüsusi dispozitiv şərti, başlıca meyarı bu fəaliyyətin əsas məqsədinin mənfəət (gəlir) götürülməsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1 və 26.1-ci maddələrinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə isə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 24.2-ci maddəsinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Qeyd olunan normaların müqayisəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir və adı çəkilən hər üç qiymətləndirici meyarlar arasında qarşılıqlı bağlılıq olmalıdır. Mübahisənin predmeti aydınlaşdırılarkən yalnız hüquq münasibətlərinin mahiyyətinə və tərəflərin subyektiv tərkibinə deyil, həmçinin mübahisənin yarandığı səbəblərə də nəzər yetirilməlidir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarının 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Eyni Qərarın 13-cü bəndinə görə isə əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətini birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir (Qərarın 14-cü bəndi). Məhkəmə qeyd edir ki, işin kommersiya məhkəməsində baxılması üçün tərəflərin birgə sahibkarlıq fəaliyyəti həyata keçirmələri və ya onlar arasında müqavilənin olması zəruri şərt deyildir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, tərəflərin sahibkarlıq fəaliyyətini ayrı-ayrılıqda həyata keçirdiyi zaman yaranan mübahisələrə də kommersiya məhkəməsində baxıla bilər. Göstərilənlər əsasında belə nəticəyə gəlmək olar ki, hazırki iş üzrə işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla mübahisənin kommersiya məhkəməsinə aid olduğu müəyyənləşdirilir. Belə ki, təqdim edilmiş sənədlər əsasında və elektron məhkəmə informasiya sistemi vasitəsilə müəyyən edilmişdir ki, həm ilkin iddia üzrə İddiaçı, həm də ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) alaraq, fərdi sahibkar kimi qeydiyyatdan keçmişlər. Mübahisələndirilən əmlak isə qeyri-yaşayış binasıdır. Yuxarıda qeyd olunduğu kimi, ən azı iki qarşı tərəfin birgə və yaxud ayrı-ayrılıqda sahibkarlıq fəaliyyətini həyata keçirilmələri ilə əlaqədar yaranmış mübahisələrə kommersiya məhkəmələri tərəfindən baxılır. Hazırki iş üzrə isə pul tələbi məhz tərəflərin sahibkarlıq fəaliyyətini həyata keçirmələrindən irəli gələn tələbdir. Beləliklə, hazırki mübahisənin predmeti tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlir və hüquq münasibətlərinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Mülki Prosessual Məcəllənin 32.3 və 32.4-cü maddələrinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Eyni Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi aidiyyəti üzrə başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 32.5-ci maddəsinə uyğun olaraq aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, fərdi sahibkar olan ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı fərdi sahibkar olan Cavabdeh qarşı əmlakdan çıxarılma, əmlakın boşaldılaraq təhvil verilməsi tələbinə dair ilkin iddia ərizəsi, eləcə qarşılıqlı iddia tələbi kommersiya mübahisəsi olduğundan, iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31, 32, 44 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh qarşı əmlakdan çıxarılma, əmlakın boşaldılaraq təhvil verilməsi tələbinə dair ilkin iddia ərizəsi, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı pul tələbinə dair mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar