Məhkəmə qərarları › İş №2(005)-2474/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2474/2025

06.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2474/2025 06.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Hüseynli Umuxanım Cavid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14850 manat pulun, dəymiş ziyanın əvəzi (kirayədə qaldığına görə ödəniş) 3000 manat, mənəvi zərərin əvəzi olaraq 5000 manatın, 1000 manat əldən çıxmış faydanın və 162 manat dövlət rüsumunun Cavabdeh MMC-dən alınaraq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsalandırılmışdır ki, Cavabdeh MMC ilə aralarında xx.xx.2024-cü il tarixdə M-01/22 nömrəli “təmir işlərinin görülməsi barədə” xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci maddəsində müqavilənin predmeti olaraq İcraçı Sifarişçidən ünvan 1 ünvanının 55 kv.m sahəsini təhvil alaraq sifarişçinin tapşırığı əsasında müqavilənin 1.2-ci maddəsində qeyd olunan təmir işlərinin (material daxil) görülməsini, sifarişçi isə təmir işlərinin görülməsinə görə icraçıya müqavilə ilə nəzərdə tutulmuş qaydada və məbləğdə xidmət haqqı ödəməyi öhdəsinə götürür. İşlər 4 ay müddətinə tamamlanmalı idi, lakin bu günədək işlər tamamlanmamışdır. Cavabdehin etdiklərinə görə hüquq-mühafizə orqanlarına da, müraciət etmiş, lakin nəticəsi olmamışdır. Müqaviləyə əsasən xidmət haqqının 30%-ni 4950 manatı ilkin olaraq avans şəkildə ödəməyi, digər 70%-ni isə müəyyən hissələrdə olmaqla 4 dəfəyə ödəməyi, müqavilə ilə nəzərdə tutulmuş müddətin 2-ci ayında 30% (4950) manat, 3-cu ayınaa 30% (4950) manat, 4-cü ayında isə 10 % (1650) manat olmaqla 4 dəfəyə ödənişi öhdəsinə götürmüşdür. Məbləğin 14850 manat hissəsini ödəmiş, lakn cavabdeh tərəfindən gözdən pərdə asmaq üçün, çox cüzi işlər görülmüş, təmir işləri yarımçıq qoyulmuşdur. İşi tam yekunlaşdırmaq əvəzinə mənzilin pəncərələri də çıxarılmış, bunun nəticəsində də yağışın, küləyin nəticəsində görülmüş cuzi işlər də zay olmuşdur. Bunun nəticəsində ödədiyi 14850 manatdan əlavə mənəvi ziyana görə 5000 manat ziyan vurulmuşdur. Eləcə də, mənzil vaxtında tam təmir olunmadığı üçün kirayədə yaşamaq məcburiyyətində qalmış, bununla da, əlavə olaraq hər ay 500 manat olmaqla bu günkü günə 3000 manat ziyan dəymişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa müvafiq izahat verərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Təmir işlərinin görülməsi barədə xx.xx.2024-cü il tarixli, M-01/22 nömrəli müqavilənin surətindən görünür ki, içraçı-Cavabdeh MMC sifarişçi-İddiaçı mənzili təhvil alaraq sifarişçinin tapşırığı əsasında müqavilədə qeyd olunan təmir işlərinin (material daxil) görülməsini, sifarişçi isə təmir işlərinin görülməsinə görə icraçıya müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Xidmətin dəyəri 16500 manat məbləğində razılaşdırılmışdır. Sifarişçi müqaviləyə əsasən xidmət haqqının 30%-ni 4950 manatı ilkin olaraq avans şəkildə ödəməyi, digər 70%-ni isə müəyyən hissələrdə olmaqla 4 dəfəyə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış pretenziya məktubundan görünür ki, xx.xx.2024-cü il tarixli müqavilə üzrə başa çatdırılmamış təmir işlərinə görə ödədiyi 14850 manat pulun, mənəvi ziyana görə 5000 manat pulun, maddi ziyana görə 3000 manat pulun ödənilməsini tələb etmişdir; X1 xx.xx.2025-ci il tarixli, 119 nömrəli rəyindən görünür ki, X2 məxsus ünvan 2 ünvanında yerləşən 55 kv/m-dən ibarət mənzildə yerinə yetirilmiş tikinti-təmir və quraşdırma işlərinin, mövcud bazar qiymətlərinə uyğun olaraq, ümumi təqribi dəyəri 4539 manat məbləğində müəyyən edilir. X2 məxsus mənzil ödənilmiş pul vəsaitinin həcminə (14850 manat) uyğun təmir edilməmişdir. X2 məxsus mənzil ödənilmiş pul vəsaitinin həcminə (14850 manat) uyğun təmir edilməməsi nəticəsində, iddiaçıya təqribi olaraq 10311 manat məbləğində ziyan dəyməsi müəyyən edilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı X3 ona məxsus mənzilin təmirinə dair işlərin görülməsi üçün Cavabdeh MMC ilə podrat müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən təmir işləri cavabdeh tərəfindən 4 aya başa çatdırılmalı, iddiaçı tərəfindən isə müqavilədə nəzərdə tutulmuş qaydada ümumi 16000 manat ödəniş edilməlidir. Hazırda iddiaçı cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsini, mənzilinin təmir işlərinin natamam, cüzi aparıldığını, görülmüş işlərin isə artıq yararsız hala düşməsini əsas gətirərək, hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırki mübahisə ilə bağlı ilk olaraq qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin adı xidmət olsa da, lakin müqavilənin mahiyyətindən, müqavilə üzrə konkret nəticələrin əldə olunması nəzərdə tutulduğundan, tərəflər arasında münasibətlər podrat müqaviləsindən irəli gəlir. Mülki Məcəllənin: 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 756.1-ci maddəsinə əsasən əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. 756.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi miqdarı bir tərəfdən gecikdirmənin müddətindən və muzdun miqdarından asılı olaraq, digər tərəfdən isə, əgər sifarişçi müddəti pozmasaydı, podratçının öz iş qüvvəsindən başqa şəkildə istifadə etməsi nəticəsində ala biləcəyindən asılı olaraq müəyyənləşdirilir. 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Məhkəmə araşdırması zamanı aşkar olunmuşdur ki, Cavabdeh MMC müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməmişdir. Belə ki, məhkəmə tərəfindən təyin edilmiş X1 xx.xx.2025-ci il tarixli, 119 nömrəli rəyində X2 məxsus mənzildə yerinə yetirilmiş tikintitəmir və quraşdırma işlərinin, mövcud bazar qiymətlərinə uyğun olaraq, ümumi təqribi dəyərinin 4539 manat məbləğində olması və bunun nəticəsində iddiaçıya təqribi olaraq 10311 manat məbləğində ziyan dəyməsi müəyyən edilir. Göründüyü kimi cavabdeh iddiaçıya məxsus mənzildə tikinti-təmir işlərini başa çatdırmamış, müəyyən qədər işlər görməklə işi natamam icra etmişdir. İddiaçı cavabdehə ödədiyi 14850 manat pulun qaytarılmasını tələb etsə də, lakin cavabdeh iddiaçıya məxsus mənzildə 4539 manat məbləğində müəyyən işləri aparmışdır və yerinə yetirilmiş işin haqqı nəzərə alınmalıdır. Odur ki, iddia həmin hissədə qismən təmin edilməklə, cavabdehdən 10311 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin iddiaçının kirayədə qaldığı üçün 3000 manat dəymiş ziyan hissəsində qeyd edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı kirayədə qalması və kirayə haqqı ödəməsi barədə hər hansı sübut (ödəniş, kirayə müqaviləsi və sair) təqdim etməmişdir. Məhkəmə iddia tələbinin mənəvi zərərin tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Qanunvericiliyin tələblərindən göründüyü kimi mənəvi zərərə düşdüyünə istinad edən şəxs bu halı təsdiq etmə yükünü daşıyır. İddiaçı ərizəsində stress, narahatlıq keçirdiyini qeyd etsə də, bu cür sarsıntıların mövcudluğunu əks etdirən heç bir dəlili məhkəməyə təqdim etməmişdir. Odur ki, cavabdehin təqsirli hərəkətləri səbəbindən iddiaçının mənəvi zərər çəkməsi sübuta yetirilmədiyindən, iddiaçının tələbi həmin hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Nəzərə almaq lazımdır ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Dəymiş ziyanın mövcudluğu və məbləği ilə bağlı sübutlar o qədər etibarlı olmalıdır ki, qəbul edilmiş qərarın obyektivliyi şübhə altına alınmasın. Hazırkı işdə iddiaçının iddia etdiyi xərclərin cavabdehlər tərəfindən vurulmasına dair etibarlı sübutlar mövcud deyil. İddianın cavabdehin öhdəliyinin lazımi qaydada icra etmədiyinə görə vurduğu zərərin əvəzi olaraq 1000 manat əldən çıxmış faydanın ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia həmin hissədə də təmin edilməməlidir. Mülki Məcəllənin 449.1 və 449.2-ci maddəsinin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. Beləliklə, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün kreditor sübut etməlidir ki, borclu onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyir əldə etmişdir. Mülki Prosessual Məcəllənin 14.2, 217.3 və 217.4-cü maddələrinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən 10311 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. İddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu kimi ödənilmiş 162 manat pulun 70 manatı Cavabdeh MMC-dən tutularaq iddiaçıa ödənilməlidir. Həmçinin məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 300 manat pul Cavabdeh MMC-dən tutularaq X1 hesabına ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 10311 manat məbləğində pul və iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu kimi ödənilmiş 162 manat pulun 70 manatı tutularaq İddiaçı ödənilsin. Məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 300 manat pul Cavabdeh MMC-dən tutularaq X1 hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar