Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2501/2025 13.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə qarşı (X1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) əmək müqaviləsinə xitam verilməsi və s. tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixindən bağlanmış əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, onun heç bir məlumatı olmadan "xxxx" MMC tərəfindən xx.xx.2019-cu il tarixindən etibaran barəsində əmək müqaviləsi tərtib olunmuş və işə qəbul edilmişdir. Bu haqda xəbər tutduğu tarixdən şirkətin direktoru X1 ilə telefonla dəfələrlə əlaqə saxlamış və şirkətlə olan əmək müqaviləsinə xitam verilməsini bildirmişdir. Lakin heç bir nəticə əldə olunmamışdır. Şirkətin fəaliyyəti və ünvanı barədə heç bir məlumat əldə etmək mümkün olmamışdır. xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli ərizələrlə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə müraciət edilərək "xxxx" MMC ilə olan qanunsuz əmək müqaviləsinə xitam verilməsində köməklik göstərilməsini xahiş etmişdir. Həmin müraciətlər də nəticə verməmişdir, Bu səbəbdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Mediasiya Şurasına müraciət olunmuş, lakin qarşı tərəf lazımı qaydada məlumatlandırılmasına baxmayaraq mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə müvafiq izahat verərək bildirmişdir ki, həmin şirkətlə bağlı heç bir məlumatı yoxdur. Dəqiq ünvanını bilmir. “Sima” rəqəmsal informasiya sisteminə nəzər yetirərkən məlumatı görmüş, o zamandan etibarən xəbəri olmuşdur. İddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlərə və müstəqil tələb irəli sürməyən üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi iş yerinə dair arayışdan görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə "xxxx" MMC tərəfindən müddətsiz əmək müqaviləsi əsasında “anbardar” vəzifəsinə işə götürülmüşdür. - ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh şirkətdə “anbardar” vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı qeyd edilən şirkətlə hər hansı bir əlaqəsinin olmadığını, həmin şirkəti tanımadığı bildirmişdir. Əmək müqaviləsinə xitam verilməsi üçün cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti və Cavabdeh1 MMC-yə müraciət etmiş, mediasiyanın tətbiqi barədə təklif göndərmiş, lakin heç bir müraciətə cavab verilməmişdir. Ona görə də iddiaçı əmək müqaviləsinə xitam verilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci bəndinə əsasən əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 9-cu maddəsinin “o” bəndinə görə elektron informasiya sistemindən əmək müqaviləsini, habelə əmək münasibətlərinə (iş yeri, əməkhaqqı və s.) dair arayışları real vaxt rejimində əldə etmək işçinin hüququdur. Həmin maddənin “b” bəndində əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək də işçinin əsas hüquqlarından biri kimi təsbit edilmişdir. Əmək Məcəlləsinin 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən isə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin “a” bəndinə və 69.2-ci maddəsinə uyğun olaraq tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. Eyni Məcəllənin 12-ci maddəsinin “c” bəndinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir. Göründüyü kimi, əmək müqaviləsinə qanunvericilikdə nəzərdə tutulan qaydada xitam verilməsi və bu barədə bildirişin (əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi) elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi işəgötürənin vəzifələrinə aid edilmişdir. Məhkəmə tərəfindən bir neçə iclas keçirilməsinə və cavabdehin lazımi qaydada məlumatlandırması üçün qanunvericiliklə nəzərdə tutulmuş mümkün tədbirlərin həyata keçirilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Mövcud vəziyyətdə işəgötürənin Əmək Məcəlləsində onun vəzifələri kimi təsbit edilmiş əmək müqaviləsinə xitam verilməsi və bu barədə bildirişin elektron informasiya sisteminə göndərilməsinə dair müvafiq hərəkətləri həyata keçirməməsi iddiaçının qanunvericiliyə əsasən malik olduğu əmək hüquqlarının pozulmasına zəmin yaratmışdır. Bu səbəbdən iddiaçının pozulmuş hüquqları bərpa edilməli və əmək müqaviləsinə (Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən - əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi əsası ilə) xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə “işçinin tələbi əsasında” xitam verilməli və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-234 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə “işçinin tələbi əsasında” xitam verilmiş hesab edilsin. İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-2501/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2501/2025
13.06.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver