Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-251/2025 19.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı (X8 və Azərbaycan Respublikasının Mərkəzi Bankı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) aktiv borcun olmaması barədə məlumatın verilməsi öhdəliyinin icrası tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, zaminliyə xitam verilməsi, bu barədə məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestri Sistemində yerləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı, iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, xx.xx.2014-cü il tarixli, MK/99422/46/27 saylı kredit müqaviləsi üzrə İddiaçı aktiv borcunun olmaması barədə məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi öhdəliyinin Cavabdeh ASC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs ilə "02" dekabr 2014-cü il tarixdə MK/99422/46/27 nömrəli kredit sazişi bağlamışdır. Həmin sazişə əsasən A.M.Əliyevə illik 30 faiz dərəcəsi ilə 18 ay müddətinə 5000 ABŞ dolları məbləğində kredit ayrılmışdır. Həmin saziş üzrə həmçinin o zamin durmuşdur. Lakin onunla öhdəliyin icrasının təmin edilməsi üsulu kimi ayrıca zaminik müqaviləsi bağlanılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 471-cı maddəsində qeyd olunur: "Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur". Göründüyü kimi, zaminliklə bağlı qanunun müəyyən etdiyi tələb ciddi surətdə pozularaq ayrıca müqavilə imzalanmamışdır. Üstəlik müqavilə müddəti 2016-cı ilin iyun ayının 2-də bitmiş, lakin borc öhdəliyi icra edilmədən qalmışdır. Hazırda öz ehtiyaclarını qarşılamaq üçün müxtəlif banklara ona kredit verilməsi ilə əlaqədar müraciətlər etmişdir. Lakin öhdəliklə (zamin) yüklü olduğundan vəsait ayrılmasından hər dəfə imtina olunmuşdur. Beləliklə, “02” iyun 2016-cı il tarixdən etibarən bir il ərzində bank ona qarşı iddia tələbi irəli sürmədiyindən zaminliyə xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, o, 2014-cü ildə X7 18 ay müddətinə 5000 manat məbləğində götürülmüş kreditə zamin durmuşdur. Ayrıca müqavilə bağlanmamışdır, yəni müqavilə kredit götürülən zaman birgə bağlanmışdır və həmin şəxs əvvəl krediti vaxtında ödəsə də, sonradan ödənişləri etməmişdir. 2016-cı ilin iyun ayının 2də müqavilənin müddəti bitmişdir. Müqavilə icra edilməmişdir. O vaxtdan bank ona qarşı bir dəfə iddia qaldırsa da, iddia ərizəsi baxılmamış saxlanmışdır. Hazırda uşağının təhsil xərcinə görə kredit götürmək məcburiyyətindədir. Lakin zaminliyə xitam verilmədiyindən kredit reyestrində borc öhdəliyi görsənir, bu səbəbdən də ona kredit verilməsindən imtina edilir. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi X2 bildirmişdir ki, X8 ilə Cavabdeh ASC arasında xx.xx.2014-cü il tarixində müqavilə bağlanmışdır, tərəf Cavabdeh dan 5000 manat kredit götürmüş, eyni zamanda İddiaçı zamin duraraq, eyni öhdəlikləri öz üzərinə götürmüşdür. İddiaçının adı borclular siyahısından silinməmişdir, əsas borc ödənilmədiyindən iddiaçının adına gecikmə görünür və silinmə həyata keçirilmir. İddiaçı özü müqaviləni oxuyub imzalamışdır. İddianın rədd edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - X3, zamin İddiaçı və Cavabdeh ASC arasında bağlanmış MK/99422/46/27 saylı, xx.xx.2014-cü il tarixli kredit sazişinin surətindən görünür ki, müştəriyə 5000 ABŞ dolları məbləğində, 18 ay müddətinə, illik 30% dərəcə ilə kredit verilməsi razılaşdırılmışdır; - Laçın Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(047)-925/2015 saylı məhkəmə əmrindən görünür ki, X5 və İddiaçı 4546,95 ABŞ dolları əsas, 1187,13 ABŞ dolları faiz borcu, cəmi 5734,08 ABŞ dolları məbləində pul və 20 manat dövlət rüsumunun tutularaq kreditor Cavabdeh ASC-yə ödənilməsi barədə əmr verilmişdir; - Laçın Rayon Məhkəməsinin 2(047)-929/2015 saylı, xx.xx.2015-ci il tarixli qərardadından görünür ki, xx.xx.2015-ci il tarixli, 2(047)-929/2015 saylı məhkəmə əmrinin ləğv edilməsi və iş üzrə iddia icraatına keçilməsi qərara alınmışdır; - Laçın Rayon Məhkəməsinin 2(047)-07/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadı ilə iddiaçı Cavabdeh ASC-nin cavabdehlər X7 və İddiaçı qarşı kredit borcunun və ona hesablanmış faizlərin qaytarılması tələbinə dair ərizəsi baxılmamış saxlanılmışdır; - Laçın Rayon Məhkəməsinin 2(047)-7/2016 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh ASC-nin cavabdehlər X7 və İddiaçı qarşı borc tələbi barədə mülki iş üzrə Laçın Rayon Məhkəməsinin xx.xx.2016 saylı qərardadının ləğv olunaraq mülki işin yenidən məhkəmə baxışına çıxarılması barədə iddiaçı Cavabdeh ASC-nin nümayəndəsi Qasım Qasımovun ərizəsi təmin edilməmişdir; - Laçın Rayon Məhkəməsinin 2(047)-7/2016 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh ASC-nin cavabdehlər X7 və İddiaçı qarşı borc tələbinə dair mülki iş üzrə Laçın Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(047)-07/2016 saylı qərardadından iddiaçı Cavabdeh ASC-nin nümayəndəsi Samir Əzizov tərəfindən verilmiş şikayət qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən və şikayətə müddətin üzrlü səbəbdən buraxılması barədə həmin müddətin bərpa edilməsinə dair ərizə əlavə edilmədiyindən baxılmadan geri qaytarılmışdır; - Laçın Rayon Məhkəməsinin 2(047)-07/2016 saylı, xx.xx.2016-cı il tarixli Sumqayıt şəhər üzrə İcra İdarəsinə ünvanlanan məktubunun surətindən görünür ki, Laçın Rayon Məhkəməsinin 2(047)-929/2015 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmri X3nun etiraz ərizəsinə əsasən Laçın Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərardadına əsasən ləğv edilmiş və Laçın Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadına əsasən isə həmin mülki iş baxılmamış saxlanılmışdır. Ona görə də Laçın Rayon Məhkəməsinin 2(047)-929/2015 saylı, xx.xx.2015-ci il tarixli məhkəmə əmrinin icra olunmadan geri qaytarılması xahiş olunmuşdur; - Cavabdeh ASC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X6 və İddiaçı MK/99422/46/27 saylı kredit müqaviləsi üzrə Cavabdeh ASC-yə hazırda 5744,27 ABŞ dolları məbləğində borcu vardır. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı, cavabdeh Bank və üçüncü şəxs arasında bağlanmış kredit müqaviləsi üzrə zamin qismində çıxış etmiş, borcun ödənilməməsi səbəbindən bank tərəfindən borclulara qarşı məhkəmədə iddia qaldırılmış, lakin iddia ərizəsi nəticə etibarilə baxılmamış saxlanılmışdır. Hazırda iddiaçı zaminlik üzrə müddətin keçməsinə istinad edərək, zaminliyə xitam verildiyindən onun adına borcun olmamasına dair məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestri Sisteminə təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Məhkəmə ilk növbədə qeyd edir ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən iddiaçının iddiası əsasında iddia müddətinin və ya kəsici müddətin tətbiqi mümkünsüz olsa da, hazırki iş üzrə iddiaçının iddiasının əsasını məhz zaminliyə xitam verilmiş hesab edilməsi təşkil etdiyindən məhkəmə zaminliyə xitam verilməsi məsələsinin aydınlaşdırılmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinin məzmununa uyğun olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. İddiaçı tərəflər arasında zaminliyə dair ayrıca müqavilə bağlanmamasına istinad etsə də, iş materiallarından göründüyü kimi, tərəflər arasında üçtərəfli müqavilə bağlanmış, bu isə qanunvericiliklə yolverilən hesab edilməklə, müqavilənin etibarsızlıına səbəb ola bilməz. Zaminliyə xitam verilməsi halları Mülki Məcəllənin 477-ci maddəsində müəyyən edilmişdir. Mülki Məcəllənin 477.0.1 və 477.0.4-cü maddələrinə görə, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Zaminliyə xitam verilməsi ilə bağlı qeyd olunmalıdır ki, zaminlik kreditorla zamin arasında bağlanan müstəqil müqavilədir və bu müqaviləyə görə, zamin, əsas borclunun öhdəliyini yerinə yetirməyəcəyi təqdirdə həmin öhdəliyi özünün icra edəcəyi barədə kreditora şəxsi təminat verir. Zaminlik müqaviləsinin mühüm əlamətlərindən biri də ondan ibarətdir ki, zamin bir qayda olaraq əvəzsiz şəkildə kreditor qarşısında öhdəlik götürür. Bu müqavilə ilə kreditor, adətən zaminə qarşı öhdəlik daşımır, yəni zamin qarşılıqsız borclanır. Bu səbəbdən, qanunverici, zaminliyin yaranma və aradan qalxma əsaslarını dəqiqliklə müəyyən etmiş, zaminin qorunması, qeyri-müəyyən müddətə məsuliyyət daşımasının qarşısının alınması üçün bir sıra təminatlar nəzərdə tutmuşdur. Bunlara zaminliyin özünün etibarsızlığına dair müdafiə imkanları, onun növünə görə mübahisələr, zaminliyə xitam verilməsi əsasları və s. aiddir. Zaminliyin qanuni təminatlarından biri də onun konkret müddətə bağlı olmasıdır. Azərbaycan Respublikasının mülki qanunvericiliyində zaminliyin mövcudluğu müddətlərinin yuxarı həddi dəqiq müəyyən edilmişdir. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. O da qeyd edilməlidir ki, həmin müddət kəsici müddətdir. Mülki Məcəllənin 527.1-ci maddəsinə uyğun olaraq, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Hazırki mülki iş üzrə iddiaçı cavabdeh Bank ilə üçüncü şəxs arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilə üzrə zamin qismində çıxış etmişdir. Qeyd edilən kredit 18 ay müddətinə verilmişdir. Əsas öhdəlik üzrə məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, cavabdeh Bank borclu və zaminə qarşı Laçın Rayon Məhkəməsində iddia qaldırmışdır. Laçın Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(047)-925/2015 saylı məhkəmə əmri ilə X5 və İddiaçı 4546,95 ABŞ dolları əsas, 1187,13 ABŞ dolları faiz borcu və 20 manat dövlət rüsumunun tutularaq kreditor Cavabdeh ASC-yə ödənilməsi barədə əmr verilmişdir. X3 qeyd edilən məhkəmə əmrindən etiraz ərizəsini məhkəməyə təqdim etmiş və Məhkəmənin xx.xx.2015-ci il tarixli qərardadı ilə əmr ləğv edilərək, mülki iş üzrə iddia icraatına keçirilmişdir. Laçın Rayon Məhkəməsinin 2(047)-07/2016 saylı, xx.xx.2016cı il tarixli qərardadı ilə iddiaçı Cavabdeh ASC-nin cavabdehlər X7 və İddiaçı qarşı kredit borcunun və ona hesablanmış faizlərin qaytarılması tələbinə dair ərizəsi tərəflərin üzrsüz səbəbdən məhkəmə iclasına gəlməməsi əsası ilə baxılmamış saxlanılmışdır. Sonradan qeyd edilən qərardaddan Bankın nümayəndəsinin şikayəti təmin edilməmiş və şikayətə baxılması üçün müddət ötdüyündən növbəti şikayət də geri qaytarılmışdır. Qeyd edilənlərdən də göründüyü kimi, əsas öhdəlik üzrə borcun ödənilməsi həyata keçirilməmiş, kredit 18 aylıq verildiyindən müqavilənin icrası müddəti xx.xx.2016-cı il tarixdə bitmişdir. Lakin zaminlik münasibətləri yalnız müqavilənin icrası müddəti bitdikdən sonra 1 il ərzində öz qüvvəsini saxlamışdır. Bank tərəfindən prosessual müddətlər daxilində məhkəməyə iddia verilsə də məhkəmə iclasına gəlməməsi səbəbindən iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmin qərardaddan bir neçə il sonra şikayət verilsə də bankın şikayəti təmin edilməmişdir. Göründüyü kimi, hazırda iddiaçının aktiv borcu mövcud deyildir. İddiaçının adının borclular siyahısından çıxarılmaması isə onun hüquqlarını əsassız məhdudlaşdırmaqla pozulmasına gətirib çıxardığından, onun tərəfindən haqlı olaraq məhkəmədə iddia qaldırılmışdır. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2021-ci il tarixli, 32/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”ın 2.1.2-ci maddəsinə əsasən məlumat təchizatçısı - MKR-ə kredit haqqında məlumatı təqdim edən kredit təşkilatı, o cümlədən ləğvetmə prosesində olan kredit təşkilatıdır. Eyni Qaydanın 3.9-cu maddəsinə görə məlumat təchizatçıları MKR-ə təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidirlər. Həmin Qaydanın 3.10-cu maddəsinə əsasən MKR-də olan məlumatlara hər hansı düzəliş məlumat təchizatçılarının yazılı müraciəti və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə, bu Qanunun məqsədi fiziki və hüquqi şəxslərə öz maliyyə öhdəliklərinin icrası barədə uzunmüddətli məlumat bazasının formalaşdırılması yolu ilə maliyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması, borc münasibətlərində maliyyə intizamının möhkəmləndirilməsi və ölkədə maliyyə sisteminin sabitliyinin təmin edilməsinə dəstək verilməsidir. Həmin Qanunun 10-cu maddəsinə uyğun olaraq, kredit bürosu topladığı məlumatı həmin məlumatda edilmiş son dəyişiklikdən sonra 10 il müddətində saxlayır və həmin məlumatın istifadəçilərə verilməsini təmin edir. Bu müddət başa çatdıqdan sonra məlumat məhv edilir və ya kredit tarixçəsi subyektinin razılığına əsasən arxivləşdirilir. Kredit tarixçəsinin subyekti neqativ məlumatın bu Qanunun 10.1-ci maddəsində göstərilən müddətdən tez məhv olunmasını tələb edə bilməz. Qanunun 17.1 və 17.3-cü maddələrinə görə, məlumat təchizatçısı kredit bürosuna kredit tarixçələrini təşkil edən məlumatı kredit bürosu ilə bağladığı müqaviləyə əsasən təqdim edir. Məlumat təchizatçısı bir və ya bir neçə kredit bürosu ilə müvafiq məlumatın təqdim edilməsi barədə müqavilə bağlaya bilər. Məlumat təchizatçısı kredit bürosu ilə bağlanmış müqavilədə müəyyən olunmuş müddətdə, lakin dəyişiklikliyin baş verdiyi gündən 30 gündən gec olmayaraq borcun vəziyyəti (və ya digər hal üzrə son vəziyyət) barədə məlumatı kredit bürosuna təqdim etməlidir. Göründüyü kimi iddiaçı, cavabdehə qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur və onun tələbi əslində mahiyyət etibarilə Banka olan borc məbləği haqqında məlumatın kredit reyestrində həqiqi vəziyyətə uyğun olaraq yerləşdirilməsi məqsədi daşıyır. Bu cür məlumatların verilməsi isə Bankın birbaşa vəzifəsidir. Bu baxımdan, üzərindən 10 ildən çox müddət keçməsinə baxmayaraq, kredit reyestrində müqavilə üzrə zamin qismində çıxış edən iddiaçının borclu olması barədə məlumatların mötəbərliyi müəyyən olunmur və kredit reyestrində xitam verilmiş öhdəlik barədə məlumatın qalması, kredit reyestrinin təyinatına uyğun gəlmir. Beləliklə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşdığından iddia təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2014-cü il tarixli, MK/99422/46/27 saylı kredit müqaviləsi üzrə İddiaçı aktiv borcunun olmaması barədə məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi öhdəliyi Cavabdeh ASC-nin üzərinə qoyulmalıdır. Ödənilmiş dövlət rüsumuna görə 100 manat məbləğində pul Cavabdeh ASC-dən tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2014-cü il tarixli, MK/99422/46/27 saylı kredit müqaviləsi üzrə İddiaçı aktiv borcunun olmaması barədə məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi öhdəliyi Cavabdeh ASC-nin üzərinə qoyulsun. Ödənilmiş dövlət rüsumuna görə 100 (bir yüz) manat məbləğində pul Cavabdeh ASC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəfə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-251/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-251/2025
19.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver