Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2510/2025 25.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızı, İddiaçı Cavabdeh MMMC-yə qarşı “öhdəliklərin qanunsuz tətbiqi” barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında məhkəmə iclasından kənar nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMMC-yə qarşı “öhdəliklərin qanunsuz tətbiqi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-xx.xx.2025 tarixləri üzrə tətbiq olunmuş cərimə və ödəniş tələblərinin qanunsuz sayılaraq ləğv edilməsini, cavabdehin tarif və öhdəliklərini yalnız xx.xx.2025 tarixdən etibarən tətbiq edə biləcəyinin tanınmasını, cavabdeh tərəfindən ona qarşı hüquqa zidd məcburi tələb və cərimələrin dayandırılmasını xahiş etmişdir. İddia ərizəsi Azərbaycan Respublikasının Ali Məhkəməsinin elektron poçt ünvanına daxil olmuş, aidiyyəti üzrə baxılması üçün xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə hesab edir ki, hazırki ərizə iddia icraatı qaydasında icraata daxil olduğundan onun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsindən göründüyü kimi İddiaçı iddia ərizəsini tərtib edərkən mülki prosessual qanunvericiliyin tələblərinə riayət etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 149.2-ci maddəsinə əsasən, ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; - 150.1.1-ci maddəsinə əsasən, cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla) iddia ərizəsinə əlavə edilməlidir. - 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə qeyd edir ki, İddiaçı iddia ərizəsində tələbini, onun qiymətini dəqiq ifadə etməmiş, ümumi olaraq tətbiq olunmuş cərimə və ödəniş tələblərinin qanunsuz sayılaraq ləğv edilməsini və s. məhkəmədən xahiş etmişdir. Bununla yanaşı qanunvericiliyə əsasən, iddia ərizəsinə cavabdehin sayına görə bütün yazılı sübutların və iddia ərizəsinin surətləri əlavə edilməli olmasına baxmayaraq, iddiaçı tərəfindən bu qaydaya da riayət edilməmişdir (iddia ərizəsində ona əlavə olaraq mənzilin çıxarışının surəti, MMMC-nin məktublarının və tariflərinin surəti və s. əlavə olunduğu qeyd olunsa da, iddia ərizəsinə heç bir sənəd əlavə edilməmişdir). İddia ərizəsinin AR MPM-in 149-cu, 150.1.1-ci maddəsi ilə imperativ qaydada müəyyən olunmuş formasına və məzmununa riayət edilməməsi isə iddia ərizəsinin məhkəmə tərəfindən geri qaytarılması üçün əsasdır. - 10-1.3-cü maddəsindən görünür ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. - 10-1.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. - 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarır. “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 01 iyun 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemi haqqında əsasnamənin 5.5-ci bəndinə əsasən, informasiya sisteminə daxil edilən məlumatların etibarlılığının və təhlükəsizliyinin təmin olunması məqsədilə İnformasiya sisteminin istifadəçiləri “X1”ndən (“ASAN login”) istifadə etməklə İnformasiya sisteminə daxil olmalı və eyniləşdirilməlidirlər. İnformasiya sistemində elektron sənədlərin təsdiqi və göndərilməsi gücləndirilmiş elektron imzadan istifadə etməklə həyata keçirilməlidir. Əsasnamənin 3.6-cı bəndinə əsasən Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.2-ci maddəsində nəzərdə tutulan “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarının 3.2-ci bəndinə əsasən, informasiya Sisteminin istifadəçiləri tərəfindən sənədlər “Elektron kabinet” vasitəsilə PDF, ADOC və EDOC formatında “Proses iştirakçısının Elektron kabineti”ndən istifadə qaydalarında nəzərdə tutulmuş prosedurlar üzrə gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə göndərilir. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsi ilə müəyyən edilmiş hallarda İnformasiya Sistemi həmin sənədi İnformasiya Sisteminin istifadəçisi tərəfindən göndərilməmiş hesab edir. Sənədlərin elektron dövriyyəsi zamanı göndərilən sənədlərin gücləndirilmiş elektron imza ilə təsdiq edilməsi tələb olunur. Digər tərəfdən məhkəmə qeyd edir ki, ərizənin imzalanması tərəfin fikir ifadəsini əks etdirir, onun səlahiyyətli şəxs tərəfindən imzalanmasını müəyyən etmək üçün zəruridir. Bütün müraciətlər, o cümlədən iddia ərizələri imzalanmaqla (ümumi qaydada əl imzası və ya elektron imza ilə) məhkəməyə təqdim edilməlidir. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə (Azərbaycan Respublikasının Ali Məhkəməsinə) elektron poçt vasitəsilə daxil olmuş, iddia ərizəsi imzalanmamışdır. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin elektron poçt vasitəsilə verilməsi özü-özlüyündə iddia ərizəsinin düzgün qaydada imzalanmaqla məhkəməyə təqdim edilməsi kimi qiymətləndirilə bilməz. Çünki elektron qaydada verilən iddia ərizəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməli və elektron imza ilə imzalanmalıdır. Hazırki iddia ərizəsi iddiaçı tərəfindən (ümumi qaydada əl imzası və ya “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yüklənərək elektron imza vasitəsilə) imzalanmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -150.1-ci maddəsinə əsasən, iddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.2. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd; - 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. -108.1.1-ci maddəsinə əsasən, iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. -112.1.1-ci maddəsinə əsasən, iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda—alınan məbləğlə müəyyən edilir. Eyni zamanda iddianın predmeti və qiyməti dəqiqləşməli və ona uyğun olaraq dövlət rüsümu ödənilməlidir. Belə ki, iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. Məhkəməyə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri isə “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsi ilə müəyyənləşdirilir. İddiaçı dövlət rüsumundan azad olmasına (“Dövlət rüsumu” haqqında AR Qanununun 9-cu maddəsi) dair sübutlar isə ərizəyə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. - 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. - 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə əsasən İddiaçı iddia ərizəsi yuxarıda qeyd olunmuş qanunvericiliklə müəyyən edilmiş forma və məzmuna riayət edilmədən verildiyindən geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, o, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMMC-yə qarşı “öhdəliklərin qanunsuz tətbiqi, cərimələrin ləğv olunması və s.” barədə iddia ərizəsi geri qaytarılsın. Ərizənin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-2510/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2510/2025
25.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver