Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2531/2024 17.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızı, İddiaçı Cavabdeh MMC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 04 oktyabr 2017 tarixli 31 nömrəli Müqaviləyə əsasən satıcı (RNQ GROUP” MMC), Bakı şəh., Nərimanov r-nu, Qarabağ və T.Şıxəliyev küçələri kəsişməsində inşa etdiyi yaşayış binasından 3 otaqlı 32 nömrəli, ümumi sahəsi 123,2 m2 olan mənzili, müvafiq ödəniş müqablində, Alıcının (İddiaçı) mülkiyyətinə verməlidir (bax: bənd 1.1). Satıcı, binanın tikinti-quraşdırma işlərini “Dövlət Baş Ekspertiza" tərəfindən razılaşdırılmış layihə sənədlərinə uyğun (Layihəçi - 'KONSTRUKTOR” MMC) qüsursuz və qüvvədə olan tikinti norma və qaydalarına uyğun yerinə yetirməyi və alıcıya təhvil verməyi öz öhdəsinə götürmüşdür (bax: bənd 2.1). Müqaviləyə əsasən ümumi sahəsi 123,2 m2 olan mənzilin 100 m2 əvəzləşmə yolu ilə ödənilmiş, qalan 23.2 m2 hər 1m2 1200 manat olmaqla Alıcı cəmi 27840,0 manat ödəməli idi. Bu gün etibari ilə iddiaçı tərəfindən (Alıcı) 24 000(iyirmi dörd min) manat ödənilib.(Qəbzlər əlavə olunur.) Lakin “RNQ GROUP' MMC mənzili təhvil verdikdən sonra( bax: bənd 5.4) ölçmə aparılarkən mənzilin ümumi sahəsi 123,2 m2 yox , Dövlət Tikinti Komtəsi tərəfindən təsdiq olunmuş layihədəki kimi 109,4 m2 olmağı müəyyən edildi. (Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiya Qərarı № 07(xx/xx-2012). “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanma qaydaları” (maddə 3, bənd 3,2 və 3,3). Beləliklə, ‘RNQ GROUP" MMC müqavilənin şərtlərini pozaraq iddiaçıya, öhdəlik götürdüyü 123,2 m2 yaşayış sahəsi olan mənzil əvəzinə, 13.8 m2 az, yəni 109,4 m2 yaşayış sahəsi olan mənzil təhvil vermişdir. Bu səbəbdən iddiaçının borcunun 27 840,0 manat yox, 11 280,0 manat olduğu aşkar edildi, yəni o 12 720,0 manat artıq ödəniş həyata keçirmişdir. Bütün bunlara baxmayaraq “RNQ GROUP' MMC iddiaçıya 3840,0 manat borcu olduğunu və həmin borcu ödəməsə ona müvafiq arayışın verilməyəcəyini bildirmişdir. Və bu günə qədər də həmin arayışı verməmişdir .Bu səbəbdən də iddiaçı mənzilin çıxarışını ala bilmir, ailə üzvləri ilə mənzildə yaşamağına baxmayaraq qeydiyyata düşə bilmir. Yaranmış münaqişəni Müqavilənin 6-cı maddəsini əsas tutmaqla danışıqlar yolu ilə həll etmək üçün iddiaçı şirkətin rəhbərliyinə dəfələrlə şifahi və yazılı müraciət etmiş, lakin heç bir çavab ala bilməmişdir. Məhkəmə İddiaçı iddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb, iş materiallarını araşdırıb hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi zamanı ərazi aidiyyəti ilə bağlı qanunvericiliklə müəyyən olunmuş tələblərə riayət edilmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizələrinin verilməsi zamanı ərazi aidiyyəti barədə hər hansı norma birbaşa öz əksini tapmamışdır. Qanunla başqa hal nəzərdə tutulmadığından qanunvericiliyin tələbinə əsasən iddia cavabdehin qeydiyyat ünvanı üzrə aidiyyəti məhkəməyə verilməlidir. “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan müəyyən olunur ki, Cavabdeh MMC-nin hüquqi ünvanı ünvan 1 mənzil 2B ünvanıdır. Lakin iddia ərizəsi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. 36.2- ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi əlavə olunan sənədlərlə birlikdə geri qaytarılmalı, iddiaçıya qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu, 152-ci və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi əlavə olunan sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunur. Ödənilmiş 128,10 manat dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış kabinet vasitəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-2531/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2531/2024
17.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver