Məhkəmə qərarları › İş №2(005)-256/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-256/2021

05.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-256/2021 05.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı, onun vəkili Vəkil, Cavabdeh Mənzil Tikinti Kooperativinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 3169-cu məhəllə, ev 127E, mənzil 61 ilə bağlı 24.31 kvadrat metr sahəyə görə artıq ödədiyi 26.741 (iyirmi altı min yeddi yüz qırx bir) manat məbləğində pulun Cavabdeh MTK-dan alınaraq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, onunla Şərur MTK arasında Bakı şəhəri Binəqədi rayonu, Mir Cəlal küçəsi, 3169-cu məhəllə 127E, sahəsi 129.81 kvadrat metr olan, mənzil 61-in inşa edilməsi haqqında 08 noyabr 2006-cı il tarixdə müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə və aralarında olan şifahi razılaşmaya əsasən o Şərur MTK-ya 2 (iki) il ərzində ümumilikdə 61.000 (altmış bir min) ABŞ dolları məbləğində pul ödəmişdir. İnşası nəzərdə tutulan mənzilin dəyəri tərəflər arasında razılaşdırılan vaxtlarda tərəfindən tamamilə ödənildiyindən, bununla bağlı ona maliyyə arayışı verilmişdir. 27 fevral 2020-ci il tarixli 58 nömrəli arayışa əsasən onun Şərur MTK-ya heç bir borcunun olmadığı göstərilmişdir. Müqaviləyə, payçı protokolundan çıxarışa və digər sənədlərə əsasən iddiaçıya təqdim olunan mənzilin ümumi sahəsi və hesablaşma sahəsi 129.81 kvadrat metr təşkil etməli idi. Lakin mənzilə mülkiyyət hüququ-çıxarış alarkən mənzilin ümumi sahəsinin 105.50 kvadrat metr təşkil etdiyi məlum olmuşdur. Aldığı 129.81 kvadrat metr mənzilə etdiyi ödəniş ilə mənzilin faktiki sahəsi və ona təqdim edilən çıxarış arasında fərq 24.31 kvadrat metr təşkil edir. ünvan 1, mənzil 61 ilə bağlı 24.31 kvadrat metr sahəyə görə artıq ödədiyi ödənişin tam məbləğdə hazırda bazar qiyməti ilə müəyyən olunan məbləği ona geri qaytarılmalıdır. Bakı şəhəri Binəqədi rayonu, Mir Cəlal küçəsində yerləşən yaşayış üçün hazır və istismara icazə yerilən satışa çıxarılan binalarda yaşayış mənzillərinin 1 (bir) kvadrat metrnin qiyməti ən azı 1100 (bir min yüz) manat təşkil edir. Şərur MTK-mn iddiaçıya vurduğu zərərin miqdarı 24.31 x 1100 = 26 741 (iyirmi altı min yeddi yüz qırx bir) manat təşkil edir. Məhkəmə iclasında İddiaçı və onun vəkili Vəkil iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edillməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh Mənzil Tikinti Kooperativinin nümayəndəsi X5 yazılı etiraz təqdim edərək, izahatında bildirmişdir ki, X4 ilə Cavabdeh MTK arasında 08.11.2006-cı il tarixdə Binəqədi rayonu Mir Cəlal küçəsi, 3169-cu məhəllədə inşa edilmiş binanın 127 E saylı sahəsi 129.81 kvadrat metr olan 3 otaqlı mənzilinə dair MM-nin 390-cı maddəsinə əsasən müqavilə bağlanmışdır. 06.04.2020-ci il tarixdə daşınmaz əmlaka dair çıxarış alarkən, daşınmaz əmlakın sahəsi (kvadratmetrlə) 105.5 kvadrat metr göstərildiyindən, yaranmış fərqin qaytarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tikinti obyektinin sahəsinin və həcminin hesablanması ilə əlaqədar mühəndis texniki ekspertizası təyin edilmiş. Ekpertiza mərkəzinin 17 may 2021-ci il tarixli 10/615 saylı rəyində göstərilmişdir ki, Cavabdeh MTK tərəfindən verilmiş lahiyə-cizgi, müqavilə əsasında sahə arasında fərq 24,6 kvadrat metr təşkil edir. Sahələrin fərqli olması Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən mənzilin hesablanmasında divaraltı, sütun, şaxta sahələrinin nəzərə alınması və balkonlara 0,3 əmsalın tətbiqi ilə bağlıdır. Divaraltı sahələr sütunlar, şaxtaların sahəsi və balkonların sahəsinə əmsal tətbiq edilmədən mənzilaltı sahənin 129,81 kvadrat metr olduğu müəyyən edilir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası 04.12.2012-ci il tarixli 07 saylı qərarın 3.1-ci bəndinə əsasən yaşayış binasının ümumi sahəsi - binanın mərtəbələrinin sahələrin cəmi kimi müəyyən edilir. Mərtəbənin sahəsi balkon, lociya , terras, şüşəbənd və eyvandlarm sahələri, həmçinin pilləkənmeydançaların və pillələrin həmin mərtəbə saviyyəsində sahələri də nəzərə alınaraq daxil edilir. Bundan başqa mənzilin hesablaşma sahısi tərəflərin razılığı və lahiyyə üzrə 08.11.2006-cı il tarixli müqavilənin 2.4 bəndinə əsasən 129.81 kvadrat metr müəyyən edilmişdir. Göstərilənlərə əsasən iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını, o cümlədən ekspertiza rəylərini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlar: Payçı İddiaçı ilə Satıcı Cavabdeh Mənzil Tikinti Kooperativi arasında bağlanmış 08.11.2006cı il tarixli kooperativ mənzil tikintisi haqqında müqavilənin kserosurətindən görünür ki, Bakı şəhəri Binəqədi rayonu, Mir Cəlal küçəsi, 3169-cu məhəllə ünvanında Payçıların vəsaiti hesabına inşa ediləcək yaşayış binasının 1-ci giriş 11 mərtəbə, 47 saylı, ümumi sahəsi 129,81 kv.m, 66,55 kv.m 3 otaqlı mənzili Cavabdeh MTK İddiaçı verməyi, o isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını ödəməyi öhdəsinə götürür; Cavabdeh Mənzil Tikinti Kooperativinin 27.02.2020-ci il tarixli maliyyə arayışının surətinə əsasən İddiaçı ünvan 1 ünvanında inşa edilmiş, yaşayış binasında, ümumi sahəsi 129,81 kv.m olan, yaşayış sahəsi 66,55 kv.m olan, 3 otaqlı, 61 saylı mənzil ona məxsusdur. Mənzilin dəyərini (38943 manat) tam ödəmiş, kooperativə borcu yoxdur; İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in çıxarışın surətindən görünür ki, Bakı şəhəri Binəqədi rayonu, Mir Cəlal küçəsi, 3169-cu məhəllə, ev 127E 61 saylı 105.5 kv.m-li mənzil İddiaçı adına rəsmiləşdirilmişdir. İş materiallarında olan **********30-05301-093021 reyestr nömrəli texniki pasportdan görünür ki, Bakı şəhəri Binəqədi rayonu, Mir Cəlal küçəsi, 3169-cu məhəllə, ev 127E 61 saylı mənzil İddiaçı istifadəsindədir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən görünür ki, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 3169-cu məhəllədə inşa olunmuş binanın 1-ci giriş: 11-ci mərtəbədə yerləşən 3 otaqlı 47 saylı mənzilin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2. 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarının tələbləri nəzərə alınmaqla sahəsi 105.2 m2 təşkil edir. Divaraltı sahələr, sütunlar şaxtanın sahəsi və balkonların sahəsinə əmsal tətbiq edilmədən mənzilaltı sahənin 129,8 kv.m olduğu müəyyən edilir. Bakı şəhəri. Binəqədi rayonu, Mir Cəlal küçəsi. 3169-cu məhəllə, ev 127E, 61 saylı mənzilin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışı əsasında sahəsi ilə həmin mənzilin "Şərur” Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş layihə-cizgi, müqavilə əsasında sahəsi (ümumi, yaşayış və qeyri-yaşayış sahələri nəzərə alınmaqla) arasında fərq 24.6 kv.metr təşkil edir. Sahələrin fərqli olması Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən mənzilin sahəsinin hesablanmasında divaraltı, sütun, şaxta sahələrinin nəzərə alınması və balkonlara 0,3 əmsalının tətbiqi ilə bağlıdır. Aparılmış ekspertiza tədqiqatın dəyəri 50 manat təşkil edir; "xxxx" MMC-nin 14.12.2020-ci il tarixli, ƏEM/D 19-708/20 nömrəli ekspert rəyinin nəticə hissəsindən müəyyən olunur ki, aparılmış hesablamalara və təkliflərə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 3169-cu məhəllə, ev 127E, 61 saylı mənzilin təmirsiz olaraq 1 kv.m üçün 14.12.2020-ci il tarixinə bazar dəyəri 1060,0 manat kv.metr təşkil edir. Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 3169-cu məhəllə, ev 127E, 61 saylı mənzilin təmirsiz olaraq 1 kv.m üçün 2006-cı il tarixinə bazar dəyəri 450,0 ABŞ dolları kv.metr təşkil edir. Əmlakın qiymətləndirilməsi üzrə göstərilən xidmətin dəyəri 300 manat təşkil edir; Mülki işin araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, Payçı İddiaçı ilə Satıcı Cavabdeh Mənzil Tikinti Kooperativi arasında bağlanmış 08.11.2006-cı il tarixli kooperativ mənzil tikintisi haqqında müqavilənin kserosurətindən görünür ki, Bakı şəhəri Binəqədi rayonu, Mir Cəlal küçəsi, 3169-cu məhəllə ünvanında Payçıların vəsaiti hesabına inşa ediləcək yaşayış binasının 1-ci giriş 11 mərtəbə, 47 saylı, ümumi sahəsi 129,81 kv.m, 66,55 kv.m 3 otaqlı mənzili Cavabdeh MTK İddiaçı satılmışdır. Müqavilədə göstərildiyi kimi, həmin mənzilin ümumi sahəsi 129,81 kv.metr, hər kv.metr üçün ödəniləcək məbləğ 1450 manat, ümumi ödəniləcək məbləğ 156020 manat təşkil edir. " Bundan sonra 31.03.2020-ci il tarixdə həmin mənzilə dair ona Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən mənzilin texniki pasportunu verilmiş və 06.04.2020-ci il tarixdə həmin mənzilə dair çıxarış verilmişdir. İddiaçı həm texniki pasport, həm də çıxarış verilən zaman onun mənzili səlahiyyətli orqanın nümayəndələri tərəfindən ölçülmüş və əslində onun Cavabdeh MTK-dan müqavilə əsasında aldığı mənzilin sahəsi 129.81 kv.m olduğunu göstərmişdir. Mənzilin sahəsinin müqavilədə göstərildiyindən az olduğunu bildirərək, aldığı mənzilin sahəsindəki fərqə görə artıq ödədiyi pulun ona geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinə əsasən: tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhcərlərinin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Yaşayış binalarında mənzillərin döşəmədən tavana qədər hündürlüyü 2,7 metrdən az olmamalıdır. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən, məcəllənin pozulmasına görə şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2010-ci il tarixli 695 nömrəli Fərmanına əsasən 59.1-ci maddə göstərilmiş müvafiq icra hakimiyyəti orqanı səlahiyyətlərini Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsini Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 7 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 2-ci bəndinə əsasən “Lociya”- xarici məkana açıq, üç tərəfdən divarla bağlanmış (künc hissədə iki tərəfdən), dərinliyi otaqların təbii işıqlandırılması tələblərinə uyğun, döşəməsi otağın döşəməsinin davamı olan xarici divara bitişik sahə; “Eyvan”-binaya bitişik və ya onun içərisində tikilmiş, isidilməyən, açıq və ya şüşələnmiş keçid yerləşgə; “Balkon” – fasadın divar səthindən çıxan və məhəccərlə hüdudlanmış meydança hesab olunur. Həmin qərarın 3.2-ci bəndinə əsasən- yaşayış binasında otaqların və digər yerləşgələrin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir. 3.3.-cü bəndinə əsasən açıq yerləşgələrin (balkon, lociya, terras, eyvan) sahələri onların daxili konturu boyu (binanın divarı ilə məhəccər arasında məhəccərin yerləşdiyi sahə nəzərə alınmadan hesablanmış ölçüləri üzrə müəyyən edilir). Həmin qərarın 3.8-ci bəndinə əsasən mənzillərin ümumi sahəsi yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri – 0,3; şüşəbənd və lociyalar 0,5; eyvanlar (verandalar) – 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). İddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, məhkəmə araşdırması zamanı aparılmış ekspertiza tədqiqatının nəticəsi olaraq Binəqədi rayonu, Mir Cəlal küçəsi, 3169cu məhəllədə inşa olunmuş binanın 1-ci giriş: 11-ci mərtəbədə yerləşən 3 otaqlı 47 saylı mənzilin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2. 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarının tələbləri nəzərə alınmaqla sahəsi 105.2 m2 təşkil edir. Divaraltı sahələr, sütunlar şaxtanın sahəsi və balkonların sahəsinə əmsal tətbiq edilmədən mənzilaltı sahənin 129,8 kv.m olduğu müəyyən edilir. Bakı şəhəri. Binəqədi rayonu, Mir Cəlal küçəsi. 3169-cu məhəllə, ev 127E, 61 saylı mənzilin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışı əsasında sahəsi ilə həmin mənzilin "Şərur” Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş layihə-cizgi, müqavilə əsasında sahəsi (ümumi, yaşayış və qeyri-yaşayış sahələri nəzərə alınmaqla) arasında fərq 24.6 kv.metr təşkil edir. Sahələrin fərqli olması Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən mənzilin sahəsinin hesablanmasında divaraltı, sütun, şaxta sahələrinin nəzərə alınması və balkonlara 0,3 əmsalının tətbiqi ilə bağlıdır.. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının ondan alınan artıq alınmış 26.741 (iyirmi altı min yeddi yüz qırx bir) manat məbləğində pulun qaytarılması tələbi əsassızdır və təmin edilə bilməz. Belə ki, iddiaçı mənzilin faktiki sahəsinin əslində mənzilin çıxarışında göstərildiyi kimi 105.5 kv.m sahədən ibarət olmasınıı qeyd etsə də, iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə bu hal öz təsdiqini tapmamışdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə “pul” tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddiaçı irəli sürdüyü tələbləri əsaslandıra bilmədi. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə “pul” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Keçirilmiş məhkəmə ekspertiza xərci olaraq 50 manat İddiaçı tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına keçirilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 300 (üç yüz) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar