Məhkəmə qərarları › İş №2(005)-2563/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2563/2021

12.08.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2563/2021 12.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X7, İddiaçılar İddiaçı1 və X4 nümayəndəsi və vəkili X12, Cavabdeh "xxxx"MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1, X4 cavabdehlər "xxxx"MMC və Cavabdeh2 qarşı mənzilin və sənədlərinin təhvil verilməsi,müqavilənin etibarsızlığı tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, X8 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" MMC tərəfindən inşa edilmiş Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, 2458-ci məhəllədə yerləşən hündür mərtəbəli binanın 16-cı mərtəbəsində olan 294 saylı mənzilini və sənədlərinin onlara təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və X8 iddia tələbini onunla əsaslandırmışlar ki, mərhum X3 mexanik işlədiyi “Xəzərneftsosialtikinti "Tresti tərəfindən 11.06.1990-cı il tarixli order əsasında Bakı şəhəri,ünvan 1 ünvanda binada 2 nəfər ailə üzvünə yaşayış sahəsi 34.6 kv metr olan otağı daimi yaşamaq üçün verilmişdir.İbrahimov Cəmaləddin Allahyar oğlu 09 iyun 1993-cü ildə vəfat etmişdir. Onun vəfatından sonra mənzildə ailə üzvüləri yaşamışdır. Cavabdeh şirkət Nizami rayon İcra hakimiyyətnin 26.04.2016-cı il tarixli 47 saylı sərəncamına əsasən Bakı şəhəri,ünvan 2 ünvanda yeni binanın tikintisi ilə bağlı sökülən binadan köçürülməyi ilə bağlı 17.05.2016-cı ildə “Razılaşma" müqaviləsi bağlamışlar. 17.05.2016-cı ildə bağlanmış “Razılaşma ” müqaviləsinin 1-ci bəndinə əsasən Cavabdeh1 MMC tikiləcək yeni binada onun-Sakinin yaşadığı 2 otaqlı mənzilin yeni-2 otaqlı təmirli və tam kommunal şəraitli mənzil ilə əvəzləşdirilməsini təmin edir. Həmin müqavilənin 6-cı bəndinə əsasən tikinti işləri “30" may 2016-cı il tarixdən başlanır və 24 ay ərzində yekunlaşdırılır. Mənzilin tikintisi başa çatmış,ona yeni tikilmiş hündür mərtəbəli binanın 16-cı mərtəbəsində yerləşən 294 saylı mənzili göstərərək onun sökülmüş mənzilin əvəzində verilməli olduğunu bildirmişlər. Lakin oğlu ilə müqavilə bağlamış Ceyhun Əliyev adlı şəxs bunun əvəzində ona 20.000 manat rüşvət verilməli olduğunu bildirmişdir. Onun bu hərəkətlərindən Cavabdeh1 MMC-nin rəhbəri kimi özünü təqdim edən Əhəd adlı şəxsə şikayət etməyimə baxmayaraq onun bu tələbinə haqq qazandırmışlar.Ceyhun Əliyevə ilə sonuncu dəfə çox yalvararaq 5.000 manata gücü çatmasını deməyinə baxmayaraq cavabında 19.999 manat belə götürməyəcəyini, pulu verməsən oraya məcburi köçkünləri köçürəcəyini bildirmişdir və mənzilin açarlarını verməkdən imtina etmişdir. Onun bu sözlərini real təhlükə hesab edir. Həqiqətən məcburi köçkünləri oraya köçürərsə onların çıxarılmasına uzun müddət vaxt lazım olacaqdır. Məhkəmə iclasında İddiaçı1 və X8 iddia tələbinin dəlillərinə uyğun oxşar məzmunlu izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçılar iddia ərizəsinə dəqiqləşmə verərək, iddia tələbinin təmin olunması, cavabdeh "xxxx"MMC-nin adından X13 ilə X11 arasında bağlanmış 08 iyun 2016-cı ildə müqavilənin etibarsız hesab olunması, cavabdeh "xxxx"MMC tərəfindən inşa edilmiş Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, 2458-ci məhəllədə yerləşən hündür mərtəbəli binanın 16-cı mərtəbəsində olan 294 saylı mənzilini və sənədlərinin onlara təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh "xxxx"MMC-nin nümayəndəsi və vəkili Nümayəndə etiraz ərizəsi təqdim edərək bildirir ki, icraatda İddiaçı1 və İddiaçı2 Cavabdeh1 MMC-nə qarşı 08 iyun2016-cı il tarixdə Cavabdeh1 MMC ilə X11 arasında bağlanılmış müqavilənin etibarsız hesab edilməsini, Cavabdeh1 MMC tərəfindən inşa edilmiş Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi 2458-ci məhəllədə yerləşən, hündür mərtəbəli binanın 16-cı mərtəbəsində olan 294 saylı mənzilini və sənədlərini onlara təhvil verilməsinə dair mülki iş vardır. Birincisi onu aydınlaşdırmaq lazımdır ki, iddiaçılar hansı hüquqla belə bir iddia qaldırmağa səlahiyyətlidirlər?- birincisi iddiaçılar heç bir subyektiv hüququ olmadan Cavabdeh1 MMC-nə qarşı müqavilənin etibarsızlığına dair iddia qaldıraraq başqa şəxslə Cavabdeh1 MMC arasında bağlanılmış 08 iyun 2016-cı il tarixli müqavilənin etibarsız hesab edilməsini xahiş edir. İkincisi iddiaçılardan İddiaçı1 uzun müddətdir ki, Azərbaycanda deyil onun adından səlahiyyəti olmayan şəxs iddia ərizəsi imzalayıb, üçüncüsü digər İddiaçı2 iddia ərizəsində qeyd etdiyi keçmiş əri X6 ilə nikahları həmin şəxs ölməmişdən 3 il əvvəl pozulmuşdur. Onlar biribirlərinə vərəsə ola bilməzlər, digər tərəfdən heç iddiaçıların mərhum X2 vərəsəsi olmasını təsdiq edən heç bir hüquqi sənəd yoxdur. Ən əsas məsələ isə iddiaçıların iddia vermək hüquqları olsaydı belə onlar 5 il əvvəl iddia qaldıra bilərdilər, indiki halda isə iddiaçıların iddia etdiyi tələbə qarşı iddia müddəti keçibdir. Bu isə o deməkdir ki, iddia müddəti tətbiq edilməklə iddiaçıların iddia tələbi rədd edilməlidir. Subyektiv hüquqları olmaması əsası ilə isə iddia icraatına xitam verilməlidir. Belə ki, iddiaçılar özü ərizəsində qeyd edir ki, Cavabdeh1 MMC ilə X11 aralarında 08 iyun 2016-cı il tarixli müqavilə bağlanıb. Lakin Cavabdeh1 MMC- nə qarşı iddia tələbini isə düz 5 (beş) ildən artıq vaxt sonra irəli sürüb. Əgər onun hüququ pozulmuşdursa elə müqavilə bağlanan andan Cavabdeh1 MMC-nə qarşı iddia qaldırardı. Hətta vaxtında iddia qaldırsaydı belə onların buna heç bir hüququ yoxdur. Məhkəmənin 26 iyul 2021-ci il tarixli iclasında İddiaçı1 ərizəsi əsasında Cavabdeh2 cavabdeh qismində müki işə cəlb edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 17 may 2016-cı il tarixli razılaşmanın kserosurətindən görünür ki, Şirkət Nizami Rayon İcra Hakimiyyətinin 26 aprel 2016-ci il tarixli, 47 saylı sərəncamına əsasən Bakı şəhəri, ünvan 3 ünvanda yeni binanın tikintisi ilə bağlı sökülən binadan köçürülən sakinin müvəqqəti yerləşdirilməsi üçün Sakinə mənzildən köçürüldüyü gündən etibarən aylıq 300 (üç yüz) manat həcmində kompensasiya ödənilməsini və tikiləcək yeni binada sakinin hal-hazırda yaşadığı otaqlı mənzün yeni otaqlı təmirli və tam kommunal şəraitli mənzil ilə əvəzləşdirilməsini təmin edir. 30 iyun 2016-cı il tarixli Nizami Rayon VVADQ şöbəsi tərəfindən 09 iyul 1993-cü il tarixdə verilmiş İV-JQ seriyalı 379068 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 18 may 1993-cü il tarixdə Fizuli şəhərində vəfat etmişdir. X3 mexanik işlədiyi “Xəzərneftsosialtikinti "Tresti tərəfindən verilmiş 11.06.1990-cı il tarixli orderin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri,Nizami rayonu, Ş. Mirzəyev küçəsi, 2458-ci məhəllə ev 95 (Çernişevski küçəsi 95-də) ünvanda binada 2 nəfər ailə üzvünə yaşayış sahəsi 34.6 kv metr olan otağı daimi yaşamaq üçün verilmişdir. Bakı şəhəri 31 saylı Notariat ofisinin xüsusi notariusu X14 tərəfindən ƏMDX yanında DƏDRX-in 1 saylı Ərazi idarəsinə ünvanlanmış 14 iyul 2021-ci il tarixli 450 saylı məktubundan görünür ki, 18.05.1993-cü il tarixdə vəfat etmiş X1 miras qalmış Bakı şəhəri,Nizami rayonu, Ş. Mirzəyev küçəsi,ev 95, m5-6a dair vərəsə İddiaçı1 ərizəsi qəbul edilmiş və vərəsə kimi tanınmışdır. Məhkəmə, iddiaçılar İddiaçı1, X4 cavabdehlər "xxxx"MMC və Cavabdeh2 qarşı iddia tələbinin mənzilin və sənədlərinin təhvil verilməsi hissəsi ilə bağlı qeyd edir ki, tərəflər arasında (İddiaçı1, X8 və Cavabdeh1 MMC) hər hansı bir müqavilə münasibətlərinin olması sübut edilməmiş, bununla bağlı təqdim edilən 17 may 2016-cı il tarixli razılaşma kserosurətdir. Həmin sənədin əslinin təqdim edilməsi tərəfə təklif olunmasına baxmayaraq iddia ərizəsinə əlavə edilməmihdir. Digər tərəfdən, cavabdeh "xxxx"MMC-nin adından X13 ilə X11 arasında bağlanmış 08 iyun 2016-cı ildə müqavilənin etibarsızlığını şərtləndirən halları təsdiq edən sübutlar təqdim edilmədiyindən, iddia tələbi iddiaçılar tərəfindən sübut edilməmişdir. Bu səbəbdən, iddia həmin hissədə təmin edilə bilməz. Hazırkı iddianın əsaslı olub-olmamasına hüquqi qiymət verilərkən yalnız tərəflərin izahatları, bu izahatlarda mövcud olan ziddiyyətli məqamlar, iddiaçının hər hansı hüququnun pozulması və ya bu hüquqa müdaxilə olmasını təsdiq edən iş materiallarında mövcud olan hər hansı digər hallar nəzərə alınmalı və nəticədə məhkəmə sərbəst daxili inamını rəhbər tutmalıdır. Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinə əsasən, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər; 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirilə bilər. Belə miibahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin; 339.3-cü maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin; 339.5-ci maddəsində göstərilir ki, əgər 339.1. 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir; 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir; 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər; 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər; 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; İddia ərizəsinin “cavabdeh "xxxx"MMC-nin adından X13 ilə X11 arasında bağlanmış 08 iyun 2016-cı ildə müqavilənin etibarsızlığı” tələbinə münasibətdə məhkəmə qeyd edir ki, əqdin isə etibarlılığını şübhə altına alan belə bir hal müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçı mübahisələndirdiyi müqavilə üzrə tərəflər tam sərbəst iradəsi ilə hərəkət etmişdir və göstərilən müqavilənin etibarsız sayılması üçün də hər hansı əsas mövcud deyildir. Bu baxımdan məhkəmə qeyd edir ki, iddiaçının mübahisələndirdiyi müqaviləyə dair hüquqi proseslər barəsində həmin müqavilənin tərəflərinin müqavilə tərəfi kimi azadlığı olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində onlar, tam sərbəst iradələri ilə hərəkət etmişlər və müqavilənin etibarsızlığını şərtləndirən hər hansı hal mövcud deyildir. İddiaçı iddia tələbini əsaslandırdığı halları sübuta yetirə də bilməmiş, sübut kimi təqdim etdiyi dəlillər iddiasının həqiqiliyi qənaətini formalaşdırmamışdır. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Etibarsız əqdlər üzrə müddətlər qanunvericlik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. 24 iyun 2005-ci il tarixdə qəbul edilmiş və 01 noyabr 2005-ci il tarixdə qüvvəyə minən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsəslələri haqqında” Azərbaycan Respublikası Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişiklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 949-İİQ nömrəli Qanunu ilə 354-cü maddənin adında “iddia müddətləri” sözləri “müddətlər” sözü ilə, 354.1-ci maddəsində “on gün” sözləri “bir il” sözləri ilə əvəz edilmiş və 354.2-ci maddəsinə isə “Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər” redaksiyası verilmişdir. Yuxarıda qeyd olunduğu kimi Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçılar İddiaçı1, X4 cavabdehlər "xxxx"MMC və Cavabdeh2 qarşı mənzilin və sənədlərinin təhvil verilməsi,müqavilənin etibarsızlığı tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən, habelə Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1, X4 cavabdehlər "xxxx"MMC və Cavabdeh2 qarşı mənzilin və sənədlərinin təhvil verilməsi,müqavilənin etibarsızlığı tələbinə dair iddia rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar