Məhkəmə qərarları › İş №2(005)-2564/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2564/2021

30.09.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2564/2021 30.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi Cavabdeh2 Əfrasiyab oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 Əfrasiyab oğlu və Cavabdeh1 qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 Əfrasiyab oğlu və Cavabdeh1 qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının Baki şəhəri, Nərimanov rayonu, Çemyayevski küçəsi, 9 sayli ev, 21 saylı mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Baki şəhəri, ünvan 1 ünvanında İddiaçı Trofımoviç ümumi sahəsi 43,51 kv.m. olan iki otaqlı mənzildə qeydiyyatdadır. Həmin mənzil xüsusi mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. Göstərilən ünvanda qeydiyyatdan keçən tək şəxs iddiaçıdır 2019-cu ilin avqust ayında mənzil qonşusu Cavabdeh2 və oğlu Cavabdeh1 tərəfindən ələ keçirildi. İddiaçıya birbaşa dedilər ki, sözügedən mənzil qanuni olaraq onların adına yazılıb və geri qaytarılmasını istəməyini məsləhət görməyiblər. Mənzilin ələ keçirilməsinə əlavə, mənzildən bütün əmlakı, əmanətləri, habelə bu mənzilə aid sənədlərinin oğurlandığını aşkar etdi. Bununla əlaqədar olaraq, 2019cu ilin oktyabr ayında Bakının Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinə müraciət etdi, orada polis kapitanı Emin Kuliyev iddiaçını qəbul etdi və oğurlanan əmlakın faktı ilə bağlı protokol tərtib etdi. Ancaq bu protokolun bir nüsxəsi iddiaçıya verilmədi. Beləliklə, istintaq orqanları şikayətinə mahiyyəti üzrə baxmadı, əməliyyat-axtarış tədbirləri həyata keçirmədi, mənzil üçün sənədlər tələb etmədi və yazılı müraciətinə lazımi cavab vermədi. İndiyə qədər cinayət işi qaldırmamaq barədə qərarı almamışdır. Mənzil üçün satış nüsxəsini almaq üçün Asan xidmət ilə əlaqə saxladı. Ancaq mühəndis mənzilə girib onu yoxlamaq istəyəndə sadəcə içəri buraxılmadı. Odur ki, "Asan xidmət" iddiaçıya sənədin dublikatını verə bilmədi. Qonşusu Cavabdeh2 və oğlu Cavabdeh1 da mənzildə iddiaçının razılığı olmadan təmir işləri apardılar, onların dediklərinə görə, təmir 10 min manata başa gəldi. Yuxarıda göstərilən şəxslərin qanunsuz hərəkətləri ilə əlaqədar olaraq iddiaçı evsiz həyat tərzi keçirir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə iddiaçıya və digər cavabdehə məlumat verilməsinə baxmayaraq iddiaçı heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü və 184.5-ci maddəsinin tələblərinə əsasən işə iddiaçının və digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh2 Əfrasiyab oğlu iddia tələbini əsassız hesab etdiyini bildirərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını, şahid ifadələrini dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında X2 şahid qismində ifadə verərək bildirdi ki, o, İddiaçı qonşudur. Mübahisəli ev yaşayış üçün yararsız vəziyyətdə olmuşdur. İddiaçı uzun müddətdir ki, orada yaşamamışdır. İş materiallarında olan 021 nömrəli şəxsi hesab vərəqəsindən müəyyən olunur ki, İddiaçı 03.03.1988-ci il tarixdə Baki şəhəri, Nərimanov rayonu, Çemyayevski küçəsi, 9 sayli ev, 21 saylı mənzil, 2 saylı otaq üzrə qeydiyyata alınmışdır. İş materiallarında olan 25 saylı MKİS tərəfindən verilmiş 09.09.2020-ci il tarixli 179 saylı arayışdan müəyyən olunur ki, İddiaçı Baki şəhəri, Nərimanov rayonu, Çemyayevski küçəsi, 9 sayli ev, 21 saylı mənzildə qeydiyyatda olmuşdur. MH 090960 saylı 01.07.1997-ci il tarixli çıxarışa əsasən mənzil İddiaçı məxsusdur. İş materiallarında olan 11 fevral 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan müəyyən olunur ki, araşdırma zamanı X1 ərizə və izahatlarında göstərdiyi xüsussatlar yoxlanılmış və müəyyən edilmişdir ki, X3 məxsus yaşayış olmayan və baxımsız vəziyyətdə qalmış ünvan 2 ünvana onun qonşusu Cavabdeh1 tərəfindən qanunsuz daxil olma faktı aşkar edilməmişdir. Tərəflər arasında rəsmi də olmasa, şifahi danışıq olmuşdur ki, X4 mənzili qonşusu Cavabdeh1 satacaq. Həmin mənzildən göstərilən məbləğdə pulların və ya qızıl-zinyət əşyalarının oğurlanması faktını sübuta yetirmək üçün isə kifayət qədər sübutlar olmamışdır. Bundan başqa X1 sözügedən mənzili qonşusu Cavabdeh1 almaq barədə olan tələbinin məhkəmə səlahiyyətlərinə aid olmasını nəzərə alaraq, yəni cinayət işinin başlanmasına əsasın olmadığını nəzərə alaraq material, həmçinin MPM-nin 265.4-cü maddəsinin tələbinə görə məhkəmə işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətlərin əlamətlərini aşkara çıxararsa, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verməlidir. Beləliklə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı tələbi ilə əlaqədar mülki mübahisələrin həlli üçün Azərbaycan Respublikası MPM-nin 25-ci maddəsinə əsasən aidiyyəti məhkəməyə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seriyalı 090960 nömrəli qeydiyyat vəsiqəsindən müəyyən olunur ki, Baki şəhəri, Nərimanov rayonu, Çemyayevski küçəsi, 9 sayli ev, 21 saylı mənzil tam payda İddiaçı məxsusdur və bu barədə reyestr kitabında 04.07.1997-ci il tarixdə 30/123221 nömrəli qeyd aparılmışdır. Mülki işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçı mübahisəli mənzildə qeydiyyatındadır, hal hazırda ora köçürülməsini, cavabdehlərin isə oradan çıxarılmasını xahiş edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Akimova Azərbaycana qarşı Qərarında Məhkəmə qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.2-ci maddəsinə əsasən sahiblik hüququ—əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ—əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, ərizəçinin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə qənaətə gəlir ki, ünvan 3 ünvanda yerləşən mübahisəli mənzil İddiaçı məxsusdur. Lakin hazırda həmin ünvanda cavabdehlər Cavabdeh2 Əfrasiyab oğlu və Cavabdeh1 yaşayır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 Əfrasiyab oğlu və Cavabdeh1 ünvan 4 ünvandan çıxarılmalı, iddiaçı həmin mənzilə köçürülməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 77.3-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119cu, 216-220-ci və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 Əfrasiyab oğlu və Cavabdeh1 Baki şəhəri, Nərimanov rayonu, Çemyayevski küçəsi, 9 sayli ev, 21 saylı mənzildən çıxarılsın. İddiaçı Baki şəhəri, Nərimanov rayonu, Çemyayevski küçəsi, 9 sayli ev, 21 saylı mənzilə köçürülsün. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar