Məhkəmə qərarları › İş №2(005)-2573/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2573/2021

08.07.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2573/2021 08.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı nümayəndəsi Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs qismində Bakı şəhəri, Nərimanov rayon İcra Hakimiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb edilməklə) “mənzilin təhvil verilməsi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs qismində Bakı şəhəri, Nərimanov rayon İcra Hakimiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb edilməklə) “mənzilin təhvil verilməsi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, ev 25, mənzil ünvanında yerləşən mülkiyyətində olmuş mənzilin yerində tikilən yeni yaşayış binasında sahəsi 35 kv.m olan birotaqlı mənzili (həmin binada 35 kv.m olmadıqda, 35 kv.m az olmayan, ən kiçik sahəli birotaqlı mənzili) tam təmirli vəziyyətdə onun sahibliyinə verilməsini Cavabdeh MMC-yə həvalə edilməsi, ona dəymiş mənəvi ziyana görə 5000 (beş min) manat məbləğində pulu, mülki işin məhkəməyə verilməsi üçün hazıranması və məhkəmədə aparılması üçün hüquqi yardım göstərilməsinə görə ödədiyi 260 (iki yüz altmış) manat məbləğində pulu, dövlət rüsumunun ödənilməsinə görə 10 (on) manat məbləğində pulu, cəmi 5270 (beş min iki yüz yetmiş) manat məbləğində pulun cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsində yerləşən 22 saylı mənzilin mülkiyyətçisidir. Bu barədə iddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı çıxarış təqdim edilmişdir. Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti (Nərimanov RİH) Başçısının 23.06.2017-ci il tarixli 267 saylı Sərəncamına əsasən "xxxx" MMC-ə rayonun Təbriz, Ə.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində yerləşən qəzalı vəziyyətdə olan yaşayış binalarının, orada yaşayan sakinlərin hər ay kirayə haqqının ödənilməklə kirayəyə köçürülməsi və gələcəkdə tam təmirli mənzillərlə təmin olunması şərtilə, sökülməsini və həmin binaların yerində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikinti işlərinin aparılması üçün layihələndirilmə işlərinin aparılmasını həvalə etmişdir. Bakı şəhəri Nərimanov RİH Başçısının bu sərəncamının icra olunması üçün, "xxxx" MMC ilə iddiaçı müəyyən danışıqlar aparmışdır. Bu danışıqlar nəticəsində onların arasında 28.04.2018-ci il tarixində 41 saylı müqavilə bağlanmışdır. Bu müqavilənin şərtlərinə əsasən iddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 22 saylı mənzilinin sökülməsi və onun yerləşdiyi ərazidə yeni çoxmənzilli binaların inşası üçün "xxxx" MMC-yə təhvil verib, icarəyə götürdüyü mənzilə köçməli idi, "xxxx" MMC isə mənzilinin yerində tikilən çoxmənzilli binadan, sahəsi 35 kv.m olan tam təmirli bir otaqlı mənzili tikib iddiaçının sahibliyinə verməli idi. Bununla bərabər "xxxx" MMC iddiaçının kirayədə yaşadığı müddətdə hər ayı üçün iddiaçıya 300 manat məbləğində pul ödəməli idi. Aralarında bağlanılmış müqavilənin şərtlərinə görə, mülkiyyətində olan mənzilin yerində tikiləcək yeni bina 18 ay müddətində tam inşa olunmalı və həmin binadan 35 kv.m sahəsi olan bir otağlı mənzil iddiaçıya təhvil verilməli idi. İddiaçı adı çəkilən müqavilənin şərtlərinin onun üzərinə düşən hissəsini tam həcmdə icra edərək, mülkiyyətində olan mənzilini "xxxx" MMC-yə təhvil verib kirayəyə götürdüyü mənzilə köçmüşdür. "xxxx" MMC iddiaçının və qonşularının mənzillərini söküb, onların yerində yeni tikiləcək binanın özül yerini qazdıqdan sonra, Bakı şəhəri Nərimanov RİH Başçısı 21.06.2019-cu il tarixli 161 saylı sərəncamı ilə özünün 23.06.2017-ci il tarixli 267 saylı sərəncamını qüvvədən düşmüş hesab edərək, rayonun Təbriz, Ə.Əlizadə və Ə.Vahid küçələrində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə 0,884 ha sahəsini Cavabdeh MMC-nin daimi istifadəsinə vermişdir. İddiaçı qeyd edir ki, həmin vaxt nə Bakı şəhəri Nərimanov RİH, nə "xxxx" MMC, nə də ki, yuxarıda adı çəkilən müqavilənin tərəfi olan "xxxx" MMC Bakı şəhəri Nərimanov RİH-nin sərəncamının dəyişdirilməsi barədə iddiaçıya heç bir məlumat verməmişdirlər. Hal-hazırda Cavabdeh MMC iddiaçının mülkiyyətində olan mənzilin yerində yeni çoxmənzilli binanın inşasını bitirsə də, həmin binadan iddiaçıya mənzilin verilməsindən imtina edir. Cavabdeh MMC-i iddiaçıya mənzil verməkdən imtina etməsinin səbəbi kimi, bildirir ki, mülkiyyətində olan mənzilinin yerində inşa olunmuş binada, 35 kv.m sahəli bir otaqlı mənzil yoxdur. Yeni tikilmiş binada bir otaqlı mənzilin ən kiçik sahəsi 53 kv.metrdir və iddiaçı artıq olan 18 kv.m üçün Cavabdeh MMC-yə kommersiya qiyməti ilə hər kv.m görə 1.600 (bir min altı yüz) manat, cəmi 28.800 (iyirmi səkkiz min səkkiz yüz) manat məbləğində pul ödəməlidir. Əks halda, 28.04.2018-ci il tarixli 41 saylı müqavilədə göstərilən mənzilini iddiaçı yalnız Cavabdeh MMC tərəfindən başqa bina tikildiyi və həmin binada 35 kv.m sahəsi olan birotaqlı mənzil lahiyələşdirilməsi təqdirdə ala bilər. Digər halda, cavabdeh yeni tikilmiş binada yerləşən və iddiaçıya verilməsi nəzərdə tutulan mənzili başqa şəxsə sataraq, əsassız varlanmaq niyyətini gizlətmir. Cavabdeh MMC-nin tutduğu qanunsuz mövqe nəticəsində, iddiaçı mülkiyyətində olan sökülmüş mənzilin əvəzləşdirilməsi yolu ilə 18 ay ərzində yeni tam təmirli mənzilə köçmək əvəzinə, 3 ildən artıq müddət ərzində ailəsi ilə birlikdə icarəyə götürdüyü mənzillərdə kirayəçi qismində yaşayır, buna görə də istirab hissi keçirir. İddiaçının mülkiyyətində olan, müqavilə əsasında sökülmüş mənzilinin yerinə yeni tikilən binada əvəzləşdirmə ilə verilən mənzil üçün 28.800 manat məbləğində pul ödəməyə imkanı yoxdur. Nə 28.04.2018-ci il tarixli 41 saylı müqaviləyə, nə də ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli 86 saylı «Bakı şəhəri Nərimanov rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə» Qərarına əsasən, iddiaçı Cavabdeh MMC-yə heç bir pul ödəməməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin Cavabdeh MMC-nin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək bildirdi ki, müqavilənin şərtlərinə əsasən, Cavabdeh MMC iddiaçının mülkiyyətində olan mənzili söküb onun yerində 18 ay müddətinə yaşayış kompleksinin inşa olunmasını və həmin binadan 35 kv.m sahəsi olan 1 otaqlı təmirli mənzili iddiaçıya təhvil verilməsini öhdəsinə götürmüşdür. Cavabdeh MMC yuxarıda adı çəkilən müqavilənin şərtlərinin ona aid hissəsində tam həcmdə icra etmiş və iddiaçıya inşa etdiyi yaşayış kompleksinin ikinci mərtəbəsində 35 kv.metrdən ibarət 1 otaqlı təmirli mənzili təklif etmişdir, lakin iddiaçı həmin mənzilin aşağı mərtəbədə yerləşməsini əsas gətirərək mənzili qəbul etməkdən imtina etmiş və tikiləcək növbəti binada aylıq 300 manat kirayə haqqı ödəmək şərti ilə yuxarı mərtəbədə 35 kv.metrdən ibarət təmirli mənzilin ona verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə üçüncü şəxslərə bildiriş göndərilməsinə baxmayaraq, üçüncü şəxsləin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və prosesə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan X5 və "xxxx" MMC arasında bağlanan 28 aprel 2018-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC Əliəşrəf Əlizadə küçəsi, ev 25, mənzil 22 ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda mülkiyyətçiyə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək,b binada mülkiyyətçinin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 1 otaqlı, 28 kv.m mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 15-20 faiz əlavə etməklə tam təmirli 1 otaqlı, 35 kv.m mənzili mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürür. Mülkiyyətçi bu müqaviləyə əsasən, mülkiyyətində olan mənzili söküntü üçün "xxxx"MMC-yə təhvil verməyi və bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürür. Müqavilənin 2.1.2-ci bəndinə əsasən yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə 1 otaqlı mənzil üçün aylıq 300 manat kirayə haqqını almaq mülkiyyətçinin hüququdur. Müqavilənin 2.2.4-cü bəndinə əsasən, yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 18 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən mülkiyyətçiyə mənzili təmir edib təhvil vermək "xxxx" MMC-nin vəzifəsidir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 1 otaq y/s- 19,5 kv.m, k/s-6.8 kv.m olan hissə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 19.07.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə 2680 nömrəli reyestr kitabının 249676 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının sərəncamın Cavabdeh MMC-nin adına sənədləşdirilməsi haqqında 161 nömrəli 21.06.2019-cu il tarixli sərəncamından görünür ki, Nərimanov RİH başçısının 23.06.2017-ci il tarixli 267 nömrəli sərəncamına əsasən, "xxxx" MMC-yə rayonun Təbriz, Ə.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində yerləşən qəzalı vəziyyətdə olan yaşayış binalarının, orada yaşayan sakinlərin hər ay kirayə haqqı ödəilməklə, kirayəyə köçürülməsi və gələcəkdə tam təmirli mənzillərlə təmin olunması şərti ilə sökülməsini və həmin binaların yerində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikinti işlərinin aparılması üçün layihələndirmə işlərinin aparılmasına icazə verilmişdir. Sərəncamın Cavabdeh MMC-nin adına rəsmiləşdirilməsi üçün "xxxx" MMC-nin 18.06.2018-ci il tarixli 11 nömrəli məktubu ilə öz razılığını bildirmişdir. Nəticədə, Nərimanov RİH baçşısının 23.06.2017-ci il tarixli 267 nömrəli Sərəncamının öz hüquqi qüvvəsindən düşmüş hesab edilməsi, rayonun, Təbriz, Ə.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədi ilə 0,884 ha torpaq sahəsinin Cavabdeh MMCnin daimi istifadəsinə verilməsi qərara alınmışdır. İş materiallarında olan 30.03.2021-ci il tarixli qəbzdən görünür ki, iddaçı hüquqi yardıma görə 260 manat məbləğində haqq ödəmişdir. İş materiallarında olan 19.04.2021-ci il tarixli qəbzə əsasən, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 10 (on) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X5 və "xxxx" MMC arasında 28 aprel 2018ci il tarixli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, "xxxx" MMC Əliəşrəf Əlizadə küçəsi, ev 25, mənzil 22 ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda mülkiyyətçiyə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, binada mülkiyyətçinin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 1 otaqlı, 28 kv.m mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 15-20 faiz əlavə etməklə tam təmirli 1 otaqlı, 35 kv.m mənzili mülkiyyətçinin mülkiyyətinə verməyo öhdəsinə götürür. Mülkiyyətçi bu müqaviləyə əsasən, mülkiyyətində olan mənzili söküntü üçün "xxxx"MMC-yə təhvil verməyi və bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Daha sonra Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının sərəncamın Cavabdeh MMC-nin adına sənədləşdirilməsi haqqında 161 nömrəli 21.06.2019-cu il tarixli sərəncamı ilə Nərimanov RİH başçısının 23.06.2017-ci il tarixli 267 nömrəli sərəncamının Cavabdeh MMC-nin adına rəsmiləşdirilməsi üçün "xxxx" MMC-nin 18.06.2018-ci il tarixli 11 nömrəli razılıq məktubu da nəzərə alınaraq, Nərimanov RİH baçşısının 23.06.2017-ci il tarixli 267 nömrəli Sərəncamının öz hüquqi qüvvəsindən düşmüş hesab edilmiş, rayonun, Təbriz, Ə.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədi ilə 0,884 ha torpaq sahəsinin Cavabdeh MMC-nin daimi istifadəsinə verilməsi qərara alınmışdır. Bununla da İddiaçı Aydənbəy oğlu ilə bağlanmış 28 aprel 2018-ci il tarixli müqavilə üzrə tərəf kimi "xxxx" MMC deyil Cavabdeh MMC öhdəlik daşımağa başlamışdır. Cavabdehin nümayəndəsinn də məhkəmədə bildirdiyi üzrə Cavabdeh MMC müqavilənin şərtlərinin ona aid hissəsində tam həcmdə icra etmiş və iddiaçıya inşa etdiyi yaşayış kompleksinin ikinci mərtəbəsində 35 kv.metrdən ibarət 1 otaqlı təmirli mənzili təklif etmişdir, lakin iddiaçı həmin mənzili qəbul etməkdən imtina etmişdir. Bununla da cavabdeh 35 kv.metrdən ibarət 1 otaqlı təmirli mənzilin iddiaçya təhvil verilməsi öhdəliyini mövcudlğunu qəbul etmişdir. cavabdeh tərəfin təqdim etdiyi binanın eskiz layihəsində və 11 iyun 2021-ci il tarixdə mübahisəli mənzilə tərəflərin iştirakı ilə məhkəmə tərəfindən yerli baxış keçirilərkən cavabdeh tərəfdən iddiaçıya məxsus əvvələr onun mənzili olan (sonradan sökülmüş) ünvan 3 ünvanında yeni inşa edilən binada layijhəyə uyğun olaraq 35 kv.m sahəsi kimi qeyd edilmiş mənzilin olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Məhkəmə iclasında cavabdeh tərəfin təqdim etdiyi binanın eskiz layihəsində və 11 iyun 2021-ci il tarixdə mübahisəli mənzilə tərəflərin iştirakı ilə məhkəmə tərəfindən yerli baxış keçirilərkən cavabdeh tərəfdən iddiaçıya məxsus əvvələr onun mənzili olan (sonradan sökülmüş) ünvan 3 ünvanında yeni inşa edilən binada layijhəyə uyğun olaraq 35 kv.m sahəsi kimi qeyd edilmiş mənzilin olması müəyyən edilmişdir. Mülki Prospessual Məcəlləsinin 82.1-ci maddəsinə görə hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki , X5 və "xxxx" MMC arasında 28 aprel 2018-ci il tarixdə bağlanmış müqavilə üzrə "xxxx" MMC-nin hüquq və vəzifələri Cavabdeh MMC-yə aid olduğundan və eyni zamanda həmin müqvilədən irəli gələn inşa edilən binada 1 otaqlı, 35 kv.m mənzilin hazırki iddia üzrə iddiaçı olan İddiaçı mülkiyyətinə verilməsi barədə müqavilə öhdəliyi yerinə yetirilmədiyindən iddiaçı hazırda mənzilin ona təhvil verilməsini tələb etməkdə haqlıdır. Məhkəmə iddiaçının mənəvi zərər tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, iddiaçı tərəf mənəvi zərəri tələb etməsinə əsas olan və onu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə iddia tələbi həmin hissədə təmin edilməməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdeh şəxsə aid edilərək, iddiaçı şəxsin xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, ünvan 4 ünvanda Cavabdeh MMC tərəfindən inşa edilən yeni yaşayış binasında sahəsi 35 kv.mdən az olmayan mənzilin İddiaçı verilməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulmalı, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 (on) manat cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 4 ünvanda Cavabdeh MMC tərəfindən inşa edilən yeni yaşayış binasında sahəsi 35 kv.m-dən az olmayan mənzilin İddiaçı təhvil verilməsi öhdəliyi Cavabdeh MMCnin üzərinə qoyulsun. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 (on) manat Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar