Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-258/2024 26.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı Yusif oğlunun nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Yusif oğlunun Cavabdeh MMC-yə qarşı “mənzilin təhvil verilməsi və kirayə haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı Yusif oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 9450 (doqquz min dörd yüz əlli) manat əsas borcun və 114.50 (yüz on dörd manat əlli qəpik) manat dövlət rüsumunun, cəmi 9564.50 (doqquz min beş yüz altmış dörd manat əlli qəpik) manat pulun cavabdeh "xxxx" MMC -dən alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil 25 fevral 2000-ci il tarixli qeydiyyat vəsiqəsi əsasında ona məxsusdur. İddiaçı tərəf olaraq onunla cavabdeh "xxxx" MMC-nin arasında 21 may 2018-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən "xxxx" MMC ünvan 2, mənzil 15 yaşayış üçün mülkiyyətçiyə məxsus olan mənzilin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı 25 fevral 2016-cı il tarixli qərarına əsasən sökülməsi nəzərdə tutulan və bu sahədə nəzərdə tutulan yeni yaşayış binasının tikintisini həyata keçirmək, bu binada iddiaçının (müqavilədə mülkiyyətçinin) söküntüsü nəzərdə tutulmuş mülkiyyətimdə olan 30 kv.m qeyri-yaşayış sahəsinin əvəzində F girişində yaşayış sahəsinin 12-ci mərtəbəsində 350 nömrəli ümumi sahəsi 87.2 kv.m yaşayış sahəsini təmirli şəkildə onun mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən mülkiyyətçi bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün "xxxx" MMC-əy təhvil verməyi bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş qeyri-yaşayış sahəsini qəbul etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.1.2-ci maddəsinə əsasən yeni binamın tikintisi başa çatıb istismara qəbul edilənədək müvəqqəti yaşayış məqsədi ilə mənzil üçün aylıq 450 (dörd yüz əlli) manat kirayə haqqını tələb etmək hüququ vardır. Həmin müqavilənin 2.2.3-cü maddəsinə əsasən 2.1.2-ci bəndində nəzərdə kirayə haqqını rübdə 1 dəfə, hər rübün 1-ci ayında mülkiyyətçiyə ödənilməsini cavabdeh "xxxx" MMC təmin etməlidir. Cavabdeh 2021-ci ilin sentyabr ayından etibarən kirayə haqqının ödənilməsini təmin etməmişdir. Bu barədə cavabdehə yazılı surətdə məktub göndərilsə də kirayə haqqının ödənilməsi təmin edilməmişdir. Göstərilənlərə əsasən 9450 (doqquz min dörd yüz əlli) manat əsas borcun və 114.50 (yüz on dörd manat əlli qəpik), cəmi 9564.50 (doqquz min beş yüz altmış dörd manat əlli qəpik) manat pulun cavabdeh "xxxx" MMC dən alınaraq, İddiaçı ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən inşa edilən ünvan 2 ünvanında yerləşən binanın F girişində yaşayış sahəsinin 12-ci mərtəbəsində 350 nömrəli ümumi sahəsi 87.2 kv.m yaşayış sahəsinin təmirli şəkildə ona verilməsi və 9450 (doqquz min dörd yüz əlli) manat əsas borcun və 114,50 (yüz on dörd manat əlli qəpik) manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı Yusif oğlunun nümayəndəsi X4 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclaslarında iştirakını təmin etməmişdir. Məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: a)Mülki işin materialları - 22 dekabr 2004-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X1 ünvan 3 ünvanında yerləşən mənzili İddiaçı Yusif oğluna satmışdır. - AR Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin 231429 nömrəli Qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, F.Məmmdov küçəsi, 17 saylı evin 22 kv.m yaşayış sahəsindən ibarət bir otaqlı 15 saylı mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir vəbu barədə 707 saylı reyestr kitabında 106171 səhifə qeydə alma 30/6918, xx.xx.2005-ci il tarixində qeydiyyat aparılmışdır. -21 may 2018-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh MMC ilə İddiaçı Yusif oğlu arasında müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə Cavabdeh MMC ünvan 3 yaşayış üçün mülkiyyətçiyə məxsus olan mənzilin AR Nazirlər Kabinetinin 86 saylı 25 fevral 2016-cı il tarixli qərarına əsasən sökülməsi nəzərdə tutulan və bu sahədə nəzərdə tutulan yeni yaşayış binasının tikintisini həyata keçirmək, o binada “Mülkiyyətçi”nin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 30 kv.m qeyri-yaşayış sahəsinin əvəzində F girişində yaşayış sahəsinin 12-ci mərtəbəsində, 350 nömrəli ümumi sahəsi 87,2 kv.m yaşayış sahəsini təmirli şəkildə “Mülkiyyətçi”nin mülkiyyətinə verməyi öhdəsinə götürür. “Mülkiyyətçi” isə müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün Cavabdeh MMC-yə təhvil verməyi müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş qeyri-yaşayış sahəsini qəbul etməyi öz öhdəsinə götürür. 2.1.1-ci maddəsinə əsasən mülkiyyətçi söküntüsü nəzərdə tutulan evdə ona məxsus mənzilin boşaldılması tarixinədək olan kommunal borcları tam ödəmək şərti ilə mənzildə qeydiyyatda olan və 18 yaşı tamam olmuş şəxslərin notarial qaydada təsdiq edilmiş razılıq ərizələrini Cavabdeh MMC-yə verilməsini təmin etmək, mənzili tam boşaldaraq yüklü olmaması haqqında arayış təqdim etmək şərti ilə Cavabdeh MMC-yə təhvil vermək vəzifəsini daşıyır. 2.1.2-ci maddəsinə əsasən Mülkiyyətçinin yeni binanın tikintisi başa çatıb istismara qəbul edilənədək müvəqqəti yaşayış məqsədi ilə mənzil üçün aylıq 450 manat kirayə haqqını tələb etmək hüququ vardır. - 10 yanvar 2022-ci il tarixli kassa məxaric orderindən görünür ki, İddiaçı 2020-ci ilin avqust və sentyabr ayı üçün 800 manat pul ödənilmişdir. - 31 yanvar 2022-ci il tarixli kassa məxaric orderindən görünür ki, İddiaçı 2020-ci ilin oktyabr və noyabr ayı üçün 900 manat pul ödənilmişdir. - 05 avqust 2022-ci il tarixli kassa məxaric orderindən görünür ki, İddiaçı 2021-ci ilin mart ayı üçün 450 manat pul ödənilmişdir. - 19 oktyabr 2022-ci il tarixli kassa məxaric orderindən görünür ki, 2021-ci ilin aprel və may ayları üçün İddiaçı 500 manat pul ödənilmişdir. - İddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş 1 ədəd flaş kartda və kağız daşıyıcılarda əks edilmiş “Whatsapp” tətbiqi üzərində aparılan yazışmalardan görünür ki, “Samire X.Sipark Ofis” adı ilə qeyd edilmiş nömrə qəbz şəklini göndərərək 2021-ci ilin oktyabr ödənişinin ödənildiyini bildirir, növbəti aylarda ayda iki dəfə ödəniş olunacağını qeyd edir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Cavabdeh MMC ilə 21 may 2018-ci il tarixdə İddiaçı Yusif oğlu arasında müqavilə bağlanmış, Evrostroy-S.S” MMC ünvan 3 yaşayış üçün mülkiyyətçiyə məxsus olan mənzilin AR Nazirlər Kabinetinin 86 saylı 25 fevral 2016-cı il tarixli qərarına əsasən sökülməsi nəzərdə tutulan və bu sahədə nəzərdə tutulan yeni yaşayış binasının tikintisini həyata keçirmək, o binada “Mülkiyyətçi”nin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 30 kv.m qeyri-yaşayış sahəsinin əvəzində F girişində yaşayış sahəsinin 12-ci mərtəbəsində, 350 nömrəli ümumi sahəsi 87,2 kv.m yaşayış sahəsini təmirli şəkildə “Mülkiyyətçi”nin mülkiyyətinə verməyi, “Mülkiyyətçi” isə müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün Cavabdeh MMC-yə təhvil verməyi müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş qeyri-yaşayış sahəsini qəbul etməyi, eyni zamanda Cavabdeh MMC yeni binanın tikintisi başa çatıb istismara qəbul edilənədək müvəqqəti yaşayış məqsədi ilə mənzil üçün aylıq 450 manat kirayə haqqını mülkiyyətçiyə ödəməyi öhdəsinə götürmüş, lakin müqavilə öhdəliyi bugünədək icra edilməmişdir. Hazırda müqavilə tərəfi öhdəliyin cavabdeh tərəfindən pozulduğunu, öhdəliyini yerinə yetirmədiyini bildirir, kirayə haqqının ödənilməsini və mənzilin təhvil verilməsini tələb edir. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixində Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsində yerləşən çoxmərtəbəli binaya baxış keçirilmiş, binada tikinti işlərinin başa çatdırılmadığı və təmir işlərinin aparıldığı müəyyən edilmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər Bununla bağlı məhkəmə qeyd edir ki, ünvan 2, 15 saylı mənzilin İddiaçı tam payda xüsusi mülkiyyətində olması mübahisələndirilmir. Bu əmlakın iddiaçının mülkiyyəti olması qəbul edildiyindən iddiaçının bu əmlakla bağlı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ da vardır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; Məhkəmə qeyd edir ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüquq subyektin mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 152.2-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 158.1.2.-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 759.1-ci maddəsinə əsasən Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2-ci maddəsinə əsasən, Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». "Broniovski Polşaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da "mülkiyyət" hüquqları sayıla bilər. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən-mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi ağlabatan müddətdə və vaxtında icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, mənzili iddiaçıya təhvil verməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh qeyd edilən müqavilə əsasında iddiaçıdan mənzili təhvil almaq hüquqlarına malik olduğu kimi, eyni zamanda həmin müqavilə əsasında qeyd edilən yaşayış sahəsinin F girişində yerləşən, 12-ci mərtəbə, 350 nömrəli ümumi sahəsi 87,2 kv.m yaşayış sahəsini təmirli şəkildə iddiaçıya təhvil verilməsinə dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh göstərilən müqavilə əsasında iddiaçının ünvan 2, 15 saylı mənzili almalarına dair hüquqlarından istifadə etmiş, həmin əmlakı iddiaçıya təhvil verilməli olmalarına dair vəzifələrini isə icra etməyərək, müqavilə öhdəliklərini yerinə yetirməmişlər. Odur ki, cavabdeh mənzili iddiaçıya təhvil vermədiyindən həmin vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi təmin edilməlidir. İşin hallarından aydın olur ki, cavabdeh MMC iddiaçı ilə bağlanmış sözügedən müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək 20 ay müddətinə təhvil verməli olduğu əmlakı ona verməmişdir. Müqavilənin 2.1.2-ci maddəsinə əsasən MMC hər ay iddiaçıya müvəqqəti yaşayış məqsədi ilə 450 manat məbləğində pul vəsaiti ödəməyi öhdəlik götürmüş, iş materiallarından həmin məbləğin sonuncu dəfə 2021-ci ilin oktyabr ayı üçün haqqın ödənildiyi, sonradan dayandırıldığı müəyyən edilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, 2021-ci ilin noyabr ayından 2023-cü ilin iyul ayına kimi ödənilməmiş kirayə pulunu (21 x 450=9450 manat) iddiaçıya ödəməlidir. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsi baxımından öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC tərəfindən inşa edilən ünvan 2 ünvanında yerləşən binanın F girişində yaşayış sahəsinin 12-ci mərtəbəsində 350 nömrəli ümumi sahəsi 87.2 kv.m yaşayış sahəsi təmirli şəkildə iddiaçıya verilməli, 9450 (doqquz min dörd yüz əlli) manat əsas borc və 114,50 (yüz on dörd manat əlli qəpik) manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq ona ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia təmin edilsin. Cavabdeh MMC tərəfindən ünvan 2 ünvanında yerləşən binanın F girişində yerləşən yaşayış sahəsinin 12-ci mərtəbəsi, 350 nömrəli ümumi sahəsi 87.2 kv.m yaşayış sahəsi təmirli şəkildə iddiaçıya təhvil verilsin. Ödənilməmiş 9450 (doqquz min dörd yüz əlli) manat kirayə haqqı və 114,50 (yüz on dörd manat əlli qəpik) manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-258/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-258/2024
26.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver