Məhkəmə qərarları › İş №2(005)-2591/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2591/2023

26.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2591/2023 26.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Nərimanov rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “doğum akt qeydinin bərpa edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Nəsibov X15 rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə doğum akt qeydinin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi xx.xx.1958-ci ildə Ermənistanın Amasiya rayonunun Əzizbəyov kəndində anadan olmağı, doğum haqqında şəhadətnaməsində atasının X11, anasının X16 qeyd edilməklə Ərizəçi doğum haqqında şəhadətnamə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1958-ci ildə Ermənistanın Amasiya rayonunun Əzizbəyov kəndində anadan olmuş, bu barədə ona ərazi üzrə orqanlardan müvafiq doğum haqqında şəhadətnamə və şəxsiyyətini təsdiq edən sənəd verilmişdir. Doğum haqqında şəhadətnaməsində atası: X11, anası: X16 qeyd edilmişdir. Ərizəçi bildirir ki, 1988-ci ildə onu Ermənistanın Amasiya rayonunun Əzizbəyov kəndindən zorla qovub çıxartmışlar və o, Əzizbəyov kəndindəki evindən zorla çıxarılarkən zəruri əşyalarını və sənədlərini götürə bilməmişdir. Buna görə onun bütün sənədləri qeyd etdiyi ünvandakı evində qalmışdır. Hazırda onun doğum haqqında şəhadətnaməsi və şəxsiyyət vəsiqəsi yoxdur. Şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün Ərizəçi Ermənistan qaçqını olmağı barədə vəsiqə ala bilməmişdir. Ərizəçi doğum akt qeydinin bərpa edilməsi ilə əlaqədar Bakı şəhər Nərimanov rayon Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət etmiş, şöbənin xx.xx.2023-cü il tarixli 45 saylı rəsmi cavabı ilə ərizəsi təmin edilməmiş və məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Ərizəçi bildirir ki, onun kiçik bacısı Nəsibova (Rəfiyeva) Şahsənəm Paşa qızı, böyük bacısı Nəsibova (Əliyeva) Zənurə Paşa qızı və qardaşı X22 onun xx.xx.1958-ci ildə Ermənistanın Amasiya rayonunun Əzizbəyov kəndində anadan olmağını, bu barədə ona ərazi üzrə orqanlardan müvafiq doğum haqqında şəhadətnamə və şəxsiyyətini təsdiq edən sənədin verilməsini, doğum haqqında şəhadətnaməsində atasının X11, anasının X16 olmasını təsdiq edə bilərlər və onlar şahid qismində onun tərəfindən məhkəmə iclasına dəvət ediləcəklər. X1 xx.xx.2003-cü ildə vəfat etmişdir. X2 xx.xx.1970-ci ildə Ermənistanın Amasiya rayonunun Əzizbəyov kəndində vəfat etmişdir ( Ərizəçi qaçqın düşərkən onun ölüm haqqında şəhadətnaməsi də həmin ünvanda qalmışdır). Ərizəçi qeyd edir ki, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktının müəyyən edilməsi ona şəxsiyyətini təsdiq edən sənədin alınması üçün lazımdır. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Nərimanov rayon Qeydiyyat şöbəsi məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X9 ifadə verərək bildirdi ki, ərizəçi ilə 1989-cu ildə evləniblər. Ərizəçi 16 yanvar 1958-ci il tarixdə Ermənistan SSR-nin Amasya rayonunun Əzizbəyov kəndində anadan olmuş, X1, X2dır. Məhkəmə iclasında şahid X17 ifadə verərək bildirdi ki, ərizəçinin əmisi oğludur. Ərizəçinin Ermənistanın Amasiya rayonunun Əzizbəyov kəndində anadan olduğunu, atasının X11, anasının X16 olduğunu təsdiq etmişdir. O, bildirib ki, ərizəçi Gürcüstan SSR-də işləyən zaman bir cinayət işi ilə əlaqədar təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilmiş, həmin vaxt daə sənədləri istintaqı aparan müstəntiq tərəfindən qaytarılmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən X23 bildirdi ki, ərizəçinin bacısıdır. Ərizəçi həqiqətən 16 yanvar 1958-ci il tarixdə Ermənistan SSR-nin Amasya rayonunun Əzizbəyov kəndində anadan olmuş, X1, X2dır. Məhkəmə mülki işin materiallarını tədqiq edib, ərizəçinin izahatını və şahidin ifadəsini dinləyib, hesab edir ki, ərizə əsaslıdır və aşağıdakı səbəblərə görə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 38 saylı MKİS tərəfindən verilən arayışdan məlum olur ki, Ərizəçi Ş.Mustafayev küçəsi, 5 №-li evin 3 №-li mənzilində AR ƏN Penitensiar Xidməti 11 saylı X/M-sında cəza çəkməkdən azad edilənədək haqqında verilən arayışa əsasən göstərilən ünvanda qeydiyyatsız yaşayır. - xx.xx.1989-cu il tarixdə Azərbaycan SSR tərəfindən verilmiş 288797 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1989-cu il tarixdə İsmayıllı rayonunda anadan olmuşdur. Atası Ərizəçi, anası X5r. - X18 məxsus ******* №-li hərbi biletdən görünür ki,o, 10 dekabr 1928-ci il təvəllüdlüdür, Ermənistan SSR-nin Əzizbəyov kəndində doğulmuşdur, həyat yoldaşı – X13r. Hərbi biletin “Ailə vəziyyəti. Ailə tərkibi” hissəsində aparılan qeydlərdən görünür ki, X24 evlidir. Həyat yoldaşı Nəsibova Sona, ailə üzvləri Nəsibova Zənurə, Nəsibov Bayram, Ərizəçi, Nəsibova Şahsənəm və Nəsibova Almadır. - X6 məxsus doğum haqqında şəhadətnaməsindən görünür ki, o 3 mart 1989-cu il tarixdə ismyıllı rayonunun Kirk kəndində anadan olmuşdur, atası Ərizəçi, anası X3r. - X8 məxsus doğum haqqında şəhadətnamədən görünür ki, 29 avqust 2002-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X19, anası X4r. - xx.xx.2007-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 271143 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2002-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Ərizəçi, anası X7r. - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2003-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. - AR ƏN Penitensiar Xidməti 11 saylı X\M-si tərəfindən verilən arayışdan məlum olur ki, Ərizəçi 1958-ci ildə Ermənistan Respublikasında anadan olmuşdur. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli Qərarına əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş və cəzasını xx.xx.2009-cu il tarixdən xx.xx.2009-cu il tarixədək 11 saylı xüsusi müəssisədə çəkmişdir.xx.xx.2009-cu il tarixdə cəzasının sonu ilə əlaqədar xüsusi müəssisənin qeydiyyatından çıxarılmışdır. - Nərimanov RPİ 18-ci PB tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi xx.xx.1958-ci il tarixində Ermənistanın Amasiya rayonunun Əzizbəyov kəndində doğulmuşdur. ünvan 1 ünvanında yaşayır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 45 saylı cavab məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları”nın birinci bəndinə əsasən kifayət qədər əsas olmadığı üçün ərizənin təmin edilməsi mümkün olmamışdır. Bu səbəbdən, hüquqi faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2-ci maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 4.1-ci bəndinə əsasən, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər Mülki iş materiallarından və şahid ifadəsindən müəyyən olunur ki, Ərizəçi doğum haqqında şəhadətnaməni itirmişdir. Doğum haqqında akt qeydinin bərpa edilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 45 saylı cavab məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları”nın birinci bəndinə əsasən kifayət qədər əsas olmadığı üçün ərizənin təmin edilməsi mümkün olmamışdır. Bu səbəbdən, hüquqi faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Belə olan halda Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə qeyd edir ki, vətəndaşa verilən AR ƏN Penitensiar Xidməti 11 saylı X\M-si tərəfindən arayışdan verilən arayışdan Ərizəçi xx.xx.1958-ci il tarixində Ermənistan SSRnin Amasiya rayonunun Əzizbəyov kəndində doğulduğu müəyyən edilir. Eyni zamanda arayışdakı fotoşəkildəki şəxslə ərizəçinin eyni şəxs olması məhkəmə iclasında aydın olmuşdur. Digər tərəfdən ərizəçinin atasına məxsus hərbi biletdə ərizəçi barədə qeyd mövcuddur; həmin hərbi biletdə ərizəçinin anası və bacı-qardaşları barədə də məlumat öz əksini tapmış; ərizəçinin övladlarının doğum haqqında şəhadətnaməsində ərizəçinin məlumatları qeyd edilmişdir. Eyni zamanda yuxarıda göstərilənlər ərizəçinin izahatı və şahid ifadələri ilə də tam təsdiqini tapır. Belə olan təqdirdə,məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, Ərizəçi xx.xx.1958-ci il tarixində Ermənistan SSR-nin Amasiya rayonunun Əzizbəyov kəndində doğulması, atasının X11, anasının X16 olması faktı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir. Məhkəmə bu qənaətə gələrkən həmçinin onu da nəzərə alır ki, ərizəçi qeydiyyat orqanlarına müraciət edərək, doğum akt qeydinin bərpa edilməsi üçün müraciət etmiş, qeydiyyat orqanı müraciəti haqlı olaraq təmin etməyərək, şəxsə məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Ərizəçinin şəxsiyyət vəsiqəsinin olmaması onun hər bir fərd kimi şəxsiyyətini müəyyənləşdirməyə imkan verən şəxsiyyət vəsiqəsini əld etməyə, yaşayış yeri üzrə qeydiyyata düşməsinə, eyni zamanda vətəndaşların yararlana biləcəyi bütün sosial, siyasi, əmək hüquqlarından istifadə etməsinə ciddi əngəl yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli Qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun: - 3-cü maddəsinə əsasən məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını, mülkiyyət formasından asılı olmayaraq şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edirlər. - 8-ci maddəsinə görə ədalət mühakiməsi heç bir məhdudiyyət qoyulmadan ədalətlə həyata keçirilir. - 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəməyə ərizə vermək üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 16 yanvar 1958-ci il tarixində Ermənistan SSR-nin Amasiya rayonunun Əzizbəyov kəndində doğulması barədə doğum akt qeydi bərpa edilsin və bu barədə ərizəçiyə doğum haqqında şəhadətnamə verilsin. Doğum haqqında şəhadətnamənin ata qrafasında “X11” (milliyəti azəraycanlı), və ana qrafasında “X16” (milliyəti azəraycanlı), qeyd edilsin. Doğum haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Nərmanov Rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar