Məhkəmə qərarları › İş №2(005)-2602/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2602/2023

12.10.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2602/2023 12.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Nərimanov rayon İcra şöbəsinə qarşı hərraca çıxarılan mənzilin satışından əldə edilmiş vəsaitin qalıq hissəsi olan pul məbləğinin tutulması və depozitdən çıxarılaraq ona verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Nərimanov rayon İcra şöbəsinə qarşı hərraca çıxarılan mənzilin satışından əldə edilmiş vəsaitin qalıq hissəsi olan pul məbləğinin tutulması və depozitdən çıxarılaraq ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin 2(005)-150/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, ev 16, 3 saylı mənzil açıq hərracdan satıldıqdan sonra, satışdan götürülən və ya əldə edilən vəsaitin qalıq hissəsi olan 18850 manat məbləğin Cavabdeh2 və onun azyaşlı uşaqları ilə birgə 1/4 hissəsində payılarının müəyyən edilməklə, 14137 manat pulun Cavabdeh2 tutulması və həmin pulun "xxxx"ASC-dən onun xeyrinə ödənilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh2 ilə xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2015ci il təvəllüdlü X3 doğulmuşdur. Bir müddət cavabdehlə mehriban dolansa da, sonradan ailə münasibətləri pozulmuş, cavabdehə qarşı “nikahın pozulması və azyaşlı uşaqların ananın yanında qalmasına” dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi məhkəmənin icraatındadır. Ailə münasibətlərinin dağılmasının son nöqtəsi qeydiyyatda olduğu yeganə mənzilin cavabdeh tərəfindən ipoteka ilə yüklü edilərək kredit götürməsi, sonda kredit borcunun ödənilməsi görünüşü yaradaraq onu aldatması olmuşdur. Halbuki, bu illər ərzində cavabdeh kredit borcu ödəməmiş, hətta bankın ipoteka ilə yüklü edilmiş mənzilin hərraca çıxarılaraq satılması barədə qətnaməsinin mövcudluğundan xəbəri olduqda, cavabdeh həmin qətnamənin mübahisələndirilməsi adı ilə mənzilin hərraca çıxarılmasının qarşısının almasını və bankla razılıq əldə edərək, borcu aylıq yeni qrafiklə ödəyəcəyini bildirərək, yenə onu aldatmışdır. Sonda yeganə yaşayış yeri olan mənzilindən məhrum olmuşdur. Cavabdeh banka olan kredit borcunu vaxtı-vaxtında ödəmədiyindən sonda bank məhkəməyə müraciət edərək, mənzili hərraca çıxarılaraq satılmasına nail olmuşdur. Cavabdeh2 Bakı İstintaq Təcridxanasına yerləşdirilmiş, barəsində cinayət işi ilə bağlı istintaqı aparılır. Nərimanov Rayon Məhkəməsinin 2(005)-150/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh2 120-13/1 nömrəli, xx.xx.2013-cü il tarixli, kredit müqaviləsi üzrə olan əsas məbləğ üzrə 43060,46 manat, cərimə borcuna görə 225 manat olmaqla, cəmi 43485,46 manat kredit borcu və 41,42 manat ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət qeydiyyatına alınması barədə onlayn müraciətə görə çəkilmiş xərc və dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulması, tutma ilkin satış qiyməti 81000 manat məbləğində müəyyən edilməklə Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsində yerləşən 16 nömrəli evin, 3 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə ediləcək vəsait hesabına "xxxx" ASC-yə olan borcun ödənilməsi, satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsinin Cavabdeh2 qaytarılması qət edilmişdir. Həmin qətnamə artıq icraya yönəlmiş, ünvan 1 ünvanında olan mənzil hərraca çıxalıraq satılmışdır. Mənzilin satışından əldə edilmiş vəsait kredit borcuna çıxılaraq qalan məbləğ isə onun əri-Cavabdeh2 qaytarılması bankdan ona şifahi qaydada bildirilmişdir. Həmin mənzil birgə nikah dövründə alındığından, vəsaitə onun və azyaşlı uşaqlarının da payı vardır. Bundan sonra cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə vəsatət verərək, cavabdeh "xxxx"ASC-ni əsl cavabdeh Nərimanov rayon İcra şöbəsi ilə əvəz edilməsini xahiş etmiş və məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Nərimanov Rayon Məhkəməsinin 2(005)-150/2022 saylı, 14.01 2022-ci il tarixli qətnaməsinə əsasən birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, ev 16, 3 saylı mənzil açıq hərracdan satıldıqdan sonra, satışdan götürülən və ya əldə edilən vəsaitin qalıq hissəsi olan 18850 manat məbləğin Cavabdeh2 və onun azyaşlı uşaqları ilə birgə 1/4 hissəsində paylarının müəyyən edilməklə, 14137 manat pulun Cavabdeh2 Nazım oğlundan tutulması və həmin vəsaitin cavabdeh Nərimanov rayon İcra Şöbəsinin depozitindən çıxarılaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra məhkəməyə iddia tələbinin artırılması barədə ərizə təqdim edərək, Nərimanov Rayon Məhkəməsinin 2(005)-150/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, ev 16, 3 saylı mənzilin açıq hərracdan satıldıqdan sonra, satışdan götürülən və ya əldə edilən vəsaitin qalıq hissəsi olan 18850 manat pulun Cavabdeh2 tutularaq, həmin pulun cavabdeh Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin depozitindən çıxarılmaqla ona tam şəkildə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh2 məhkəməyə ərizə ünvanlayaraq, iddianın qəbul etdiyini, mənzilin hərracdan satışından sonra depozit hesabda qalan pulun İddiaçı verilməsinə razı olduğunu və iddianın təmin edilməsini xahiş etmişdir. Digər cavabdeh Nərimanov rayon İcra şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZ-İİ seriyalı, 240274 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X4 doğulmuşdur; AZ-İİİ seriyalı, 589550 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X3 doğulmuşdur; AZ-İ seriyalı, 382665 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh2 ilə X1 arasında nikah Səadət Sarayında xx.xx.2008-ci il tarixdə 222 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada “Əliyeva” soyadı verilmişdir; Nərimanov Rayon Məhkəməsinin 2(005)-150/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh2 120-13/1 nömrəli, xx.xx.2013-cü il tarixli Kredit müqaviləsi üzrə olan əsas məbləğə görə 43060,46 manat, cərimə borcuna görə 225 manat olmaqla, cəmi 43485,46 manat kredit borcu, 41,42 manat ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə onlayn müraciətə görə çəkilmiş xərc və dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın ilkin satış qiyməti 81000 manat məbləğində müəyyən edilməklə Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsində yerləşən 16 nömrəli evin, 3 saylı mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına "xxxx" ASC-nin borcunun ödənilməsi, satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsi Cavabdeh2 qaytarılması, əmlak açıq hərracdan satılandan bir ay sonra boşaldılması qət edilmişdir; "xxxx" MMC-nin Hərracın yekunları barədə xx.xx.2023-cü il tarixli, 19/02 nömrəli protokolun və xx.xx.2023-cü il tarixli müqavilənin surətlərindən görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-150/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi və Nərimanov rayon İcra şöbəsinin sifariş məktubu əsasında "xxxx" MMC-nin təşkilatçılığı ilə keçirilmiş hərrac başa çatdırılmış, alıcı X2 ipoteka predmeti olan Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsində yerləşən 16 nömrəli evin, 3 saylı mənzili 68850 manata əldə etmişdir; Nərimanov rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsində yerləşən 16 nömrəli evin, 3 saylı mənzilin hərrac vasitəsilə satışından artıq qalan 18850 manat məbləğində vəsait Nərimanov rayon İcra şöbəsinin "xxxx" ASC-də olan depozit hesabına köçürülmüşdür; Cavabdeh2 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən müəyyən olunur ki, birgə nikah dövründə əldə edilmiş mənzilin hərrac vasitəsi ilə satılması nəticəsində depozit hesabda qalan 18850 manat pulun İddiaçı tərəfindən götürülməsinə etiraz etmir və gələcəkdə bununla bağlı heç bir tələbi olmayacaqdır; Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 133 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Cavabdeh2 ilə xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikah dövründə tərəflər mənzil əldə etmişlər. Daha sonra Cavabdeh2 "xxxx" ASC-dən kredit götürmüş və mənzili ipoteka ilə yüklü etmişdir. Götürülmüş kredit məbləğinin qaytarıla bilməməsi səbəbindən, "xxxx" ASC “kredit müqaviləsinin ləğvi, kredit borcunun və ona hesablanmış faiz borcunun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-150/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş və Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsində yerləşən 16 nömrəli evin, 3 saylı mənzilinin açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına "xxxx" ASC-nin borcunun ödənilməsi, satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsinin Cavabdeh2 qaytarılması qət edilmişdir. Mənzil açıq hərracdan satıldıqdan sonra əldə edilmiş vəsait hesabına Cavabdeh2 kredit müqaviləsi üzrə borcu ödənilmiş və qalan 18850 manat Nərimanov rayon İcra şöbəsinin "xxxx" ASC-də olan depozit hesabına köçürülmüşdür. Hazırda iddiaçı mənzilin birgə nikah dövründə əldə edilməsinə istinad edərək, mənzilin satışından qalıq qalan 18850 manat məbləğində pulun Cavabdeh2 tutulmasını, həmin pulun cavabdeh Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin depozitindən çıxarılmaqla ona tam şəkildə verilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci və 52.5-ci maddələrinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 191.1-ci və 191.3-cü maddələrinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki işin araşdırılması zamanı cavabdehin etirafının qəbul edilməməsinə əsas ola biləcək hal müəyyən edilmədiyindən etiraf təsdiq edilməli və iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1-ci və 31.2-ci maddələrinə əsasən, ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci və Mülki Məcəlləsinin 225-ci maddələrinin tələblərindən göründüyü kimi əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: - əmlakın ər-arvadın nikah müddətində əldə olunması; - əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. Azərbaycan Respublikası Ailə Məcəlləsinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin istinad edilən müddəalarına əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. İş materiallarından göründüyü kimi ipoteka ilə yüklü edilmiş və açıq hərracdan satılmış mənzili tərəflərin birgə nikah dövründə əldə etmiş əmlak hesab edilir. Bu səbəbdən həmin mənzilin satışından qalan 18850 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi məqsədəmuvafiqdir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normaları və cavabdeh tərəfin iddianı etiraf etdiyni nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, ev 16, 3 saylı mənzilin açıq hərracdan satışdan götürülən və ya əldə edilən vəsaitin qalıq hissəsi olan 18850 manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçı xeyrinə ödənilməli və həmin pul cavabdeh Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin "xxxx" ASC-də olan depozit hesabından çıxarılmaqla İddiaçı tam şəkildə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırda ödənilmiş dövlət rüsumuna dair tələb olmadığından, dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 119.1, 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, ev 16, 3 saylı mənzilin açıq hərracdan satışdan götürülən və ya əldə edilən vəsaitin qalıq hissəsi olan 18850 manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçı xeyrinə ödənilsin və həmin pul cavabdeh Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin "xxxx" ASC-də olan depozit hesabından çıxarılaraq İddiaçı tam şəkildə verilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar