Məhkəmə qərarları › İş №2(005)-2607/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2607/2022

19.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2607/2022 19.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2, Ərizəçi1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 (maraqlı şəxs Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat şöbəsi cəlb edilməklə) hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi2 31 iyul 1976-cı il tarixdə Bakı şəhərində doğulması barədə akt qeydinin bərpa edilməsi, həmin akt qeydində ata qrafasında X2, ana qrafasında Ərizəçi1 yazılması və doğum haqqında şəhadətnamənin verilməsinin Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinə həavə edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, oğlu Ərizəçi2 31 iyul 1976-cı il tarixdə Bakı şəhəri Maştağa doğum evində doğulmuşdur. Həyat yoldaşı X2 18 dekabr 1992-ci il tarixdə vəfat etmişdir. Oğlu Nurməmmədin doğum haqqında şəhadətnaməsini vaxtında almamışdır. Lakin o, məktəbə getməli olduğu üçün 1988-ci ildə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinə müraciət etmiş və ona oğlunun doğum haqqında şəhadətnaməsi təqdim edilmişdir. Oğlu 1988-ci ildən 1995-ci ilə kimi Nərimanov rayonunda yerləşən 37 nömrəli tam orta məktəbdə təhsil almışdır. Yaşayış yerlərini dəyişdiklərindən oğlunun doğum haqqında şəhadətnaməsini itirmişdir. Oğlu Nurməmməd 25 sentyabr 1995-ci il tarixdə cinayət törətdiyinə görə həbs edilmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 iyun 1997-ci il tarixli hökmü ilə 3 il 3 ay 18 gün müddətinə azadlıqdan məhrum edilmiş, sonradan əməyə mütləq cəlb olunmaqla şərti azad edilmişdir. Bu səbəbdən o, SSRİ dövrünə aid pasport almamış və sonralar Azərbaycan Respublikası vətəndaşının da şəxsiyyət vəsiqəsini də ala bilməmişdir. Hal-hazırda oğlu Ərizəçi2 46 yaşındadır və onun şəxsiyyətinə aid heç bir sənədi yoxdur. O, 2020-ci ildən qeyri-rəsmi ailəlidir və gəlini X6 ilə faktiki nikahlarından 25 noyabr 2002-ci il təvəllüdlü X1 adlı bir uşaqları var. Dəfələrlə oğlu ilə birlikdə doğum haqqında şəhadətnamənin təkrar verilməsi üçün Bakı şəhəri Sabunçu rayonu Qeydiyyat şöbəsinə müraciət etmişlər, lakin oğlunun doğum akt qeydi aşkarlanmamışdır. Sonuncu dəfə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinin 622- 05/09 №-li 17 mart 2022-ci il tarixli və 769 №-li 30 mart 2022-ci il tarixli cavablarında bildirmişlər ki, oğlu Nurməmmədin 31 iyul 1976-cı il tarixdə doğum akt qeydi aşkar edilməmişdir və doğum akt qeydinin bərpası üçün məhkəməyə müraciət etməlidirlər. Oğlunun adı Azərbaycan Respublikasının vətəndaşı kimi elektron sistemdə olmadığından onun anası olaraq məcburən hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Oğlu Nurməmməddən başqa, onun daha iki uşağı var: 03 iyun 1979-cu il təvəllüdlü X3 və 30 iyun 1980-ci il təvəllüdlü X9. İki oğlunun doğum aktı qeydi, mərhum həyat yoldaşı X2 ilə nikah haqqında akt qeydi və onun ölümü haqqında akt qeydi Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsində aşkar edilmişdir. Lakin oğlu Nurməmməd barədə doğum aktı qeydi aşkar edilməmişdir. Bu halı bir daha araşdırmaq üçün o və digər ərizəçi oğlu Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinə rəsmi olaraq müraciət etmişlər. Həmin qurum 05/2Q-14/15 və 05/2-Q-15/15 №-li 05 may 2022-ci il tarixli cavab məktubları ilə Ərizəçi2 doğum akt qeydinin bərpası ilə əlaqədar məhkəməyə müraciət etməli olduqlarını bildirmişdir. Hazırda oğlu Nurməmmədin doğum haqqında şəhadətnaməsi olmadığı üçün o, bu günə kimi şəxsiyyət vəsiqəsi ala bilməmişdir, 22 il ailə qurduğu həyat yoldaşı ilə nikahını rəsmiləşdirə bilmir, qızı Fatimə anasının soyadını daşıyır. Ümumiyyətlə, onun Azərbaycan Respublikasının vətəndaşı olduğu halda heç bir sənədi yoxdur. Azərbaycan Respublikası DİN-nin Nərimanov Rayon Polis İdarəsinin 078-7314/222 №-li 15 mart 2022-ci il tarixli vəkil sorğusuna cavabda bildirilmişdir ki, oğlu Nurməmmədin Forma 9 kartoçkasının aşkar edilməsi üçün sovet tipli pasportunun JQ nömrəsi lazımdır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 05/534 №-li 15 mart 2022-ci il tarixli vəkil sorğusuna cavabda bildirilmişdir ki, oğlu Nurməmmədin göstərilən quruma müraciəti qeydə alınmamışdır. Ərizəçinin həqiqətən Ərizəçi2 olması, 31 iyul 1976-cı il tarixdə Bakı şəhərində doğulması faktı yuxarıda qeyd etdiyi hallarla bərabər ərizəyə əlavə edilən uşaqlıq ailəvi şəkilləri və hazırda qeyri-rəsmi yaşadığı ailə üzvləri ilə birlikdə foto şəkilləri ilə də sübut olunur. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizəni müdafiə etdilər, ərizədə göstərilənlərə uyğun məzmunda izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında Ərizəçi1 nümayəndəsi və vəkili Vəkil ərizədə göstərilənlərə uyğun məzmunda izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, о, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ilə qohumdur. Belə ki, Ərizəçi1 onun xalası, Ərizəçi2 isə xalası oğludur. Xalası oğlu 31 iyul 1976-cı il tarixdə doğulmuşdur və onlar Böyükşor qəsəbəsində eyni orta məktəbdə təhsil almışlar. 1995-ci ildə Nurməmməd həbs edilmişdir. Ərizəçi2 ailəlidir və bir qızı var. Ərizəçi2 doğum haqqında şəhadətnaməsi naməlum şəraitdə itmişdir və bu onun üçün çətinliklər yaradır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 onun qohumlarıdır. Belə ki, Ərizəçi1 onun qaynı arvadı, həm də xalasının gəlinidir. Nurməmməd 1976-cı ildə doğulmuşdur. Ərizəçi1 üç oğlu var, Nurməmməd böyük oğludur. Nurməmməd çox vaxt onların evində qalmış, həyat yoldaşı onu məktəbə aparmışdır. O vaxt o məktəbə gedirdi, hamı da bilir ki sənədsiz uşağı məktəbə götürməzdilər. Məktəbi bitirdikdən sonra Nurməmməd həbs olunmuşdu. Sonradan Nurməmmədin doğum haqqında şəhadətnaməsi itmişdir və bu onun üçün bir sıra çətinliklər yaradır. Məhkəmə, proses iştirakçılarının izahatlarını, şahid ifadələrini dinləyib, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Məhkəmə, iş materiallarına əlavə olunmuş sənədlərin məhkəmə iclasında tədqiqi zamanı aşağıdakıları müəyyən etmişdir. Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinin 769-05/15 №-li 30 mart 2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001ci il tarixli 52 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas müddəalara müvafiq qaydada əsaslar olmadığından doğum akt qeydinin bərpa edilməsi məsələsinin həlli qeydiyyat orqanında mümkün deyildir. Doğum haqqında akt qeydinin bərpa edilməsi və valideynlər haqqında məlumatın qeyd edilməsi barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra Ərizəçi2 doğum haqqında akt qeydinin bərpa olunaraq, doğum haqqında şəhadətnamə ilə təmin olunacağı bildirilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ünvanladığı 05/2-Q-14/15 №-li və 05/2- Q-15/15 №-li 05 may 2022-ci il tarixli məktublarından görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən ərizəçinin doğumuna dair məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbəsi tərəfindən icra edilir. İtmiş akt qeydinin qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 05/534 №-li 15 mart 2022-ci il tarixli məktubundan görünür ki, 31 iyul 1976-cı il təvəllüdlü Ərizəçi2 Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciəti qeydə alınmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17/6 7312 №-li 07 may 2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş məlumata əsasən 1976-cı ildə anadan olmuş Ərizəçi2 10 saylı islah əmək müəssisəsindən (Bakı Qarnizonu Hərbi Tribunalın xx.xx.1996-cı il tarixli hökmü, həbs tarixi xx.xx.1995-ci il, AR CM-nin 143-cü maddəsinin 4-cü hissəsi, 187-ci maddəsinin 1-ci hissəsi, 38-ci maddəsi, cəza müddəti: 5 il azadlıqdan məhrum etmə; Bakı şəhəri Nərimanov Rayon Xalq Məhkəməsinin xx.xx.1997-ci il tarixli hökmü, AR CM-nin 83-cü maddəsinin 3-cü hissəsi, 38-ci maddəsi, cəza müddəti: 3 il 3 ay 18 gün azadlıqdan məhrum etmə) xx.xx.1997-ci il tarixdə AR CM-nin 50-2-ci maddəsi əsasında 2 il 28 gün müddətinə əməyə mütləq cəlb olunmaqla şərti azad edilmişdir. Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 79 №-li 14 yanvar 2016-cı il tarixli arayışdan görünür ki, X2 18 dekabr 1992-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 622-05/09 №-li 17 mart 2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi2 barəsində 31 iyul 1976-cı ilə aid doğum akt qeydi aşkar edilməmişdir. Arxiv məlumatları 1973-1979-cu illər Sabunçu rayon Qeydiyyat şöbəsinin doğum akt qeydləri və doğum haqqında bərpa akt qeydləri 1977- 1984-cü illər üzrə yoxlanılmışdır. ASAN 2 tərəfindən 04 iyul 2015-ci il tarixdə verilmiş AZE 15739509 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 03 iyun 1979-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. ASAN 4 tərəfindən 13 avqust 2015-ci il tarixdə verilmiş AZE 15361213 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 30 iyun 1980-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Xalq Məhkəməsinin 18 iyun 1997-ci il tarixli hökmündən görünür ki, 31 iyul 1976-cı il tarixdə Bakı şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, Bakı şəhəri Böyükşor qəsəbəsi 40-cı Rezervuar küçəsi 2 nömrəli evdə yaşayan Ərizəçi2 Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinib əmlakı müsadirə olunmaqla 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Ərizəçi2 barəsində Azərbaycan Respublikası CM-nin 38-ci maddəsi tətbiq edilərək haqqındakı müvafiq hökm Bakı Qarnizonu Hərbi Tribunalının 03 aprel 1996-cı il tarixli hökmü ilə əhatə olunaraq üzərində cəmi əmlakı müsadirə olunmaqla 3 il 3 ay 18 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə, tədqiq olunmuş sübutları hərtərəfli qiymətləndirərək belə hesab edir ki, ərizəçilərin və şahidlərin məhkəmə iclasında göstərdikləri hallar bir-birini tamamlayaraq məhkəmədə onların bildirdiklərinin doğruluğuna və inandırıcılığına zəminlik yaradır, eyni zamanda, işin məhkəmə iclasında araşdırılan hallarına əsasən də təsdiq olunur ki, həqiqətən də Ərizəçi2 31 iyul 1976-cı il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X2, anası Ərizəçi1dır, lakin doğum haqqında şəhadətnaməsinin itməsi səbəbindən qeyd olunan faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmiş və bu, Ərizəçi2 hüquq və azadlıqlarının həyata keçirilməsinə maneçilik yaratdığından ərizəçilər hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə almış və belə nəticəyə gəlmişdir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Ərizəçi2 31 iyul 1976-cı il tarixdə Bakı şəhərində doğulması barədə akt qeydi bərpa olunmalı və həmin akt qeydində ata qrafasında X2, ana qrafasında Ərizəçi1 qeyd edilməklə bu barədə müvafiq şəhadətnamənin verilməsi Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi2 31 iyul 1976-cı il tarixdə Bakı şəhərində doğulması barədə akt qeydi bərpa olunsun. Bu barədə ona doğum haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Doğum haqqında şəhadətnamənin “ata” qrafasında X2, “ana” qrafasında Ərizəçi1 qeyd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar