Məhkəmə qərarları › İş №2(005)-2610/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2610/2020

16.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2610/2020 16.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun olmadığı müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 14 saylı mənzildən istifadə hüquqlarının olmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçıya məxsus ünvan 1 mənzil 14 saylı mənzilə istifadə hüququnun olmadığı müəyyən edilməsi, qəbul edilmiş qətnamənin cavabdehin mübahisəli ünvandan qeydiyyatdan çıxarılması üçün əsas hesab edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli çıxarışa görə ünvan 1 14 saylı mənzil onun yoldaşı X3 olmuşdur. X3 vəfatından sonra o, ünvan 1 mənzilin 14 ünvanı üzrə evi miras kimi xx.xx.2020-ci tarixində öz adına verilmiş Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa müvafiq olaraq mülkiyyətinə qəbul etmişdir. Cavabdeh hal-hazırda həmin mənzildə qeydiyyatdadır, lakin o mübahisəli mənzildə heç vaxt yaşamamış və iddiaçı həmin şəxsi tanımır. Göstərilənlərə əsasən, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclaslarının yeri və vaxtı barədə Cavabdeh məhkəmə bildirişi göndərilsə də, cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, ev 2, 14 nömrəli ümumi sahəsi 71.80 kv.m olan mənzil xüsusi mülkiyyət hüququ kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır; xx.xx.2016-cı il tarixdə Bakı şəhəri “Asan xidmət” mərkəzi tərəfindən verilmiş AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1948-ci il tarixdə Azərbaycan Respublikası, Xudat şəhərində anadan olmuş və hazırda ünvan 2 mənzil 14 ünvanında qeydiyyatdadır; Bakı şəhəri 6 saylı Notariat ofisinin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanladığı xx.xx.2019-cu il tarixli, 2261 saylı məktubun surətindən görünür ki, xx.xx.2019-cu ildə vəfat etmiş X2 qalmış əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 6 saylı Notariat kontoruna müraciət daxil olmuşdur. X3 vəfat etməsi ilə əlaqədar vərəsənin ərizəsi əsasında xx.xx.2019-cu ildə vərəsəlik işi açılmış və vərəsənin dairəsi müəyyən olunmuşdur. Qanunvericiliyin tələbinə əsasən İddiaçı miras qoyanın vərəsəsi olması barədə məlumat verilmiş, Bakı şəhəri, Yasamal rayonu, Kamo küçəsi, 31 ünvanında yerləşən qaraja dair reyestrdən çıxarış verilməsi xahiş olunmuşdur; Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 37 saylı Mənzil Kommunal İstismarı Sahəsinin xx.xx.2020-ci il tarixli forma 2 arayışına əsasən mülki iş üzrə cavabdeh (keçmiş sakin) Cavabdeh (2006-cı il tarixdən) ünvan 1 14 nömrəli mənzilində pasport qeydiyyatındadır; xx.xx.2020-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüquq subyektin mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 152.2-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirir; 228.5.-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair xx xxxx 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, obyekti yaşayış sahəsi olan mülkiyyəti tənzimləyən hüquqi normaların düzgün tətbiqi üçün qanunvericiliyin mülki hüquq və mənzil hüququ sahələri arasında xətt keçirilməlidir. Mülkiyyətçinin ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mənzil hüququnun (obyekti) predmeti kimi nəzərdən keçirilməli və ailə üzvlərinin bu hüququ onlardan birinin mülkiyyətində mövcud olan yaşayış sahəsində onunla bərabər istifadə etməyi ehtiva edən kimi qiymətləndirilməlidir. Həmin əmlakın özgəninkilləşdirilməsinə və ya mülkiyyətçi tərəfindən sərəncam hüququnun başqa yolla həyata keçirilməsinə isə bu hüququn mövcudluğu təsir etmir, ona görə ki, yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin onunla bərabər istifadə etmək hüququ mülkiyyət hüququnun Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərindən biri olan istifadə hüququnu təşkil etmir. Yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur. Həmin tarixli qərara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi, ev 2, mənzil 14 nömrəli mənzil iddiaçıya vəfat etmiş əri X4 tərəfindən miras qalmışdır. Cavabdeh ilə iddiaçı arasında heç bir tanışlıq münasibətləri olmamış və cavabdeh həmin mənzildə yaşamamışdır. Mənzil alınarkən Cavabdeh həmin mənzilə pasport qeydiyyatına alınmışdır və hazırda pasport qeydiyyatındadır. İddiaçı hazırda onun mülkiyyətində olan mənzildən cavabdehin istifadə hüququnun olmadığının müəyyən edilməsini tələb edir. İddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumu ödəmiş, lakin bu məbləği cavabdehdən tələb etmir. Məhkəmə qeyd edir ki, cavabdehin mübahisəli mənzildə onun həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının mövcud olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquq mövcud olmadığı halda bu halın yenidən məhkəmə naydasında istifadə hüququnun olmadığının müəyyən edilməsindən söhbət gedə bilməz. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 228.5-ci maddəsində və buna uyğun olaraq Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən Qərarlarında verilən şərhlərdə hüquqi nəticə etibarı ilə istifadə hüququnun yaranmasına, xitamına və bu hüquqdan irəli gələn digər məsələlərə "ailə üzvlüyü", “digər ailə üzvlüyü” prizmasından yanaşılır. Eyni yanaşma qismən Mülki Məcəllənin 228.1-ci maddəsində də müşahidə olunur. Belə ki, bu maddədə "ailə üzvləri" məfhumu ilə yanaşı "digər şəxslər" məfhumu da təsbit edilmişdir və Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddəsinin tələblərinə əsasən digər şəxslər, bir mənalı olaraq yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın və ya belə şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilmiş olsun. Bununla belə, cavabdeh iddiaçıya münasibətdə “ailə üzvü” deyil, “digər ailə üzvü” statusuna malik olan şəxsdir. Bu baxımdan da cavabdeh Mülki Məcəllənin 228.1-ci maddəsinin tələblərinə uyğun olaraq “digər ailə üzvü” kateqoriyasına aid edilməli və bu səbəbdən onun həmin mənzildən istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.2-ci və ya 228.1-ci maddələrinə əsasən yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanın bağlanması və bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunur. Lakin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, cavabdehin mübahisəli mənzildən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, habelə bu hüququn əmələ gəlməsi, həyata keçirilməsi şərtlərinin müəyyənləşdirilməsinə dair onunla iddiaçı arasında notarial qaydada təsdiq olunmuş yazılı razılaşma mövcud deyil. Hüquqi nəticə etibarı ilə cavabdehin mübahisəli mənzildən istifadə hüququ yaranmamışdır. Eyni zamanda, məhkəmə hesab edir ki, cavabdeh mübahisəli mənzilə qeydiyyata alınması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin tələbləri baxımından onun vətəndaş hüquqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratsa da, bunun nəticəsində yaranmış həmin hüquqlar Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərindən biri olan istifadə hüququnu təşkil etmir və onun həmin mənzildə bir müddət yaşaması və pasport qeydiyyatına alınması həmin mənzildən istifadə hüququnun yaranması kimi qiymətləndirilə bilməz. Bununla belə, məhkəmə belə qənaətə gəlir ki, cavabdehin mübahisəli mənzilə qeydiyyata alınması faktına cavabdehlə mülkiyyətçi arasında Azərbaycan Respublikası MM-nin 228.2-ci maddəsində müəyyən edilmiş yazılı razılaşmanın bağlanması kimi hüquqi qiymət verilməsi qanuna ziddir. İddiaçı tələbində istinad etdiyi halı, yəni cavabdehin onun mülkiyyətində olan mənzilə istifadə hüququnun yaranmasını sübuta yetirə bilmədiyindən, habelə cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə qeydiyyata alınması onun həmin mənzilə istifadə hüququnun yaranması üçün əsas olmadığından cavabdehin həmin mənzildən istifadə hüququ ümumiyyətlə yaranmamışdır. Mövcud olmayan hüququn olmamasının məhkəmə qaydasında müəyyən olunması hüquqi baxımdan mümkünsüz olduğundan iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır; 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer - onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür; 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları (bu halda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə iş materiallarını araşdırıb, o cümlədən cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə qeydiyyata alınmasını nəzərə alıb, həmçinin hesab edir ki, cavabdehin həmin mənzildə pasport qeydiyyatında qalması iddiaçıya, yəni hazırki mülkiyyətçiyə mülkiyyət hüququnun tam həyata keçirilməsinə, o cümlədən həmin əmlakdan istədiyi kimi istifadə etməsinə imkan vermir və maneə yaradır. Bu səbəbdən cavabdehin mübahisəli mənzildə pasport qeydiyyatında qalması iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılması baxımından qanunsuz hal kimi qiymətləndirilməli və onun həmin mənzildən istifadə hüququnun olmaması pasport qeydiyyatından çıxarılması üçün əsas olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı oğlunun Cavabdeh qarşı “mənzilə istifadə hüququnun olmamasının müəyyən edilməsi” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu, 216-220cimaddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı oğlunun Cavabdeh qarşı “mənzilə istifadə hüququnun olmadığı müəyyən edilməsi” tələbinə iddiası rədd edilsin. (Hazırkı iş üzrə çıxarılmış qətnamə Cavabdeh ünvan 5 ünvanından pasport qeydiyyatından çıxarılması üçün əsasdır.) Ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar