Məhkəmə qərarları › İş №2(005)-2616/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2616/2023

25.10.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2616/2023 25.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, X11 Mehdi qızının katibliyi, İddiaçı, Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “evə köçürmə və evdən istifadə edilməsinə cavabdehlər tərəfindən yaradılmış maneənin aradan qaldırılması” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “evə köçürmə və evdən istifadə edilməsinə cavabdehlər tərəfindən yaradılmış maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının azyaşlı övladları xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2007-ci il təvəllüdlü X4 ilə birlikdə ünvan 1 ünvanında yerləşən evə köçürülməyi və həmin evdə yaşamağına Cavabdeh1 və digər şəxslər tərəfindən edilmiş maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının mərhum babasına məxsus olmuş və iddiaçı doğulduğu vaxtdan həmin evdə qeydiyyatdadır və onun qızı xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2007-ci il təvəllüdlü X4 iddiaçının övladlarıdır. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi sahəsi 113.5 kv.metr hissəsi, yaşayış sahəsi 60.4 kv.m, köməkçi sahə 53.10 kv.metr hissəsi iddiaçının adına, 1 otaq 19.2 kv.metr hissəsi isə qardaşıoğlu Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı doğulduğu vaxtdan 2017-ci ilədək daimi olaraq həmin evdə yaşasa da, Cavabdeh1 iddiaçının həmin evdə yaşamağına imkan verməyərək, iddiaçı evdən çıxarmışdır. Aralarında baş vermiş münaqişələr nəticəsində məcburiyyət qarşısında qalaraq iddiaçı həmin evdən çıxmışdır. Lakin hal-hazırda iddiaçının azyaşlı övladları ilə birlikdə yaşamağa hər hansı yaşayış sahələri yoxdur. İddiaçının qeydiyyatda olduğu və doğulduğu vaxtdan uzun müddət yaşadığı evdə hal-hazırda heç kim yaşamır. Qapı bağlı olsa da, Cavabdeh1 iddiaçıya həmin evdə yaşamağına imkan vermir. İddiaçı azyaşlı övladları ilə birlikdə həmin evə köçmək istəsə də, cavabdeh müxtəlif vasitələrlə iddiaçının həmin ünvana köçürülməyinə razılıq vermir və yalnız məhkəmə qaydasında köçürmə olduqdan sonra iddiaçını evdə yaşamağa icazə verəcəyini bildirir. İddiaçı hesab edir ki, iddiaçı ilə Cavabdeh1 arasında ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı münasibətlər 1991-ci ildə yarandığından hazırkı mübahisəyə xx.xx.2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 54-cü maddəsi tətbiq edilməlidir. Həmin maddənin tələbinə əsasən iddiaçının da cavabdehlə bərabər həmin evdən istifadə hüququ yaranmışdır. İddiaçı hesab edir ki, onun azyaşlı övladları xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2007-ci il təvəllüdlü X4 ilə birlikdə ünvan 1 ünvanında yerləşən evə köçürülməyi və həmin evdə yaşamağına -Cavabdeh1 və digər şəxslər tərəfindən edilmiş maneələr aradan qaldırılmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq bildirdi ki, o, 1991-ci ildə mübahisəli mənzildə anadan olmuş, həmin mənzildə böyümüş, 2006-cı il tarixdə evləndiyinə görə oradan köçmüşdür. Lakin həmin evə anasına qulluq etməsi ilə bağlı tez-tez getmiş, həmin mənzildə bir müddət uşaqları ilə birlikdə yaşamışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etdiyini bildirərək, izahatında qeyd etdi ki, bibisi həmin mənzildə vəfat etmişdir. İddiaçının həmin mənzildə yaşamasına etiraz etmədiyini və onun tərəfindən heç bir maneə yaradılmadığını da bildirmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbinə etiraz edərək, iddiaçının hazırda mübahisələndirdiyi otaqlarda mərhum bacısının və iddiaçının heç vaxt yaşamadığını, onların əslində digər cavabdehə bağışlanan 19 kv metrdən ibarət otaqlarda yaşadığını bildirərək iddianın ona aid hissədə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iddia tələbinin əsassız olduğunu bildirib, iddia tələbinə yazılı etiraz təqdim etdi və həmin etirazın dəlillərinə uyğun izahat verdi. Yazılı etiraz onunla əsaslandırılmışdır ki, bildirir ki, mülki iş üzrə İddiaçı 2006-cı ildə ailə qurduqdan sonra ər evinə köçərək həmin vaxtdan etibarən Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisinə aid olan Bilnə Daş karxanası ərazisində bütün kommunal xidmətləri həyat yoldaşı X2 adına olan fərdi həyət evində uşaqları ilə birlikdə yaşayır. İddiaçının xx.xx.2009-cu il tarixində AZ-İ № 469008 nömrəli şəhadətnamə əsasında rəsmi nikaha daxil olmasına baxmayaraq, faktiki olaraq 2006-cı ildən nikaha daxil olmaqla xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X6 adında övladları vardır. İddiaçı faktiki olaraq həyat yoldaşı və övladları ilə birlikdə Sabunçu rayonu, Maştağa qəsəbəsində Bilnə daş karxanası ərazisində həyat yoldaşına məxsus fərdi həyət evində yaşayır. İddiaçının hər iki övladları faktiki yaşadığı Sabunçu rayonu ərazi üzrə orta məktəbdə təhsil alırlar. xx.xx.2023-cü il tarixli ərizədə qeyd olunduğu kimi iddiaçının anası onunla bərabər Maştağa qəsəbəsi ərazisində faktiki olaraq yaşadığını etiraf etdiyi və ölümündən bir ay əvvəl Nərimanov rayonu. Daş karxanası ərazisində Cavabdeh1 digər Cavabdeh2 2021-ci il tarixdə bağışladığı 19,2 kv.metrdən ibarət bir otaqlı sahədə rəhmətə getmiş və hüzr mərasimi evin Cavabdeh2 məxsus olan 19,2 kv.metr sahədə (bu sahədə Cavabdeh2 sərəncamında əlavə 2 mərtəbədən ibarət olmaqla 200 kv.metr yaşayış sahəsi vardır), yəni hissəsində keçirilmişdir. Məhkəmənin sorğusuna 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023cü il tarixli məktubu əsasında təqdim olunmuş sənədlərdən aşağıdakılar məlum olur: Nərimanov Rayon XDS-in xx.xx.1989-cu il tarixli 11 nömrəli qərarı əsasında məcburi qaçqın kimi Cavabdeh1 bu evə hüquqları tanınmışdır. Bakı şəhəri İH-nin xx.xx.2002-ci il tarixli 217 saylı sərəncamı əsasında Cavabdeh1 adına məcbui qaçqın kimi qeydiyyat vəsiqəsinin verilməsi qərara alınmışdır. xx.xx.2002-ci il tarixdə Cavabdeh1 adına 017659 nömrəli "qeydiyyat vəsiqəsi" verilmişdir. Qeydiyyat vəsiqəsi rəsmiləşdirilməsi üçün Cavabdeh1 Reyestr orqanına ərizəsi və iddiaçının anası X1 xx.xx.2002-ci il tarixli ərizəsinin surətindən məlum olur ki, mənzilin Cavabdeh1 adına özəlləşdirilməsinə mərhum razılıq ərizəsi təqdim etmişdir. Məhkəmənin nəzərinə çatdırıram ki. iddiaçı digər Cavabdeh2 tapşırıqları üzrə hərəkət etdiyi işin faktiki hallarından və cavabdehin hətta iddiaçının əvəzindən fikirləri ifadə etməsi bu halı təsdiq edir. Mülkiyyətçi Cavabdeh1 qardaşı oğlu Cavabdeh2 eyni ərazidə 200 kv.metr yaşayış sahəsinə malik olmasına baxmayaraq. xx.xx.2021-ci il tarixdə bacısı Gülnarənin əvvəllər faktiki olaraq yaşadığı 19.2 kv.metr otağı Cavabdeh2 bağışlamışdır. Otaq bağışlandıqdan sonra, Cavabdeh2 istifadəsində olan sahə ilə Cavabdeh1 mülkiyyətində və sərəncamında qalan hissə arasında hörgü (divar) hörülmüşdür. Məhkəmə baxışı zamanı aralıq hörgünün hər iki mübahisə edən tərəflərdən suvaqlanaraq, rənglənməsi aydın oldu. Deməli tərəflər bağışlamadan sonra mənzil sahələrini ayırıblar. Eyni zamanda İddiaçı ilk məhkəmə iclasında bildirdi ki, anası ölümündən 1 ay əvvəl həmin 19,2 kv.metr sahəyə köçmüş və həmin hissədə onun hüzr mərasimi keçirilib. Bütün bunlara baxmayaraq, digər cavabdeh Mustafa Cavabdeh1yevin sərəncamında qalmış digər 19,2 kv.metr sahədən ibarət otağı da iddiaçının hazırkı tələbi əsasında özününküləşdirmək istəyir. Məqsəd daha çox əmlak əldə etmək və əsassız varlanmaqdır. Reyestr orqanı tərəfindən 2002-ci il və xx.xx.2021-ci il tarixlərdə tərtib olunmuş hər iki “Texniki pasport”dan aşağıdakılar məlum olur: Cavabdeh1 məxsus 330 nömrəli evin planı üzrə tikililər “A” və “B" tikilisindən ibarətdir. “A'’ tikilisində 19,2 kv.metrdən ibarət 2 ədəd otaqlar olmuşdur. Cavabdeh1 bu otaqlardan 1 ədədini Cavabdeh2 2021-ci il tarixdə bağışlamasına baxmayaraq, Cavabdeh2 İddiaçı vasitəsilə digər 19,2 kv.metr otaq sahəsinə də iddialıdır. Öz niyyətini məhkəmə baxışı zamanı gizlətmir. Hazırlıq iclasında Cavabdeh2 adına xx.xx.2021 -ci ildə tərtib olunmuş “Fərdi yaşayış evin” texniki pasportunda “B” tikilisinin hansı tərəfdə, yəni Cavabdeh2, yaxud Cavabdeh1 tərəfində sərəncamında qalması ilə əlaqədar sualınızı Cavabdeh2 guya bilmir deyə cavablandırmaqdan yayındı! Bildirir ki, “B” tikilisi faktiki olaraq Cavabdeh2 sərəcamında və istifadəsində qalmasına baxmayaraq, həmin “B“ tikilisində yerləşən (4.50+1.50+7,50+12.0+16.6) cəmi 42.1 kv.metr safiə faktiki olaraq Cavabdeh2 istifadəsindədir. Hansı ki, Cavabdeh1 xüsusi mülkiyyətində olmuş 132,7 kv.metr ümumi sahədən yalnız 19,2 kv.metr sahə Cavabdeh2 bağışlanmışdır. 113,5 kv.metr Cavabdeh1 xüsusi mülkiyyətindədir. Bütün bunlar onu təsdiq edir ki, mərhum G.Mustafayeva 2002-ci ildə Cavabdeh1 adına evin özəlləşdirilməsinə yazılı razılıq verməklə, bu əmlakda onun mülkiyyət hüququ qalmamışdır. Eyni zamanda bu ünvanda mərhumun istifadə hüququ qalmamışdır. Çünki onun daimi olaraq son 10 ildən artıq bir dövr ərzində yaşadığı ünvan Maştağa qəsəbəsindəki Bilnə Daş karxanası ərazisi olmuşdur. Cavabdeh1 Cavabdeh2 19,2 k.metr sahəni 2021-ci ildə ona görə bağışlamışdır ki, Cavabdeh2 bibisi və iddiaçı ilə yaxın münasibətləri olmuşdur. Bu sahəyə giriş çıxışları da müstəqildir. İddiaçı Cavabdeh1 ailə üzvü deyildir. Onun öz ailəsi var və ailəsi ilə birlikdə 2006-cı ildən etibarən Bakı şəhəri, Maştağa qəsəbəsində faktiki olaraq, yaşamaqla evləri vardır. Yəni orada yaşayış sahəsinə malikdir (sübutlar təqdim edilib). İddiaçının qeyd olunan ünvana münasibətdə nə mülkiyyət hüququ, nə də istifadə hüququ yoxdur. Məhkəmə tərəfindən mübahisəli mənzilə yerli baxış keçirilən zaman müəyyən olunmuşdur ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh1 məxsus hissəsi ayrıca dəmir qapısı olmaqla, ensiz həyətdən ibarətdir. Həmin hissəyə məxsus həyətin sonunda arakəsmə divarı mövcuddur. Arakəsmə divar fərdi yaşayış evini iki hissəyə ayırır. Biri Cavabdeh1 digəri isə Cavabdeh2 məxsusdur. Cavabdeh2 bildirdiyinə görə əvvəllər orada arakəsmə divarı olmamış və sonradan tikilmişdir. İddiaçının iddia etdiyi mübahisəli yaşayış sahəsi bir zaldan və bir yataq otağından ibarətdir. Həmin mübahisəli sahəyə baxış zamanı həmçinin də müəyyən edilmişdir ki, zalın içərisində bir ədəd şkaf və divan dəsti mövcuddur. Yataq otağında isə iki ədəd çarpayı və bir ədəd oturacaq vardır. Yataq otağı zalın giriş hissəsinin sağında yerləşir. Mübahisəli yerin giriş hissəsinin solunda zala bitişik olan tikili mövcuddur, iddiaçının dediklərinə görə əvvəllər anasının istifadəsində olan mətbəx olmuş və daha sonra Cavabdeh1 tərəfindən ora boşaldılaraq yararsız vəziyyətə gətirilmişdir. Hal-hazırda mətbəx kimi istifadə edilmir. Məhkəmə, proses iştirakçılarının izahatlarını, toplanmış sübutları araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi rədd edilməlidir. Məhkəmə, iş materiallarına əlavə olunmuş sənədlərin məhkəmə iclasında tədqiqi zamanı aşağıdakıları müəyyən etmişdir. AR DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı 14 sentyabr 2007-ci il tarixdən ünvan 3 ünvanda qeydiyyatdadır. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamentinin xx.xx.2002-ci il tarixli arayışının surətindən görünür ki, İddiaçı 1991-ci ildən Bakı şəhəri, Montin küçəsindəki 330 №-li özbaşına tikinti olan evdə daimi qeydiyyatdadır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi Cavabdeh2 1 otaq 19.2 kv.m payda, Cavabdeh1 isə ü/s-113.5 kv.m ( 3 otaq, y/s: 60.4 kv.m, k/s: 53.10 kv.m) payda xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2021-ci il tarixdə ********** nömrəli və ********** nömrəli qeydiyyat aparılmışdır. AR ƏN Bakı şəhəri 9 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 2254 №-li məktubundan məlum olur ki,xx.xx.2023-cü ildə vəfat etmiş, ünvan 6 ünvanında qeydiyyatda olmuş X1 vərəsəlik işi ilə əlaqədar olaraq bildirilmişdir ki, qızı - İddiaçı miras əmlakın qəbulu üçün notariat ofisinə yazılı müraciət etmiş vərəsəsidir. AR DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi tərəfindən ünvan 7 ünvanlanan xx.xx.2023-cü il tarixli məktubundan məlum olur ki, xx.xx.1991-ci il təvəllüdlü İddiaçı xx.xx.2009-cu il tarixdən ünvan 5 ünvanda qeydiyyatdadır. Bakı şəhəri Nərimanov rayon MKTB 18 saylı MKİS tərəfindən verilən xx.xx.2023-cü il tarixli, 037393 nömrəli arayışın surətindən görünür ki, İddiaçı ünvan 5 ünvanda qeydiyyatdadır, lakin qeydiyyatda olmağına baxmayaraq həmin ünvanda yaşamır. 21 sentyabr 2021-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsindən görünür ki, “Hədiyyə verən” Cavabdeh1 tərəfindən ünvan 9 ünvanında yerləşən, ümumi sahəsi 132.7 kv/m, yaşayış sahəsi 79.6 kv/m olan 4 otaqlı fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə ona məxsus hissəsindən 19.2 kv/m, 1 otaq hissəsini qardaşının oğlu olan - “Hədiyyə alan” Cavabdeh2 mülkiyyətinə verilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş FM seriyalı 017659 №-li qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsi, Daş Karxanası küçəsindəki 4 otaqlı, 79.6 kv.m yaşayış, 132.7 kv.m ümumi sahəsi olan 330 saylı fərdi yaşayış evi Cavabdeh1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 58 saylı reyestr kitabında 8812-ci səhifədə 30/8812 qeydə alınma nömrəsi ilə xx.xx.2002-ci il tarixdə qeydiyyat aparılmışdır. Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsinin Vəkil ünvanlanan 21 iyul 2023cü il tarixli, 121 nömrəli məktubuna əsasən müəyyən olunur ki, X7 və onun həyat yoldaşı İddiaçı Maştağa qəsəbəsinin Bilnə Daş karxanası, ev 60-da qeydiyyatsız yaşayırlar və vergi ödəyicisi kimi Maştağa bələdiyyəsində qeydiyyata alınmışlar. AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, hazırda Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası küçəsi, 330 saylı fərdi yaşayış evinin 3 otağı Cavabdeh1, 1 otağı Cavabdeh2 mülkiyyətindədirlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1410/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən iddiaçı Cavabdeh1 cavabdeh Bakı şəhəri Nərimanov Rayon İdarəsinə qarşı “yaşayış sahəsindən qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı şəhər İcra Hakimiyyəti Aparatının Mənzil məsələləri üzrə ictimai komissiyasının xx.xx.2002-ci il tarixli protokolundan çıxarışın surətindən görünür ki, Ermənistan Respublikasından qaçqın düşmüş Cavabdeh1 yaşadığı Nərimanov rayonu, Montin qəsəbəsi, Daş Karxanası küçəsi, 330 nömrəli özbaşına tikilmiş evə qeydiyyat vəsiqəsinin verilməsinə razılıq verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Konsitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. Məhkəmə qeyd edir ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüquq verən müvafiq müqavilənin bağlanması və digər qanuni halları aid etmək olar. Mənzilə köçürülmə öz-özlüyündə hüquq olmayıb aşağıda qeyd olunan hüquqların hər hansı biri olduğu halda, həmin hüququn realizə mexanizmi kimi çıxış edir, başqa sözlə həmin hüququn təmini vasitəsi rolunu oynayır və mənzilə köçürmə tələbinin təmini aşağıda göstərilən əsaslardan hər hansı biri mövcud olduqda mümkündür: -iddiaçının tələbi mənzilə mülkiyyət hüququna əsaslanarsa; -iddiaçının tələbi mənzilə kirayə müqaviləsinə əsaslanarsa; -iddiaçının tələbi mənzilə istifadə hüququna əsaslanarsa; -iddiaçının tələbi mənzilin onun xeyrinə servitutla yüklülüyünə əsaslanarsa; -iddiaçının tələbi vəsiyyət tapşırığına əsaslanarsa. Şəxsin mənzilə köçürülmə barədə tələbinin əsaslılığı, onun həmin daşınmaz əmlaka əmlak hüquqlarının (mülkiyyət hüququ, əmlakdan istifadə hüququ və s.) hər hansı birinin mövcud olmasından irəli gəlir. Lakin iddiaçı cavabdehin mülkiyyətində olan daşınmaz əmlakdan qanuni əsaslarla istifadə etmək hüququnun olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, iddia tələbinin dəlilləri kimi istinad etdiyi halları əsaslandırmamışdır. Əksinə, məhkəmə araşdırması zamanı iddiaçının cavabdehə məxsus daşınmaz əmlakdan qanuni əsaslarla istifadə etmək hüququnun (əmlak hüquqlarının) mövcud olmadığı müəyyən edilmişdir. Belə ki, işin mübahisəsiz hallarına əsasən, iddiaçı 2006-cı ildə ailə qurmuş və ərinin evinə gəlin köçmüş, həmin mənzili könüllü olaraq tərk etmiş, həmin mənzildə daha sonra anası ilə uzun müddət yaşadığını bildirsə də, bu hal təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, hazırkı iddia tələbinə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (http://e-qanun.az/alpidata/code/data/0/c_c_1.htm30 iyun 2009-cu il tarixli 845-İİİQ nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti 02 sentyabr 2009-cu il, № 194, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 8, maddə 612) ilə qüvvədən düşmüş hesab edilmişdir) müddəaları tətbiq olunmalıdır. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsində göstərilir ki, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onları getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikasının Konsitusiya Məhkəməsinin “Аzərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə uzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. “Bakı şəhərində Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi” Qaydalarının 29-cu bəndinə əsasən, uçotda olan vətəndaş öldükdə və ya daimi yaşayış üçün başqa yerə köçdükdə onun ailə üzvlərinin mənzil şəraitinin yaxşlaşdırılmasına ehtiyacı olan şəxslər hesab edilmələri üçün əsas qüvvədə qalarsa, onun əvəzinə ailəsinin üzvlərindən biri uçota götürülür; bu zaman ailənin üzvü iş yerində ehtiyacı olanların uçotuna ancaq bu şərtlə qəbul edilir ki, həmin müəssisədə, idarədə, təşkilatda işləmiş olsun, əgər uçotda olan vətəndaş istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində vəfat edərsə, ailənin üzvü həmin müəssisədə, idarədə, təşkilatda işləmədən də uçota götürülür. Bundan başqa, iddiaçının mübahisəli mənzildə qeydiyyatda olması faktı onun hazırkı vaxtda daşınmaz əmlakdan istifadə hüququnun mövcudluğunu ehtiva etmir. Belə ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 1-ci maddəsinin 2-ci hissəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Beləliklə, qanunvericiliyin tələblərinə və işin hallarına əsaslanaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı iddiasının hüquqi əsası olmadığına görə onun cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı irəli sürdüyü hazırkı iddia tələbi rədd edilməlidir. Bununla belə məhkəmə, Cavabdeh2 iddia tələbinin etirafı ilə bağlı aşağıdakıları qeyd edir. MPM-in 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Göründüyü kimi, hazırda cavabdehin iddianı etiraf etməsi digər cavabdehin qanunla qorunan mənafeyini pozur. Belə ki, məhkəmə tərəfindən işin faktiki hallarının araşdırılması nəticəsində iddiaçının müvafiq mübahisəli mənzilə köçürülməsi üçün istifadə hüququnun yaranmadığı aşkar edilmişdir. Bu səbəbdən də, Cavabdeh2 iddia tələbini etiraf etməsi əsassız olduğundan məhkəmə mübahisəyə mahiyyəti üzrə baxılmasını qanunamüvafiq hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, məhkəmə xərcləri İddiaçı aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürmə və evdən istifadə edilməsinə cavabdehlər tərəfindən yaradılmış maneənin aradan qaldırılması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar