Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2626/2022 09.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh MMC-nə və "xxxx" MMC-nə qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-nə qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh MMC arasında bağlanmış 20 noyabr 2018-ci il tarixli 97 və 97a saylı müqavilələrin şərtlərinə əsasən Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsində Cavabdeh MMC tərəfindən inşa edilmiş hündürmərtəbəli, çoxmənzilli yaşayış binasından tam təmirli ümumi sahəsi 100 kv.m olan 3 otaqlı və ümumi sahəsi 50 kv.m olan 2 otaqlı mənzillərin ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə və iddia ərizəsinə əlavə təqdim edərək, "xxxx" MMC-nin cavabdeh kimi işə cəlb edilməsini və İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 20 noyabr 2018-ci il tarixli 97 və 97a saylı müqavilələrin şərtlərinə əsasən Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsində "xxxx" MMC tərəfindən inşa edilmiş hündürmərtəbəli, çoxmənzilli yaşayış binasından tam təmirli ümumi sahəsi 100 kv.m olan 3 otaqlı və ümumi sahəsi 50 kv.m olan 2 otaqlı mənzillərin iddiaçıya verilməsi öhdəliyinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi və əlavə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsində yerləşən 38 saylı evin 2 mərtəbədən ibarət 3 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olmuş, 2018-ci ilin sonlarında Cavabdeh MMCnin (bundan sonra tikinti şirkəti) əməkdaşları həmin evin yerləşdiyi ərazidə yeni hündürmərtəbəli çoxmənzilli yaşayış kompleksinin inşa edilməsini və həmin yaşayış kompleksində yeni təmir edilmiş mənzillər verilməklə ona məxsus evin sökülməsini bildirmişlər. Danışıqlar nəticəsində tikinti şirkətinin nümayəndələri ona məxsus evə onun və valideynlərinin iştirakı ilə baxış keçirmiş və hər iki mərtəbənin ölçülərini götürəndən sonra onlar tikinti şirkətinin ofisində 20 noyabr 2018-ci il tarixdə tikinti şirkətinin rəhbərliyi ilə 97 və 97a saylı müqavilələr bağlamışlar. Həmin müqavilələrin predmetinə əsasən onun xüsusi mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi ev 38 ünvanında yerləşən, 2 mərtəbəli, 3 saylı mənzilin söküntüsü qarşılığında tikinti şirkəti bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada ona məxsus 2 otaqlı, 40 kv.m və 3 otaqlı 80 kv.m mənzillərin əvəzinə yeni tikiləcək binada tam təmirli ümumi sahəsi 50 kv.m olan 2 otaqlı və ümumi sahəsi 100 kv.m olan 3 otaqlı mənzilləri onun mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilələr bağlandıqdan sonra ona məxsus ev tikinti şirkətinə təhvil verilərək sökülmüş, həmin ərazidə hündürmərtəbəli binanın tikintisi başlanmış və hər ay ona kirayədə qalmaq üçün 500 manat kompensasiya ödənilmişdir. Lakin həmin ərazidə çoxmənzilli hündürmərtəbəli binanın inşası başa çatsa da, cavabdeh təşkilat müqavilələr üzrə öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçıraraq bir neçə aydır kı, mənzilləri ona təqdim etməkdən imtina edir. O, bir neçə dəfə valideynləri ilə birlikdə tikinti şirkətinin rəhbərliyi ilə görüşüb mənzillərin verilməsini tələb etsə də, hər dəfə müəyyən bəhanələr gətirərək mənzilin verilməsini uzatmış, sonuncu görüşdə isə mənzilin verilməsindən imtina etmişlər. Əldə edilmiş məlumata əsasən Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin müvafiq sərəncamında dəyişiklik edilmiş, Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsində tikinti işlərinin aparılması üçün "xxxx" MMC-nə icazə verilmişdir. "xxxx" MMC-nin məhkəmə icraatına cavabdeh qismində cəlb olunması zərurəti yaranmışdır. Onunla cavabdeh arasında bağlanmış müqavilənin 5.2-ci bəndinə əsasən qarşılıqlı həll edilməyən mübahisələr Azərbaycan Respublikasının məhkəmələri tərəfindən Azərbaycan hüququ tətbiq edilərək həll ediləcəkdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etdi, iddia ərizəsində və əlavədə göstərilənlərə uyğun məzmunda izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli, 97 saylı müqavilədən görünür ki, Cavabdeh MMC ünvan 1 ünvanda yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda Mülkiyyətçiyə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada «Mülkiyyətçi»nin söküntüsü nəzərdə tutulmuş, mülkiyyətində olan 3 otaqlı, 80 kv.m mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 25% əlavə etməklə tam təmirli 3 otaqlı 100 kv.m mənzili «Mülkiyyətçi»nin mülkiyyətinə verməyi öhdəsinə götürür. Mülkiyyətçi bu Müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün Cavabdeh MMC-nə təhvil verməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürür. Müqavilənin 2.1.2-ci bəndinə əsasən yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə 3 otaqlı mənzil üçün aylıq 500 manat kirayə haqqını almaq «Mülkiyyətçi»nin hüququdur. Müqavilənin 2.2-ci bəndinə əsasən Cavabdeh MMC-nin hüquq və vəzifələri aşağıdakılardır: 2.2.3. Müqavilənin 2.1.2. bəndində nəzərdə tutulmuş ödənişin rübdə 1 (bir) dəfə hər rübün birinci ayının 01-də «Mülkiyyətçi»yə ödənilməsini təmin etmək; 2.2.4. Yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 18 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən «Mülkiyyətçi»yə mənzili təmir edib təhvil vermək; 2.2.5. Binanın tikintisi başa çatdırıldıqda aşkar olunmuş nöqsanları, görülməyən işləri tamamlamaq; 2.2.6. Yaşayış binasını müvafiq qaydada dövlət Komissiyasına təhvil vermək; 2.2.7. Bina tikilib təmir edildikdən sonra «Mülkiyyətçi»dən mənzilin təhvil alınmasını tələb etmək. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli, 97a saylı müqavilədən görünür ki, Cavabdeh MMC ünvan 1 ünvanda yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda Mülkiyyətçiyə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada «Mülkiyyətçi»nin söküntüsü nəzərdə tutulmuş, mülkiyyətində olan 2 otaqlı, 40 kv.m mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 25% əlavə etməklə tam təmirli 2 otaqlı 50 kv.m mənzili «Mülkiyyətçi»nin mülkiyyətinə verməyi öhdəsinə götürür. Mülkiyyətçi bu Müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün Cavabdeh MMC-nə təhvil verməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2018-ci il qeydiyyat tarixli RX seriyalı ******* №-li çıxarışdan görünür ki, Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi ev 38 (yeni qaydalarla: AZ 1008, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 38.5 kv.m olan 3 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş pretenziyadan görünür ki, iddiaçı xx.xx.2018-ci il tarixli 97 və 97a saylı müqavilələrdə nəzərdə tutulmuş tam təmirli ümumi sahəsi 100 kv.m olan 3 otaqlı və ümumi sahəsi 50 kv.m olan 2 otaqlı mənzillərin ona verilməsini Cavabdeh MMCnin və "xxxx" MMC-nin rəhbərliyindən xahiş etmiş, əks təqdirdə pozulmuş hüquqlarının bərpası ilə bağlı 7 gün ərzində məhkəmə orqanlarına müraciət etmək məcburiyyətində olacağını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 267 saylı, xx.xx.2017-ci il tarixli sərəncamından görünür ki, Cavabdeh rəhbərliyi xx.xx.2017-ci il tarixli, 01 №-li məktubu ilə Rayon İcra Hakimiyyətinə (RİH) müraciət edərək, rayonun Təbriz, Ə.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində yerləşən qəzalı vəziyyətdə olan yaşayış binalarının, orada yaşayan sakinləri Cavabdeh MMC-nin vəsaiti hesabına, hər ay kirayə haqqı ödənilməklə, kirayəyə köçürülməsi və gələcəkdə tam təmirli mənzillərlə təmin olunması şərtilə, sökülməsini və həmin binaların yerində yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisinə razılıq verməsini xahiş etmişdir. Bu məqsədlə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli “Bakı şəhəri Nərimanov rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarı ilə 5 il müddətinə RİH-ə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi tapşırılmışdır. Qeyd olunanları, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2017ci il tarixli, xx/xx-1148 №-li rəyini nəzərə alaraq, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin müvafiq bəndlərinin tələblərini rəhbər tutaraq, qərara alıram: 1. Rayonun Təbriz, Ə.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə, rayonun Ə.Əlizadə və Tələt Şıxəliyev küçələrinin kəsişməsində 0,884 ha torpaq sahəsi Cavabdeh MMC-nin daimi istifadəsinə verilsin. 2. Rayonun Təbriz, Ə.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində yeni çoxmənzilli yaşayış və qeyri-yaşayış binalarının tikintisinə başlanılması məqsədi ilə Cavabdeh MMC-nə aşağıdakılar həvalə edilsin: 2.1. Cavabdeh MMC-nə ayrılmış torpaq sahəsini yerində qəbul etsin və onun sanitar vəziyyətinə nəzarət etsin; 2.2. Ayrılmış torpaq sahəsinə Cavabdeh MMC tərəfindən qanunda nəzərdə tutulmuş qaydada istifadə hüququ əldə edilsin; 2.3 Ərazinin və obyektin memarlıq-planlaşdırma həlli layihələndirmə ərəfəsində RİH ilə razılaşdırılsın; 2.4. Tikinti işlərinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmaqla, Fövqəladə Nallar Nazirliyinin Təsisatdankənar Dövlət Baş Ekspertiza İdarəsindən xüsusi rəy alınması Cavabdeh MMC-nə tapşırılsın; 2.5. Layihə-axtarış işləri aparılarkən mühəndis kommunikasiya xətləri aşkar edildikdə, Baş Plan işlənməzdən əvvəl həmin kommunikasiya xətlərinin köçürülməsi RİH və əlaqədar təşkilatlarla razılaşdırmaqla Cavabdeh MMC-nin vəsaiti hesabına həyata keçirilsin; 2.6. Rayonun Təbriz küçəsi 32, 34, 36, 38; Ə.Əlizadə küçəsi 23, 25, 27 və Ə.Vahid küçəsi 14, 16 nömrəli yaşayış binalarının sakinlərinin qarşılıqlı razılaşma əsasında yeni mənzillərlə təmin edilənədək hər ay kirayə haqqı ödənilməklə, müvəqəti olaraq başqa mənzillərə köçürülsünlər. 3. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq rayonun Təbriz küçəsi 32, 34, 36, 38; Ə.Əlizadə küçəsi 23, 25, 27 və Ə.Vahid küçəsi 14, 16 nömrəli yaşayış binaları sökülsün. 4. Sərəncamın İ və İİ bəndlərinin tələbləri Cavabdeh MMC tərəfindən tam yerinə yetirildikdən sonra Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq tikinti layihəsinin razılaşdırılması, tikintiyə icazə barədə sərəncamın verilməsi və tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişanın alınması məqsədilə RİH-ə müraciət edilsin. 5. Bu sərəncam ilkin olaraq yalnız layihələndirmə üçün əsasdır. 6. Ayrılmış torpaq sahəsinin zəbt olunmasının, həmin ərazidə yaşıllıqların qanunsuz məhv edilməsinin qarşısının alınması və sanitar vəziyyətin nəzarətdə saxlanılması RİH Başçısı Aparatının Rayon təsərrüfatı şöbəsinə tapşırılsın. 7. Sərəncamın aidiyyəti ünvanlara göndərilməsi Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə tapşırılsın. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 306 saylı, xx.xx.2018-ci il tarixli sərəncamının surətindən görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərarını rəhbər tutaraq, Cavabdeh MMC-nin müraciətini, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1, 75.1 və 75.6-cı maddələrini, Azərbaycan Respublikasının Dövlət və Şəhərsalma Arxitektura Komitəsinin xx.xx.2017-ci il tarixli, xx/xx-1148 nömrəli razılaşma məktubu, Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 267 və xx.xx.2017-ci il tarixli, 309 nömrəli sərəncamlarını Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə X2 X1 Ekspertiza Baş İdarəsinin xx.xx.2018-ci il tarixli, 24987 nömrəli ekspertiza rəyini nəzərə alaraq: 1. Təbriz, Əliəşrəf Əlizadə və Əliağa Vahid küçələrinin kəsişməsində sökülmüş qəzalı binaların yerində Cavabdeh MMC-nə yaşayış binalarının tikintisinə icazə verilsin. 2. Sərəncamın aidiyyəti ünvanlara göndərilməsi Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə tapşırılsın. İş materiallarında olan "xxxx" MMC-nin məhkəmə sorğusuna xx.xx.2022-ci il tarixli cavabından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli Bakı şəhəri Nərimanov rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Qərarına əsasən Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 267 saylı sərəncamına əsasən Bakı şəhəri Nərimanov rayonu Təbriz, Əliəşrəf Əlizadə və Əliağa Vahid küçələrinin kəsişməsində pilot layihə çərçivəsində qəzalı binaların yerləşdiyi sahədə yaşayış binalarının tikintisi üçün Cavabdeh MMC-nə icazə verilmişdir. Qeyd olunan ərazinin qəzalı olması barədə Azərbaycan Respublikasının FHN-nin xx.xx.2017-ci il tarixli rəyi mövcuddur. Cavabdeh MMC ilə sözügedən ərazidə yüksəkmərtəbəli yaşayış binasının tikilməsinin "xxxx" MMCnə həvalə edilməsinə dair 25 dekabr 2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş müqavilə imzalanmışdır. Tikinti işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2017-ci il tarixli, xx/xx-1148 №-li rəyini nəzərə alaraq davam etdirilmişdir. xx.xx.2019cu il tarixli, 16 nömrəli məktubla "xxxx" MMC-nin rəhbərliyi Nərimanov rayon icra Hakimiyyətinə müraciət edərək Nərimanov rayon icra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 267 saylı sərəncamının dəyişdirilərək "xxxx" MMC-nin adına keçirilməsini xahiş etmişdir. Sərəncamın "xxxx" MMC-nin adına sənədləşdirilməsi üçün Cavabdeh MMC xx.xx.2018-ci il tarixli, 11 nömrəli məktubu ilə öz razılığını bildirmişdir. Yuxarıda qeyd olunanları, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2017-ci il tarixli, xx/xx-1148 №-li rəyini nəzərə alaraq, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin müvafiq bəndlərinin tələblərini rəhbər tutaraq Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 267 saylı sərəncamı öz hüquqi qüvvəsindən düşmüş hesab edilmişdir. Nərimanov rayon icra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli, 161 saylı sərəncamına əsasən Bakı şəhəri Nərimanov rayonu Təbriz, Əliəşrəf Əlizadə və Əliağa Vahid küçələrinin kəsişməsində pilot layihə çərçivəsində qəzalı binaların yerləşdiyi sahədə yaşayış binalarının tikintisi üçün 0,884 ha torpaq sahəsi "xxxx" MMC-nin daimi istifadəsinə verilmişdir. Qeyd olunan ərazidə "xxxx" MMC tərəfindən tikinti işləri davam etdirilir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və ayrılmazdır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh "xxxx" MMC arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır, ona görə də tərəflər arasında yaranan mübahisə məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Məhkəmə qeyd edir ki, öhdəlikdə tərəf kimi mülki hüquq münasibətlərinin bütün iştirakçıları - fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə onu da qeyd edir ki, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınmalıdır. (Mülki Məcəllənin 404.1 və 2-ci maddəsi) Məhkəmə hesab edir ki, ilk növbədə tərəflər arasında bağlanmış müqavilənin qanuniliyi yoxlanılmalı, həmin mübahisəyə qiymət verilməlidir. Odur ki, müqavilə münasibətləri çərçivəsində yaranan mübahisəyə qanuni əsaslarla qiymət verildikdə ümumi mübahisənin düzgün həllinə nail olmaq mümkündür. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2018 il tarixli, 97 və 97a saylı müqavilələr imzalanmışdır. Müqavilələrə əsasən Cavabdeh MMC Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi ev 38 ünvanda yerləşən «Mülkiyyətçi»nin mülkiyyətində olan 3 saylı mənzilin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, «Mülkiyyətçi»nin söküntüsü nəzərdə tutulmuş, mülkiyyətində olan - 3 otaqlı, 80 kv.m mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 25% əlavə etməklə tam təmirli 3 otaqlı 100 kv.m mənzili və 2 otaqlı, 40 kv.m mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 25% əlavə etməklə tam təmirli 2 otaqlı 50 kv.m mənzili «Mülkiyyətçi»nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 442-ci maddəsinə nəzər yetirsək, hazırki mübahisənin öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməsini əsaslı hesab etmək olar. Belə ki, iddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2018-ci il tarixdə 97 və 97a saylı müqavilələr bağlanmış, sonradan iddiaçının mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi ev 38 ünvanında yerləşən, 2 mərtəbəli, 3 saylı mənzilin yerləşdiyi ərazidə hündürmərtəbəli yaşayış binasının tikilməsi "xxxx" MMC-nə həvalə edilmiş, bununla da xx.xx.2018-ci il tarixli 97 və 97a saylı müqavilələr üzrə iddiaçının mülkiyyətində olan - 3 otaqlı, 80 kv.m mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 25% əlavə etməklə tam təmirli 3 otaqlı 100 kv.m mənzilin və 2 otaqlı, 40 kv.m mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 25% əlavə etməklə tam təmirli 2 otaqlı 50 kv.m mənzilin iddiaçının mülkiyyətinə verilməsi öhdəliyi Cavabdeh MMC-dən "xxxx" MMC-nə keçmişdir. Lakin "xxxx" MMC xx.xx.2018-ci il tarixli 97 və 97a saylı müqavilələrin 1.1-ci bəndi ilə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, habelə həmin öhdəliklərin icrasına dair hər hansı sübutlar təqdim etməmişdir. Məhkəmə yekun olaraq qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdeh "xxxx" MMC-nin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh "xxxx" MMC yuxarıda qeyd edilən müqavilələrlə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, müqavilələrlə nəzərdə tutulan hərəkətləri tam icra etməyərək, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də, cavabdeh "xxxx" MMC özünün risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyır. Odur ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 20 noyabr 2018-ci il tarixli 97 və 97a saylı müqavilələrin şərtlərinə əsasən İddiaçı Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsində hündürmərtəbəli, çoxmənzilli yaşayış binasında tam təmirli ümumi sahəsi 100 kv.m olan 3 otaqlı və ümumi sahəsi 50 kv.m olan 2 otaqlı mənzillərin verilməsi öhdəliyi cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulmalıdır. Eyni zamanda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd edildiyi kimi iddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 97 və 97a saylı xx.xx.2018-ci il tarixli müqavilələr üzrə öhdəliklər "xxxx" MMC-yə keçdiyindən iddia tələbinə dair əlavə ərizədə iddiaçı öhdəliyin icrasını cavabdeh "xxxx" MMC-dən tələb etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 20 noyabr 2018-ci il tarixli 97 və 97a saylı müqavilələrin şərtlərinə əsasən İddiaçı Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsində hündürmərtəbəli, çoxmənzilli yaşayış binasında tam təmirli ümumi sahəsi 100 kv.m olan 3 otaqlı və ümumi sahəsi 50 kv.m olan 2 otaqlı mənzillərin verilməsi öhdəliyi cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulsun. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2626/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2626/2022
09.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver