Məhkəmə qərarları › İş №2(005)-2627/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2627/2021

27.08.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2627/2021 27.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi İlkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 və ilkin iddia üzrə Cavabdeh MMC-nin nümayəndəsi X4 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh MMC-nə qarşı maneənin aradan qaldırılması tələbinə dair ilk, ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə İddiaçı qarşı aylıq kirayə haqqı verilməklə mənzildən çıxarılma tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh MMC-nə qarşı maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 26 saylı mənzilə qanunsuz müdaxilənin, həmin mənzilin sökülməsinin, eləcə də qeyd olunan mənzilə dair onun mülkiyyət (sahiblik və istifadə) hüquqlarının həyata keçirilməsinə mane olan bütün hərəkətlərin Cavabdehnə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı ünvan 1 ünvanında yerləşən 26 saylı mənzilin mülkiyyətçisiyəsidir və həmin mənzil tam hüquqlu mülkiyyətçi kimi ona məxsusdur. Ona məlum olmuşdur ki, Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının 55 №-lı 11 mart 2020-ci il tarixli Sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən yaşayış binalarının mülkiyyətçilərinin razılığı əsasında köçürülməsi və həmin ərazidə yaşayış binalarının sökülərək yeni yaşayış binalarının tikintisi cavabdeh “Ailə Park" MMC-nə tapşırılmışdır. Yəni, həmin pilot layihə əsasında 3 ay müddətində cavabdeh “Ailə Park' MMC mənzillərin mülkiyyətçilərini və sakinləri onların razılığı ilə köçürməlidir və yalnız bundan sonra orada cavabdeh tərəfindən söküntü və tikinti işləri aparılmalıdır. Cavabdehin aparacağı həmin tikinti işləri yalnız həmin şirkətin özünə aiddir, heç bir dövlət və yaxud ictimai ehtiyaclarla bağlı layihə deyil. İddiaçının mülkiyyətində olan 26 saylı mənzil də sökülməsi nəzərdə tutulan binalardan birində, 14 saylı binada yerləşir. Həmçinin, məhkəmənin nəzərinizə çatdırır ki, mülkiyyətində olan mənzilin yerləşdiyi binanın yanındakı bina artıq cavabdeh tərəfindən sökülmüşdür. Söküntü zamanı isə cavabdeh heç bir söküntü, tikinti normalarına əməl etməmiş, qonşuluqdakı binalarda, eləcə də iddiaçının mənzilinin yerləşdiyi binadakı mənzillərin mülkiyyətçilərinin mülkiyyət hüquqları pozulmuşdur.Belə ki, cavabdehin söküntü işləri həddindən artıq plansız şəkildə həyata keçirilir, qonşuluqdakı həmin binanın söküntüsü normalara uyğun olaraq tədricən sökülmək əvəzinə, necə gəldi, heç bir norma gözləmədən sökülmüş, bunun nəticəsində yüksək titrəyişlər əmələ gəlmiş və mənzilin yerləşdiyi 14 saylı binanın bünövrəsinə də ziyan dəymişdir. Cavabdehin söküntü işləri təhlükəli qaydada aparılır və bu da arzuolunmaz risklərin meydana çıxmasına, yıxılmaya, sürüşməyə, yanmaya, elektrik cərəyanının vurmasına və sair bədbəxt hadisələrə zəmin yaradır. Həmçinin, cavabdeh tərəfindən söküntünün təhlükəsizlik qaydalarına əməl etmədən aparılması, orada yaşayan sakinlərin, insanların həyatına, sağlamlığına, əmlakına böyük təhlükə yaradır. Cavabdehin tikinti və söküntü işlərini təhlükəsizliyə əməl etmədən aparması iddiaçının mülkiyyətində olan mənzilinə real təhlükə yaradır. Cavabdehin həmin qanunsuz hərəkətləri nəticəsində iddiaçı əmlakından lazımi qaydada istifadə edə bilmir və onun mülkiyyət hüquqları pozulur. Bununla bağlı, iddiaçı tərəfindən cavabdehə 04.03.2021-ci il tarixli pretenziya məktubu göndərilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsindəki söküntü işlərini dayandırması, həmçinin Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının 55 №-li 11 mart 2020-ci il tarixli Sərəncamının və Fövqəladə Hallar Nazirliyinin 14 saylı yaşayış evinin texniki vəziyyəti haqqında aktının surətlərinin iddiaçıya təqdim edilməsi xahiş olunmuşdur. Lakin, bu günə kimi cavabdeh tərəfindən pretenziya məktubuna heç bir cavab verilməmiş, pretenziyada göstərdiyi müvafiq sənədlər ona göndərilməmiş və ya təqdim edilməmiş, habelə söküntü işləri dayandırılmamışdır. İlkin iddia üzrə Cavabdeh MMC-nin nümayəndəsi X5 məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilərək, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin mütəxəssisləri tərəfindən tərtib edilmiş 03 mart 2020-ci il tarixli rəyi nəzərə alınmaqla Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının 11 mart 2020-ci il tarixli, 55 saylı sərəncamı ilə Cavabdeh MTK-nə ayrılmış torpaq sahəsində yerləşən Həsənoğlu küçəsi, ev 14, mənzil 26 ünvanında yaşayan cavabdeh İddiaçı və onunla birlikdə yaşayan ailə üzvlərinin Bakı, şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi 14 saylı evin 26-cı mənzilinin cavabdehə mülkiyyət, istifadə və digər hüquqlarına xitam verilməsi, onların çıxarılmaqla mənzilin boşaldılması və sökülməsi, Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində kəskin qəzalı vəziyyətdə olan 14 saylı binanın yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında cavabdeh İddiaçı məxsus 26 saylı mənzilin qanuni sahəsinə 20% əlavə sahə olmaqla 37 kv.m. yeni və təmirli mənzil verilməklə, habelə yeni çoxmərtəbəli yaşayış binası tikilənədək onunla birlikdə yaşayan ailə üzvlərinin müvəqqəti olaraq kirayə edilmiş mənzildə yerləşdirilmələri üçün aylıq 300 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 8 ədəd 5 mərtəbəli 12, 12A, 14, 14A, 6, 16A, 83A və 85A saylı binaların texniki vəziyyətinin yolverilməz olması barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin 03 mart 2020-ci il tarixli rəyi nəzərə alınaraq Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 11 mart 2020-ci il tarixli 55 №-li sərəncamı əsasında yaşayış üçün kəskin yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən həmin köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün 2,7520 ha torpaq sahəsi icarə əsasında Cavabdeh MTK-nın istifadəsinə verilməsi qərara alınmışdır. Bakı Şəhər İcra Hakimiyyətinin sözügedən sərəncamına və Əmlak Məsələləri Dövlət Komitəsinin 07.01.2020-ci il tarixli yerquruluşu planına əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 2,7520 ha torpaq sahəsinin 49 il müddətinə Cavabdeh MTK-nın istifadəsinə verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti ilə “Ailə Park" MMC arasında 1572 №-li 18 mart 2020-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında Müqavilə” bağlanmışdır. Hazırda Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən və qəzalı vəziyyətdə olan 14 saylı binada müikiyyətçilərin əksəriyyəti ilə qarşılıqlı razılıq əsasında onların mülklərinin sökülməsi və yeni mənzillə təmin edilmələrinə dair notarial müqavilələr bağlanılmış və binanın təhlükəli vəziyyətdə olması nəzərə alınaraq bu proses təxirə salınmadan davam etməkdədir. Sözügedən ərazidə aparılacaq tikinti işləri ilə bağlı digər sakinlərlə olduğu kimi, Həsənoğlu küçəsi 14 ünvanında yerləşən 26 saylı mənzilin mülkiyyətçisi olan İddiaçı ilə də danışıqlar aparılmağa çalışılmış, lakin İddiaçı MTK qarşısında əsassız tələblər irəli sürdüyündən nəticədə onunla razılıq əldə olunması mümkün olmamışdır. Cavabdehə digər mənzil sahibləri kimi, sahib olduğu yaşayış sahəsinin əvəzinə yeni tikiləcək binada təmirli 37 kv.m yaşayış sahəsi və həmin yaşayış sahəsi tikilib təhvil verilənədək aylıq 300 manat kirayə haqqı təklif olunur. Cavabdeh MTK tərəfindən sakinlərə söküləcək binalarda təhvil veriləcək mənzillərin əvəzinə eyni xüsusiyyətlərə malik mənzillərin sahələrinə uyğun təmirli mənzillər təklif edilir, eyni zamanda mənzillərdən köçməsi üçün sakinlər yük avtomobili ilə təmin edilir və yeni tikiləcək mənzillər onlara təhvil verilənədək müvəqqəti yaşayış məqsədləri ilə bazar qiymətlərinə uyğun yüksək kirayə haqları təklif olunur. Cavabdeh MTK Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 11 mart 2020-ci il tarixli 55 №-li sərəncamından irəli gələn vəzifələrini vicdanla həyata keçirir, bütün sakinlərə bərabər şərtlərlə sərfəli təkliflər irəli sürür, mənzilləri sökülmüş sakinlərin hüquqlarına hər zaman hörmətlə yanaşır, bərabərlik prinsipinin və sakinlərin bərabər mənafelərinin pozulmaması üçün səy göstərir. İddiaçı digər mənzil sahibləri kimi, sahib olduğu yaşayış sahəsinin əvəzinə yeni tikiləcək binada təmirli 37 kv.m yaşayış sahəsi tikilib təhvil verilənədək aylıq 300 manat kirayə haqqı təklif olunur. İddiaçı ilə digər sakinlərdən fərqli olaraq daha artıq sahənin verilməsi və onunla daha güzəştli şərtlərlə müqavilə bağlanması ədalətsizdir və əsassız varlanmaya səbəb olur. Həmçinin qəzalı vəziyyətdə olan vətəndaşların yaşadığı evlərin sökülməsi və yerində hündür mərtəbəli yaşayış binalarının inşa olunması sahəsində Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı ilk növbədə orada yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Binada yaşayan digər sakinlərlə razılaşmalar əldə edildiyi halda, X2 əsassız tələblər irəli sürərək bu tədbirin həyata keçirilməsinə mane olması digər sakinlərin də hüquqlarını pozur. İlk iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında ilkin iddia ərizəsinə uyğun izahat verərək ilkin iddia tələbinin qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh “Ailə Park“MMC-nin nümayəndəsi X5 məhkəmə iclasında ilk iddia tələbini əsassız hesab edərək qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə ilkin iddia tələbi ilə bağlı qeyd edir ki: İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, ünvan 1, 26 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə tam payda İddiaçı məxsusdur. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 11 mart 2020-ci il tarixli Sərəncamından müəyyən olunur, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən yaşayış üçün kəskin yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən həmin köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün 2,7520 ha torpaq sahəsi icarə əsasında Cavabdeh MTK-nın istifadəsinə verilməsi qərara alınmışdır. İş materiallarında olan 21.04.2021-ci il tarixli TL-38/21 nömrəli obyektin tikintisinə icazədən müəyyən olunur ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən binanın inşası üçün 2,7520 ha torpaq sahəsi icarə əsasında Cavabdeh MTK-nə icazə vermişdir. İş materiallarında olan 1572 nömrəli müqavilədən müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 2,7520 ha torpaq sahəsinin 49 il müddətinə Cavabdeh MTK-nın istifadəsinə verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti ilə “Ailə Park" MMC arasında 1572 №-li 18 mart 2020-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında Müqavilə” bağlanmışdır. İş materiallarında olan Cavabdeh MTK tərəfindən 20 may 2021-ci il tarixdə verilmiş 1 nömrəli bildirişdən müəyyən olunur ki, 14 dekabr 2020-ci il tarixdən etibarən yaşayış binasında mənzillərin sökülməsinə başlanılmış, növbəti bir ay ərzində proses başa çatmış və əksər hallarda ötən 5 ay ərzində mənzil sahibləri ilə qarşlıqlı razılaşma əsasında notarial müqavilələr bağlanılmışdır.Hazırda həmin binadakı bəzi sakinlərin mənzillərin ölçü prosesindən kənarda qalması tikinti işlərini əhəmiyyətli dərəcədə gecikdirir. Prosesi gecikdirən sakinlərin mənzillərində ölçü prosesi zamanı artımlar nəzərə alınmayacaq. Bildirişin alındığı tarixdən etibarən 14 iş günü ərzində mənzilin mülkiyyət sənədləri ilə ofisinə yaxınlaşıb notarial müqavilə bağlanması sakindən tələb edilir. İddiaçı bildirişi 20 may 2021-ci il tarixdə almış və bunu öz imzası ilə təsdiq etmişdir. Belə ki, məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər iddia tələbi üzrə irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 437.1-ci maddəsinə əsasən, əgər müqavilənin predmeti fərdi-müəyyən əşyadırsa, kreditor başqa əşyanı, onun dəyəri daha yüksək olsa da, qəbul etməyə borclu deyildir; 568.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur; 577.1-ci maddəsinə əsasən, alıcıya verilməli əşyaların miqdarı alqı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər; 578.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göstərilən qanunvericilik normalarının məzmunundan göründüyü kimi mülki hüquq pozuntusu (delikt) nəticəsində şəxsə dəymiş maddi zərər tələbinin əsaslı hesab edilməsi üçün cavabdeh tərəfindən iddiaçının qanunla qorunan hüquq və mənafelərini pozan, təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməlin törədilməsi, həmin əməl nəticəsində iddiaçıya maddi zərər dəyməsi, eləcə də hüquq pozuntusu ilə dəymiş zərər nəticəsində səbəbli əlaqənin mövcud olması faktları müəyyən edilməlidir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hazırki işdə İddiaçı cavabdehlər Cavabdeh MTK tərəfindən hər hansı hüquq pozuntusunun törədilməsinin təsdiq edilmədiyini nəzərə alaraq iddia tələbini əsassız hesab edir və onun təmin edilməməsi qənaətinə gəlir. Məhkəmə qarşılıqlı iddia ərizəsi ilə bağlı qeyd edir ki: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiya) 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz; Konstitusiyanın 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər; Konstitusiyanın 43-cü maddəsinin İİ hissəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; Mülki Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; Mülki Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra Mənzil Məcəlləsi) 5.3-cü maddəsinə əsasən bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz; Mənzil Məcəlləsinin 18-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir. Mənzil Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqularının və X3 Haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı, Avropa Konvensiyasının müddəlarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. “İnsan hüquqlarının və X3 haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Cəmiyyətin mənafelərinə beynəlxalq hüququn qanunları və ümumi prinsiplərinə nəzərdə tutulmuş şərtlərdən başqa, heç kəs öz əmlakından məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Məhkəmə hesab edir ki, istismar müddəti keçmiş, qəzalı mənzillərdə və evlərdə cavabdehin yaşamağa davam etməsi onun həyat və sağlamlığına ciddi təhlükə olmaqla yanaşı, cavabdehin MTK-nın təklifini qəbul edərək yaşayış sahəsindən çıxmaması ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına maneçilik yaradır. Bütün bunlar onu deməyə əsas verir ki, cavabdehin yaşayış üçün tam yararsız, insan həyatı üçün təhlükəli və qəzalı vəziyyətdə olan mənzildən çıxarılması ilk növbədə onun üçün həyati vacib məsələdir. Hansı ki, o mənzili boşaltdıgı halda, mülkiyyətində olan mənzilə uyğun tam təmirli mənzillərin verilməsi sərəncamla Cavabdeh MTK-nın üzərinə qoyulmuş vəzifədir və MTK da bu vəzifəsini yerinə yetirməkdən imtina etmir, əksinə, iddia ərizəzəsi ilə məhkəməyə müraciət edilməsinədək və hazırkı iş üzrə iddia ərizəsinin verilməsindən sonra hal-hazıradək olan müddətdə mübahisənin məhkəmədən kənar həlli üçün yetərincə hərəkətlər etmiş, cavabdehə əlverişli təkliflər etmişdir. Bundan başqa, məhkəmə tərəfindən də mübahisənin məhkəmədən kənar həlli üçün tərəflərə müvafiq şərait yaradılmış, tərəflərin barışması üçün tədbirlər görülmüşdür. Hazırkı cavabdehdən fərqli olaraq, mübahisəli ərazidə yaşayan digər sakinlər onlara yaradılmış şəraitdən və Cavabdeh MTK-nın əlverişli təkliflərindən yararlanaraq, habelə texniki və təhlükəsizlik baxımından istismara yararsız və insanların yaşaması üçün təhlükə törədə biləcək qəzalı vəziyyətdə olan mənzillərdə yaşamaqdan qurtularaq əvvəlki yaşayış yerlərini tərk etmişlər. Məhkəmə bu zaman xüsusi qeyd edir ki, Bakı şəhəri İcra Hakimiyyətinin sərəncamını icra edən iddiaçı Cavabdeh MTK tərəfindən cavabdehin mülkiyyət hüququ tanınır, qorunur, onlar tərəfindən cavabdehin mülkiyyət hüququnun pozuntusu hallarına yol verilməmişdir, cavabdehə mülkiyyətində olan əmlakın (faktiki vəziyyətə uyğun) dəyərinin ödənilməsi üçün ədalətli təkliflər edilir. Bu isə, cavabdehin öz mülkiyyətində olan yaşayış sahələrindən qanunsuz və əsassız olaraq çıxarılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bakı Şəhər İcra Hakimiyyətinin məlum sərəmcamı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi nöqteyi-nəzərindən icra olunmalıdır. Həmin maddənin tələbinə əsasən mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə yaşayış sahələrinə, onların yararlı vəziyyətdə saxlanılmasına, çoxmənzilli binalarda ümumi mülkiyyətin qorunması və yararlı vəziyyətdə saxlanılmasına dair tələblər müəyyən etmək, yaşayış sahələrinin yenidən qurulması və yenidən planlaşdırılması şərtləri və qaydasını müəyyən etmək və belə yenidən qurulma və yenidən planlaşdırılmanı razılaşdırmaq, yaşayış sahələrinin yaşayış üçün yararsız hesab edilməsinin əsaslarını və qaydasını müəyyən etmək, mənzil fondunun yaşayış sahələrini müəyyən edilmiş qaydada yaşamaq üçün yararsız hesab etmək, yaşayış sahələrindən istifadə qaydalarını müəyyən etmək, vətəndaşların yaşayış sahələrindən çıxarılmasının əsaslarını, qayda və şərtlərini müəyyən etmək, yaşayış sahələri barəsində ayrı-ayrı əqdlərin hüquqi tənzimlənməsi, dövlət mənzil fondunun yaşayış sahələrindən istifadəyə və saxlanmasına, bu fondun yaşayış sahələrinin müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə uyğunluğuna nəzarəti həyata keçirmək və sair aiddir. Məhkəmə əlavə olaraq onu da vurğulayır ki, cavabdehin istismar müddətini uzun müddətdir keçmiş, qəzalı vəziyyətdə olan yaşayış binasından köçürülməsi, yerində isə yüksəkmərtəbəli, standartlara uyğun yeni yaşayış binalarının tikilməsi ilk növbədə yararsız binalarda yaşayan insanların həyat və sağlamlıqlarının qorunmasının qarantı olmaqla yanaşı, Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılmasına, gözəlləşdirilməsinə, ən əsası isə digər insanların mənzil əldə etmək hüququnun gerçəkləşdirilməsinə xidmət etmiş olur. Bundan başqa məhkəmə qeyd edir ki, cavabdehin qeyd edilən hərəkətləri məhz hüquqdan sui-istifadədir, cavabdeh qanunla tanınan və qorunan mülkiyyət hüquqlarından MTK-ya ziyan vuran şəkildə sui-istifadə edir ki, onun bu hüquqdan sui-istifadəsinə yol verilməməli, bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında müəyyən edilmiş müddəalar da rəhbər tutulmalıdır. Bu sui-istifadə isə cavabdehin mənzilə görə MTK-dan əsassız olaraq real olmayan qiymətlər tələb etməsində, yaşayış üçün tam yararsız və qəzalı olan mənzildən təyinatı üzrə istifadə etməməsində ifadə olunur. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, Cavabdeh Mənzil Tikinti Kooperativinin hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. İlkin iddia üzrə iddiaçı isə göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə İddiaçı qarşı aylıq kirayə haqqı verilməklə mənzildən çıxarılma tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, ilkin iddia təmin edilmədiyindən və qarşılıqlı iddi təmin edildiyindən ödənilmiş dövlət rüsumları tərəflərə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh MMC-nə qarşı maneənin aradan qaldırılması tələbinə dair ilk iddia ərizəsi təmin edilməsin. Qarşılıqlı iddia ərizəsi təmin edilsin. İddiaçı və onunla birlikdə yaşayan ailə üzvlərinin Bakı, şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi 14 saylı evin 26-cı mənzilinin cavabdehə mülkiyyət, istifadə və digər hüquqlarına xitam verilsin. İddiaçı və onunla birlikdə yaşayan ailə üzvləri çıxarılmaqla mənzil boşaldılsın və sökülsün. Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində kəskin qəzalı vəziyyətdə olan 14 saylı binanın yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında cavabdeh İddiaçı məxsus 26 saylı mənzilin qanuni sahəsinə 20% əlavə sahə olmaqla 37 kv.m. yeni və təmirli mənzil verilsin. Yeni çoxmərtəbəli yaşayış binası tikilənədək İddiaçı ilə birlikdə yaşayan ailə üzvlərinin müvəqqəti olaraq kirayə edilmiş mənzildə yerləşdirilmələri üçün aylıq 300 manat məbləğində kirayə haqqı ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar