Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2630/2021 11.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu, X6 küçəsi, ev 94a, mənzil 55-dən əşyaları ilə birlikdə məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, ev 94a, mənzil 55 ona məxsusdur. X2 16 avqust 2019-cı il tarixində Cavabdeh ilə rəsmi nikaha girmiş və həmin vaxtdan da mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, ev 94a, mənzil 55-ə köçüb yaşamağa başlamışlar. 2 oktyabr 2020-ci il tarixində gəlini Cavabdeh mülkiyyətimdə olan Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, ev 94a, mənzil 55 ünvanında yerləşən evə qeydiyyata salmağa icazə vermişdir. Cavabdeh mənzilə qeydiyyata alınsa da. onun həmin mənzilə istifadə hüquqlarının yaranması üçün mülkiyyətçi ilə notariat qaydada təsdiq edilmiş və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış hər hansı müqavilə bağlanılmamışdır. Cavabdeh ilə oğlum arasında ailə münasibətləri pozulmuş və bu səbəbdən Cavabdeh mülkiyyətimdə olan mənzildə yaşamasını istəmir. Rəna Bayramlıdan mənzili tərk etməyi və oradan çıxmağı tələb etsəm də. sonuncu mənzildən çıxmaqdan imtina etmişdir. Hesab edir ki, cavabdehin mülkiyyətində olan mənzilə hər hansı istifadə hüquqları olmadığı üçün, onun həmin mənzildən stifadə hüquqlarının yaranması üçün hər hansı qanuni əsas olmadığı üçün və o, həmin mənzildə onun iradəsinə zidd olaraq yaşadığı üçün, o, məcburi qaydada mənzildən çıxarılmalıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X3 iddianı müdafiə edib, iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, iştirak etməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Lakin cavabdeh “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə yazılı etiraz ilə müraciət edərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul eilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, himayəsində azyaşlı körpənin olması səbəbindən məhkəmədə iştirak edə bilmir və maddi imkanımsızlıqdan vəkil xidmətindən istifadə edə bilmir. Qeyd etmək istəyir ki, o, həyat yoldaşı ilə toy mərasimindən sonra 2019-cu ilin əvvəli qaynanasının razılığı ilə həmin ünvana köçmüşdür, 2020-ci il tarixdən iddiaçının razılıq ərizəsi ilə həmən mənzilə pasport qeydiyyatına alınmışdır və hal-hazırda da həmən ünvanda həyat yoldaşı və 2019-cu il təvəllüdlü azyaşlı övladı ilə birgə yaşayırıq. İddiaçı iddia ərizəsində onun iradəsinə zidd olaraq yaşadığını, ailə münasibətlərinin pozulması, AR-nın Mənzil Məcəlləsinin müvafiq maddələrini qeyd edərək əsassız tələb irəli sürmüşdür. İddia ərizəsində qeyd olunan hallar heç biri həqiqəti əks etdirmir və iddia tələbini qəbul etmir. Belə ki, İddiaçı iddia ərizəsində mənzilə köçmə və qeydiyyata alınmağına razılıq verdiyini etiraf etmiş, digər cümlədə isə onun iradəsinə zidd olaraq həmin mənzildə yaşadığını qeyd etmişdir. Həmçinin qeyd etmək istəyir ki, hazırki iş üzrə İddiaçı ilə qohumluq əlaqələri var, o, iddiaçının rəsmi nikahı olan gəlinidir və onunla bərabər həmin mənzildə onun oğlu və azyaşlı nəvəsi ilə yaşamaqdadır. Yaşadıqları müddət ərzində o, iddiaçının mülkiyyətində olan əmlakdan təyinatı üzrə istifadə etmiş, mülkiyyətinə hər hansı zərər toxundurmamış və yaşayış üçün zəruri olan bütün ev əşyaları və bütün növ mebellə təhciz etmişdir. Hesab edir ki iddiaçının iddia ərizəsi və işin faktiki hallan ilə ziddiyyət təşkil edir və iddia təmin olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsində istifadədə olan 0,06466 ha torpaq sahəsində yerləşən 94a nömrəli, 5 mərtəbəli binada 42.1 kv.m ümumi 29.0 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 55 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********* nömrəsi ilə 13.06..2017-cu il tarixdə reyestr nömrəsi ilə qeydiyyata alınmışdır; İş materiallarında olan Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 353552 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Rəna Mehman qızı ilə16.08.2019-cu il tarixdə nikah bağlamış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 16.08.2019-cu il tarixdə 2203 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan, “Elektron Məhkəmə” indormasiya sistemindən çıxarışa əsasən, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, ev 94a, mənzil 55 ünvanında pasport qeydiyyatındadır. Məhkəmədə müəyyən edilən işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı ünvan 3 ünvanında yerləşən 20 saylı (yeni qaydalarla Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 198, M3, mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********* nömrəsi ilə 13.06..2017-cu il tarixdə reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Cavabdeh iddiaçının X2 ilə 16.08.2019-cu il tarxidə nikah bağlamış və nikah bağladıqdan sonra iddiaçıya məxsus evə gəlin köçmüş və həmin mənzilə pasport qeydiyyatına alınmışdır. Hazırda iddiaçı cavabdehlərin mübahisəli yaşayış sahəsindən çıxmalarını xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə də mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndinə qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Qeyd olunmalıdır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar «xüsusi və həddən artıq məhrumiyyətlərə» məruz qalırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporronq və Lonnpot İsveçə qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarında qeyd olunur ki, yaşayış sahəsinin mülkiyyətçisinin razılığı ilə onun mülkiyyətində olan yaşayış yeri üzrə qeydiyyata alınma həmin yaşayış sahəsindən istifadə hüququnun yaranmasını ehtiva etmir. Belə ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olub-olmamasından asılı etməmişdir. Mövcud qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması əsasları ilə yanaşı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarını da nəzərdə tutmuşdur. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Göründüyü kimi, hazırda Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, 94a ünvanında yerləşən, 55 saylı mənzil İddiaçı mülkiyyətindədir. Həmin mənzil hər hansı hüquqi əsas olmadan cavabdeh tərəfindən istifadə edilir. İddiaçı mülkiyyətçi olmaqla, həmin mənzildən istifadə edə bilmir, bu məsələdə iddiaçı maneə ilə üzləşmişdir. O, həm faktiki olaraq, həm də hüquqi nəticə etibarı ilə qanunla müəyyən edilən və qorunan hüquqlarından məhrum edilmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, 94a ünvanında yerləşən, 55 saylı mənzildən çıxarılmalı, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, 94a ünvanında yerləşən, 55 saylı mənzildən çıxarılsın. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2630/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2630/2021
11.06.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver