Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2635/2024 26.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 ilə bağlanmış XM 408/2023 saylı, xx.xx.2023cü il tarixli müqavilə əsasında onun adına olan 4169 7388 4138 3668 saylı “Kapital Bank” kartına köçürülmüş 3000 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı, Cavabdeh2 cavabdeh qismində cəlb edilməsi, eyni zamanda iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 ilə bağlanmış XM 408/2023 saylı, xx.xx.2023-cü il tarixli müqavilə əsasında onun adına olan 4169 7388 4138 3668 saylı “Kapital Bank” kartına köçürülmüş 3000 manat və mənəvi ziyana görə 1000 manat pulun, cəmi 4000 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 08 avqust 2023-cü il tarixdə Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 ilə XM 408/2023 saylı xidmət müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən və direktor Cavabdeh2 ilə razılaşmaya görə 3000 manat məbləğində pulun müqabilində xarici dövlət olan Slovakiyada işləmək üçün işçi vizası verilməli idi. Ona görə də Cavabdeh2 verdiyi kart hesabına “Kapital Bank”ın bankomatından 3000 manat pulu müqavilə bağlanan gün köçürüb. Pulu köçürdükdən sonra Cavabdeh1 MMC-yə yaxınlaşıb. Ona viza hazırlanması üçün xidmət haqqı kimi 3000 manat pulun qəbul edilməsi barədə xx.xx.2023-cü il tarixli 02 saylı kassa mədaxil orderinin qəbzi verilmişdir. Lakin bu günə kimi cavabdeh tərəfindən heç bir iş görülməmiş, müqavilə şərtləri yerinə yetirilməmişdir. Hər dəfə bu barədə müraciət etdikdə müxtəlif bəhanələr gətirərək vaxtı uzatmaqla öhdəsinə götürdüyü vəzifəsini yerinə yetirmir. Dəfələrlə tələb etməsinə baxmayaraq, könüllü olaraq aldığı 3000 manat pulu qaytarmır. Son dəfə verdiyi pulun geri qaytarılmasını tələb edəndə bildirdi ki, “sənə veriləsi məbləğ məndə yoxdur. Hara istəyirsən müraciət edə bilərsən”. O da bu mübahisənin həlli üçün məhkəməyə müraciət etməyi zəruri hesab edir. Pulun verilməsi barədə əlində kifayət qədər sənədlər vardır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, Cavabdeh1 MMC xaricdə iş düzəltmək adı ilə onunla müqavilə bağlamış və bunun üçün 3000 manat ödəniş alınmışdır. O, özünə iş tapa bilmirdi və dəfələrlə Məşğulluq İdarəsinə də müraciət etmişdir. Lakin, heç bir iş tapılmadı. Sosial şəbəkədə cavabdehin iş elanlarını görüb müraciət edib. Müqavilə bağlayıblar və 3 ay ərzində ona iş tapacaqlarını bildirmişlər. Slovakiyada fəhlə kimi iş düzəltməli idilər. Aylıq təxmini 1000 avro maaş olacağını deyirdilər. Cavabdehin bütün məlumatları, sənədləri qanuni şəkildə olduğu üçün ona güvənmişdi. Müqavilə bağlandıqdan 15-20 gün sonra sosial şəbəkədə şirkət haqqında kobud sözlər yazıldığını görüb və bu onda şübhə yaradıb. Səhəri gün şirkətə gedib və gördüklərini bildirib. Şirkətdən isə ona müxtəlif bəhanələr gətirilib. Hər dəfə müraciət edən zaman müəyyən səbəblərdən problemlər olduğunu deyirdilər. O, 3000 manatı borc alaraq cavabdehə vermişdi və onun üçün aylıq faiz də ödəyir. Müqavilə bağlanılan zaman üzərində pul yox idi. Ona Qəzənfər öz kart hesabını vermişdi və həmin günü də ödəniş həmin karta atmişdir. Karta pulu keçirdikdən sonra kassa mədaxil qəbzini vermişdilər. Artıq uzun müddətdir ki, cavabdeh öz öhdəliyini icra etmir, dəfələrlə pulu geri istəməsinə baxmayaraq qaytarmır. Borc götürdüyünə görə ailəsində də problemlər yaranmışdır. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirmişdir ki, o, Cavabdeh1 MMC-nin direktorudur. Cavabdehlə bağlanmış müqavilənin icrası konsulluqdan cavab gəlmədiyi üçün uzanmışdır. Sonra həmin ölkəyə göndəriləcək işçilərin yaş, sağlamlığı ilə bağlı yeni məhdudiyyətlər qoyulmuşdu. Onlar buna görə iddiaçıya başqa iş təklif ediblər. Lakin iddiaçı qəbul etmir. Onların sənədlərində heç bir qanunsuzluq yoxdur. Hər bir sənəd qanunidir. İddiaçıdan başqa müraciət edən şəxslərdən artıq bir neçə nəfərin müraciəti qəbul edilib, xarici ölkəyə göndərilib. Sadəcə iddiaçı səbrsizlik edir, müqavilədən imtina edir. Onlar iddiaçının sənədlərinin hazırlanması üçün kifayət qədər çox xərc çəkmişlər. Lakin bununla bağlı hazırda sübutları yoxdur. İddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə baxış iclasında tədqiq edilmiş: - Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, XM 4 08/2023 saylı müqavilədən görünür ki, “Müştəri” adı, növü, həcmi, miqdarı, qiyməti razılaşdırılan xidməti bu müqavilədə nəzərdə tutulmuş şərtlərə uyğun olaraq ödəməyi, “İcraçı” isə “Müştəri”nin tapşırığını vicdanla və keyfiyyətlə icra etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1.2-ci maddəsinə əsasən müştəri, razılaşma yolu ilə vakansiya üzrə iş ilə təmin olunmalıdır; - Kassa mədaxil orderindən görünür ki, İddiaçı viza üçün xidmət haqqı olaraq Cavabdeh1 MMC-yə 3000 manat məbləğində pul ödəmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, icracı olan cavabdeh iddiaçını işə düzəltməyi və viza almağı, iddiaçı isə razılaşdırılmış xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçı müqavilə üzrə vəd edilən xidmətin həyata keçirilmədiyini, müqavilənin icra edilmədiyini əsas gətirərək ödədiyi pulun və vurulmuş mənəvi zərərin cavabdehdən məhkəmə qaydasında tutulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə və 390-cı maddəsinin 1-ci bəndinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Qeyd olunmalıdır ki, xidmət müqaviləsi mülki hüquq qanunvericiliyi ilə tənzimlənən mülki-hüquqi müqavilə növlərindən biridir. Görüləcək işin həcmi, məbləği, keyfiyyəti və işin başa çatdırılması kimi bir sıra əhəmiyyət kəsb edən hallar xidmət müqavilələrinin özəyini təşkil edir. Xidmətlər istehlakçıya göstərildikdə, yaranan hüquq münasibətlərinə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu tətbiq edilir. Həmin Qanunun 1-ci maddəsinə görə istehlakçı şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş əsas hüquqlarından biri istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olmasını tələb etmək hüququdur (Qanunun 3-cü maddəsi). Həmin Qanunun 5.3 və 13.1-ci maddələrinə görə, satıcı (istehsalçı, icraçı) istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin mal (iş, xidmət) haqqında istehsalçının (icraçının) təqdim etdiyi məlumata uyğun olan mal verməlidir. Göründüyü kimi, icraçı istehlakçıya müqavilə şərtlərinə uyğun xidmət göstərməlidir. Adıçəkilən Qanunun 9-cu maddəsində iş görülməsinə və xidmət göstərilməsinə dair müqavilələrin şərtləri pozularkən istehlakçıların hüquqları nəzərdə tutulmuşdur. Həmin maddənin 1 və 2-ci bəndlərinə görə, icraçı iş görülməsinə və xidmət göstərilməsinə dair müqavilənin icrasına vaxtında başlamırsa və ya çox ləng işləməsi işin vaxtında başa çatmamasına dəlalət edirsə, istehlakçının müqavilədən imtina etmək və itkilərin ödənilməsini tələb etmək hüququ vardır. İşlərdə (xidmətlərdə) müqavilə şərtlərindən əhəmiyyətli dərəcədə kənara çıxıldıqda, yaxud başqa mühüm qüsurlar olduqda istehlakçı həmin qüsurları aradan qaldırmaq üçün icraçıya əlavə müddət verərsə, bu müddətdə də iş (xidmət) yerinə yetirilməzsə, müqavilənin ləğv olunmasını və itkilərin ödənilməsini tələb etmək və ya icraçının hesabına qüsurların aradan qaldırılmasını üçüncü şəxslərə tapşırmaq hüququ var. Hazırki müqavilənin məzmunundan da göründüyü kimi, cavabdeh iddiaçını işə düzəltməyi öhdəsinə götürmüşdür. Belə ki, həmin müqavilənin 3.1.2-ci maddəsinə uyğun olaraq “İcraçı müştərini işə düzəltməyə təminat verir və işə düzəltmə ilə bağlı müqaviləyə xitam verilərsə ödənilmiş xidmət haqqının ödənilmiş rüsumlar çıxılmaqla qalan məbləği geri qaytarılır”. Müqavilənin 4.1.2-ci bəndinə görə isə icraçı iddiaçını razılaşma yolu ilə vakansiya üzrə iş ilə təmin etməyi öhdəsinə götürür. Müqavilənin bağlanmasından xeyli müddət keçməsinə baxmayaraq öhdəlik ağlabatan müddət ərzində icra edilməmişdir. Cavabdeh tərəflər arasında bağlanmış müqavilənin tələblərinə uyğun müvafiq addımlar atdığını bildirsə də, onun məhkəməyə təqdim etdiyi sənədlər (kooperasiya razılaşmaları, qarantiya məktubu və sair) iddiaçının işlə təmin edilməsini deyil, vizasının əldə edilməsi üçün sənədləşmə işlərinin aparıldığını təsdiq edir. İddiaçının işlə təmin edilməsi üçün xərc çəkilməsini təsdiq edən sübut isə məhkəməyə təqdim edilməmişdir. Halbuki məhkəmənin hazırliq iclasında cavabdehə çəkilən xərclərlə bağlı sübut təqdim edilməsi təklif edilmişdir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin öhdəliklərin icrası zamanı vicdanlılıq prinsipini müəyyən edən 5.3 və 425.1-ci maddələrinə görə, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442 və 448.2-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 9.6-cı maddəsinə uyğun olaraq, icraçı görülmüş işlərdə və göstərilmiş xidmətlərdə qüsurların istehlakçının təqsiri ucbatından əmələ gəldiyini sübut edərsə, buna görə məsuliyyət daşımır. Hazırki iş üzrə isə məhkəmə tərəfindən keçirilən hər bir məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilməsinə və müqavilənin icra edilməmə səbəbi, müqavilənin icrası üçün hər hansı xərc çəkilib-çəkilməməsi, çəkilibsə məbləği haqqında məlumat verilməsi üçün məhkəmə tərəfindən sorğu göndərilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında üzrlü səbəb təqdim etmədən iştirak etməmiş və müvafiq məlumatları məhkəməyə təqdim etməmişdir. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Tərəflər arasında balanmış xx.xx.2023-cü il tarixli nüqavilənin 6.4-cü bəndində qeyd edilmişdir ki, yuxarıda qeyd edilən hallar (fors-major) 90 gündən çox davam edərsə, tərəflər bu Müqaviləyə birtərəfli qaydada xitam verə bilərlər. Belə olan halda forsmajor hallardan əvvəl yaranmış borclar istisna olmaqla, tərəflərdən heç biri ziyanın ödənilməsinə dair digər tərəfə qarşı iddia ilə çıxış edə bilməz. Bununla bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin müqavilənin standart şərtlərinin etibarsızlığını müəyyən edən 420-ci maddəsinin məzmununa uyğun olaraq, təklif etmiş tərəfin və ya onun təmsilçisinin kobud ehtiyatsızlığı üzündən tələbin pozulması nəticəsində vurulan zərər üçün məsuliyyəti (ehtiyatsızlıq üçün məsuliyyəti) istisna edən və ya məhdudlaşdıran müddəalar, eləcə də təklif etmiş tərəfin əsas öhdəliyi pozduğu halda müqavilənin digər tərəfinin müqavilədən imtina etmək hüququnu məhdudlaşdıran və ya onu bu hüquqdan məhrum edən və ya müqavilənin digər tərəfini icra etməmə nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan məhrum edən və ya 420.3.6-cı maddəyə zidd olaraq onun bu hüququnu məhdudlaşdıran (əsas öhdəliyinin icrası tələbinin pozulması) müddəalar etibarsız sayılır (420.3.6 və 420.3.7-ci maddələr). Göründüyü kimi, müqavilənin “Belə olan halda fors-major hallardan əvvəl yaranmış borclar istisna olmaqla, tərəflərdən heç biri ziyanın ödənilməsinə dair digər tərəfə qarşı iddia ilə çıxış edə bilməz” müddəası etibarsız müddəa olmaqla, iddiaçının maddi və mənəvi zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdıra bilməz. Müqavilənin ləğvi institutu ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Göründüyü kimi, digər tərəf müqavilədən irəli gələn öhdəliklərini icra etmədikdə müqavilənin tərəfi müqavilədən birtərəfli qaydada imtina etməklə müqaviləyə xitam verə bilər və bu halda müqavilə Mülki Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq ləğv edilmiş hesab olunur. Bu zaman əsas aydınlaşdırılmalı olan hal isə cavabdeh tərəfindən öz öhdəliyinin qanunauyğun şəkildə icra edilib-edilməməsinin müəyyənləşdirilməsidir. Hazırki iş üzrə isə müqavilənin bağlanmasından 1 ilə yaxın müddət keçməsinə baxmayaraq müqavilə öhdəlikləri cavabdeh tərəfindən icra edilməmiş və iddiaçı həmin müqavilənin icrasına artıq marağını itirmişdir. İddiaçının mülki qanunvericilik müddəalarına və tərəflər arasında bağlanmış müqavilənin 6.4-cü bəndinə uyğun olaraq müqaviləyə birtərəfli qaydada xitam vermək və ödədiyi pulun geri qaytarılmasını tələb etmək hüququ yaranmışdır. İş materiallarından göründüyü kimi, müqavilə MMC ilə bağlanmış, müqavilə üzrə pul isə hər iki tərəfin izahatına və təqdim edilmiş ödəniş qəbzinə əsasən Cavabdeh2 kart hesabına köçürülmüşdür. Bu səbəbdən iddia hər iki cavabdehə münasibətdə təmin edilməlidir. Beləliklə, cavabdehlər xidmət göstərilməsi ilə bağlı öhdəliyini lazımınca, ağlabatan müddət ərzində icra etməməklə və yuxarıda qeyd olunan qanunvericilik normalarını əhəmiyyətli dərəcədə pozmuş, bunun nəticəsində iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuş, eləcə də istehlakçıya müqavilə şərtlərinə uyğun xidmət göstərilməməsinə səbəb olmuşdur. Bu hallar isə iddiaçıya “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 9-cu maddəsinə və mülki qanunvericilik normalarına uyğun olaraq müqavilədən imtina etmək və itkilərin ödənilməsini tələb etmək hüququ vermişdir. İddiaçının mənəvi ziyana görə 1000 manat məbləğində pulun ödənilməsi tələbi ilə bağlı aşağıdakılar qeyd olunmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli Qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə uyğun olaraq, mənəvi təzminat hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Bundan əlavə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafıq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmçinin İnsan hüquqları üzrə Avropa Məhkəməsinin mənəvi ziyanın məbləği ilə bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın məbləğinin müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm zərərçəkən şəxsin şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hissələrini, stressləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi “Koinq Almaniyaya qarşı” işdə ərizəçiyə “mənəvi narahatlıq yetirilməsinə”, “Artiko İtaliyaya qarşı” işdə “tənhalıq və kimsəsizlik hisslərinə”, “Younq, Camesə qarşı” işdə “alçaldıcı və təhqiredici hərəkətlərə” görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Göründüyü kimi, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2002-ci il 31 may tarixli Qərarı). Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq hesab edir ki, iddiaçının işlə təmin edilməyə, qazanc əldə etməyə ümid etməsi və müqavilənin icrasının həyata keçirilməməsi nəticəsində müəyyən mənəvi iztirablar keçirməsi şübhəsizdir və o, bu hadisə, habelə ondan sonrakı proseslər zamanı keçirdiyi stres və əziyyətlərlə bağlı olaraq ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin nəticəsində iddiaçının keçirdiyi mənəvi iztirabın xarakteri və dərəcəsini, zərərvuran şəxsin təqsirini (qəsd və yaxud ehtiyatsızlıq), həmin müddət ərzində işdən məhrum olmasını, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq iddiaçıya dəymiş mənəvi zərərin məbləğinin 300 manat müəyyən edilməsini ağlabatan və ədalətli hesab edir. Bu baxımdan mənəvi zərərin ödənilməsi ilə bağlı iddia qalan hissədə təmin edilməməlidir. İddiaçının götürdüyü 3000 manat pula görə faizlər ödəməsi dəlili ilə bağlı isə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən həmin halı təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli xidmət müqaviləsi üzrə ödənilmiş 3000 manat, iddiaçıya dəymiş mənəvi zərərə görə 300 manat olmaqla, cəmi 3300 manat məbləğində pul cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli xidmət müqaviləsi üzrə ödənilmiş 3000 manat, iddiaçıya vurulmuş mənəvi zərərə görə 300 manat olmaqla, cəmi 3300 (üç min üç yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəfə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-2635/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2635/2024
26.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver