Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2644/2022 08.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızı, İddiaçı Cavabdehnə qarşı “Sərəncamın qismən ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ İddiaçı X2 cavabdeh Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı “xx.xx.2019-cu il tarixli 161 saylı Sərəncamın qismən ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-2644/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı “xx.xx.2019-cu il tarixli sərəncamın qismən ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılması qərara alınmışdır. İddiaçı tərəfində qərardaddan verilmiş şikayət Nərimanov Rayon Məhkəməsinin eyni saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-5564/2022 saylı Qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 22(005)-2644/2022 saylı qərardadı ləğv edilmiş, iddia ərizəsinin aidiyyət qaydalarına uyğunluğu yoxlanılması və ərizənin icraata qəbulunun mümkünlüyünə yenidən baxılması üçün iş materialları Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iddia ərizəsini mülki işin materialları ilə birlikdə nəzərdən keçirib, hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı Mövlamov X1 Rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli, 161 saylı Sərəncamının 2(005)-25/2022 saylı mülki iş üzrə yekun məhkəmə aktı elan edilənədək ünvan 1 ünvanına münasibətdə hüquqi qüvvəsinin dayandırılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə, iddia ərizəsindən görünür ki, iddiaçı icra orqanının sərəncamının ləğvini tələb edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları; Azərbaycan Respublikası rayon və şəhər icra hakimiyyəti orqanlarının da inzibati orqan olduğu təsbit edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2- ci msddəsində göstərilmişdir ki, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) və s. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Qərarında qeyd edilir: İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İlk növbədə qeyd olunmalıdır ki, məhkəmə və ərazi aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biridir və qanunla dəqiq müəyyən edilmişdir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə və hansı məhkəmə icraatı qaydasında baxılmasına dair qeyri-müəyyənlik yaranmış olur. Belə qeyri-müəyyənlik isə işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yaradır, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edir. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. İddia ərizəsindən görünür ki, iddia mübahisələndirmə haqqında iddiadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia). İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Göründüyü kimi Qanunvericiliyin ərazi aidiyyətinin müəyyənləşdirilməsində başlıca məqsədi şəxslərin məhkəməyə əlçatanlığının, işlərə ağlabatan müddətdə baxılmasının, prosessual qənaət prinsipinin, ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsidir. Yuxarıda göstərilən qanunvericilik aktlarının tələblərindən göründüyü kimi, inzibati orqanların qəbul etdiyi aktın mübahisələndirilməsi ( dəyişdirilməsi və ya ləğv edilməsi) barədə iddialara inzibati məhkəmələrdə baxılmalıdır. Prossesual normanının tələbindən müəyyən olunur ki, inzibati orqana qarşı şəxsin hüquq və vəzifələri ilə bağlı qəbul edilmiş inzibati aktın mübahisələndirilməsi haqqında iddia tələblərinə inzibati məhkəmələr tərəfindən baxılmalıdır. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, hakim ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli, 10 №-li Qərarında qeyd edilir ki, mülki və ya kommersiya məhkəməsinə verilmiş iddia ərizəsinin inzibati məhkəməyə aid olması qənaətinə gəldikdə, məhkəmələr həmin işləri aidiyyətin müəyyənləşdirilməsi üçün Ali Məhkəməyə göndərməməli, MPM-in 153.2.1-ci və ya 261.0.1-ci maddələrində nəzərdə tutulmuş qərardadlardan birini qəbul etməlidirlər. İstinad olunan prosessual qanunvericiliyin tələblərinə əsasən ümumi məhkəmələr tərəfindən baxılmalı olmayan ərizələrin qəbul edilməsindən imtina edilməli olduğundan hesab edirəm ki, iddia ərizəsi iddianın yolverilməzliyi əsası ilə qəbul edilməkdən imtina edilməli və iddiaçıya inzibati aktın mübahisləndirilməsinə dair iddia ərizəsi ilə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Belə ki, məhkəmə aidiyyəti qaydalarının pozulması son nəticədə Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində göstərilən “hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ”nun təminatını pozmuş olur. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 31, 153-cü, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinə qarşı “xx.xx.2019cu il tarixli 161 saylı Sərəncamın qismən ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçıya hazırkı iddia tələbi ilə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah olunur. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-2644/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2644/2022
08.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver