Məhkəmə qərarları › İş №2(005)-2650/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2650/2021

16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2650/2021 16.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X2, Cavabdeh nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1057,30 (bir min əlli yeddi manat 30 qəpik) əsas borc, 500 (beş yüz) manat hüquqi yardım xərci və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat pulun İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Hüquq" Mənzil Tikinti Kooperativi Azərbaycan Respublikasının qanunvericiliyi əsasında yaradılmış və fəaliyyət göstərən hüquqi şəxsdir. "xxxx" MTK tərəfindən buraxılmış MS seriyalı 000320 nömrəli və Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində 22.02.2007-ci il tarixində 08/5-008 nömrəli dövlət qeydiyyatına laınmış mənzil sertifikatı əsasında Bakı şəhəri, Xətai prospekti 38 ünvanında yerləşən 307 nömrəli mənzil 12.04.2011-ci il tarixdən cavabdehin adına rəsmiləşdirilmişdir və cavabdeh həmin tarixdən kooperativin üzvlüyünə qəbul edilmişdir. “Hüquq" Mənzil Tikinti Kooperativi ilə İddiaçı MMC arasında bağlanan müqaviləyə əsasən kommunal xidmətlər o cümlədən: giriş-çıxışa və əraziyə nəzarəti həyata keçirilməsi; ümumi istifadədə olan sahələrin, həyətin təmizlənməsi; liftlərə xidmət göstərilməsi, saz vəziyyətdə saxlanılması, təmiri və elektrik enerjisi ilə təmin olunması; məişət tullantılarının müəyyən olunmuş yerdən daşınması; cari təmir işlərinin həyata keçirilməsi; suyun anbardan nasoslar vasitəsilə mənzilə verilməsi; blokların, pilləkənlərin, həyətlərin işıqlandırılması işləri İddiaçı MMC tərəfindən həyata keçirilir. Kommunal xidmətin haqqı mənzilin ümumi sahəsinin hər kv.m üçün 30 qəpik məbləğində müəyyən olunmuşdur. Lakin Cavabdeh tərəfindən həmin mənzilə görə 12.04.2011-ci il tarixdən 01.04.2021-ci il tarixədək mövcud olan 4962,30 (dörd min doqquz yüz altmış iki manat 30 qəpik) manat kommunal borcdan cəmi 3905 (üç min doqquz yüz beş) manatı ödənilmiş, qalan 1057,30 (bir min əlli yeddi manat 30 qəpik) manatı ödənilməmiş qalmışdır. Belə ki, Cavabdeh kommunal xidmət haqqı borcu 1057,30 (bir min əlli yeddi manat 30 qəpik) təşkil edir. Borcun ödənilməsi üçün cavabdehə şifahi və yazılı formada müraciətlər olunsa da, cavabdeh borcu ödəməkdən imtina etmiş və kommunal borcunu ödəməmişdir. Eyni zamanda Cavabdeh 20.05.2021-ci il tarixdə məhkəməyə dəftərxana vasitəsi ilə etiraz təqdim edərək iddia ərizəsinin tam rədd edilməsini və qanunsuz fəaliyyət göstərən İddiaçı MMC-nin fəaliyyətinin dayandırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2650/2021 saylı, 21 may 2021ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” sadələşdirilmiş icraat üzrə iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X5 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 16.04.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.1954-cü il tarixdə Ağstafa rayonunda anadan olmuş və ünvan 2 ünvanında qeydiyyatdadır. 22.04.2021-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Kommunal xidmət haqqı borcu ilə bağlı cədvəldən görünür ki, Cavabdeh qrafik üzrə aylı ödəniş 41,70 (qırx bir manat 70 qəpik) manat olmaqla müəyyən edilmişdir. Cavabdehin kommunal xidmət haqqına görə borc məbləği 1057,30 (bir min əlli yeddi manat 30 qəpik) manat müəyyən edilmişdir. Qeydiyyat vərəqəsindən görünür ki, İddiaçı 29.02.2008-ci il tarixdə qeydiyyata alınmış və hüquqi ünvanı İmişli rayonu, İmişli şəhəri, ünvan 3erativi ilə icraçı İddiaçı arasında 01 may 2008-ci il tarixdə imzalanmış müqavilənin 1.1-ci bəndindən görünür ki, “sifarişçi” sifariş verir, “icraçı” isə əlavə muzd almadan “sifarişçi” yə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 38 ünvanında yüksəkmərtəbəli yaşayış binasının sakinlərinə kommunal xidmətlərin göstərilməsi hüququnu və “sifairşçi” nin adından onu məhkəmələrdə və dövlət orqanlarında təmsil etmək, onun adından məktublar yazmaq və müraciətlər etmək, qəbul etmək və göndərmək hüququnu “icraçı”ya verir, “icraçı” isə öz növbəsində həmin sakinlərə kommunal xidmətlər göstərməyi və haqqını həmin sakinlərdən almağı öhdəsinə götürmüşdür. Sifarişçi "xxxx" Mənzil-Tikinti Kooperativi ilə icraçı İddiaçı arasında 01 may 2012-ci il tarixdə imzalanmış müqavilənin 1.1-ci bəndindən görünür ki, “sifarişçi” sifariş verir, “icraçı” isə əlavə muzd almadan “sifarişçi” yə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 38 ünvanında yüksəkmərtəbəli yaşayış binasının sakinlərinə kommunal xidmətlərin göstərilməsi hüququnu və “sifairşçi” nin adından onu məhkəmələrdə və dövlət orqanlarında təmsil etmək, onun adından məktublar yazmaq və müraciətlər etmək, qəbul etmək və göndərmək hüququnu “icraçı”ya verir, “icraçı” isə öz növbəsində həmin sakinlərə kommunal xidmətlər göstərməyi və haqqını həmin sakinlərdən almağı öhdəsinə götürmüşdür. Sifarişçi "xxxx" Mənzil-Tikinti Kooperativi ilə icraçı İddiaçı arasında 01 may 2017-ci il tarixdə imzalanmış müqavilənin 1.1-ci bəndindən görünür ki, “sifarişçi” sifariş verir, “icraçı” isə əlavə muzd almadan “sifarişçi” yə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 38 ünvanında yüksəkmərtəbəli yaşayış binasının sakinlərinə kommunal xidmətlərin göstərilməsi hüququnu və “sifairşçi” nin adından onu məhkəmələrdə və dövlət orqanlarında təmsil etmək, onun adından məktublar yazmaq və müraciətlər etmək, qəbul etmək və göndərmək hüququnu “icraçı”ya verir, “icraçı” isə öz növbəsində həmin sakinlərə kommunal xidmətlər göstərməyi və haqqını həmin sakinlərdən almağı öhdəsinə götürmüşdür. "xxxx" Mənzil-Tikinti Kooperativi üzvlərinin (müvəkkillərinin) ümumi yığıncağının 28.04.2008-ci il tarixli protokolundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında inşa olunmuş yüksəkmərtəbəli yaşayış binasının sakinlərinə mənzil-kommunal xidmətlərin göstərilməsi üçün müvafiq xidmətlər göstərilən təşkilatla müqavilə bağlanması və bina sakinlərinə göstərilən mənzil-kommunal xidmətlərinə görə mənzilin hər m2 üçün 0,30-0,50 manatın yığılması nəzərdə tutulmuşdur. İddiaçı 11.01.2021-ci il tarixli kassa mədaxil qəbzindən görünür ki, Cavabdeh 37 (otuz yeddi) manat məbləğində kommunal xərc üçün ödəniş etmişdir. İddiaçı 09.03.2021-ci il tarixli kassa mədaxil qəbzindən görünür ki, Cavabdeh 36 (otuz altı) manat məbləğində kommunal xərc üçün ödəniş etmişdir. İddiaçı 08.05.2021-ci il tarixli 108 nömrəli məhkəmə sorğusuna cavab məktubundan görünür ki, Cavabdeh tərəfindən "xxxx" MTK-ya pay haqqı ödənilməklə onunla 12.04.2011-ci ildə müqavilə bağlanılmış, o, kooperativə üzv qəbul edilmişdir. İlahə Qarayevanın yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvandakı çoxmənzilli yaşayış binasının blok C2 üzrə aşağıdakı qonşu sakinlər ilə və bina üzrə digər 156 nəfərlə kommunal xidmətlərlə bağlı müqavilələr bağlanılmışdır. "xxxx" Mənzil Tikinti Kooperativi ilə payçı X1 arasında imzalanmış C/139-13 nömrəli 15 may 2006-cı il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən Bakı Şəhər İcra Hakimiyyətinin 117 saylı 15.03.2003-cü il tarixli sərəncamına əsasən "xxxx" MTK tərəfindən Xəta prospekti 38 ünvanında 18 mərtəbəli yaşayış binalarının tikintisi layihələndirilmişdir. Həmin tikinti "xxxx" MTK üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına həyata keçirilir. Buna əsasən Xətai prospekti 38 ünvanında 18 mərtəbəli yaşayış binalarının C blokunun tikintisi başa çatdıqdan sonra həmin blokun 13 mərtəbəsində yerləşən və ümumi sahəsi 139 m2 təşkil edən yaşayış sahəsini “kooperativ” “payçı” ya (sahənin tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, “payçı” isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürürlər. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 120.5-ci maddəsinə görə tikilməkdə olan çoxmənzilli binalarda yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət hüquqları məxsus olacaq (hüquqlarını əldə edəcək) şəxslər bu fəslin müddəalarına uyğun olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətini yaratmaq hüququna malikdirlər. Həmin Məcəllənin 122.3-cü maddəsinə görə çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Həmin Məcəllənin 140.1-ci maddəsinə görə çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. Həmin Məcəllənin 140.3-cü maddəsinə görə əgər çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncaqda yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul etməzlərsə, bu miqdar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Həmin Məcəllənin 141.3-cü maddəsinə görə çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir. Həmin Məcəllənin 142.4-cü maddəsinə görə çoxmənzilli binanın idarə edilməsi müqaviləsində binanın bütün mülkiyyətçiləri (kirayəçiləri, istifadəçiləri) üçün eyni şərtlər müəyyən edilir və mülkiyyətçilər (kirayəçilər, istifadəçilər) tərəfindən ödənilən haqqın miqdarı yalnız yaşayış sahəsinin ölçüsünə mütənasib olan ümumi əmlakın saxlanmasına çəkilən xərclərdəki iştirakdan və faktiki istifadə edilmiş kommunal xidmətlərin miqdarından asılı olaraq fərqlənə bilər. Həmin Məcəllənin 142.10-cü maddəsinə görə idarəedici təşkilat çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin şərtlərini yerinə yetirmədikdə, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən birtərəfli qaydada bu müqavilənin icrasından imtina edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" Mənzil Tikinti Kooperativi ilə Cavabdeh arasında 307 nömrəli mənzilin alqı-satqısına dair müqavilə bağlanmışdır. Cavabdehin 12.04.2011-ci il tarixdən 01.04.2021-ci il tarixdədək mövcud olan kommunal xidmət haqqı üzrə borcu 1057,30 (bir min əlli yeddi manat 30 qəpik) manat təşkil edir. Məhkəmə hesab edir ki, qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən, İddiaçı tərəfindən 1057,30 (bir min əlli yeddi manat 30 qəpik) manat məbləğində əsas borc, 500 (beş yüz) manat hüquqi yardım xərci və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məblğində pul vəsaiti Cavabdeh tələb edilir və qeyd edilən məbləğ məhkəmə araşdırması zamanı sübutlarla əksini taparaq müəyyən olunduğundan 1057,30 manat məbləğində pul vəsaitini cavabdeh şəxs iddiaçıya ödəməlidir. 500 manat hüquqi yardım hissəsi ilə bağlı iddiaçı tərəf məhkəməyə mötəbər sübut təqdim etmədiyindən iddia ərizəsi bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdeh şəxsə aid edilərək, iddiaçı şəxsin xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1057,30 (bir min əlli yeddi manat 30 qəpik) manat məbləğində kommunal ödənişlərə görə pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar