Məhkəmə qərarları › İş №2(005)-2651/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2651/2020

02.11.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2651/2020 02.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi ilə, Məmmədova Nigar Ülfət qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinədair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinədair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər xx xxxxxxxx 2006-cı il tarixdə faktiki nikaha daxil olmuş, xx xxxxxx 2007-ci il tarixdə isə Zəngilan rayon Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan xx xxxxxxx 2007-ci il təvəllüdlü X9 və xx xxxx 2010-cu il təvəllüdlü X10 qızı anadan olmuşdur. Cavabdehlə ailə qurduqdan sonra cavabdehin yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Keşlə Yük həyəti, 1 saylı evin 1 saylı mənzilinə gəlin köçmüşdür. Gəlin köçüb yaşadığı mənzil yataqxanada yerləşir. Yataqxanada əsasən məcburi köçkünlər və "xxxxxxxxxxxxxxxxxxxxxxxx" QSC-nin işçiləri yaşayırlar. Mənzildə o, uşaqları və cavabdeh birlikdə yaşamışdır. Qızı anadan olduqdan sonra cavabdehin ona və uşaqlarına olan münasibəti dəyişməyə başlamışdır. Heç bir ailə ortamı qalmamışdır. xx xxxxx 2020-ci il tarixdə uşaqları ilə birlikdə evdə olarkən İlham bibisi Xuramanla birlikdə evə gələrək onları söyüb təhqir etmişdir. Xuraman İlhamı evləndirəcəyini, evin onlara məcburi köçkün kimi verildiyini, iddiaçının orada yaşamağa hüququnun olmadığını bildirmişdir. İlhamın və Xuramanın qanunsuz hərəkətləri barədə X7 102 xidmətinə məlumat verilmişdir. Məcburiyyət qarşısında qalıb uşaqları ilə birlikdə yaxınlıqda kirayə ev tutub yaşamağa başlamışdır. Bakı şəhərində koronavirus infeksiyasının yayılması təhlükəsi ilə əlaqədar bir sıra iş yerləri bağlandığından, onun da işləyib kirayə qalmağı mümkünsüz olmuşdur. Cavabdeh mənzilin qapısının kilidini dəyişdiyi üçün mənzilə daxil ola bilmir. İlham şərt qoyur ki, ondan aliment tələb etməsin, yoxsa onu evə buraxmayaqcaqdır. Qonşuların verdiyi məlumata əsasən, İlham ona məxsus əşyaların bir hissəsini başqa yerə aparmışdır. Zəngilan Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(034)- 356/2019 saylı qətnaməsi ilə tərəflər arasında xx xxxxxx 2007-ci il tarixdə Zəngilan rayon VVADQ şöbəsində bağlanmış nikah pozulmuş və xx xxxxxxx 2007-ci il təvəllüdlü X9 və xx xxxx 2010-cu il təvəllüdlü X1 onun himayəsində saxlanılması və Cavabdeh hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İddiaçı yetkinlik yaşına çatmayan uşaqları xx xxxxxxx 2007-ci il təvəllüdlü X9 və xx xxxx 2010-cu il təvəllüdlü X3 ilə birlikdə ünvan 1 ünvanına köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. İş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(034)- 356/2019 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, iddia Qasımova (Ağaverdiyeva) Gülnar Mövluddin qızı ilə cavabdeh X8 arasında 04 12.2007-ci il tarixdə Zəngilan rayon VVADQ şöbəsində bağlanmış nikah pozulmuş və akt qeydləri kitabındakı 241 saylı nikah qeydi ləğv edilmiş, xx.xx.2007-ci il təvəllüdlü X9 və xx.xx.2010-cu il təvəllüdlü X3 anası İddiaçı himayəsində saxlanılmış, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmuşdur. İş materiallarında olan Zəngilan Rayon VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X9 xx.xx.2007-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh , anası İddiaçıdır. İş materiallarında olan Zəngilan Rayon VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X4 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan 116 saylı MKİS tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, Zəngilan rayon köçkünü Cavabdeh 4 nəfər ailə tərkibi ilə göstərilən ünvanda müvəqqəti məskunlaşmışdır. OğluX9, qızıX4, qardaşı X6, bina Bakı Şəhər İcra Hakimiyyətinə məxsusdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.1-ci maddəsinə görə, xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 91.1.1. xidməti yaşayış sahələri; 91.1.2. yataqxanalarda yaşayış sahələri; 91.1.3. manevr fondu yaşayış sahələri; 91.1.4. əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri; 91.1.5. məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 91.1.6. qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 91.1.7. ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri. 91.2. Xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. 91.3. Xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Həmin Məcəllənin 92-ci maddəsinə görə, xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Həmin Məcəllənin 93.1-ci maddəsinə görə, yataqxanalarda yaşayış sahələri vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün nəzərdə tutulur. 93.2. Yataqxanalar bu məqsədlər üçün xüsusi olaraq inşa edilmiş və yenidən təchiz edilmiş binalar və ya onların hissələrində yerləşir. 93.3. Yataqxanalarda yaşayış sahələri mebel ilə və vətəndaşların orada yaşaması üçün zəruri olan digər əşyalarla təmin edilir. Həmin Məcəllənin 99.1-ci maddəsinə görə, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. 99.2. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. 99.3. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. 99.4. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. 99.5. Kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. 99.6. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. 99.7. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi yazılı formada bağlanılır. 99.8. Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 100.1-ci maddəsinə görə, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi tərəflərin razılaşması ilə istənilən vaxt ləğv edilə bilər. 100.2. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi istənilən vaxt xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsini ləğv edilə bilər. 100.3. Kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Məhkəmə qeyd edir ki, mübahisəli mənzil yataqxana olmaqla cavabdehə müvəqqəti məskunlaşmaq üçün verilmişdir. Göründüyü kimi, mübahisəli yaşayış sahəsi cavabdehə yox, dövlətə məxsusdur. Yataqxanada yaşayış sahəsi xüsusi təyinatlı yaşayış sahəsidir və cavabdeh həmin yaşayış sahəsi ilə bağlı sərəncam verə bilməz. İddiaçı cavabdehin keçmiş arvadı olduğuna görə hal-hazırda onun ailə üzvü deyil. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinədair iddia ərizəsi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119-cu maddəsinə əsaslanaraq, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidirş Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinədair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar