Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2664/2023 31.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı mülki iş üzrə (açar sözlər: müavinətin ödənilməsi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sağlamlığa vurulmuş zərərlə bağlı pul vəsaitinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sağlamlığa vurulmuş zərərlə bağlı pul vəsaitinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Akkord STİK” ASC-da istehsalat qəzası nəticəsində əmək xəsarəti almağı ilə əlaqədar ona ödənilməli olan aylıq ödənclərin ödənilməsini dayandırılmasmın qanunsuz sayılması, istehsalat qəzası nəticəsində əmək xəsarəti almağı ilə əlaqədar ona 01 fevral 2021-ci il tarixdən məbləği 731 manatdan aşağı olmamaqla aylıq ödənclərin hesablanaraq ödənilməsi, 01 fevral 2021-ci il tarixdən ödənilməmiş müavinatın birdəfəlik ödəniş şəklində ona ödənilməsi, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödədiyi 50 manat pul vəsaitinin ona ödənilməsi öhdəliyinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2012-ci ildə "xxxx" ASC cəmiyyətində yerdələn svay makinasına maşinist-operator vəzifəsinə işə götürülmüşdür. Məhkəmənin nəzərinə çatdırır ki, xx.xx.2015-ci ildə "xxxx" ASC cəmiyyətinin Zığ-Aeroport yolunun 11-ci km-də yerləşən qarajda iş qəzası keçirmişdir. Bədbəxt hadisənin səbəbləri, yükləmə boşaltma və yüklərin daşınması işlərində təhlükəsizlik texnikası üzrə tələblərə əməl edilməməsidir. Bu bədbəxt hadisə ilə bağlı işlədiyi "xxxx" ASC cəmiyyətindən 731 AZN məbləğində müavinat alırdı. xx.xx.2016-ci il tarixində Azərbaycan Respublikası Əmək və Sosial Müdafiə Nazirliyi yanında Tibbi-Sosial ekspert komisiyası tərəfindən ilkin müayinə keçirilmiş əmək qabiliyyətini 50 faiz itirilməsi diaqnozu qoyulmaqla 3-cü dərəcə əlillik qrupu verilmişdir. Bununla bağlı 257 AZN təqaüd alırdı. Akkord STİK ASC-da əmək haqqı 1473 AZN təşkil edirdi. xx.xx.2021-ci ildə təkrar müayinə vaxtı bilinməyən səbəbdən Tibbi-sosial ekspert agentliyi təqaüdünü ləgv etmişdir. Halbuki, 7 saylı şəhər poliklinikasının Elmi-Tədqiqat Travmatalogiya və Ortopediya institunun göndərdiyi ekspert rəyinə görə (TSEK-ə göndərişə əsas müayinə vərəqəsi) göndərmişdir. TSEK-ə göndərişə əsas müayinə vərəqəsi onun əlil olduğunu sübut edirdi. Tibbi-sosial ekspert agentliyi təqüdünü ləğv etdiyi üçün Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati məhkəmənin 14 oktyabr 2021-ci il 2-1(112)-7592/2021 ilə əliliyinin bərpa olunması haqqında qərar çıxartmışdır. Sonradan Baki Apelyasiya Məhkəməsi xx.xx.2022-ci il 2- 1(103)-625/2022 və Azərbaycan Respublikasi Ali Məhkəməsinin İnzibati Kollegiyasi xx.xx.2022-ci il 2-1(102)-1053/2022 qərarı ilə Bakı İnzibati Məhkəməsinin qərarını qüvvədə saxlamışdır. Azərbaycan Respublikasi Tibbi-Sosial Ekspert agentliyi əlilliyini xx.xx.2021-ci ildən bərpa etdi və xx.xx.2021-ci ildən əmək pensiyasını ödəməyə başladı. 5 saylı DOST xidmətindən əlillik haqqında arayış alıb "xxxx" ASC-yə təqdim etməyinə baxmayaraq "xxxx" ASC müavinətini ödəməyəcəyini və hara istəyirsən şikayət et demişdirlər. Əvvəl Bakı şəhəri X5 şikayət etmişdir. Onlardan "xxxx" ASC-dən ona aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunun 7.9-cu maddəsinə müvafiq olaraq təqdim edilməsi xahiş olunmuş, lakin tələb olunan sənədlərin təqdim olunmamasi müəssisə tərəfindən təmin edilmədiyindən müraciətinin araşdırılması başa çatdırılması mümkün olmamışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Akkord STİK ASC (oktyabr ayı da daxil olmaqla) 24123 manat və mediasiya xidmətinə çəkdiyi 50 manat xərcin ödənilməsini xahiş etmişdir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək əlavə olaraq bildirdi ki, 2016-cı ilin yanvar ayından 2021-ci ilin fevral ayına kimi cavabdeh ona ayda məvacibinin 50%-i olmaqla 731 manat ödəniş etmişdir. Aylıq məvacibi 1463 manat idi. TSEK-in verdiyi akta əsasən eyni qaydada ödəniş olunmalıdır. Bu da ayda 731,5 manat olmaqla, 01 fevral 2021-ci ilidən 01 mart 2026-cı il tarixə kimi 43860 manat təşkil edir. Bu günə kimi – oktyabr ayı da daxil olmaqla ona 24123 manat ödəniş edilməli idi. Qeyd olunan pul məbləği cavabdeh tərəfindən ona ödənilmir, əlilliyin bərpa olunması barədə sənəd vardır, lakin yenə də pul ödənilmir. Bu səbəbdən iddianı müdafiə edir və onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh xx.xx.2023-cü il tarixdə iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı Akkordun işçisi olmuş, 01 aprel 2015-ci il tarixdə istehsalatda bədbəxt hadisə nəticəsində xəsarət almış, ona xx.xx.2016-cı il tarixdə Dövlət Tibbi-Sosial ekspertiza və Reabilitasiya Xidmətinin 2 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən dirsək oynağının funksional pozulması, yaxud saidin tam supinasiya və ya pronasiya halında qalması, askiloza və ya kontrakturası, hərəkət həcminin müəyyən dərəcədə pozulması diaqnozu qoyulmaqla 3-cü dərəcəli əlillik verilmiş və növbəti müayinə tarixi xx.xx.2021-ci il müəyyən edilmişdir. Akkord xx.xx.2016-cı tarixindən etibarən İddiaçı xx.xx.2021-ci il tarixinədək əmək qabiliyyətini 50 % itirdiyinə görə əmək haqqının 50 % həddində ödənc ödəmişdir. Növbəti müayinə zamanı xx.xx.2021-ci il tarixdə İddiaçı əlilliyi ləğv olunmuşdur. Daha sonra İddiaçı əlilliyinin bərpası ilə əlaqədar məhkəməyə müraciət etmiş və məhkəmə qərarı ilə əlilliyin təyin edilməsi vəzifəsi Dövlət Tibbi-Sosial ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuş və xx.xx.2022-ci il tarixdə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən ona üzvi mənşəli şəxsiyyət pozuntusu, Baş-beyin travmatik xəstəliyin nəticəsində kəskin ifadə olunmuş şəxsiyyət pozuntusu diaqnozu qoyularaq 3-cü dərəcəli əlillik verilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli əlilliyi barədə arayışı Akkorda təqdim etmiş, Akkord həmin arayışda ona başqa diaqnozla (üzvi mənşəli şəxsiyyət pozuntusu, Baş-beyin travmatik xəstəliyin nəticəsində kəskin ifadə olunmuş şəxsiyyət pozuntusu diaqnozu) əlillik verildiyini müəyyən etmiş və diaqnozlardakı uyğunsuzluğa aydınlıq gətirilməsi məqsədilə 14 fevral 2023-cü il tarixli, 03-01/60 nömrəli məktubla Dövlət Tibbi-Sosial ekspertiza və Reabilitasiya Agentliyinə müraciət ünvanlamış, lakin Dövlət Tibbi-Sosial ekspertiza və Reabilitasiya Agentliyi xx.xx.2023-cü il tarixli, 3-17- 4/2- 9896/2023 nömrəli cavab məktubunda şəxsin razılığı olmadan həmin şəxsə dair məlumatın, habelə həkim sirri təşkil edən məlumatın verilməsinin mümkün olmadığını qeyd edərək bu uyğunsuzluğa aydınlıq gətirməmişdir. İddiaçı istehsalatda xəsarət alması ilə əlaqədar Akkord tərəfindən xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixinədək ödənc verilmiş, növbəti müayinə zamanı, ona əlillik təyin olunarkən qoyulmuş diaqnozla əvvəllki diaqnozu arasında uyğunsuzluq olduğundan və Akkord tərəfindən bu uyğunsuzluğa aydınlıq gətirilməsi mümkün olmadığından ona ödəncin verilməsi diaqnozlardakı uyğunsuzluğa aydınlıq gətirilənədək müvəqqəti olaraq dayandırılmışdır. İddiaçı məhkəmə baxışı zamanı özü də etiraf etmişdir ki, Dövlət Tibbi-Sosial ekspertiza və Reabilitasiya Agentliyi texniki səhvə yol vermiş, onun diaqnozu səhv yazılmışdır. İddiaçı müraciəti əsasında təkrar o Dövlət Tibbi-Sosial ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən müayinədən keçirilmiş, onun diaqnozu dəqiqləşdirilmiş, diaqnozunda uyğunsuzluq aradan qaldırılmışdır ona xx.xx.2023-cü il tarixdə yeni arayış verilmişdir. İddiaçı Dövlət Tibbi- Sosial ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli yeni arayışını Akkorda təqdim etmiş və Akkord da həmin arayışı əsas götürərək 26 sentyabr 2023-cü il tarixli 35 saylı əmrlə ona 05 fevral 2021-ci il tarixdən növbəti müayinə tarixinədək (xx.xx.2026-cı il tarixinədək) hər ay aylıq əmək haqqının 50 faizi həcmində ödəncin verilməsini rəsmiləşdirmişdir. Yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, ödəncin verilməsi təmin olunduğu üçün iddia tələbi rədd edilməlidir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X7 bildirmişdir ki, iddiaçıya qarşı hər hansı bir qərəzli mövqeləri yoxdur. İddiaçı travma alıb, akt tərtib olunub və buna uyğun olaraq ödənişlər edilib. 2021-ci ildə iddiaçının əlilliyi ləğv olunub və cavabdeh də buna uyğun olaraq pulun verilməsini dayandırmışdır ki, nə vaxt bərpa olunar ondan sonra ödəniş etməyə davam edərlər. İddiaçı əlilliyini təzə bərpa edib, lakin orada baş-beyin travması ilə bağlı diaqnoz qoyulub. Əgər iddiaçının travması ayaq ilə bağlıdırsa ödənişləri davam etdirəcəkdirlər. Diaqnoz təsdiq olunduğu halda həmin məbləği ödəməyə razıdırlar. İddiaçı bildirir ki, Əmək Müfəttişliyinə müraciət edib, lakin onlar onun şikayətinə baxmayıb. Əmək Müfəttişliyi tərəfindən qərar qəbul olunub və direktor 1.500 manat əsassız olaraq cərimələnib. Həmin qərardan şikayət veriləcəkdir. Bakı İnzibati Məhkəməsinin qərarından görünür ki, vətəndaş xəsarət alıb və ona baldır sümüyünün sınığına görə üçüncü dərəcə əlillik verilib. Hesab edir ki, ekspert komissiyası iddiaçıya baxıb və başqa diaqnozla ona əlillik verilib. Həmin xəsarətlə bu diaqnoz üst-üstə düşmür. Bununla bağlı komissiyaya müraciət etmişlər, lakin tibbi sirr olduğuna görə onlara cavab verilməyib. Əgər doğurdan da üçüncü dərəcəli əlillik həmin xəsarət alması ilə bağlıdırsa, cavabdeh həmin ödənişin davam etdirilməsinə etiraz etmir. Lakin göründüyü kimi vətəndaşa başqa diaqnozla əlillik verilib. III. İşin faktiki halları: İş materiallarında olan: - Bakı İnzibati Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2-1(112)-7592/2021 saylı qərarı ilə tədqiq edilən sübutlardan görünür ki, xx.xx.2016-cı il tarixdə İddiaçı müayinəsinin nəticəsi olaraq əmək qabiliyyətinin itirilmə faizi 50% olmaqla dirsək oynağının funksional pozulması, yaxud saidin tam supinasiya və ya pronasiya halında qalması; Askilozu və ya kontrakturası; Hərəkət həcminin müəyyən dərəcədə pozulması (M21.2, M24.5-M24.6, M67.1, M99.0) diaqnozu ilə üçüncü dərəcə əlillik (dirsək oynağının funksional yararsız vəziyyətdə (60 dərəcədən az və ya 150 dərəcədən çox) olması, yaxud saidin tam supinasiyası və pronasiya halında qalması, ankilozu və ya kəskin kontrakturası (hərəkətin həcminin 10 dərəcədən artıq olmaması) (M21.2, M24.5-M24.6, M25.6, M67.1, M99.0) təyin edilmişdir və növbəti müayinə tarixi xx.xx.2021-ci il müəyyən edilmişdir (ilkin əlillik). Növbəti müayinə tarixi xx.xx.2021-ci il müəyyən edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X3 haqqında ********** saylı 19 yanvar 2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı istehsalat zədəsi səbəbindən əmək qabiliyyətini 50% itirmişdir. Ona üzvi mənşəli şəxsiyyət pozuntusu, baş-beyin travmatik xəstəliyin nəticəsində kəskin ifadə olunmuş şəxsiyyət pozuntusu diaqnozu qoyulmaqla İİİ dərəcə əlillik verilmişdir, əlilliyin müddəti 5 il, müayinə tarixi xx.xx.2022-ci il, əlilliyin təyin edilmə tarixi xx.xx.2021-ci il tarixidir. - "xxxx" ASC tərəfindən verilmiş 20 avqust 2013-cü il tarixli 0932 №-li arayışdan görünür ki, İddiaçı xx.xx.2012-ci il tarixindən bugünə kimi "xxxx" ASC-nin İnfrastruktur tikintisi departamenti Svay qazmaları bölməsində maşinist vəzifəsində çalışır. Aylıq əmək haqqı 1463 AZN (bir min dörd yüz altmış üç manat) təşkil edir. - "xxxx" ASC tərəfindən təsdiq edilmiş istehsalatda bədbəxt hadisə haqqında İZ formalı 53 №-li akta əsasən, (xx.xx.2015-ci il tarixli təhqiqat aktı) yükləmə-boşalma və yüklərin daşınması işlərində təhlükəsizlik texnikası üzrə tələblərə əməl edilməməsi nəticəsində bədbəxt hadisə baş vermiş və İddiaçı sol baldır nahiyəsindən xəsarət almışdır. - Bakı İnzibati Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2-1(112)-7592/2021 saylı qərarından görünür ki, iddia tələbi təmin edilərək, İddiaçı qiymətləndirildiyi 05 fevral 2021ci il tarixdən İİİ (üçüncü) dərəcə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-625/2022 nömrəli xx.xx.2022-ci il tarixli Qərarından görünür ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2-1(112)- 7592/2021 saylı qərarı dəyişdirilmədən saxlanılması qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1053/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 625/2022 nömrəli xx.xx.2022-ci il tarixli Qərarı dəyişdirilmədən saxlanılmışdır. - X6 Xidməti Bakı şəhər idarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-5/2-S-10773/2023 saylı məktubdan görünür ki, müraciətlə əlaqədar "xxxx" MMC-nin ünvanına 3-17-5/2-6672/2023 nömrəli 01 03 2023-cü il tarixli məktubla müraciət olunaraq ona aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında “Azərbaycan Respublikasının Qanununun 7 9-cu maddəsinə müvafiq olaraq təqdim edilməsi xahiş olunmuş, lakin tələb olunan sənədlərin təqdim olunması müəssisə tərəfindən təmin edilmədiyindən müraciətin araşdırılmasını başa çatdırmaq mümkün deyildir. Bununla yanaşı müraciət edənin nəzərinə çatdırılmışdır ki, ərizənin araşdırılmasında onun iştirakının zəruri olması və qeyd etdiyi pozuntuların dəqiqləşdirilməsi məqsədilə izahatının alınması və əmək haqqı barədə bank çıxarışının təqdim olunması ilə bağlı dəvət edilsə də, iştirak etməmişdir. Həmçinin bildirilmişdir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2024 cu il tarixədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsı mümkün olmamışdır. Eyni zamanda nəzərinə çatdırılmışdır ki, "xxxx" MMC-nin rəhbərliyi tərəfindən ona aid olan sənədlərin X6 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim olunacağı təqdirdə müracəti araşdırılaraq nəticəsi bardə cavablandırılacaqdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, barəsində sorğu ilə müraciət edilmiş şəxsin razılığı olmadan həmin şəxsə dair fərdi məlumatın, habelə həkim sirri təşkil edən məlumatın verilməsi mümkün olmadığından vətəndaşın əlillik vəziyyəti barədə məlumat verilməmişdir. - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 35 №-li əmrdən görünür ki, Korporasiyada maşinist vəzifəsində çalışmış İddiaçı 05 fevral 2021-ci il tarixdən hər ay orta aylıq əmək haqqının 50 faizi məbləğində aylıq ödənc hesablanaraq müavinətin verilməsinin bərpa edilməsi əmr edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X3 haqqında ********** saylı 26 sentyabr 2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı istehsalat zədəsi səbəbi ilə İİİ dərəcə əlillik verilmişdir, əlilliyin müddəti 5 il, müayinə tarixi xx.xx.2023-cü il, növbəti müayinə tarixi xx.xx.2026-cı il, əlilliyin təyin edilmə tarixi xx.xx.2021-ci il tarixidir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 sosial ekspert komissiyasının 27 iyul 2023-cü il tarixli qərarından görünür ki, Bakı şəhər sakini xx.xx.1973-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik təyinatina əsas verən diaqnozun əlillik aparılarkən düzgün qeyd edilməməsi səbəbindən məhkəməyə müraciət edilmiş, Məhkəmənin qərarı ilə İddiaçı müraciəti ilə bağlı İnzibati İcraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Bu səbəbdən İddiaçı əyani müayinə olunaraq məhkəmənin hüquqi mövqeyini nəzərə alınmaqla tibbi-sosial ekspertiza həyata keçirildi. Araşdırma zamanı məlum oldu ki, vətəndaşın hazırkı vəziyyəti Ümumi xəstəlik səbəbindən 5 il müddətinə üçüncü dərəcə əlillik təyinatına əsas versə də, tibb müəssisəsinin 0170003AADZ5 nömrəli göndərişində qeyd edilmiş diaqnoz mexaniki olaraq düzgün seçilməmiş və bu səbəbdən əlillik təyinatına əsas götürülən meyar düzgün qeyd edilməmişdir. Beləliklə Tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, diaqnoz düzgün qeyd edilməklə (Sol qamış sümüyünün iç topuğun ikili, oynaqdaxili və incik sümüyünün distal 1/3-nin qeyridüzgün bitişmiş sınığı, pəncənin yarımçıxığından sonrakı vəziyyət. Sol aşıq baldır oynağının travmadan sonrakı artrozu. Sol aşıq baldır oynağının açıcı-bükücü kəskin kontrakturası. Yerişin pozulması (axsama)), xx.xx.2021 tarixindən etibarən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.1 bəndinə uyğunlaşdırılaraq ümumi xəstəlik səbəbindən 5 (beş) il müddətinə üçüncü dərəcə əlillik təyinatı aparılması qərara alınmışdır. İV. Məhkəmə baxışının hədləri: Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı "xxxx" ASCnin İnfrastruktur tikintisi departamenti Svay qazmaları bölməsində maşinist vəzifəsində çalışmış, onun aylıq əmək haqqı 1463 AZN təşkil etmişdir. 01 aprel 2015-ci il tarixdə istehsalatda bədbəxt hadisə nəticəsində xəsarət almış, ona xx.xx.2016-cı il tarixdə Dövlət Tibbi-Sosial ekspertiza və Reabilitasiya Xidmətinin 2 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən əmək qabiliyyətinin itirilmə faizi 50% olmaqla dirsək oynağının funksional pozulması, yaxud saidin tam supinasiya və ya pronasiya halında qalması; Askilozu və ya kontrakturası; hərəkət həcminin müəyyən dərəcədə pozulması (M21.2, M24.5-M24.6, M67.1, M99.0) diaqnozu qoyulmaqla 3-cü dərəcəli əlillik verilmiş və növbəti müayinə tarixi xx.xx.2021-ci il müəyyən edilmişdir. Növbəti müayinə zamanı, yəni xx.xx.2021-ci il tarixdə İddiaçı əlilliyi ləğv olunmuşdur. Daha sonra İddiaçı əlilliyinin bərpası ilə əlaqədar məhkəməyə müraciət etmiş və qanuni qüvvəyə minmiş Bakı İnzibati Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2-1(112)-7592/2021 saylı qərarı ilə ona qiymətləndirildiyi 05 fevral 2021-ci il tarixdən İİİ (üçüncü) dərəcə əlilliyin təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. xx.xx.2022-ci il tarixdə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən iddiaçıya üzvi mənşəli şəxsiyyət pozuntusu, baş-beyin travmatik xəstəliyin nəticəsində kəskin ifadə olunmuş şəxsiyyət pozuntusu diaqnozu qoyularaq 3-cü dərəcəli əlillik verilmişdir. İddiaçıya əlillik təyin olunarkən qoyulmuş diaqnozla əvvəllki diaqnozu arasında uyğunsuzluq olduğundan cavabdeh tərəfindən müavinət verilməsi dayandırılmışdır. İddiaçı xx.xx.2023cü il tarixdə məhkəməyə müraciət edərək ödənilməmiş müavinətin ona ödənilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 239-cu maddəsinin 1-ci hissəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. 239-cu maddəsinin 2-ci hissəsinə əsasən işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. 239-cu maddəsinin 3-cü hissəsinə əsasən, istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1119.1-ci maddəsinə əsasən, zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. 1119.3-cü maddəsinə əsasən, zərərçəkənin orta aylıq qazancı (gəliri) onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq qazancının (gəlirinin) ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmiş olduğu halda orta aylıq qazanc (gəlir) sağlamlığın pozulmasından əvvəlki faktik işlənilmiş aylar üçün qazancın (gəlirin) ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda hesabdan çıxarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 2003-cü il tarixli 3 saylı qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, şərtləri və məbləği”nin: 1.1-ci bəndinin 3-cü abzasına əsasən işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin təhqiqat aktına əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. 2.1-ci bəndinə müvafiq olaraq istehsalatda əmək xəsarəti zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən ziyanın əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir. İş materiallarından göründüyü kimi xx.xx.2016-cı il tarixdə iddiaçıya “dirsək oynağının funksional pozulması, yaxud saidin tam supinasiya və ya pronasiya halında qalması; Askilozu və ya kontrakturası; Hərəkət həcminin müəyyən dərəcədə pozulması” diaqnozu qoyulmuş, xx.xx.2022-ci il tarixdə isə iddiaçıya fərqli “üzvi mənşəli şəxsiyyət pozuntusu, baş-beyin travmatik xəstəliyin nəticəsində kəskin ifadə olunmuş şəxsiyyət pozuntusu” diaqnozu qoyularaq 3-cü dərəcəli əlillik verilmişdir. Cavabdeh bu əsasla iddiaçıya ödənilməli aylıq ödənişləri dayandırmışdır. Məhkəmə araşdırması gedişində İddiaçı öz müraciəti əsasında təkrar Dövlət Tibbi- Sosial ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən müayinədən keçirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 sosial ekspert komissiyasının 27 iyul 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddiaçının hazırkı vəziyyəti ümumi xəstəlik səbəbindən 5 il müddətinə üçüncü dərəcə əlillik təyinatına əsas versə də, tibb müəssisəsinin 0170003AADZ5 nömrəli göndərişində qeyd edilmiş diaqnozun mexaniki olaraq düzgün seçilmədiyini və bu səbəbdən əlillik təyinatına əsas götürülən meyarın düzgün qeyd edilmədiyini bildirmişdir. Beləliklə iddiaçının diaqnozu dəqiqləşdirilmiş (sol qamış sümüyünün iç topuğun ikili, oynaqdaxili və incik sümüyünün distal 1/3-nin qeyri-düzgün bitişmiş sınığı, pəncənin yarımçıxığından sonrakı vəziyyət. Sol aşıq baldır oynağının travmadan sonrakı artrozu. Sol aşıq baldır oynağının açıcı-bükücü kəskin kontrakturası. Yerişin pozulması (axsama)), diaqnozda uyğunsuzluq aradan qaldırılmaqla xx.xx.2023-cü il tarixdə yeni arayış verilmişdir. Bundan sonra verilmiş Dövlət Tibbi-Sosial ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli yeni arayışına əsasən, cavabdeh "xxxx" ASC-nin 26 sentyabr 2023cü il tarixli 35 saylı əmrilə İddiaçı 05 fevral 2021-ci il tarixdən hər ay orta aylıq əmək haqqının 50 faizi məbləğində aylıq ödənc hesablanaraq müavinətin verilməsinin bərpa edilməsi rəsmiləşdirilmişdir. Göründüyü kimi iddiaçının əlillik barədə arayışında onun diaqnozu ilə bağlı mexaniki səhvə yol verilmiş, bu uyğunsuzluq aradan qaldırıldıqdan sonra cavabdeh tərəfindən müavinətin bərpa olunması barədə əmr tərtib olunmuşdur. Məhkəmə prosesi zamanı tərəflər arasındakı mübahisənin məhkəmədənkənar həll edilməsi və barışıq əldə olunması təklif edilməklə bu məqsədilə məhkəmə iclası təxirə salınmış, lakin iddiaçı qeyd olunan pul məbləğinin ödənilməməsi səbəbindən iddia tələbini müdafiə edərək müvafiq qərar çıxarılmasını xahiş etmişdir. Qeyd olunan ödənişlərin edilməsi barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. İş materialları əsasında müəyyən olunmuşdur ki, iddiaçı cavabdeh müəssisədə maşinist vəzifəsində işləyərkən zədə almışdır. İddiaçının xəsarət almazdan əvvəl malik olduğu aylıq əmək haqqı 1463 manat olmuşdur. Baş vermiş istehsalat qəzası nəticəsində o əmək qabiliyyətinin 50%-ni itirmişdir. Yəni iddiaçıya əmək qabiliyyətinin azalması nəticəsində dəyən ziyanın əvəzinə görə aylıq verilməli olan məbləğ 731,5 manatdır. Verilən müavinət isə 2021-ci ilin fevral ayından dayandırılmışdır. Məhkəmə qeyd edir ki, iddiaçıya 2021-ci ilin fevral ayından qətnamə çıxarıldığı xx.xx.2023-cü il tarixədək ödənilməli məbləğ 24.139,5 (33 ay x 731,5 manat) manat təşkil etsə də, İddiaçı ondan daha az olan 24123 (33 ay x 731 manat) manat miqdarda pulun ödənilməsini xahiş etdiyindən məhkəmə AR MPM-in 218.3-cü maddəsinə uyğun olaraq iddia tələbindən kənara çıxmayaraq irəli sürülmüş iddia tələbi həddində məsələyə qiymət verilməsini məqsədəmüvafiq hesab edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və iddiaçıya 2021-ci ilin fevral ayından hazırda qətnamənin qəbul edildiyi xx.xx.2023-cü il tarixədək, yəni noyabr ayınadək olan dövr üzrə 24123 manat (33 ay x 731 manat) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, idida tələbi təmin edildiyindən, iddiaçı tərəfindən mediasiya ilə bağlı ödənilmiş 50 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Beləliklə, yuxarıda göstərilən işin halları və onlara tətbiq edilmiş maddi hüquq normalarının rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" ASC-dən 2021-ci ilin fevral ayından 2023-cü ilin noyabr ayınadək hər ay 731 (yeddi yüz otuz bir) manat hesablanmaqla ümumilikdə 24123 ( iyirmi dörd min yüz iyirmi üç) manat (33 ay x 731 manat) və mediasiya xərci olaraq ödənilmiş 50 (əlli) manat pul İddiaçı xeyrinə tutulmalıdır. V. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 2021-ci ilin fevral ayından 2023-cü ilin noyabr ayınadək hər ay 731 (yeddi yüz otuz bir) manat hesablanmaqla ümumilikdə 24123 (iyirmi dörd min yüz iyirmi üç) manat (33 ay x 731 manat) və mediasiya xərci olaraq ödənilmiş 50 (əlli) manat pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-2664/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2664/2023
31.10.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver