Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2717/2020 27.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məmmədova Nigar Ülfət qızının katibliyi İddiaçı və onun vəkili X2, Cavabdeh və onun nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin və əlavə xərcin tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin və əlavə xərcin tutulması tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.2020-ci il təvəllüdlü qızları X9 dünyaya gəlmişdir. Cavabdehlə ailə münasibətləri normal olmadığı üçün nikahları pozulmadan o, faktiki olaraq ayrılıb valideynlərinin yanında yaşamağa başlamışdır. Bütün hamiləliyini və övladını valideynlərinin evində dünyaya gətirmişdir. Bütün lazımi xərcləri də valideynləri çəkib. Qeyd edir ki, cavabdeh işləyir və kifayət qədər yaxşı gəliri var. Lakin övladının saxlanmasında ona heç bir köməklik göstərmir. Dəfələrlə müraciət etsə də, bu 4 ay ərzində cavabdeh ona heç bir maddi kömək göstərməmişdir. Ümumiyyətlə övladı ilə maraqlanmır. O, isə işləmir, örpə qızına baxır. Qızının baxımı üçün lazım olan maddi vəsaiti ödəməkdə atası və anası çətinlik çəkir. Cavabdehdən qanunvericiliyə uyğun olaraq mart ayından bugünədək ödənilməmiş aliment məbləğini, hər ay mütəmadi olaraq 200 manat aliment və ona maddi köməklik göstəməsi üçün hər ay 150 manat məbləğində pul istəyir. Qeyd edilənləri nəzərə alaraq, xx.xx.2020-ci il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatanadək hər ay 200 manat alimentin, ona maddi yardım olaraq hər ay 150 manat, ümumilikdə hər ay 350 manat məbləğin və mart ayından bugünədək ödənilməmiş aliment məbləğinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun vəkili X6 iddia tələbini müdafiə etdilər və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, o, uzun müddətdir iş tapa bilmir, ancaq təsadüfü qazancla dolanır, çox vaxt birinci nikahından anadan olmuş X8 ayda 176 manat məbləğində alimentin ödənilməsində onun qohumları tərəfindən köməklik edilir. Hazırkı iddia tələbi işin faktiki halları ilə tam ziddiyyət təşkil edir. Belə ki, tələb edilən aliment məbləğinin tərəfindən ödənilməsi qeyri mümkündür, maddi durumu buna imkan vermir. Bu səbəbdən İddiaçı ona qarşı aliment tələbinə dair iddiasının qismən, yəni 100 manat sabit pul məbləğində alimentin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh nümayəndəsi və vəkili X10 məhkəmə iclasında cavabdehin iddia tələbini qismən qəbul etdiyini bildirdi. Məhkəmə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 3 saylı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AZ-İV 443134 seriyalı doğum haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan 1 saylı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AZ-İİ 353485 seriyalı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixində 2136 N-li akt qeydi ilə nikah bağlanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyə görə aliment 2 formada tutula bilər: qazancın və başqa gəlirlərin müəyyən hissəsi kimi və sabit pul məbləğində. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, yuxarıda göstərilən əsaslara görə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı Cavabdeh ilə birgə nikahından olan xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 170 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. İddiaçının digər tələbi xx.xx.2020-ci il təvəllüdlü X3 3 yaşına çatanadək 150 manat əlavə xərclərin cavabdehdən onun xeyrinə tutulmasıdır. Məhkəmə iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, iddia bu hissədə qismən təmin edilməli, İddiaçı üçün hər ay 50 manat məbləğində pul tutulmalıdır. Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə,şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Ailə Məcəlləsinin 84.2-ci maddəsinə əsasən, Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: Ailə Məcəlləsinin 84.2.1-ci maddəsinə əsasən hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən qətnamə dərhal icra edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2020-ci il tarixdən başlayaraq, xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 170 manat və uşaq 3 yaşına çatanadək iddiaçının saxlanması üçün 50 manat məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-2717/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2717/2020
27.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver