Məhkəmə qərarları › İş №2(005)-2737/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2737/2021

16.06.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2737/2021 16.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinin xitam olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinin xitam olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla Cavabdeh MMC arasında bağlanmış 04.09.2018-ci il tarixli əmək müqaviləsinə Azərbnaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin a bəndinə əsasən xitam verilməsi və əmək müqaviləsi üzrə bildirişin Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin elektron informasiya sistemində qeydə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh MMC arasında bağlanmış 04.09.2018-ci il tarixli əmək müqaviləsinə əsasən, o, pərakəndə satış üzrə əczaçı vəzifəsində işə qəbul edilmişdir və müqavilə 1 il müddətinə bağlanmışdır. Lakin müqavilə bağlandığı vaxtdan təxminən 1 ay Cavabdeh MM-yə məxsus aptekdə əczaçı işləsə də, həmin vaxtdan sonra aralarındakı əmək münasibətlərinə xitam verilmişdir. Lakin işdən çıxdıqdan sonra işdən azad olunması ilə bağlı ərizə yazmaq üçün Cavabdeh MMC-yə getsə də, artıq aptekin bağlandığını görmüşdür. Bununla bağlı 2018-ci ildən hal-hazırki vaxtadək cavabdehin fəaliyyət göstərib-göstərməməsi barədə məlumat əldə edə bilməmişdir. Lakin hal-hazırki vaxtadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sistemində aktiv əmək müqaviləsinin olması qeyd edilmişdir. O, əmək müqaviləsi üzrə bildirişin ləğv edilməsi ilə bağlı, cavabdehin hüquqi ünvanının yerləşdiyi ünvan 1 və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X3nə müraciət etsə də, əmək müqaviləsi üzrə bildirişin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət olduğu bildirilmişdir. 31 may 2021-ci il tarixli məhkəmə iclasında iddiaçı məhkəməyə tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək onunla Cavabdeh MMC arasında bağlanmış 04.09.2018-ci il tarixli əmək müqaviləsinə Azərbnaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin a bəndinə əsasən xitam verilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması və əmək kitabçasına daxil edilməsi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydiyyatının aparılması üçün əsas olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, dəqiqləşdirilmiş iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı dair sosial arayışdan görünür ki, işəgötürən Cavabdeh MMC ilə 04.09.2018-ci il tarixdən qüvvədə olan əmək müqaviləsi vardır. Əmək müqaviləsi üzrə vəzifə əczaçı, pərakəndə satış, əmək haqqı 175 manatdır. Müqavilənin nömrəsi xxxxxxx000200, iş yeri-əsasdır. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlnan pretenziyadan görünür ki, onunla Cavabdeh MMC arasında bağlanmış 04.09.2018-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikasl Əmək Məcəlləsinin 68-ci maddəsinin a bəndinə əsasən xitam verilməsi və əmək müqaviləsi üzrə bildirişin Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin elektron informasiya sistemində qeydə alınmasının təmin edilməsi xahiş edilmişdir. İş materiallarında olan X3 Xidməti tərəfindən İddiaçı ünvanlanan 08.02.2021-ci il tarixli məktubun təsdiq edilmiş surətindən görünür ki, Əmək müqaviləsinən xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi X2 Xidmətinin səlahiyyətləri xaricindədir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənə və ya mübahisəli yarandığı təqdirdə məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi üzrə iş yerindən arayışdan görünür ki, işəgötürən Cavabdeh MMC, işçi X1, iş yeri aptek, əmək müqailəsinin bağlandığı tarix: 04.09.2018, müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix 04.09. 2019, aylıq əmək haqqı 175 manat. Arayış xxxxxxx000200 əmək müqaviləsi bildirişi üzrə hazırlanmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh MMC arasında 04.09.2018-ci il tarixdə 1 il müddət müəyyən edilməklə əmək müqaviləsi bağlanmışdır.Sonradan əmək münasibətləri faktiki həyata keçirilməsə də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemində aktiv əmək müqaviləsi bildirişi qalmaqda davam edir. Məhkəmə iş üzrə gəldiyi nəticəni aşağıdakılarla hüquqi əsaslandırılmasını məqbul hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 45-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Məcəllənin 68-ci maddəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər. Həmin Məcəllənin 69.1-ci bəndinə görə işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 69.2-ci bəndinə görə ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Məhkəmə qeyd edir ki, İddiaçı ilə Cavabdeh MMC arasında 1 il müddət müəyyən edilməklə əmək müqaviləsi bağlansa da, hazırki iş üzrə iddiaçının işəgötürənə təqdim etdiyi ərizələr baxılmadığı üçün müqavilə müddəti uzadılır və əmək müqaviləsinə xitam verilmir. Bu isə işçinin hüquqlarının pozulmasına gətirib çıxarır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən, Əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri tərəflərdən birinin təşəbbüsüdür. Həmin Məcəllənin 83-cü maddəsinin 1-ci bəndinə əsasən, Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. İşin hallarından göründüyü kimi iddiaçı əmək müqaviləsinin öz təşəbbüsü ilə xitam verilməsini tələb edir, lakin cavabdeh tərəfindən əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı əsaslandırılmış əmr qəbul edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 ilə bağlanmış 04.09.2018-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən xitam verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, X1 ilə bağlanmış 04.09.2018-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən xitam verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 244-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı X1 ilə bağlanmış 04.09.2018-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən xitam verilməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulsun. Bu qətnamə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində X1 və Cavabdeh MMC arasında bağlanmış 04.09.2018-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə qeydiyyatın aparılması üçün əsasdır. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar