Məhkəmə qərarları › İş №2(005)-2751/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2751/2023

23.08.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2751/2023 23.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı, Cavabdeh QSC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı işə bərpa və məcburi işburaxma günləri üçün əmək haqqı tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh QSC-yə qarşı işə bərpa və məcburi işburaxma günləri üçün əmək haqqı tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin direktorunun xx.xx.2023-cü il tarixli, 028/K nömrəli əmrinin ləğv edilməsi, müddətsiz əmək müqaviləsi ilə tutduğu vəzifəyə bərpa olunması və xx.xx.2023-cü il tarixdən başlayaraq işə bərpa edildiyi günədək məcburi iş buraxma günləri üçün əmək haqqının hesablanıb ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1993-cü il tarixdən “Təkrarqarametal” İstehsalat Birliyinin (indiki Cavabdeh QSC) Mingəçevir sahəsində müxtəlif fasilələrlə sahə rəisi və digər vəzifələrdə işləmişdir. xx.xx.2012-ci il tarixdən xx.xx.2023-cü il tarixədək isə Cavabdeh QSC-nin Mingəçevir sahəsində müntəzəm olaraq inspektor, nəzarətçi və sonuncu baş mütəxəssis vəzifələrində işləmişdir. Lakin cavabdehin direktor müavini Polad Hümmətov ona xx.xx.2023-cü il tarixdə yazılı bildiriş göndərərək, onunla bağlanmış əmək müqaviləsinə ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam veriləcəyini bildirmişdir. Dəfələrlə onu əmrlə tanış etmələrini, əmrin surətini və əmək kitabçasının ona təqdim edilməsini tələb etsə də, bundan imtina olunmuşdur. Sonradan o, xx.xx.2023-cü il tarixdə internet vasitəsilə əmri skan edib götürmüşdür. 10.04.212-ci il tarixdən xx.xx.2023-cü il tarixədək fasiləsiz olaraq cavabdehin Mingəçevir sahəsində işləmiş, işlədiyi sahə və vəzifə daimi xarakterlidir, mövsümi deyil. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh QSC-nin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək, izahatında qeyd etdi ki, iddiaçı Cavabdeh QSC-də işləmiş, sonra işdən çıxaraq başqa quruma keçmiş, daha sonra təkrarən Cavabdeh QSC-də işə qəbul olunmuşdur. İddiaçının əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilmişdir. İddiaçıya dəfələrlə əmək kitabçasının təhvil verilməsi təklif edilsə də, o, qəbzə imza etməkdən imtina etmişdir. Son haqq hesab edilərək, ona ödənilməli olan bütün məbləğ ödənilmişdir. Bundan əlavə cavabdehin nümayəndəsi iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, iddiaçı qanunla müəyyən edilmiş 1 ay müddətində iddia ərizəsi ilə məhkəməyə müraciət etmədiyindən, iddiaçının tələbi iddia müddəti tətbiq edilməklə də rədd edilməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cavabdeh QSC-nin 028/k saylı, xx.xx.2023-cü il tarixli əmrindən görünür ki, “Keşlə sahəsi/yığım sahəsi 3 Mingəçevir” bölməsində “Baş mütəxəssis” vəzifəsində işləyən İddiaçı Əliağa oğlu ilə bağlanmış xxxxxxx000300 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirilişi həmin tarixdə sistemə daxil edilmişdir; Cavabdeh QSC-nin X-Y-2374 saylı, xx.xx.2023-cü il tarixli bildirişindən görünür ki, İddiaçı Əliağa oğluna xx.xx.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinin müddətinin xx.xx.2023-cü il tarixdə bitdiyi, ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xx.xx.2023-cü il tarixdən xitam veriləcəyi bildirilmişdir; Bakı 15 saylı Mediasiya təşkilatının arayışından görünür ki, xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi əsası ilə arayış verilmişdir. Arayışdan görünür ki, Mediasiya təklifi xx.xx.2023-cü il tarixdə göndərilmiş, ilkin mediasiya sessiyası üçün ərizə xx.xx.2023-cü il tarixdə verilmişdir; xx.xx.2020-ci il tarixdə bağlanmış 7327 saylı əmək müqaviləsindən görünür ki, Cavabdeh MMC ilə İddiaçı qarşılıqlı razılığına əsasən sonuncu xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci tarixə kimi 3 ay müddətində Nəzarətçi vəzifəsinə işə qəbul edilmişdir. Müqavilədə göstərilir ki, müqavilədə göstərilən müddət bitdikdə əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflər müqaviləyə xitam verilməsini tələb etməzsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətdə uzadılmış hesab edilir; Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, xx.xx.2020-ci il tarixdən X4” MMC-də təkrarqarametal tədarükü şöbəsində nəzarətçi vəzifəsinə işə qəbul edilmişdir; Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, xx.xx.2021-ci il tarixdən Cavabdeh QSC-də təkrarqarametal qəbulu və qiymətləndirilməsi şöbəsində nəzarətçi vəzifəsi üzrə əmək müqaviləsi əvvəl müəyyən edilmiş müddətdə uzadılmış hesab olunmuşdur; Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, xx.xx.2022-ci il tarixdən Cavabdeh QSC-də təkrarqarametal qəbulu və qiymətləndirilməsi şöbəsində nəzarətçi vəzifəsi üzrə əmək müqaviləsi əvvəl müəyyən edilmiş müddətdə uzadılmış hesab olunmuşdur; Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, xx.xx.2022-ci il tarixdən Cavabdeh QSC-də “Keşlə sahəsi/yığım sahəsi 3 Mingəçevir” bölməsində “Baş mütəxəssis” vəzifəsi üzrə əmək müqaviləsi əvvəl müəyyən edilmiş müddətdə uzadılmış hesab olunmuşdur; xx.xx.2012-ci il tarixdə bağlanmış 5459 saylı əmək müqaviləsindən görünür ki, Cavabdeh MMC ilə İddiaçı qarşılıqlı razılığına əsasən sonuncu xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci tarixə kimi 3 ay müddətində İnspektor vəzifəsinə işə qəbul edilmişdir; xx.xx.2023-cü il tarixli, 88947 saylı ödəniş tapşırığından görünür ki, İddiaçı Cavabdeh QSC tərəfindən 3402 manat məbləğində pul ödənilmişdir, ödənişin təyinatında son haqqhesab kimi göstərilmişdir; İddiaçı Əliağa oğluna məxsus əmək kitabçasının surətindən görünür ki, 35-ci səhifəsində İddiaçı "xxxx" MMC-də xx.xx.2018-ci il tarixdə İnspektor peşəsinə qəbul edilmiş, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir; Beləliklə, məhkəmədə müəyyən edilmiş işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı xx.xx.1993-cü il tarixdən “Təkrarqarametal” İstehsalat Birliyinin (indiki Cavabdeh QSC) Mingəçevir sahəsində müxtəlif fasilələrlə sahə rəisi və digər vəzifələrdə işləmişdir. İddiaçı "xxxx" MMC-də xx.xx.2018-ci il tarixdə İnspektor peşəsinə qəbul edilmiş, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Daha sonra xx.xx.2020-ci il tarixdə bağlanmış 7327 saylı əmək müqaviləsinə əsasən Cavabdeh MMC ilə İddiaçı qarşılıqlı razılığına əsasən sonuncu xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci tarixə kimi 3 ay müddətində Nəzarətçi vəzifəsinə işə qəbul edilmişdir. Daha sonra eyni iş yerində digər vəzifələrə keçirilməklə xx.xx.2023-cü il tarixə qədər işləmişdir. İddiaçıya bildiriş təqdim edilməklə, Cavabdeh QSC-nin 028/k saylı, xx.xx.2023-cü il tarixli əmri ilə iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləninin 68-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin xx.xx.2023-cü il tarixdə qurtarması ilə əlaqədar işdən azad edilmişdir. Onunla son haqq-hesab edilmiş və həmin məbləğ xx.xx.2023-cü il tarixdə ödənilmişdir. İş üzrə mübahisələndirilən hallar ondan ibarətdir ki, iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən 5 ildən artıq müddətdə müddətli əmək müqaviləsi ilə işləməsi əsası ilə işdən çıxarılma barədə əmrinin qanunsuz olduğunu hesab edir. İddiaçı hesab edir ki, qanunla müəyyən edilən müddətdən artıq müddətli əmək müqaviləsi ilə işlədiyi üçün qanunsuz olaraq qəbul edilən əmr ləğv edilməli, onun müddətsiz əmək müqaviləsi bağlanmalıdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə görə Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir 68-ci maddəsinin ikinci bəndinin “b” yarımbəndinə əsasən işçi ilə bağlanmış əmək müqaviləsinin müddətinin bitməsi, əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. 73-cü maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. İşdə olan sübutlar ilə təsdiq olunmuşdur ki, işçi (iddiaçı) ilə əmək müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixdə bitmiş və işə götürən onunla bağlanmış əmək müqaviləsinin müddətini bir həftə ərzində uzatmayaraq, bildiriş təqdim edilməklə işçi ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmr vermişdir. Məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ilə olan əmək müqaviləsinə xitam verilən zaman Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri nəzərə alınmış və həmin normalara tam riayət olunmuşdur. İddiaçı yuxarıda sadalanan əsaslarla işdən azad edilmiş, iddiaçının iddia tələbi ilə bağlı əsaslandığı xüsusatlar məhkəmə araşdırması zamanı tədqim edilmiş sübutlar ilə tam təkzib olunmuşdur. Belə ki, iddiaçı müvafiq əmrlə Cavabdeh QSC-də xx.xx.2020-ci ildə müddətli əmək müqaviləsi əsasında təyin edilmişdir. Ondan əvvəl 2 il müddətində "xxxx" MMC-də inspektor vəzifəsində işləmişdir. Göründüyü kimi hazırda tərəflər həmin məcəllənin 68-ci maddəsinin ikinci bəndinin “b” yarımbəndinə əsasən işçi ilə bağlanmış əmək müqaviləsinin müddətinin bitməsi, əmək müqaviləsinə xitam verilməsini mübahisələndirir. Belə olan halda isə iddiaçının iddia tələbində sadaladığı arqumentlərin əsassız olması öz təsdiqini tapır. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, iddia tələbi məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən, əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsini də əsaslı hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294.5-ci və Mediasiya haqqında Qanununun 27 və 35-ci maddələrinin tələbləri nəzərə alınmaqla məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.2023-cü il tarixli əmrə əsasən əvvəlcədən xəbərdarlıq edilməklə yuxarıda sadalanan əsaslar ilə işdən azad olunmuş, xx.xx.2023-cü il tarixdə onunla son haqq-hesab edilmiş, xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyasının keçirilməsi üçün təklif göndərmiş, müvafiq arayış xx.xx.2023-cü il tarixdə verilmiş, iddiaçı isə hazırki iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmiş və nəticədə qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Cavabdeh tərəfindən iddiaçıya əmək müqaviləsinə xitam verilməsi barədə əmrin və əmək kitabçasının nə zaman təqdim edilməsi barədə sübutlar təqdim edilməsə də, məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixdə təqdim edilmiş xəbərdarlıq, xx.xx.2023-cü il tarixdə edilmiş son haqq-hesab (iddiaçının özü də bunu inkar etmir) iddiaçının hansı tarixdə işdən çıxarılması barədə məlumatlı olduğuna dəlalət edir. Məhkəmə qeyd edir ki, iddia müddətinin anlayışı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən müəyyən edilir, yəni başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinin tələbinə görə fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin müddəaya əsaslanaraq, cavabdeh təşkilatın nümayəndəsi ərizə ilə müraciət edərək, iddia müddətinin tətbiq olunmasını və buna görə də iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. İddia müddəti ilə bağlı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Analoji mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında da təkrarlayaraq, Məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanunauyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 4-cü bəndinə görə Məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. Həmin maddənin 5-ci bəndinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında göstərilmişdir ki, “qanunverici Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində “fərdi əmək mübahisəsinə baxan orqan” dedikdə, əmək mübahisələrinə həm məhkəməyə qədər baxan orqanı, həm də məhkəmələri nəzərdə tutmuşdur”. Göründüyü kimi hazırkı işdə iddiaçı qanunla nəzərdə tutulan müddət ərzində məhkəməyə müraciət etmədiyindən, eyni zamanda iddia müddəti tətbiq edilərək iddia tələbinin rədd edilməsi əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh QSC-yə qarşı işə bərpa və məcburi işburaxma günləri üçün əmək haqqı tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada veridiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar