Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2755/2023 11.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə2, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı (Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi X5 Təhsil İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmrin ləğvi və işə bərpa” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh AR Elm və Təhsil Nazirliyinə qarşı əmrin ləğvi və işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli, K-1432 nömrəli əmrin ləğv edilərək, işə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 2001-2005-ci illərdə Kürdəmir rayonunun Carlı kənd tam orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini, 2005-2013-cü illərdə Kürdəmir rayonunun Quşlar kənd ümumi orta məktəbində direktor, 2014-cü ildən 2022-ci ilin dekabr ayının 5-ə kimi isə Kürdəmir rayonunun Carlı kənd tam orta məktəbinin direktor vəzifəsində işləmişdir. Hazırda həmin məktəbdə riyaziyyat fənni tədrisi üzrə müəllimlik edir. Əmək fəaliyyəti dövründə heç bir cəzası olmamış, töhmət almamış, əksinə müəllimlik və direktor vəzifələrində işləyərkən məktəbin əldə etdiyi yüksək nəticələrə görə bir neçə dəfə rəhbərlik tərəfindən mükafatlandırılmışdır. Ailəlidir, 4 övladı və 7 nəvəsi vardır. 2022-2023-cü tədris ilində məktəbin tarix müəllimi X2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi üzürsüz səbəbdən işə çıxmadığına görə, məktəb həmkarlar təşkilatının və müəllim kollektivinin iştirakı ilə həmin müəllimin işə gəlmədiyi haqqında akt tərtib olunmuş və üzrsüz səbəbdən iş buraxdığı 18 günə görə ona əmək haqqı hesablanmamışdır. Bundan sonra həmin müəllimin şikayəti əsasında X5 Təhsil İdarəsinin əməkdaşları xx.xx.2022-ci il tarixdə Carlı kənd tam orta məktəbinə gəlmişlər və şagirdlərin, texniki işçilərin, müəllimlərin işə davamiyyətini və tədrislə əlaqədar digər məsələlərin yoxlamış, şagirdlərin davamiyyətinə 92 faiz olduğu bildirilmiş və yoxlamaların digər nəticələri barədə məlumat vermədən məktəbi tərk etdilər. xx.xx.2022-ci il tarixdə Kürdəmir rayon Təhsil Şöbəsinin müdiri Rəfail Məmmədov iddiaçını yanına çağırmış və 2015-ci ildə orta ixtisas təhsilli Asim Məmmədovun məktəbə təlim-tərbiyə işləri üzrə direktor vəzifəsinə işə götürülməsinin səbəbini soruşdu. Bu barədə iddiaçı Asim Məmmədovun işə götürülməsi səlahiyyətinin direktor kimi ona aid olmadığını və onun Kürdəmir rayon Təhsil Şöbəsinin sabiq müdir əvəzi X.Qurbanovun xx.xx.2015-ci il tarixli, 128 nömrəli əmri ilə həmin vəzifəyə təyin olunduğunu bildirmişmdir. Bundan sonra iddiaçı X6 Təhsil İdarəsinin rəisi Elçin Kərimovun qəbulunda olmuş, sonuncu hər iki əmr kitabı ilə tanış olmuş, direktor olduğu məktəbin fəaliyyəti ilə əlaqədar ona suallar vermiş, o da həmin sualları cavablandırmışdır. Həmin gün rayona qayıtdıqda artıq iş vaxtı başa çatmışdır. Sonrakı gün iddiaçı Rəfail müəllimin yanına getdi ki, Yevlaxda olan işləri ona məruzə etsin, o isə iş yerində olmadı. Bundan 2 gün sonra Rəfail müəllim iddiaçını yanına çağırmış və ona bildirmişdi ki, o saymamazlıq edir və əsəbi halda bəyan etdi ki, “get işlə görüm necə işləyəcəksən”. Bundan 3 gün sonra Rəfail müəllim iddiaçını yanına çağırdı və ona bildirdi ki, Regionun rəhbəri Elçin Kərimov deyir ki, Nazirin göstərişi var ki, “ərizəsini alıb işdən çıxarın“. Bundan sonra iddiaçı Yevlaxa getdi və Elçin Kərimovla görüşdü. O iddiaçıya işdən çıxma barədə ərizənin verilməsini təkid etdi. İddiaçı isə bildirdi ki, təqaüd vaxtına 7-8 ay qalıb, ondan sonra ərizə verər. E.Kərimov isə bununla razılaşmadı və ona bəyan etdi ki, həyat yoldaşın məktəbdə işlədiyinə görə, səni şikayət edəcəm və işdən çıxaracam. Bundan sonra iddiaçı Regionun əməkdaşı Afət Abdullayevin dəvəti ilə onun otağına getdi və burada da ona başa salmağa çalışdı ki, əgər ərizə verməsən onu ləkələyib işdən çıxaracaqlar. Afət xanım iddiaçıya bildirdi ki, xəstə olmağı ilə əlaqədar ərizə yazıb işdən çıxmağını Nazirdən xahiş edim. Gərginlik və biraz da qorxu altında iddiaçı həmin məzmunda xx.xx.2022-ci il tarixli ərizə yazdı. Ərizədə xx.xx.2022-ci il tarix qeyd olundu. İşdən çıxmağı barədə Nazirin adına yazdığı ərizənin səhvən, həyacan və qorxu altında həyata keçirildiyini başa düşərək xx.xx.2022-ci il, xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixlərdə X3 ərizə və teleqram ünvanladı və onların məzmununda bildirdi ki, verdiyi ərizəni nəzərə almasınlar və onun heç bir xəstəliyi yoxdur, tam sağlamdır və işdən çıxmaq istəmir. Bu müraciətlərinin heç birinə vaxtında cavab verilmədi. Nəhayət, Elm və Təhsil Nazirinin xx.xx.2022-ci il tarixli, K-1432 nömrəli əmrinə əsasən Kürdəmir rayon Carlı kənd tam orta məktəbinin direktor vəzifəsindən azad olundu və həmin məktəbdə riyaziyyat fənni üzrə müəllimlik etməyə başladı. Şərhdən aydın olur ki, işdən azad olunmağı barədə Elm və Təhsil Nazirinin 05. 11.2022-ci il tarixli, K-1432 nömrəli əmri Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin tələblərinin pozulması ilə icra edildiyindən, onun əmri ləğv olunmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh AR Elm və Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə2 iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, iddia tələbini qəbul etmədiyini və iddiaçının iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməsini bildirdi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddia müddətinin tətbiqi barədə ərizə onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi sənədlərdən göründüyü kimi, o Kürdəmir rayonunun Carlı kənd tam orta məktəbinin direktrou vəzifəsində işləmişdir. Onun xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən AR Elm və Təhsil Nazirliyinin K-1432 №-li əmək müqaviləsinə xitam verilməsi barədə əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə baxmayaraq, o 2023-cü ilin may ayında mediasiya təşkilatına müraciət etmişdir. İddiaçı iddia müddətini ötürməklə 6 aydan sonra məhkəməyə ərizə ilə müraciət etmişdir. İddiaçı müddətin üzürlü səbəbdən ötürülməsinə dair məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Belə ki, 08 dekabr 2022-ci il tarixdə o təhviltəslim aktını imzalamış və materialların yerində olması barədə izahat yazmışdır. O təhviltəslim edərkən artıq onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsini bilirdi və o andan da iddia müddətinin axımı başlamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılan üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan: - İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, İddiaçı ərizə yazaraq bildirmişdir ki, səhhəti ilə bağlı rəhbər vəzifəni icra edə bilmir, odur ki, onun xx.xx.2022-ci il tarixdən işdən azad edilməsini və ixtisası üzrə məktəbdə riyaziyyat müəllimi işləməyinə köməklik göstərilməsini xahiş etmişdir. -xx.xx.2022-ci il tarixli teleqramdan görünür ki, İddiaçı göndərdiyi teleqramı xx.xx.2022-ci il tarixdəAR Təhsil Nazirliyi ümumi şöbə Əzizova lamışdır. - K-1432 №-li əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən görünür ki, AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən Kürdəmir rayonu Carlı kənd tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinə həmin müəssisədə ixtisası üzrə müəllim saxlanılmaqla 08 dekabr 2022-ci il tarixdə xitam verilsin. - xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, İddiaçı AR Elm və Təhsil Naziri Emin Əmrullayevə ərizə ilə müraciət edərək, onun pensiya yaşının nəzərə alınaraq, onun ərizəsinin əsassız sayılmasını, pensiya yaşına qədər işdə qalmasına icazə verilməsini xahiş etmişdir. -Tibbi arayışdan görünür ki, Əsgərov X1 RMX-nın Konsultativ Poliklinikasında tibbi müayinədən keçmişdir və sağlamdır. -Arayışdan görünür ki, Əsgərov X1 rayonun Carlı kəndində qeydiyyatdadır və iş yeri Kürdəmir rayonu Carlı kənd tam orta məktəbidir. -Sabirabad 1 saylı Mediasiya Təşkilatının “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışından görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etməmişdirlər. -AR Elm və Təhsil Nazirliyinin 30 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı 08 dekabr 2022-ci il tarixli müraciətinə cavab olaraq bildirilir ki, İddiaçı müraciətinə baxılmış və ona məhkəmə orqanlarına müraciət etməyi tövsiyə olunmuşdur. -AR Elm və Təhsil Nazirliyi X5 Təhsil İdarəsinin xx.xx.2023-cü il məktubundan görünür ki, X5 Təhsil İdarəsinin əməkdaşları xx.xx.2022-ci tarixində Kürdəmir rayonu Carlı kənd tam orta məktəbində vətəndaş müraciəti əsasında xidməti yoxlama aparmışlar. Aparılmış yoxlama zamanı müəyyən nöqsanların olduğu aşkarlanmışdır. Lakin İddiaçı öz ərizəsinə əsasən AR Elm və Təhsil Nazirliyinin müvafiq əmri ilə məktəbdə ixtisası üzrə müəllim saxlanılmaqla direktor vəzifəsindən azad olunmuşdu. Bu səbədən məktəbdə aparılmış yoxlama zamanı aşkarlanmış nöqsanlara görə İddiaçı haqqında hər hansı bir intizam tənbehi nəzərdə tutulmamışdır. - AR Elm və Təhsil Nazirliyi X5 Təhsil İdarəsinin xx.xx.2023-cü il məktubundan görünür ki, İddiaçı öz ərizəsinə əsasən AR Elm və Təhsil Nazirliyinin əmri ilə Kürdəmir rayonu Carlı kənd tam orta məktəbində tutduğu direktor vəzifəsindən azad edilmişdir. -Əmək kitabçasından görünür ki, xx.xx.2014-cü il tarixli 144 nömrəli əmrlə İddiaçı Kürdəmir rayonu Carlı kənd tam orta məktəbin təlim tərbiyə işlər üzrə d/m xx.xx.2014-cü il tarixdən müvəqqəti olaraq həmin məktəbin direktorluğu həvalə edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı xx.xx.2014-cü il tarixli 144 nömrəli əmrlə xx.xx.2014-cü il tarixdən məktəbin Kürdəmir rayonu Carlı kənd tam orta məktəbin direktorluğu vəzifəsini icra edir. Azərbayan Respublikası Elm və Təhsil Nazirinin 05 dekabr 2022-ci il tarixli, K-1432 №-li əmri ilə əmək müqaviləsinə xitam verilmiş və o, öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilmiş, həmin məktəbə riyaziyyat müəllimi kimi fəaliyyətini davam etdirmişdir. Hazırda məhkəməyə müraciət edən iddiaçı ərizəni hədəqorxu və təhdid təsiri altında yazdığını, daha sonra ərizəsinin nəzərə alınmaması üçün dəfələrlə işəgötürənə müraciət etdiyini, lakin onun əmək müqaviləsinə 05 dekabr 2022-ci il tarixli əmrlə xitam verildiyini bildirir. Məhkəmədən əmrin ləğv edilməsi və işə bərpa olunma barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi iddianın iddia müddətinin tətbiq edilməsi ilə rədd edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış fərdi əmək mübahisəsi aşağıda qeyd olunan qanunvericilik normalarının tətbiq olunması əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 68-ci maddəsinnin 1-ci hissəsinə əsasən,əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. - 68-ci maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. - 69-cu maddəsinin 3-cü bəndinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. - 69-cu maddəsinin 4-cü bəndinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. - 69-cu maddəsinin 5-ci bəndinə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. - 69-cu maddəsinin 7-ci bəndinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədəqorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. - 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır; - 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək müqaviləsinin ləğv olunması ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələrdir; - 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər - 296-cı maddəsinin 2-ci hissəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. - 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Hazırkı mübahisə ilə bağlı məhkəmə qeyd edir ki, mübahisə üzrə müəyyən edilməli hallar – 1) iddiaçının hazırki iddianı qaldırmaqda müvafiq subyektiv hüquqa malik olubolmaması, 2) cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması, əgər əvvəlki hər iki şərt iddiaçının xeyrinə müsbət müəyyən olunarsa, o halda 3) iddianın iddiaçı tərəfindən qanunla müəyyən olunmuş iddia müddəti ərzində irəli sürülüb-sürülməməsi, iddia müddətinin keçib-keçməməsi məsələsidir. Məhkəmə mülki işin hallarını araşdırarkən işə götürən tərəfindən iddia ərizəsində göstərilən pozuntuların həqiqiliyinə dair hər hansı bir hal aşkar etməmişdir. Bununla yanaşı İddiaçı tərəfindən də bu halların həqiqiliyini təsdiqləyəcək sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, iddiaçı işdən çıxma barədə ərizəni hədə və təzyiq altında yazdığını, məcbur edildiyini bildirsə də, bu halı təsdiq edə biləcək dəlillər müəyyən edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Yuxarıda istinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Mülki işin araşdırılmış hallarından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət edərək, xx.xx.2022-ci il tarixdən işdən azad edilməsini və ixtisası üzrə məktəbdə riyaziyyat müəllimi işləməyinə köməklik göstərilməsini xahiş etmişdir. Daha sonra iddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edərək, onun pensiya yaşının nəzərə alınaraq, onun ərizəsinin əsassız sayılmasını, pensiya yaşına qədər işdə qalmasına icazə verilməsini xahiş etsə də, həmin ərizənin hansı tarixdə işəgötürənə daxil olması barədə məhkəmədə əsaslı sübutlar mövcud deyildir. Belə ki, Əmək Məcəlləsinin tələblərinə əsasən işçi ərizəsində işdən çıxarılma müddətini qeyd etdikdə həmin müddətə qədər ərizəsini geri götürmək hüququna malikdir. İş materiallarından iddiaçının ilkin ərizəsinin etibarsız sayılması barədə teleqramının 05 dekabr 2022-ci il tarixdə AR Elm və Təhsil Nazirliyinə daxil olduğu müəyyən edilir. Eyni tarixli əmrlə iddiaçının əmək müqaviləsinə xitam verilməsi də işin mübahisəsiz halıdır. Məhkəmə iclasında təqdim edilmiş iddia müddətinin tətbiqi barədə ərizə ilə bağlı qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İş materiallarından aydın olur ki, ididaçı məhkəməyə müraciət edərkən, qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. İddia ərizəsindən və İddiaçı izahatından görünür ki, iddiaçı 08 dekabr 2022-ci il tarixdən etibarən əmək müqaviləsinə xitam verilməsi barədə əmrin mövcudluğundan xəbərdar olmuş, məktəbdə təhvil-təslim işləri aparılmış, iddiaçının son haqq-hesabı ödənilmiş, iddiaçı məktəbdə riyaziyyat müəllimi kimi fəaliyyət göstərməyə davam etmişdir. Yol verilmiş hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək imkanı qanunvericilikdə konkret olaraq bir ay müddətlə məhdudlaşdırılmışdır. İddiaçı isə K-1432 №-li əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qəbul edilməsindən təxminən 05 ay keçdikdən sonra keçdikdən sonra mediasiyaya müraciət etmişdir. Məhkəmə iddia müddətinin tətbiqinə etirazla bağlı iddiaçının ərizəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçının ərizəsi əsasladırılmamışdır. İddiaçı iddia müddətinin tətbiq edilməsinə dair ərizəyə etiraz ərizəsində ərizənin təmin edilməməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, məhkəməyə müraciət etmək müddətinin buraxılması birbaşa cavabdehin buraxılmış müddət ərzində müraciətlərinə cavab verməməsi ilə əlaqədar olmuşdur. Bu səbəbdən də prosessual müddətin buraxılması üzrlü hesab edilməli və ərizə əsasında buraxılmış müddət bərpa edilməlidir.İddiaçı iddia müdddətinin ötürülülməsini hər hansı üzrlü halla əlaqələndirə bilməmişdir. Belə ki, iddia müddətinin ötürülməsini cavabdeh təşkilat tərəfindən müraciətlərə münasibət bildirilməməsi ilə əlaqələndirsə də, mülki işin materiallarında olan AR Elm və Təhsil Nazirliyinin 30 yanvar 2023-cü il tarixli, 20 fevral 2023-cü il tarixli, AR Elm və Təhsil Nazirliyinin X5 Təhsil İdarəsinin 11 yanvar 2023-cü il tarixli məktubları ilə iddiaçının müraciətlərinin cavablandırıldığı müəyyən edilir. Digər tərəfdən, işəgötürən tərəfindən müraciətlərə cavab verilməmiş olsaydı belə, bu, qanunvericilikdə nəzərdə tutulan iddia müddətlərinin ötürülməsi üçün üzrlü hal hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, qanunvericiliyi əmək hüquqlarının müdafiəsi üçün müddətlər müəyyən etmişdir və həmin müddətlər ərzində də səlahiyyətli şəxslər öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilərlər. Bu müddət, yəni iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçünsəlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001ci il tarixli Qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikincisi, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncüsü iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarına əsasən iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Bununla da, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini keçirmişdir. Mübahisə tərəfi olan cavabdeh isə iddia müddətinin ötürülməsinə görə iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinin tələbinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddia müddətinin axımının başlanğıcı həm obyektiv, həm də subyektiv anla bağlıdır. Obyektiv an şəxsin öz subyektiv mülki hüququnun pozulduğu andır. Subyektiv an isə şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu andır. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla yox, subyektiv anla şərtləndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Prosessual mənada iddia hüququ, yəni iddia ilə məhkəməyə müraciət etmək imkanı isə hər hansı vaxtla (anla) məhdudlaşdırılmır Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərannda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, mahkəmə siibutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Məhkəmə yuxarıda göstərilən qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı "əmrin ləğvi və işə bərpa" tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı (Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi X5 Təhsil İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "əmrin ləğvi və işə bərpa" tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-2755/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2755/2023
11.10.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver