Məhkəmə qərarları › İş №2(005)-2763/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2763/2023

17.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2763/2023 17.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Nurlana Sahib qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat şöbəsi cəlb edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhəri Nərimanov Rayonu Qeydiyyat şöbəsi cəlb edilməklə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1984-cü ildə Ermənistanın Kalinin rayonunun Privolni kəndində X3 ilə nikah haqqında şəhadətnamənin qeydiyyat faktını bərpa edib yeni nikah haqqında şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nikah haqqında şəhadətnamənin əslinin onda olduğunu, lakin müvafiq orqanın akt qeydlərinin bərpasından imtina etdiklərini bildirmiş və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəni, ona əlavə edilmiş sənədləri və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Nikahın bağlanması haqqında şəhadətnamənin notarial təsdiq edilmiş surətindən görünür ki, X4 il X2 nikahları xx.xx.1984-cü il tarixində bağlanmışdır; Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki X4 xx.xx.2021-ci il tarixində Bakı şəhərində vəfat etmişdir; Bakı Şəhər Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ona nikah akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Ərizəçi X3 ilə Ermənistan SSR-də xx.xx.1984-cü ildə rəsmi nikaha girmişdir. X3 xx.xx.2021-ci ildə Bakı şəhərində vəfat etmişdir. Bundan sonra ərizəçi ondan miras qalmış əmlakı öz adına keçirmək məqsədilə nikah akt qeydini bərpa etmək istəmişdir. Nikah haqqında şəhadətnaməyə vurulmuş möhür pozulduğundan Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən nikah akt qeydinin bərpasından imtina edilmişdir. Hazırda ərizəçi müvafiq akt qeydinin bərpa edilməsi və ona yeni nikah haqqında şəhadətnamənin verilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar”ın 16-cı bəndinə görə, doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. 13-cü bəndə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Ərizə verən şəxsin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti akt qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir (18-ci bənd). Həmin Müddəaların 19-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası haqqında qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi toplanmış bütün materiallarla birlikdə icra üçün itirilmiş qeydin olduğu yerdəki qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir. Müddəaların 16-3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpa edilməsi barədə qeydiyyat şöbələri və ya konsulluq idarələri tərəfindən ilkin akt qeydinin olduğu qeydiyyat orqanına (Ermənistan Respublikası istisna olunmaqla) məlumat göndərilir. Qeyd edilən normaların tələblərindən göründüyü kimi, ərizəçi müvafiq ərizə ilə seçdiyi yer üzrə qeydiyyat orqanına müraciət etməli və müvafiq qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər (sənədlərin əsli) olduğu təqdirdə vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası qeydiyyat şöbəsi tərəfindən həyata keçirilməlidir. Bu, qanunvericilikdə imperativ qayda kimi nəzərdə tutulmuşdur. Hazırki iş üzrə inzibati orqan ərizəçidə sənədlərin əsli olduğu halda akt qeydlərinin bərpasından imtina etmişdir və bu səbəbdən ərizəçinin müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə inzibati məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə uyğun olaraq inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 nömrəli Qərarının 2-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 9.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə, habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Beləliklə, yuxarıda qeyd edilən normaların qarşılıqlı təhlili əsasında məhkəmə hesab edir ki, sənədlərin əsli olduğu təqdirdə müvafiq akt qeydlərinin bərpası inzibati orqanın səlahiyyətidir (vəzifəsidir) və həmin akt qeydlərinin bərpasından imtina edildiyi halda aidiyyəti üzrə inzibati məhkəməyə müraciət oluna bilər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 nömrəli Qərarının 15.4-cü bəndinə əsasən inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən işə məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, işə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə inzibati orqana, ərizəsi təmin edilmədiyi halda inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmaldır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263-264, 268-269 və 307-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhəri Nərimanov Rayonu Qeydiyyat şöbəsi cəlb edilməklə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işin icraatına, işə məhkəmədə baxılmalı olmadığından xitam verilsin. Ərizəçiyə aidiyyəti üzrə inzibati orqana, ərizəsi təmin edilmədiyi halda isə inzibati məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar