Məhkəmə qərarları › İş №2(005)-2781/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2781/2022

05.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2781/2022 05.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X2, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi arasında bağlanan 10371 saylı, 27 dekabr 2004-cü il tarixli, Binəqədi rayonunun “Goradil” ərazisindəki 674 nömrəli, 0,12 ha bağ torpaq sahəsinin istifadəsinə verilməsinə dair müqavilədə Leyla adının Leyli adı olaraq oxunması və sözügedən müqavilənin ona məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Ərizəçi ilə Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi arasında bağlanan 10371 saylı, 27 dekabr 2004-cü il tarixli müqaviləyə əsasən Binəqədi rayonunun “Goradil” ərazisindəki 674 nömrəli, 0,012 ha bağ torpaq sahəsi istifadəsinə verilmişdir. Sözügedən müqavilə bağ sahəsinə hüququn yaranması üçün əsas olan hüquqi akt hesab edilir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 8.0.7-ci maddəsində 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bu bağ torpaq sahəsi üzərində hüquqlarımın dövlət qeydiyyatına alınması üçün Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrın və Reyestri publik hüquqi 1 saylı Bakı Ərazi İdarəsi İdarəsinə müraciət etmiş, həmin vaxt ona bildirmişlər ki, yuxarıda qeyd olunan müqavilədə “İstifadəçi” adlanan tərəf, onun adı Leyla kimi oxunur. Şəxsiyyət vəsiqəsində yazılan Leyli adı ilə düz gəlmir. Bu səbəbdən mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilmişdir. İmtinanın səbəbini aradan qaldırmaq, istifadəsində olan bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnu reallaşdırmaq üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, müqavilə üzrə “İstifadəçi” adlanan, ərizəçi ilə müqavilə bağlayan, ona hüquqmüəyyənedici sənədləri verən, müqavilə üzrə “Birlik” adlanan Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi, Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli sərəncamı ilə ləğv olunmuşdur. Bu səbəbdən müqavilədə tərəf olan “Birlik” tərəfindən səhvin düzəldilməsi mümkün deyil. Ona görə də hüquqmüəyyənedici sənədin, sözügedən müqavilənin ona məxsus olması faktı məhkəmə qətnaməsi ilə müəyyən edilməsi zəruriyyəti yaranır. Məhkəmə iclasında Ərizəçi ərizəsinin dəlillərinə uyğun şəkildə çıxış edərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə məlumat verilməsinə baxmayaraq, onlar nümayəndələrini məhkəmə iclaslarına göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməldir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən Ərizəçi xx.xx.1972-ci il tarixdə Azərbaycanda doğulmuşdur; X6 ilə Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi arasında bağlanan 10371 saylı, 27 dekabr 2004-cü il tarixli müqavilədən görünür ki, “Birlik” X4 istifadəsinə Binəqədi rayonunun Goradil ərazisindəki 674 nömrəli, 0,012 ha bağ torpaq sahəsini götürmüşdür; xx.xx.2022-ci il tarixli qəbzinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Ərizəçi həmin maddənin göstərişinə istinad edərək xüsusi icraat qaydasında məhkəməyə müraciət etmişdir. Orderin ərizəçiyə məxsus olması faktının hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən edilməsi üçün mülki işdə kifayət qədər sübutlar vardır. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərə əlavə edilmiş müqavilənin verilməsinə əsas olmuş sənədlərin surətlərindən görünür ki, qeyd edilən müqavilənin verilməsi üçün əsas olmuş Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən bağlanan müqavilədə - X3 göstərilmişdir. Beləliklə, şəxsiyyət vəsiqəsində vətəndaşın atasının adı “Leyli” kimi göstərildiyi halda Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən müqavilədə səhvən “Leyla” kimi göstərilmişdir. Sənəddə ərizəçinin adının “Leyla” kimi oxunması və həmin sənədin ona məxsus olması faktının müəyyən edilməsinin göstərilən torpaq sahəsini və həmin sahədə inşa etmək istədiyi evi adına rəsmiləşdirmək üçün müvafiq dövlət orqanlarından razılıq alınmasına dair hüquqi əhəmiyyəti olduğundan ərizə əsaslıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, göstərilən faktlar müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Yuxarıda sadalanan sübutlara qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, qeyd edilən sənəddə olan adın səhv yazılmasının başqa yolla müəyyən edilməsi mümkün olmadığından, qeyd edilən faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi arasında bağlanan 10371 saylı, 27 dekabr 2004-cü il tarixli, Binəqədi rayonunun “Goradil” ərazisindəki 674 nömrəli, 0,12 ha bağ torpaq sahəsinin istifadəsinə verilməsinə dair müqavilədə “Leyla” adı “Leyli” olaraq oxunaraq həmin torpaq sahəsinin Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar