Məhkəmə qərarları › İş №2(005)-2797/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2797/2025

13.08.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2797/2025 13.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızı Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əmək münasibətləri üzrə sair mübahisələr tələbinə dair iddia ərizəsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi və onun dəlilləri İddiaçı Cavabdehnə qarşı əmək münasibətləri üzrə sair mübahisələr tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 1500 manat məbləğində pulun alınıb iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Qardağ rayon, Ümid qəsəbəsində Yeni-yaşayış massivi ev 12-də ailəsi ilə birlikdə yaşayır.xx.xx.2022-cü ildə Məhdud Məsuliyyətli Cəmiyyətində işə qəbul edilmiş və xx.xx.2024-cü ildə öz xahişi ilə işdən azad edilmişdir.İşlədiyi müddətdə şirkət və şirkət rəhbərliyi ilə heç bir prablemi olmamış,nümunəvi sürücü olduğuna görə rəhbərliyin hörmətini qazanmışdır. İşə qəbul edildiyi zaman əmək müqaviləsi bağlanarkən, iş rejimi 8-saat göstərilməsinə baxmayaraq, sürücüləri 24-saat iş rejimində işlədərək, əməklərini istismar ediblər. Cavabdeh qanunvericiliyin tələblərinə əməl etməmiş, işçiləri nüfuzdan salmağa çalışmışdır.Avtomobillərin sığortası olduğu halda, sığorta sistemini gizlədərək, yol hadisəsi zamanı avtomobillərə dəymiş ziyanı sürücülərə ödətmişdir. İddiaçıya 300 AZN dəyərində sığorta hesabı ödətmişlər.Şirkət olaraq qanunvericiliyin tələblərini pozaraq, saxtakarlıqla məşğul olan Cavabdeh iddiaçının əməkhaqqını və son haqq hesabını - 1200 manat və 300 manat sığorta haqqını verməkdən boyun qaçırmışdır. Cavabdehin etirazı və onun dəlilləri Cavabdeh tərəfindən məhkəməyə yazılı etiraz daxil olmuşdur Etiraz onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nərimanov rayon Məhkəməsinin icraatında İddiaçı Cavabdeh MMC-yə qarşı əmək münasibəlləri üzrə sair mübahisələr tələbinə dair 2(005)-2797/2025 saylı mülki iş vardır.İddiaçı iddia ərizəsində 1500 (min beş yüz) AZN məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Bu məbləğin nəyin əsasında yaranması və buna dair təsdiqedici sənədlər iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. İşlədiyi müddətdə İddiaçı bütün əmək haqqı və son haqq-hesabı tamamilə ödənilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə “Cargo.Az'' MMC-yə sürücü vəzifəsinə işə qəbul edilmişdir Tərəflər arasında olan əmək nüqaviləsinə xx.xx.2024-ci il tarixində AR Əmək Məcəlləsinin 68.2.a yarımbəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə, şəxsin öz ərizəsi əsasında) xitam verilmişdir.İşçinin 2024-cü il ərzində işlədiyi müddətdəki tabeli və əmək haqqının ödənilməsi qəbzləri əlavə olunır.İşçi işdən çıxdıqda onun aprel ayı üzrə əmək haqqı və istifadə edilməyən 3 məzuniyyət günü üçün ümumilikdə 637.08 (altı yüz otuz yeddi manat səkkiz qəpik) AZN son haqq-hesab məbləği ödənilmişdir. Bunun 578,33 (beş yüz yetmiş səkkiz manat otuz üç) AZN-i aprel ayı üzrə əmək haqqı, 58,75 (əlli səkkiz manat yetmiş beş qəpik) AZN-i isə istifadə edilməyən 3 məzuniyyət günü üçün müavinət məbləğidir. İddiaçı əsas məzuniyyət günlərinin sayı 21 gün olmuşdur. Şəxs tam bir il işləmədiyinə görə 17 gün (16.8 - yuvarlaqlaşdırılaraq 17 götürülür) məzuniyyət hüququ yaranmışdır. Müvafiq hesablanma cədvəli əlavə olunur. Şəxs bu məzuniyyətin 14 gününü 2024-cü ilin yanvar ayında istifadə etmişdir. 2024-cü ilin yanvar ayının tabelində, şəxsin məzuniyyətə çıxma barədə ərizəsi ilə, məzuniyyət əmrində bu fakt öz təsdiqini tapmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bildirdi ki, 30 aprel 2024-cü il tarixində öz xahişi ilə əmək müqaviləsinə xitam verilmiş və cavabdeh tərəfindən işdən çıxdığı zaman son haqq hesab olaraq 637 manat pul verilmişdir. Daha sonra da şirkət tərəfindən 137 manat ona pul vəsaitinin ödənilməsi təklif edilsə də, onun tərəfindən etiraz edilərək qəbul etmədiyini bildirdi. İşlədiyi müddət ərzində hüquqları pozulmuş, əmək haqqının bir hissəsini kart hesabı vasitəsil, bir hissəsini nağd şəkildə alıb. İş vaxtından artıq saatlarda işlədilib. Cavabdeh isə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Mülki işin materialları - Bakı 3 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixli,MŞB/3/2024- 00543 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışın surətindən görünür ki,İddiaçı iştirak etmiş və 60 manat mediasiya haqqı ödəmişdir. - xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı Cavabdeh ilə xx.xx.2023-cü il tarixdən müddətli olaraq xx.xx.2023-cü il tarixədək əmək müqaviləsi bağlamış və Nəqliyyat departamenti/Avtopark, sürücü vəzifəsinə təyin edilmişdir. - 26 dekabr 2023-cü il tarixli 354/M saylı Əmrdən görünür ki, İddiaçı Cavabdehndə sürücü vəzifəsində çalışır. xx.xx.2023-cü ildən etibarən xx.xx.2024-cü ilə kimi olan məzuniyyət ili üçün xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək cəmi əmək məzuniyyətinin müddəti 23 (iyirmi üç) gün olmaqla 14(on dörd) gün müddətinə əmək məzuniyyətinə buraxılsın. Məzuniyyətdə olduğu dövrün 1 günü Ümumxalq hüzn gününə təsdüf etdiyindən əmək məzuniyyətinin müddəti 01 (bir) gün uzadılması və işçinin xx.xx.2024-cü il tarixindən işə başlaması barədə əmr verilmişdir. - xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinin xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanılmış xx.xx.2023cü il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2.a tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmişdir. - xx.xx.2025-ci il tarixli "xxxx" ASC əmək haqqı ödənişləri bağlı çıxarışdan görünür ki, Cavabdeh İddiaçı xx.xx.2023-cü il tarixdən etibarən xx.xx.2024-cü il tarix ərzində əməkhaqqı və xx.xx.2024-cü il tarixdə isə son haqq hesabı ödənilmişdir. - İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə Cavabdehnə ünvanladığı ərizədən görünür ki,xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi olan iş ili üçün xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək 14(gün/ay) müddətinə əsas əmək məzuniyyyətinə buraxılmasını xahiş etmişdir. -İddiaçı tərəfindən təqdim edilmiş üzərində “Samsung SN:202301HT” yazısı olan flaş kartda “Audio_2025_07_15_01_08_09” adlı faylda əks edilmiş səs yazısında şəxsiyyəti naməlum olan şəxs tərəfindən aşağıdakı ifadələr işlədilir: “ Biz burda sıxlıq yaşayırıq...Bilmirik hansı sürücüyə istirahət verək, hansı sürücünü necə işlədək...Bundlar da görürsən 7 maşın, 8 maşın, 10 maşın, 15 maşın yatıb evindəki mənim yuxu saatımdı..Yuxu saatı deyə bir şey yoxdu..Belə bir anlam yoxdu..Kim bu sözü çıxardıbsa, getsin...bu işin də qabağında dayansın..Evəkuator sürürsən, yuxu saatı yoxdu...Kimin yuxusu gəlirsə, üzr istəyirəm, “lyuboy” yerdə yata bilər..Daşın üstdə də yatsa elə bilər posteldə yatıb..Yuxu saatı qurtardı..Kimin yuxusu gəlirsə versin maşını yolun qırağına 5 saat, 6 saat yatsın..Amma qaçıb evə gedim yatım elə söhbət yoxdu”... Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Mülki işə tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir; 35-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrıseçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 42-ci maddəsinin 1-ci hissəsinə əsasən Əmək müqavilələri sərbəst bağlanır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 43-cü maddəsinin 1-ci bəndinə əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. 57.1-ci maddəsinə əsasən, işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. 154.1-ci maddəsinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 157.3-cü maddəsinə əsasən, əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. 172-ci maddəsinin 1-ci bəndinə əsasən, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. 172-ci maddəsinin 4-cü bəndinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. 172-ci maddəsinin 5-ci bəndinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. 178-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır; 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələrdir; 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 296-cı maddənin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

İşə baxan məhkəmənin mövqeyi

Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, İddiaçı 12 iyul 2023cü il tarixdə Cavabdehndə Nəqliyyat departamenti/Avtopark, sürücü vəzifəsində əmək fəaliyyəti ilə məşğul olmağa başlayıb. İşçinin əmək haqqı 784 manat, iş vaxtı gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq müəyyənləşdirilmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə işəgötürənin xx.xx.2024-cü il tarixli əmri ilə Azərbaycan Respblikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilmişdir. Əmrdə iddiaçının xeyrinə istifadə edilməmiş 3 məzuniyyət gününə müvafiq olaraq son haqq hesabın ödənilməsi barədə göstəriş verilmiş və ödəniş həyata keçirilmişdir. İddiaçı məhkəməyə müraciət edərək son haqq hesab, ödənilməmiş məzuniyyət pulu və artıq işlədiyi iş saatlarına görə 1500 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Hazırki iş üzrə İddiaçı ödənilməyən əməkhaqqını və son haqq hesabı ilə bağlı pul məbləğini cavabdehdəndən tələb etsə də, bu tələbini əsaslandıran hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə ilk növbədə iddia tələbinin iş saatı vaxtından daha artıq işlədiyi saatlar üçün ona əmək haqqının ödənməsi ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd edir, iş materiallarından müəyyən edilir ki, əmək qanunvericiliyin normalarına riayət edilməklə tərəflər arasında bağlanmış əmək müqaviləsində iş vaxtının rejimi qaydaları müəyyən edilmişdir. Həmin qaydalara əsasən işçinin iş vaxtı həftənin 6(altı) günü həftə ərzində 40 saatdan çox olmayan dəyişən növbəli iş rejimi ilə işləyir; iş saatı həftənin 5(beş) günü 7(yeddi) saatdır, həftənin 1(bir) günü 5 saatdır; istirahət günü həftədə 1(bir) gündür; nahar vaxtı 1(bir) saatdır. İddiaçı işəgötürən tərəfindən iş saatlarından artıq işlədildiyini, lakin ona bunun üçün əmək haqqı ödənilmədiyini bildirir. İddiaçı tələbini təsdiq edən sübut qismində isə səs yazısını əks etdirən səs daşıyıcısını göstərmişdir. Məhkəmə iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş, i tərkibində səs yazıları olan elektron daşıyıcıya münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Məhkəmə hesab edir ki iddiaçı tərəfindən əldə olunması forması və mənbəyi göstərilə bilinməyən elektron daşıyıcıda olan məlumatlar mötəbər sübut hesab edilə bilməz və qətnamə qəbul olunan zaman ona istinad oluna bilməz. İddiaçının məsələ ilə bağlı AR Konstitsuiya Məhkəməsinin qərarlarına istinad etməsi ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında əks ooollluuunmuş hüquqi mövqeyə əsasən, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı təcrübəyə əsasən şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Lakin hazırki mülki iş üzrə bu hüquqi mövqedən çıxış edərək iddiaçı tərəfindən təqdim edilmiş səs yazılarının mötəbər sübut qismində qiymətləndirilməsini məhkəmə düzgün hesab etmir. Belə ki, səs yazısında mülki hüquqi əqdin tərəfləri olan şəxslərin danışığı əks edilmir. İddiaçı səs yazısının cavabdeh MMC-də onların iş saatlarına nəzarət edən, ümumilikdə onlara rəhbərlik edən qaraj müdirinə aid olduğunu bildirsə də, səs yazısından səsin kimə məxsus olduğunu, səs yazısının hansı şəraitdə qeydə alındığını, kimə ünvanlandığını müəyyən etmək mümkün deyil. Tərəflər arasında əmək müqaviləsindən irəli gələn münasibətlər mövcuddur və iddia tələbi ödənilməyən əmək haqqı və son haqq hesabın ödənilməsi ilə bağlıdır. İddiaçı iş vaxtlarında artıq işlədiyini, əmək haqqının bir hissəsinin kart hesabı, bir hissəsini nağd şəkildə aldığını bildirsə də, dediklərini təsdiq edə bilən hər hansı sübut təqdim edə bilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli "xxxx" ASC əmək haqqı ödənişləri bağlı çıxarışdan görünür ki, Cavabdeh İddiaçı xx.xx.2023-cü il tarixdən etibarən xx.xx.2024-cü il tarix ərzində əməkhaqqı və xx.xx.2024-cü il tarixdə isə son haqq hesabı ödənilmişdir. İddia tələbinin son haqq hesabın ödənilməsi hissəsində məhkəmə qeyd edir ki,iddiaçı cavabdeh ilə bağladığı əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68.2.a yarımbəndinə əsasən(tərəflərdən birinin təşəbbüsü ilə, şəxsin öz iradəsi əsasında) xitam verilmişdir.İddiaçı işdən çıxdıqda onun aprel ayı üzrə əmək haqqı və istifadə edilməyən 3 məzuniyyət günü üçün ümummilikdə 637,08 manat son haqq-hesab məbləği ödənilmişdir. Həmçinin bu halı iddiaçı öz izahatlarında təsdiqini tapmışdır. Həmin ödənilən 637,08 manatın 578,33 manat aprel ayı üzrə əmək haqqı, 58,75 manat isə istifadə edilməyən 3 məzuniyyət günü üçün müavinət məbləğidir. Cavabdeh tərəfindən təqdim edilən ödəniş cədvəlindən görünür ki, iddiaçının hesabına 637,08 manat məbləğində son haqq-hesab ödənilmişdir. Bununla da iddiaçının tələbinin əsassız olduğu müəyyən edilir. İddiaçı işəgötürənin nağd şəkildə ödədiyini əmək haqqının 300 manatının əksik ödənildiyini göstərsə də, bununla bağlı da hər hansı sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı əmək münasibətləri üzrə sair mübahisələr tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı Cavabdehnə qarşı əmək münasibətləri üzrə sair mübahisələr tələbi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ

İddiaçı Cavabdehnə qarşı “əmək haqqı” tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdkdən sonra qanuni qüvvəyə minir.

Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar