Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2808/2022 19.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X2 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) qarşı “əmək müqaviləsinin xitam olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X2 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) qarşı “əmək müqaviləsinin xitam olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsi üzrə bildirişin Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin elektron informasiya sistemində qeydə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, hal-hazırda iddiaçı Cavabdehndə menecer, səyahət agentliyi vəzifəsində çalışır. Sözügedən cəmiyyət ilə iddiaçı arasında xx.xx.2020-ci il tarixli aktiv əmək müqaviləsi vardır. Lakin bu formal xarakter daşıyır. Belə ki, kommersiya qurumunun təsisçisi ilə əlaqə yarada bilmədiyinə görə təsisçi ilə bağladığı əmək müqaviləsinə xitam verilməsi baş tutmamışdır. İddiaçı faktiki olaraq bu kommersiya qurumunda hər hansı vəzifə daşımır. Artıq uzun müddətdir, buna görə o iş tapmaqda çətinlik çəkir. Belə ki cəmiyyətlə bağladığı əmək müqaviləsinə hələ də xitam verilmədiyinə görə o elektron informasiya sistemində məşğul şəxs kimi qeydiyyata alınmış və bu da öz növbəsində onun digər kommersiya qurumları ilə əmək müqaviləsi bağlamağına mane olur. Bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə müraciət etmişdir. Sözügedən qurum ünvanladığı məktubda qeyd edilmişdir ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X2 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsinin məhkəmə tərəfindən xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun X2 Xidmətinə həvalə edilməsi barədə məhkəmə qərarının alınması tələbi irəli sürülməlidir. Buna görə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı və "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin xitam verilməsi və bu barədə bildirişin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydə alınması barədə iddia qaldırmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı dair xx.xx.2020-ci il tarixli xxxxxxx000200 əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işəgötürən Cavabdeh MMC ilə xx.xx.2020-ci il tarixdən qüvvədə olan əmək müqaviləsi vardır. Əmək müqaviləsi üzrə vəzifə menecer səyahət agentliyi, əmək müqaviləsi üzrə Reservation manager, əmək haqqı 250 manatdır. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanan pretenziyadan görünür ki, onunla Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsi üzrə bildirişin Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin elektron informasiya sistemində qeydə alınmasının təmin edilməsi xahiş edilmişdir. İş materiallarında olan X2 Xidməti tərəfindən İddiaçı ünvanlanan xx.xx.2021-ci il tarixli məktubun təsdiq edilmiş surətindən görünür ki, Əmək müqaviləsinən xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi X1 Xidmətinin səlahiyyətləri xaricindədir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənə və ya mübahisəli yarandığı təqdirdə məhkəməyə müraciət etmək hüququ vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********916400 nömrəli məlumatdan görünür ki, xx.xx.2020-ci il tarixdə vergi orqanında qeydiyyatda olan Cavabdeh MMC (VÖEN **********) xx.xx.2020-ci tarixdən xx.xx.2025-ci il tarixdək fəaliyyətini dayandırmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmışdır. Sonradan əmək münasibətləri faktiki həyata keçirilməsə də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemində aktiv əmək müqaviləsi bildirişi qalmaqda davam edir. İddiaçı qeyd olunan müqaviləyə xitam verilməsi və bu məlumatların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemində qeyd olunmasını mhəkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 45-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Məcəllənin 68-ci maddəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər. Həmin Məcəllənin 69.1-ci bəndinə görə işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 69.2-ci bəndinə görə ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Məhkəmə qeyd edir ki, İddiaçı ilə Cavabdeh MMC arasında 1 il müddət müəyyən edilməklə əmək müqaviləsi bağlansa da, hazırki iş üzrə iddiaçının işəgötürənə təqdim etdiyi ərizələr baxılmadığı üçün müqavilə müddəti uzadılır və əmək müqaviləsinə xitam verilmir. Bu isə işçinin hüquqlarının pozulmasına gətirib çıxarır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən, Əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri tərəflərdən birinin təşəbbüsüdür. Həmin Məcəllənin 83-cü maddəsinin 1-ci bəndinə əsasən, Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. İşin hallarından göründüyü kimi iddiaçı əmək müqaviləsinin öz təşəbbüsü ilə xitam verilməsini tələb edir, lakin cavabdeh tərəfindən əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı əsaslandırılmış əmr qəbul edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı ilə bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən xitam verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Lakin məhkəmə araşdırması zamanı iddiaçının bu barədə cavabdehə müraciətlərini cavabsız qaldığı, habelə cavabdeh hüquqi şəxsin öz fəaliyyətini uzun müddətə dayandırması müəyyən edilmişdir. Belə olan halda yuxarıda qeyd olunan maddi hüquq normalarının imperativ tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, mübahisə predmeti olan müqavilə bir tərəfli qaydada xitam olunmalı və bu barədə müvafiq dəyişiklər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemində qeydiyyat aparılmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməli əmək müqaviləsi üzrə xitam bildirişinin Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin elektron informasiya sistemində qeydə alınması iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X2 Xidmətinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 244-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilsin və Əmək Müqaviləsi üzrə xitam bildirişinin Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin elektron informasiya sistemində qeydə alınması iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X2 Xidmətinə həvalə edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-2808/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2808/2022
19.07.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver