Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2815/2025 01.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinə qarşı (açar sözlər: əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilməsi; məcburi iş buraxmaya görə əmək haqqı tələbi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhmədbəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin xx.xx.2025- ci tarixli 3-22-1-2/3-1-58/2025 nömrəli əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Aqrar Xidmətləri Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Mərkəzinin 02 fevral 2023 -cü il tarixli 3-22-1 -2/3-49/2023 nömrəli əmri ilə 2023 cü il 2 fevral tarixindən 3 (üç) il müddətinə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrində ştatdankənar texnik vəzifəsinə təyin edilmişdir. İşəgötürənlə 3 (ay) müddətinə aralarında əmək müqaviləsi (kontrakt) bağlanmışdır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında AXAHS və BXM- nin xx.xx.2025-ci il tarixli 3-22-1-2/3-1- 58 /2025 nömrəli əmrilə əmlak müqaviləsinin müddətinin bitməsi səbəbi ilə tuluduğu vəzifədən azad edilərək 2025-ci il 3 fevral tarixindən bağlanmış müddətli əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2025-ci il tarixdən idarənin müdüri Nazim Şabanov güya Mərkəzin rəhbərliyi tərəfindən işə buraxlmamasını əsas gətirərək onu işə buraxmır və tabel kitabına imza atmağa icazə vermirdi. Nazim Şabanovun qanunsuz hərəkətləri barədə qayınatası X6 13.01. 2025-ci il tarixdə Neftçala rayon prokurorluğuna ərizə ilə müraciət edərək pozulmuş əmək hüquqlarının bərpa olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı yanında AXAHS və BXM-nin idarə rəisi Nazim Şabanovun tabel kitabına imza atmağa icazə verməməsi və ona qarşı qanunsuz hərəkətlərinin qarşısının alınması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətin Bakı şəhər İdarəsinə xx.xx.2025-ci il tarixli ərizə ilə müraciət etmişdir. Orada bildirilmişdir ki, tabel kitabına imza atmağa icazə verilməsə də işinə davam etsin. X3 Xitməti tərəfindən araşdırılma aparılmış və araşdırmanın nəticəsi barədə xx.xx.2025-ci il tarixli məktub göndərilmişdir. Həmin məktubda göstərilir ki, Aqrar Xidmətləri Agentliyinin Heyvan Sağlamığı və Baytarlıq mərkəzi tərəfindən təqdim edilmiş sənədlərdən mərkəzin rəhbərliyi arasında bağlanmış xx.xx.2023-cü il tarixli müddətli əmək müqaviləsinə müddət gözlənilmədən xx.xx.2025- ci il tarixində Azərbaycan Respublikasımın Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndində (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən əmək qanunvericiliyin tələbi pozularaq xitam verildiyi məlum olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Sosial Müdafiəsi Nazirliyinin “Əmək və məşğulluq“ alt sisteminə baxış zamanı Sizinlə mərkəzin rəhbərliyi arasında bağlanılmış 02.02. 2023- cü il tarixli müddətli əmək müqaviləsinə müddət gözlənilmədən 03.02. 2025-ci tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən əmək qanunvericiliyinin tələbi pozularaq xitam verildiyi məlum olmuşdur. Eyni zamanda əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli 3-22-1-2/3 -1 -58/2025 nömrəli əmrin 30(otuz) gün müddətində ləğv edilməsi və nəticəsi barədə X4 Xidmətinin Bakı şəhər İdarəsinə məlumat verilməsi əmək müfəttişliyinin məktubunda göstərilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin AXAHS və BXM- nin göstərişinə yerinə yetirmədiyi üçün “Mediyasiya haqqında” Azərbaycan Respulikasınm Qanununa əsasən mübahisənin həll edilməsi barədə xx.xx.2025- ci ildə Salyan 1 saylı Mediyasiya təşkilatına müraciət etmişdir. Qarşı tərəfin nümayəndəsi mediyasiya şurasının iclasına dəvət olunmuşdur. Lakin qarşı tərəfini nümayəndəsi heç bir izahat verə bilməmişdir. Mediasiya şurası tərəfindən ilkin mediyasiya scsiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2025-ci il tarixli arayış verilmişdir. İşəgötürən qanunvericilikdə nəzərdə tutulan müddətin bitməsini gözləmədən xx.xx.2025- ci il tarixdə bildiriş göndərilmişdir. Bildirişlə xx.xx.2025-ci il tarixdə tanış olmuşdur. Göründüyi kimi işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaların tələbləri pozulmuşdur. İşəgötürən tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-22-1-2/3-1 -58/2025 nömrəli əmrin ləğv edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməsi üçün əsaslar vardır.” II. Tərəflərin mövqeləri: Cavabdeh xx.xx.2025-ci il tarixdə elektron qaydada iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı Muradova X1 2023-cü il 2 fevral tarixli 3-22-1- 2/3-1-49/2023 nömrəli əmri ilə Neftçala rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin ştatdankənar texniki vəzifəsinə təyin edilmişdir. Lakin 2025-ci il üzrə dövlət büdcəsində ştatdankənar vəzifələr üçün vəsait nəzərdə tutulmadığından cavabdehlə əmək münasibətləri davam etdirilməmiş və Mərkəzin 2025-ci il 30 yanvar tarixli 3-22-1-2/3-1- 58/2025 nömrəli əmri ilə cavabdehlə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. Hazırda sözügedən vəzifə üzrə dövlət büdcəsindən vəsait ayrılmadığından İddiaçı Neftçala rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin ştatdankənar texniki vəzifəsinə bərpa edilməsi qeyrimümkündür. Bu səbəbdən İddiaçı Mərkəzə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə iddiası əsassız hesab olunaraq rədd edilməlidir. Həmçinin cavabdeh xx.xx.2205-ci il tarixdə elektron qaydada iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək bildirmişdir ki, iş üzrə icraat materiallarından da məlum olduğu kimi, iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində müddətin bitməsi səbəbi ilə (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə uyğun olaraq 20 təqvim günü öncədən (xx.xx.2025-ci il tarixində) elektron sistem vasitəsilə məlumat verilməklə) xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hazırkı işdə iddiaçı “Elektron məhkəmə” informasiya sistemində olan məlumatlara əsasən xx.xx.2025-ci il tarixində məhkəməyə müraciət etmişdir. Həmçinin iş materiallarından görünür ki, iddiaçı tərəfindən "Mediasiya prosesinin tətbiqi barədə" təklif xx.xx.2025-ci il tarixində göndərilmişdir. Göründüyü kimi, iddiaçı qanunvericiliyin tələbinə əsasən xx.xx.2025-ci il tarixinədək mediasiyaya və ya məhkəməyə müraciət etməli olduğu halda, bu müddəti 29 gün ötürmüş və müddətin ötürülməsinə dair hər hansı bir üzrlü səbəblər və bununla bağlı ərizə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. İddiaçı xx.xx.2023-cü ildə ştatdan kənar texniki işçi kimi Neftçala rayon İdarəsində müddətli əmək fəaliyyətinə başlamışdır. 2025-ci il üçün ayrılmış dövlət büdcəsindən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi üçün nəzərdə tutulmuş büdcə vəsaitlərinin içərisində ştatdan kənar işçilərə əmək haqqının ödənilməsi ilə bağlı vəsait nəzərdə tutulmayıb. Bunu nəzərə alaraq texniki işçilərin əmək müqavilələrinə öncədən məlumat verilməklə Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq və iddiaçıya xx.xx.2025-ci ildə bu barədə elektron sistem vasitəsilə bildiriş göndərilməklə həmin müqaviləyə həftənin bazar gününə düşdüyü üçün xx.xx.2025-ci ildə xitam verilmişdir. Əmək müqaviləsinin xitam verilməsində qanunvericiliyin hər hansı bir tələbi pozulmayıb. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı bildirmişdir ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzində texniki işçi vəzifəsində çalışmışdır. İşlədiyi müddət ərzində heç bir qüsuru olmayıb. Daha sonra dekabr ayında bayram oldu və xx.xx.2025-ci ildə işə qayıtmışdır. Qayıtdıqdan sonra saat 17:00 radələrində kompyuterə məlumat daxil oldu ki, öz xahişi ilə ərizəsini yazsın və işdən azad olunsun. Səbəbini bildirdilər ki, ştat ixtisarı ilə əlaqədardır. Əmək Müfəttişliyinə müraciət etmiş, Əmək Müfəttişliyi cavabdehdən onun haqqımda məlumat istəmiş, lakin cavabdeh tərəf təqdim etməmişdir. Həmin müddət ərzində işə getmiş, lakin tabeli imzalamağa qoymadılar, bununla belə işə getməyə davam etmişdir. 17 gün sonra mənə işdən azad olunma ilə bağlı bildiriş gəldi və bir ay gözlədilər. Müqavilənin müddəti bitdikdən sonra işdən çıxma ilə bağlı əmr gəldi. Əmri xx.xx.2025-ci ildə almışdır. Bundan sonra işə getməmiş və yenidən Əmək Müfəttişliyinə müraciət etmişdir. Əmək Müfəttişliyi onları cərimə etdi və məhkəməyə müraciət etməyini bildirdilər. İlk dəfə aprel ayında Salyan rayonunda mediasiyaya müraciət etmiş və oraya direktor gəlmişdi, lakin razılıq əldə olunmayıb. O, bildirdi ki, ştat ixtisar olunub və bu məsələyə ancaq Bakı şəhərində baxıla bilər. Əmək Müfəttişliyinin cavabını gözlədiyi üçün məhkəməyə müraciət etməmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəblər barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin 02 fevral 2023-cü il tarixli 3-22-1-2/3-1-49/2023 saylı əmrindən görünür ki, Muradova X2 rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin ştatdankənar texniki vəzifəsinə təyin edilmişdir. - Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin 30 yanvar 2025-ci il tarixli 3-22-1-2/3-1-58/2025 nömrəli əmək müqaviləsinə xitam verilməsi haqqında əmri ilə müəyyən olunur ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (Bakı şəhəri, Nəcəf Nərimanov 7A) Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin Neftçala rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin ştatdankənar texniki İddiaçı əmək müqaviləsinin müddətinin bitməsi səbəbi ilə tutduğu vəzifədən azad edilərək 2025-ci il 3 fevral tarixindən onunla bağlanılmış müddətli əmək müqaviləsinə xitam verilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi tərəfindən təqdim edilmiş sənədlərdən Sizinə mərkəzin rəhbərliyi arasında bağlanılmış xx.xx.2023-cü il tarixli müddətli əmək müqaviləsinə müddət gözlənilmədən xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin ub” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən əmək qanunvericiliyinin tələbi pozularaq xitam verildiyi məlum olmuşdur. Lakin sənədlər tam təqdim edilmədiyinə görə son haqq-hesabının hesablanıb ödənilməsinə münasibət bildirmək mümkün olmamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” alt sisteminə baxış zamanı Sizinlə mərkəzin rəhbərliyi arasında bağlanılmış xx.xx.2023-cü il tarixli müddətli əmək müqaviləsinə müddət gözlənilmədən xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b" bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən əmək qanunvericiliyinin tələbi pozularaq xitam verildiyi məlum olmuşdur. Bu səbəbdən də, Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin rəisi X5 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin Məcəllənin 192.6-cı maddəsinə əsasən xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Eyni zamanda əmək müqaviləyə xitam verilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli 3-22-1-2/3-1-58/2025 nömrəli əmrin 30 (otuz) gün müddətində ləğv edilməsi və nəticəsi barədə X3 Xidmətinin Bakı şəhər İdarəsinə məlumat verilməsi ilə əlaqədar məktub göndərilmişdir. Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin “a” bəndinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək işəgötürənin əsas hüquqlarından biri olduğundan yenidən işə bərpa ilə bağlı Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin rəhbərliyinə müraciət etməyi məqsədəuyğundur. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, məhkəmə iclasında tərəflərin təqdim etdikləri sübutlarla müəyyən edilmişdir ki, işəgötürənin 02 fevral 2023-cü il tarixli əmri ilə iddiaçı, 3 ay müddətinə Neftçala rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin ştatdankənar texniki vəzifəsinə təyin edilmişdir. İşəgötürənin 30 yanvar 2025-ci il tarixli 3-22-1-2/3-1-58/2025 nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin bitməsi səbəbi ilə 3 fevral tarixindən xitam verilmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin əmrin ləğv edilməsini, əvvəlki vəzifəsinə bərpa olunmasını, işə bərpa olunan günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsini xahiş edir Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: - 35-ci maddəsinin İ-İV hissələrinə görə, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: -11-ci maddəsinin b bəndinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir. -45-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. -45-ci maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. -45-ci maddəsinin 4-cü hissəsinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. -45-ci maddəsinin 5-ci hissəsinə əsasən Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. -47-ci maddəsinin “b” bəndinə əsasən, işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübəsınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər -47-ci maddəsinin “f” bəndinə əsasən, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. -68-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. -68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. -73-cü maddəsinin 1-ci hissəsinə əsasən, Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarına əsasən; -Qanunverici işaxtaranların daimi məşğulluğunun, sosial müdafiəsinin təmin edilməsi, əmək bazarında qeyri-sabit vəziyyətin yaranmasının qarşısının alınması məqsədi ilə müddətli əmək müqaviləsinin bağlanmasına imkan verən istisnaların siyahısını Əmək Məcəlləsinin 47-ci maddəsində müəyyən etmişdir. Bununla yanaşı, qanunverici həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar (əsaslar) olmadığı halda da əmək bazarı iştirakçılarının sərbəst iradə ifadələri və hüquq bərabərliyi şəraitində onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsinin bağlanmasını Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə mümkün hesab etmişdir. Göründüyü kimi İddiaçı iddia tələbi 3 hissədən ibarətdir: 1) işəgötürənin əmrinin ləğv edilməsi; 2) iddiaçının əvvəlki vəzifəsinə bərpa olunması; 3) işə bərpa olunan günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi; Məhkəmə, iddia tələbinin birinci hissəsinin hüquqi əsaslandırılması ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Əmək qanunvericiliyinin tələblərindən göründüyü kimi, əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müəyyən müddətə bağlanıla bilər. Əmək hüququ şəxslərin heç bir ayrı-seçkilik olmadan sərbəst qaydada əmək münasibətlərini yaratmaq imkanını ehtiva edir. Cavabdeh müəssisə tərəfindən İddiaçı əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları Əmək Məcəlləsinin 68-ci maddəsində təsbit olunub. Həmin maddənin 2-ci hissəsinin “b” bəndinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin müstəqil əsaslarından biri də əmək müqaviləsinin müddətinin qurtarmasıdır. Bu əsas üzrə əmək müqaviləsinə xitam verilməsi üçün iki şərtin olması zəruridir: 1) əmək müqaviləsinin müddətinin qurtarması, 2) müddətli əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərdən birinin təşəbbüsü. Eyni Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən isə müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Məhkəmə qeyd edir ki, cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin işəgötürən kimi əmək müqaviləsinə müddətin bitməsinə görə xitam vermək hüququ vardır. Hazırki iş üzrə işəgötürən müqaviləyə xitam verilməsi ilə bağlı təşəbbüs göstərmiş, müddətin bitməsinə görə iddiaçı ilə bağladığı əmək müqaviləsinə xitam vermək barədə iradəsini açıq şəkildə ifadə etmiş, müqaviləyə xitam veriləcəyi ilə bağlı iddiaçıya bildiriş ünvanlamış və bundan sonra bu barədə müvafiq əmr imzalamışdır. Əmək qanunvericiliyində təsbit olunmuş prinsiplərə görə, bunun üçün işçi ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin çıxarılması və bu barədə işçiyə məlumat verilməsi kifayətdir, işəgötürən tərəfindən əlavə bir məktub, bildiriş, pretenziya və s. ünvanlanması, əsaslandırma aparılması zərurəti yoxdur. Bununla belə, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi tərəfindən İddiaçı xx.xx.2025-ci il tarixdə elektron qaydada bildiriş göndərilmiş, onunla bağlanmış əmək müqaviləsinə qüvvədə olma müddətinin bitməsinə əsasən xx.xx.2025-ci il tarixdə xitam veriləcəyi bildirilmişdir. İddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilməsi üçün zəruri olan şərtlərin hər ikisi vardır: 1) əmək müqaviləsi xx.xx.2023-cü il tarixdə 3 ay müddətinə olmaqla müddətli bağlanmış, onun müddəti bir neçə dəfə uzadılmış, bundan sonra xx.xx.2025-ci il tarixdə bitmiş, 2) tərəflərdən biri - işəgötürən müqavilənin müddəti bitməzdən əvvəl müqaviləyə xitam verilməsi ilə bağlı təşəbbüs göstərmiş, xx.xx.2025-ci il tarixdə bununla bağlı müvafiq əmr vermişdir. Hazırda iddia tələbi üzrə müəyyən olunmuş halların qanunvericiliklə müəyyən olunmuş tələblərlə uzlaşdırılması zamanı uyğunsuzluq aşkar olunmamışdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə müqavilənin bağlandığı müddətin bitməsi əsası ilə xitam verilmişdir. İlk öncə qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı əmək müqaviləsinə xitam verilməsində cavabdeh müəssisə tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Belə ki, işçi – iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, müqaviləyə xx.xx.2025-ci il tarixdən xitam verilmiş, bu barədə əmr verilmiş, əmrin çıxarılması barədə iddiaçıya məlumat verilməklə onunla son haqq-hesabı aparılmışdır. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında əmək müqaviləsi bağlanarkən və ona xitam verilərkən cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi tərəfindən əmək qanunvericiliyinin tələblərinə riayət edilmiş, hər hansı qanun pozuntusuna yol verilməmişdir. İddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi barədə tələbi əsaslı deyildir və bu səbəbdən məhkəmə tərəfindən təmin edilə bilməz. Məhkəmə, iddia tələbinin ikinci (işə bərpa) və üçüncü (məcburi işburaxmaya görə əmək haqqı) hissələri ilə bağlı hesab edir ki, iddia tələbi bu hissələrdə də təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Göründüyü kimi qanunvericiliyə əsasən, işəgötürən əmək müqaviləsinin ləğv edilməsi əsaslarını pozaraq xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Məhkəmə iddia ərizəsində göstərilən halların əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin mübahisələndirilən xx.xx.2025-ci il tarixli əmrinin ləğv edilməsi üçün əsas olmadığı qənaətinə gəlmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün digər, yəni işə bərpa edilmə və məcburi işburaxma müddətinə görə əmək haqqının tutulması tələblərinə hüquqi qiymət verilməsinə zərurət yoxdur. Bununla yanaşı məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək, iddia müddətlərinin keçməsini nəzərə alaraq iddianın rədd edilməsini xahiş etmişdir. İddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququn pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin maddənin ikinci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. “Mediasiya haqqında” Qanunun : -35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. - 35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Hazırki iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə işəgötürənin xx.xx.2025-ci il tarixli əmri ilə xx.xx.2025-ci il tarixdən xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı xitam olunması ilə bağlı əmri xx.xx.2025-ci il tarixdə aldığını və yenidən Əmək Müfəttişliyinə müraciət etdiyini bildirmişdir. Göründüyü kimi, iddiaçı xx.xx.2025-ci il tarixdən hüququnun pozulduğunu - əmək müqaviləsinə xitam verildiyindən məlumatlı olmuşdur. Belə olan halda iddiaçı hüququnun pozulduğunu bildiyi gündən 1 təqvim ayı ərzində hazırki tələblə məhkəməyə müraciət etməli olduğu halda, həmin tarixdən 2 aydan çox müddət keçdikdən sonra xx.xx.2025-ci il tarixdə mediasiya təşkilatına, 3 aydan çox müddət keçdikdən sonra, xx.xx.2025-ci il tarixdə isə məhkəməyə müraciət etməklə iddia müddətini ötürmüş (mediasiya prosesinin tətbiqi ilə əlaqədar xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək iddia müddətinin axımının dayandırılması da nəzərə alınmaqla), müddətin ötürülməsinin üzrlü səbəbləri barədə sübutları isə məhkəməyə təqdim etməmişdir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, əmək qanunvericiliyinin normaları baxımından hazırki tələblər üzrə iddia müddəti keçdiyindən, iddia müddətinin tətbiq edilməsinə dair cavabdeh tərəfindən ərizə verildiyindən və iddia müddətinin ötürülməsinin üzrlü səbəblərinə dair hallar məhkəmə tərəfindən müəyyən olunmadığından iddia müddəti tətbiq edilməklə iddiaçının hazırki iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: - 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Yuxarıda qeyd edilən normalara əsasən məhkəmə hesab edir ki, iddiaçı əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı hazırki tələb üzrə dövlət rüsumu ödəməkdən azad olunduğundan, onun tələbi isə təmin edilmədiyindən tərəflərdən dövlət rüsumu alınmamalıdır. Beləliklə məhkəmə işin hallarını və yuxarıda qeyd olunan maddi hüquq normalarını nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinə qarşı “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin xx.xx.2025- ci tarixli 3-22-1-2/3-1-58/2025 nömrəli əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. V. Nəticə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 358-360cı maddələrinin tələblərinə uyğun olaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinə qarşı “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin xx.xx.2025- ci tarixli 3-22-1-2/3-1- 58/2025 nömrəli əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-2815/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2815/2025
01.10.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver