Məhkəmə qərarları › İş №2(005)-2827/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2827/2024

04.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2827/2024 04.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “kommunal xidmət haqqı borcunun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-yə olan kommunal borcuna görə ümumilikdə 4113 manat pulun və ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Mənzil-Tikinti Kooperativi xx.xx.2003cü ildən Ədliyyə Nazirliyində 0103-P36-39077 nömrəsi ilə qeydiyyata alınmışdır. Bundan sonra 2006-cı ildə MTK ünvan 1 ünvanında çoxmərtəbəli (17 mərtəbəl) çoxmənzilli bina inşa etmişdir. Lakin inşa olunmuş binanın payçıları tərəfindən 2021-ci ilin iyul ayınadək MMMC-nin yaradılmaması ilə əlaqdar olaraq həmin binanın kommunal xidmətlərini və binaya xidməti və onun saxlanılmasını, binanın təmirini, zibillərin daşınmasını, liftin və binanın saxlanılmasını sakinlərin razılığı əsasında İddiaçı MTK öz üzərinə götürmüşdür. Belə ki, xx.xx.2015-ci il tarixində İddiaçı MTK ləğv olunur və onun qanuni varisi İddiaçı MMC yaranır və qeydiyyatdan keçir. Lakin təəssüf hissi ilə bildirirlər ki, onlar İddiaçı MTKnın varisi olaraq xərclədikləri kommunal pullarını bəzi sakinlərdən ala bilmirlər. Belə ki, “X4” MMC faktiki olaraq Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 113-cü maddəsinə əsasən MTK-nın hüquqi varisidir. İddiaçı İdeal-İnşaat Company MMC ilə Cavabdeh 2012cu ildə mənzil tikintisi haqqında müqavilə bağlamışdır. "xxxx" MMC Bakı şəh., M.Cəlal küçəsində inşa edilən coxmərtəbəli binanın 1-ci blok, mənzil 70, 2 otaqlı mənzili payçıya verməyi öz üzərinə götürmüşdür. Bakı şəh, M.Cəlal küçəsində inşa edilən cox mərtəbəli birbloklu binanın 1D ev 1 m 70 saylı mənzil ikinciyə təqdim edilmişdir, Cavabdeh payçı olaraq mənzilin pulunu tam olaraq ödəyib və mənzilini təhvil almışdır. Cavabdeh kommunal xidmətdən istifadə etdiyinə görə müəyyən dövr ərzində ödəniş etsə də, sonradan ödəniş etməmişdir. Hazırda yaşadığı (Bakı şəh. Binəqədi r-nu.9 mkr.Mir.Cəlal küçəsi,İD ev 1, mənzil 70), 2 otaqlı mənzilə görə xidmət haqqı borcunu 2012-cu ilin noyabr aprel ayından 2021-ci ilin iyun ayı da daxil olmaqla müxtəlif vaxt fasilələri ilə ödəməmişdir. Cavabdehə kommunal xidmətinə görə borclarının ödənilməsi barəsində hər il dəfələrlə bildiriş göndərilib və binanın kommendantı və işçiləri tərəfindən dəfələrlə xəbərdar olunub. Cavabdehin hazırda (Bakı şəh. Binəqədi r-nu.9 mkr.Mir.Cəlal,küçəsi, İD, ev 1, mənzil 70 üçün MMC-yə 2012-ci il üçün 261 azn, 2013-cu il üçün 629 azn, 2024-cü il üçün 273 azn, 2015-ci il 95 azn, 2017-ci il 160 azn, 2018-ci il 480 azn, 2019-cu il 480 azn, 2020-ci il 480 azn, 2021-ci il 200 azn, cəmi kommunala 3058, 315 azn antenaya, 740 azn sayğaca (qaz- 400 azn, işıq 100 azn, su 80 azn, krosna peyk aparatı 160 azn) ümumilikdə 4113 azn borcu yaranmışdır. İddaçı "xxxx" MMC-nin rəhbərliyinin kommunal xidmət haqlarının ödənilməsi üçün dəfələrlə cavabdehlə telefon əlaqəsi saxlamasına, eləcə də yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, hər dəfə müxtəlif bəhanələr gətirməklə kommunal xidməti borcunu ödəməmişdir. Cavabdeh məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Beləliklə o, 3 illik iddia müddətinin tətbiq edilməsi ilə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 bildirmişdir ki, xx.xx.2015-ci il tarixində “X4” MTK ləğv olunmuş və onun qanuni varisi “X4” MMC yaranmış və qeydiyyatdan keçmişdir. Lakin onlar “X4” MTK-nın varisi olaraq xərclədikləri kommunal pullarını bəzi sakinlərdən ala bilmirlər. Cavabdeh komunal xidmətdən istifadə etdiyinə görə müəyyən dövr ərzində ödəniş etsə də, sonradan ödəniş etməmişdir. Halhazırda 2 otaqlı mənzilə görə xidmət haqqı borcunu 2012-ci ilin noyabr aprel ayından 2021-ci ilin iyun ayı da daxil olmaqla müəyyən vaxtlarda ödəməmişdir. Cavabdehin iddia müddəti barədə ərizəsini qəbul etmirlər. Çünki cavabdeh bəzi vaxtlarda ödənişlər edib və ödənişlərlə bağlı qəbzlər təqdim edilib. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, o, 2021-ci ilin son 7 ayının kommunal ödənişlərini verməmişdir. Çünki binanın damından avtomobilinin üzərinə daş düşüb avtomobilin ön şüşəsini qırmışdı. O, MTK-ya müraciət etsə də, heç bir məhəl qoymamışdılar. O da məcbur qalıb 350 manata yeni şüşə qoydurmuşdu. Bu səbəbdən də həmin ilin 7 ayının kommunal ödənişlərini etməmişdir. Hazırda onda heç bir qəbz yoxdur. Çünki kifayət qədər müddət keçmişdir və o, qəbzləri saxlamamışdır. Həmin mənzildə oğlu yaşayıb, oğlu da həmin mənzili bu il satıb. Əlavə olaraq iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə ünvanlamışdır. İddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin olunmamalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “X4” MMC ilə Cavabdeh arasında bağlanmış mənzil tikintisi haqqında xx.xx.2012-ci il tarixli müqavilənin surətindən görünür ki, İddiaçı MMC Bakı şəhəri, M.Cəlal küçəsində inşa edilən 17 mərtəbəli bir bloklu, 1 nömrəli evin 2 otaqlı 70 nömrəli mənzilini “Payçı”ya verməyi, “Payçı” isə mənzilin pay haqqını müəyyənləşdirilən mərhələlər üzrə ödəməyi və mənzili qəbul etməyi öz üzərinə götürmüşdür; - İddiaçı MMC ilə ünvan 2 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının 1 nömrəli, 70 saylı mənzilinin mülkiyyətçisi arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin surətindən görünür ki, MMC rəhbərliyi mənzillərin soyuq su ilə təmin edilməsi, həyətin, blokların süpürülməsinin, təmiz saxlanmasının, mühafizəsinin, işıqlandırılmasının və yaşıllığa qulluğun təmin edilməsi, lift xidməti və zibilin daşınması üzrə bağlanmış müqavilələrin şərtlərinə əməl olunmasının aidiyyətli təşkilatlardan tələb edilməsi ilə bağlı kommunal xidmətlərinin göstərilməsini öz üzərinə götürmüşdür; - İddiaçı MMC-nin xx.xx.2017-ci il tarixli, 07 nömrəli qərarının surətindən görünür ki, MMC-nin işçilərinin əmək haqlarının əhəmiyyətli dərəcədə qaldırılması, aylıq lift xidməti xərci, sanitar, zibil xərci, kanalizasiya xərci, havalandırma xərci, avadanlıqların təmiri xərci, binanın təmiri xərci, elektrik enerjisi xərci və sair xərclər kimi binanın amortizasiya və cari xərcləri nəzərə alaraq 1 otaqlı mənzilin kommunal ödəmə haqqı 2017-ci il üçün 30 manat, 2 otaqlı mənzilin kommunal ödəmə haqqının 2017-ci il üçün 40 manat, 3 otaqlı mənzilin kommunal ödəmə haqqı 2017-ci il üçün 50 manat olaraq hesablanması qərara alınmışdır; - “X4” MMC-nin borc bildirişinin surətindən görünür ki, Bakı şəh. Binəqədi r-nu. 9 mkr.Mir.Cəlal, küçəsi, İD, ev 1, mənzil 70 üzrə MMC-yə 2012-ci il üçün 261 azn, 2013-cu il üçün 629 azn, 2014-cü il üçün 273 azn, 2015-ci il 95 azn, 2017-ci il 160 azn, 2018-ci il 480 azn, 2019-cu il 480 azn, 2020-ci il 480 azn, 2021-ci il 200 azn, cəmi kommunala 3058, 315 azn antenaya, 740 azn sayğaca ( qaz-400 azn, işıq 100 azn, su 80 azn, krosna peyk aparatı 160 azn) ümumilikdə 4113 manat borcu yaranmışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına görə, Cavabdeh xx.xx.2012-ci il tarixli müqavilə əsasında “X4” MMC-dən mənzil almış və həmin mənzildə yaşamağa başlamışdır. 2021-ci ildə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılmışdır. İddiaçı, 2021-ci ilədək MMC tərəfindən sakinlərə kommunal xidmətlərin göstərildiyinə, MMC-nin kommunal ödənişlərin müəyyən edilməsi barədə 01 yanvar 2017-ci il tarixli, 07 saylı qərarına və cavabdehin 2012-2021-ci illər üzrə MMC-yə kommunal haqqı borcunun olduğuna istinad edərək kommunala görə 3058 manat, antenaya görə 315 manat, sayğaca görə 740 manat (qaz-400 azn, işıq 100 azn, su 80 azn, krosna peyk aparatı 160 azn), ümumilikdə 4113 manat pulun cavabdehdən tutulmasını xahiş edir. Cavabdeh isə 2021-ci ilə kimi kommunal xidmət haqlarını ödədiyini, yalnız son 7 aya görə ödəniş etmədiyini, kommunal xidmətin lazımi qaydada həyata keçirilmədiyini, iddia müddətinin keçdiyini bildirərək iddiaya etiraz edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 43-45-ci maddələrinə görə, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır (43.1). Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aşağıdakılar aiddir: çoxmənzilli binanın yenidən qurulması (o cümlədən onun genişləndirilməsi və ya üstünün tikilib artırılması), təsərrüfat tikililərinin və digər bina, tikili və qurğuların inşa edilməsi, çoxmənzilli binanın ümumi əmlakının təmiri haqqında qərar qəbul etmək; çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsindən istifadə hədləri haqqında, o cümlədən ondan istifadəyə məhdudiyyətlər tətbiq edilməsi haqqında qərar qəbul etmək; çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi haqqında qərar qəbul etmək; çoxmənzilli binanın idarəetmə üsulunu seçmək; bu Məcəllə ilə çoxmənzilli binanın mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlər (43.2). Çoxmənzilli binanın sahə mülkiyyətçiləri bu Məcəllənin 43.2-ci maddəsində göstərilən məsələlərlə bağlı qərar qəbul etmək zərurəti yarandıqda ümumi yığıncaqlarını keçirməlidirlər (44.1). Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin səslərinin ümumi sayının üçdə ikisindən az olmayan səs çoxluğu ilə qəbul edilən bu Məcəllənin 43.2.1-43.2.3-cü maddələrində nəzərdə tutulmuş qərarlar istisna olmaqla, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səsə qoyulmuş qərarları yığıncaqda iştirak edən ümumi səslərin səs çoxluğu ilə qəbul edilir (45.1). Mənzil Məcəlləsinin 135-140-cı maddələrində yaşayış sahələrinə və kommunal xidmətlərə görə haqq ödəmək vəzifəsi, haqqın təkibi, miqdarı və xərclər nəzərdə tutulmuşdur. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar (135.1) Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifələrindən biri mənzil-tikinti kooperativi üzvləri üçün mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaranmış hesab edilir (135.2.3). Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqdan və kommunal xidmətlərə görə haqdan ibarətdir (136.2). Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər (137.4). Bilavasitə mülkiyyətçilər tərəfindən idarə olunan çoxmənzilli binanın yaşayış sahələrinin mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq ödəyirlər (137.7). Həmin Məcəllənin 140.3-cü maddəsinə əsasən əgər çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncaqda yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul etməzlərsə, bu miqdar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Mənzil Məcəlləsinin 141.1 və 141.2-ci maddələrinə görə çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur: - binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə; - mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə; - idarəedici təşkilat tərəfindən idarə edilmə. Çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırmalıdır. Belə yığıncaqda bu Məcəllənin 141.5-ci maddəsinin müddəaları bələdiyyə tərəfindən sahə mülkiyyətçilərinin nəzərinə çatdırılmalıdır (Mənzil Məcəlləsinin 141.3 və 141.4-cü maddələri). Mənzil qanunverciliyinin müvafiq normalarının məzmunundan göründüyü kimi, qanunverici, çoxmənzilli binanın idarə edilməsini ilk növbədə sahə mülkiyyətçilərinin özlərinə həvalə etmişdir. Belə ki, binanın idarəetmə orqanı çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağıdır. Ümumi yığıncaq binanın idarəetmə üsulunu seçmək səlahiyyətinə sahibdir. Çoxmənzilli binanın idarə edilməsi səlahiyyəti binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti vasitəsilə həyata keçirilir. İxtisaslaşmış istehlak kooperativinin yaradılmadığı çoxmənzilli binanın yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarı ümumi yığıncaqda müəyyən edilir. Əgər yığıncaqda həmin haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul edilməzsə, bu miqdar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Beləliklə, binanın idarə edilməsi ilə bağlı tam səlahiyyət sahə mülkiyyətçilərinə məxsusdur və binanın idarə edilməsi üsulu mülkiyyətçilərin ümumi yığıncağının qərarı əsasında dəyişdirilə bilər. Əgər binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qanunda göstərilən üsullardan biri (binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə və ya idarəedici təşkilat tərəfindən idarə edilmə) seçilməzsə, bu halda binanın yerləşdiyi ərazinin bələdiyyəsi bu məsələnin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırmalıdır. Bu mümkün olmadıqda həmin bələdiyyə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir. Sahə mülkiyyətçiləri isə belə müsabiqə nəticəsində seçilmiş idarəedici təşkilatla qanunla müəyyən edilmiş qaydada həmin binanın idarə edilməsi barədə müqavilə bağlamağa borcludurlar. Beləliklə, qanunverici, çoxmənzilli binanın idarə edilməsini ilk növbədə sahə mülkiyyətçilərinin özlərinə həvalə etmişdir. Onlar tərəfindən bu məsələ həll edilmədikdə bələdiyyənin müvafiq vəzifələri nəzərdə tutulmuşdur. Hazırkı işdə İddiaçı MTK tərəfindən 2006-cı ildə inşa edilmiş yaşayış binasının sahə mülkiyyətçilərinin yuxarıda qeyd edilən idarəetmə üsullarından birini seçmələri və ya digər qanuni tədbirlər görmələri müəyyən edilmir. Mənzilin alğı-satqısına dair müqavilə, hazırki iş üzrə iddiaçı olan MMC ilə bağlanmışdır. Bu həmçinin o deməkdir ki, binaya faktiki nəzarəti əlində saxlayan iddiaçı təşkilat çoxmənzilli binanın idarə edilməsi üçün yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə uyğun formada binanın sahə mülkiyyətçiləri tərəfindən idarəedici təşkilat kimi seçilməmişdir. Eyni zamanda sözügedən çoxmərtəbəli yaşayış binasının yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqənin keçirilməsi istiqamətində tədbirlər görüldüyü, müsabiqə nəticəsində hər hansı təşkilatın (o cümlədən iddiaçı təşkilatın) qanunla müəyyən edilmiş qaydada həmin binanın idarə edilməsi üçün seçilmədiyi də işin mübahisəsiz halıdır. Belə olan halda, sahə mülkiyyətçiləri (o cümlədən hazırkı işdəki cavabdeh) iddiaçı MMC ilə qanunla müəyyən edilmiş qaydada həmin binanın idarə edilməsi barədə müqavilə bağlamaq vəzifəsinin daşıyıcısı da olmamışdır. Qeyd olunduğu kimi, iddiaçı MMC-nin inşası tamamlanaraq mənzilləri və qeyri-yaşayış sahələrini ayrı-ayrı şəxslərin (sahə mülkiyyətçilərinin) istifadə və sərəncamına verilmiş bina üzərində faktiki nəzarəti hazırkı tarixədək əlində saxlaması mənzil qanunvericiliyinin tələblərinə uyğun gəlmir. Belə ki, iş materiallarından da görünür ki, MTK təşkilati hüquqi formasını dəyişərək MMC-yə çevrilmiş, hər iki hüquqi şəxsə rəhbərlik edən eyni şəxs olmuşdur. Bununla da kooperativin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi təmin edilməmişdir. Halbuki, Mənzil Məcəlləsinin 109.5-ci maddəsinə əsasən kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənziltikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. Nəzərə alınmalıdır ki, sahə mülkiyyətçilərinin kommunal xidmətlərə, çoxmənzilli binanın yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarını müəyyən etmək ümumi yığıncağın müstəsna səlahiyyətidir və bu haqqın miqdarı mülki qanunvericiliklə müəyyənləşdirilmiş qaydada keçirilən sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı ilə təsdiq edilməlidir. Həmçinin Konstitusiya Məhkəməsi Plenumunun V.Ələsgərovanın şikayəti üzrə 2015ci il 29 dekabr tarixli Qərarında ifadə olunan hüquqi mövqeyinə görə, müəyyən olunan xərclər və xidmət haqqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır. İcrası məcburi olan qərarlar yalnız çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən Mənzil Məcəlləsində (126.9 və 44-47-ci maddələr) nəzərdə tutulan qaydada qərar qəbul edilməsi nəticəsində yarana bilər. Bu, xüsusilə kommunal xidmət haqqının müəyyən edilməsinə aiddir. Məhkəmə qeyd olunan normaları işin halları baxımından qiymətləndirərək hesab edir ki, iddiaçı çoxmənzilli binanın idarəçiliyini mənzil qanunvericiliyinin tələblərinə zidd olaraq, hər hansı bir hüquqi əsas olmadan həyata keçirmişdir. Belə olduğu təqdirdə, iddiaçının cavabdehdən kommunal borcun tutulmasına dair tələbinin hər hansı bir hüquqi əsası mövcud deyildir. Hazırkı işdə, yaşayış sahəsinin 15 ildən çoxdur ki, istismara verilməsi, mənzillərin və qeyri-yaşayış sahələrinin ayrı-ayrı mülkiyyətçilərin sərəncamında və istifadəsində olması iddiaçı tərəfindən təsdiq edilməklə, işin mübahisəsiz halıdır. Deməli, binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququnun mənzil-tikinti kooperativinin üzvlərinə keçdiyindən, çoxmənzilli bina sahə mülkiyyətçilərinin seçdikləri və qanunda nəzərdə tutulmuş binanın idarə edilməsi üsullarından biri vasitəsilə idarə edilməli idi. Hazırki işdə isə mənzil qanunvericiliyinin qeyd edilən tələbləri pozulmaqla binanın idarəçiliyi həyata keçirilmişdir. Cavabdehlə bağlanmış müqaviləyə gəlincə isə qeyd edilməlidir ki, iddiaçının belə bir müqavilə bağlamaq hüququ olmadığından, cavabdehdən həmin müqavilənin məcburi qaydada icrası tələb edilə bilməz. Məhkəmə cavabdehin iddia müddətinin tətbiq edilməsinə dair ərizəsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Bənnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarlar). İddia müddətinin tətbiqinə dair yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən göründüyü kimi iddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər. İddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı aradan qalxır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmaması səbəbi ilə təmin edilmədiyindən iddia müddətinin tətbiqi məsələsinin araşdırılması zərurəti aradan qalxmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı “kommunal xidmət haqqı borcunun ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı “kommunal xidmət haqqı borcunun ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar