Məhkəmə qərarları › İş №2(005)-2860/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2860/2020

19.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2860/2020 19.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi, İddiaçı “xxxx” MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı “pul” tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxx 2019-cu il tarixli və xx xxxxxx 2019-cu il tarixli müqavilə üzrə 2 ədəd iPhone Xs markalı telefon üçün 4666 (dörd min yüz altı yüz altmış altı) manat ödənilməmiş hissənin, 1021,00 (min iyirmi bir manat 00 qəpik) manat dəbbə pulunun, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 4696 (dörd altı yüz doxsan altı manat) manat məbləğində pulun Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh“xxxx” MMC ilə bağladığı xx xxxx 2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən 2 ədəd iPhone Xs markalı telefonlar almış və nəticədə 4666 manat borcu yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx xxxx 2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2592 (iki min beş yüz doxsan iki) manat (12 ay x216 manat+0 manat ilkin ödəniş) təşkil edən iPhone Xs markalı telefon üçün ümumilikdə 1965 manat olmaqla ondan 1512 manat ödənilməmiş hissə, 453 manat dəbbə borcu və xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2855 (iki min səkkiz yüz əlli beş) manat (12 ay x 237 manat+11 manat ilkin ödəniş) təşkil edən iPhone Xs markalı telefon üçün ümumilikdə, 2701 (iki min yeddi yüz bir) manat olmaqla ondan, 2133 (iki min yüz otuz üç) manat ödənilməmiş hissə, 568 (beş yüz altmış səkkiz) manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1802 manat təşkil edir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı “xxxx” MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında Cavabdeh ərizə təqdim edərək borcun olduğunu etiraf edərək imkanının olmadığını və nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx xxxx 2019-cu il tarixli 00709099 nömrəli müqavilədən görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti müqavilə əsasında Cavabdeh iPhone Xs markalı telefon satmışdır. Cavabdeh müqavilə əsasında yaranan 2592 (iki min beş yüz doxsan iki) manat (12 ay x216 manat+0 manat ilkin ödəniş) hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli 00837271 nömrəli müqavilədən görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti müqavilə əsasında Cavabdeh iPhone Xs markalı telefon satmışdır. Cavabdeh müqavilə əsasında yaranan 2855 (iki min səkkiz yüz əlli beş) manat (12 ay x237 manat+11 manat ilkin ödəniş) hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2020-cu il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1ənzil 99 ünvanında qeydiyyatdadır. İş materiallarında olan xx xxxxx 2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, ödəniş etməyəcəyi təqdirdə iddiaçı məhkəmədə mülki iddia qaldıracağı barədə Cavabdeh xəbərdar etmişdir. İş materiallarına əlavə olunmuş maliyyə və ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ümumilikdə ödənilməmiş 4666 manat əsas borc və hər iki müqavilə üzrə 1021 manat dəbbə borcu mövcuddur. İş materiallarına əlavə olunmuş xx xxxx 2020-ci il tarixli Mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçının nümayəndəsi tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, müəyyən olundu ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-ci il tarixli 00709099 və xx xxxxxx 2019-cu il tarixli 00837271 nömrəli müqavilələrə əsasən cavabdehin “ABC Telekom” Məhdud Məsuliyyətli Cəmiyyətinə, ümumilikdə 4666 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx xxxx 2019-cu il tarixli 00709099 nömrəli və xx xxxxxx 2019-cu il tarixli 00837271 nömrəli müqavilələrin şərtləri Cavabdeh tərəfindən pozulmuş, müqavilə şərtlərinə uyğun olaraq ödənişlər edilməmişdir. Beləliklə cavabdeh iddiaçı ilə arasında bağlanmış müqavilələrin şərtlərinə uyğun olaraq ödənişlər etmədiyindən müvafiq müqavilə üzrə əsas borcu 4666 (dörd min altı yüz altmış altı) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin xx xxxx 2019-cu il tarixli 00709099 nömrəli və xx xxxxxx 2019-cu il tarixli 00837271 nömrəli müqavilələr üzrə 4696 manat məbləğində əsas borcuna görə iddiaçı tərəfindən hesablanmış 1.021 manat cərimə yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı və 100 manata endirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia qismən təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumundan 20 (iyirmi) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh 3645 manat əsas, 100 manat cərimə borcu olmaqla, cəmi 3745 manat məbləğində pul və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 244-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3645 (üç min altı yüz qırx beş) manat əsas, 100.00 (bir yüz manat) manat cərimə borcu olmaqla, cəmi 3745 (üç min yeddi yüz qırx beş manat) manat məbləğində pul və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar