Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2860/2021 22.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “mənzilin təhvil verilməsi, mənzil üzərində sahiblik, istifadə və sərəncam hüquqlarının tanınması, istismara qəbul aktının surətinin verilməsi və mənzilin təmir və istifadə edilməsinə yaradılan maneələrin aradan qaldırılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “mənzilin təhvil verilməsi, mənzil üzərində sahiblik, istifadə və sərəncam hüquqlarının tanınması, istismara qəbul aktının surətinin verilməsi və mənzilin təmir və istifadə edilməsinə yaradılan maneələrin aradan qaldırılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh MTK arasında bağlanmış 14.11.2018-ci il tarixli “Mənzil tikintisi haqqında” müqaviləyə əsasən ünvan 1 ünvanda MTK tərəfindən inşa edilən binanın 12-ci mərtəbəsində, 4 otaqlı 173,2 kv/m ibarət olan 51 №-li mənzilin ona tam hazır vəziyyətdə, yəni mənzilin qapı və pəncərələrinin quraşdırılaraq açarlarının təhvil verilməsi, həmin mənzil üzərində sahiblik, istifadə və sərəncam hüquqlarının tanınması, mənzilə dair mülkiyyət hüquqlarının qeydiyyatı barədə dövlət reyestrindən çıxarışın alınması üçün “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərman”ına müvafiq olaraq istismara qəbul aktının surətinin ona verilməsi, mənzilin onun tərəfindən təmir və istifadə edilməsinə dair maneələrin aradan qaldırılmasının Cavabdeh MTK-ya həvalə edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla cavabdeh “Cavabdeh" MTK arasında 14.11.2018-ci il tarixli “Mənzil tikintisi haqqında" müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən “Cavabdeh" MTK ünvan 1 ünvanında MTK tərəfindən inşa edilən binanın 12-ci mərtəbəsində, 51 №-li mənzili payçı İddiaçı yəni onun mülkiyyətinə verməyi, o, isə qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Sözügedən müqavilənin 3-cü bəndinə əsasən mənzilin ümumi dəyəri 207840 (iki yüz yeddi min səkkiz yüz qırx manat) AZN müəyyən olunmuşdur. Həmçinin, həmin müqavilənin 5-ci bəndinə əsasən mənzilin müqavilə ilə nəzərdə tutulan dəyəri tam ödənildiyi tarixdə, mənzil payçıya tam şəkildə və heç bir qeyd-şərt olmadan təhvil verilməli idi. Həmin anda payçı mənzilində təmir işləri apara və yaşaya bilər. Cavabdeh “Cavabdeh" MTK tərəfindən verilmiş 14.11.2018-ci il tarixli 32 №-li Maliyyə arayışından müəyyən olunur ki, o, qeyd olunan mənzilin dəyərini tam olaraq ödəmiş və cavabdehə heç bir borcu yoxdur. Yuxarıda qeyd olunan müqavilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada bağlanmasına və onun dəyərinin ödənilməsinə baxmayaraq, müqavilədə qeyd olunan mənzil ona təhvil verilməmiş, həmçinin mənzilin ona təhvil verlməsinə cavabdeh tərəfindən maneələr törədilmişdir. Halbuki, mənzilin dəyərini tam ödəyərək mülkiyyət hüququ əldə etmişdir. Cavabdeh tərəfindən qanunvericiliyin tələbləri və müqavilənin şərtləri pozulmuşdur. Belə ki, müqavilənin 5-ci bəndində qeyd olunur ki, mənzilin müqavilə ilə nəzərdə tutulan dəyəri tam ödənildiyi tarixdə, mənzil payçıya tam şəkildə və heç bir qeyd-şərt olmadan təhvil verilir. Həmin anda payçı mənzilində təmir işləri apara və yaşaya bilər. Lakin, müqavilə üzrə öhdəliklər tərəfındən tam icra olunsa da, mənzilin dəyərini tam ödədiyi halda cavabdeh tərəfindən müqavilənin şərtləri pozulmuş və mənzil ona təhvil verilməmişdir. Sözügedən mənzilin ona təhvil verilməməsi, onun tərəfindən həmin mənzilin təmir etdirilməsinə və mülkiyyət hüququnu təsdiq edən çıxarış almaq üçün dövlət orqanlarına müraciət etməyinə maneəçilik yaradır. Eyni zamanda cavabdehə mənzilin (ona payçıya) təhvil verilməsi, ona aid mənzilin razılığı olmadan kənar şəxsə satılması eləcə də, mənzili digər şəxsin mülkiyyətinə keçirmək istəyi barədə dəfələrlə rəsmi müraciət etməyinə baxmayaraq müraciətləri cavabsız qalmışdır. Yuxarıda sadalanan halları əsas gətirərək hesab edir ki, iddia tələbi tam əsaslıdır və təmin edilməlidir. Qeyd olunan müqavilə üzrə mənzil onun akt əsasında mülkiyyətinə verilməli və mənzilin onun mülkiyyətinə verilməsi üçün cavabdeh tərəfindən yaradılan bütün maneələr aradan qaldırılmalıdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdehnə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Cavabdeh-kooperativ ilə İddiaçı-payçı arasında bağlanmış 14 noyabr 2018-ci il tarixli müqavilənin surətindən və məzmunundan görünür ki, ünvan 2 ünvanda MTK tərəfındən inşa edilən binasının 2-ci mərtəbəsində, 51 №-li mənzili payçının mülkiyyətinə verməyi, payçı isə, həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öz öhdəsinə götürür: (1-ci bənd). Göstərilən mənzil 4 otaqdan ibarətdir. Mənzilin ümumi sahəsi 173,2 kv.m-dır. MTK mənzildə lazım olan yerlərin suvaq işlərini görür, su və kanalizasiya xəttini çəkir, elektrik xəttləri üçün suvaq altı boruları plastik pəncərələri və giriş qapılarını qoyduqdan sonça payçıya təhvil verir. (2-ci bənd). Göstərilən mənzilin ümumi dəyəri 207840 manat məbləğində müəyyən olunmuşdur (3-cü bənd). Mənzilin ınüqaviləylə nəzərdə tutulan dəyəri tam ödənildiyi tarixdə, mənzil payçıya tam şəkildə və heç bir qeyd-şərt olmadan təhvil verilir. Həmin andan payçı mənzilində təmir işləri apara və yaşaya bilər (5-ci bənd). Cavabdeh 14.11.2018-ci il tarixli 32 №-li maliyyə arayışından görünür ki, İddiaçı Cavabdehnə məxsus N.Nərimanov rayonu Əliəşrəf Əlizadə küçəsi 36 ünvanda tikilməkdə olan yüksəkmərtəbəli yaşayış binasının, 12-ci mərtəbəsində yerləşən, sahəsi 173.2 m olan, 4 otaqlı, 51 №-li mənzilin dəyərini qalıq olmadan 100 % ödəmişdir. Cavabdeh üzvlüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılığı ilə bölüşdürülməsi barədə 14.11.2018-ci il tarixli 51№-li protokoldan görünür ki, İddiaçı “Cavabdeh" MTK-nın üzvlüyünə qəbul edilmişdir. Vətəndaş İddiaçı razılıq yolu ilə “Cavabdeh" MTK-ya məxsus ünvan 3 ünvanda inşa edilən yaşayış binasında sahəsi 173,2 kv.m 12 mərtəbədə 4 otaqlı 51 №-li mənzilə düşməsi təsdiq edilmişdir. “Cavabdeh" MTK-nin sədri cənab R.B.Əliyevə payçı İddiaçı tərəfindən ünvanlanmış 13.03.2020-ci il tarixli yazılı müraciətdən görünür ki, Cavabdeh MTK-ilə bağlanmış 14 noyabr 2018ci tarixli müqaviləyə və 14 noyabr 2018-ci il tarixli 51 saylı protokola əsasən ünvan 4 ünvanda inşa edilən yaşayış binasında sahəsi 173,2 kv.m. 12-ci mərtəbədə 4 otaqlı 51 saylı mənzili onun mülkiyyətinə rəsmiləşmişdir. Məlumat üçün bildirir ki, qeyd olunan mənzilin istifadəyə (təmirə) verilməsi müddəti uzandığından mənzilin başqa şəxsin mülkiyyətinə rəsmiləşdirilməsi (satılması) məqsədi ilə artıq üç halda tikintiyə gəlmiş və orada mühafizəçidən başqa heç kimin olmadığından sizinlə görüşüb danışığın aparılması mümkün olmamışdır. Binanın çölündə isə tikintinin hansısa şirkətə satılması və tikintinin dayandırılması barədə tanımadığı şəxslər tərəfindən neqativ danışıqların şahidi olmuşdur. Qeyd olunanların həqiqiliyinə aydınlıq gətirilməsi üçün sizə rəsmi müraciət etmək qərarına gəlmişdir. Odur ki, ona məxsus mənzilin başqa şəxsin mülkiyyətinə rəsmiləşdirilməsi üçün hansı prosedurların tərəfindən icra olunması, eləcədə tikintinin başa çatdırılması barədə hansısa şirkətə verilib verilməməsi (tikinlinin nə vaxt başa çatması) barədə müraciətinə rəsmi cavab verilməsi sizdən xahiş olunur. “Cavabdeh" MTK-nin sədri cənab R.B.Əliyevə payçı İddiaçı tərəfindən ünvanlanmış 06.04.2021-ci il tarixli təkrar yazılı müraciətin məzmunundan görünür ki, tərəfindən poçt vasitəsi ilə 13.03.2020-ci il tarixdə ünvanlandığı eyni məzmunlu müraciəti almağınıza baxmayaraq bu günədək ona tərəfinizdən rəsmi cavab hələ də verilməmişdir. Bütün bu qeyd olunanlar onda bir payçı olaraq ciddi narahatçılıq yaradır. Qeyd olunan məsələ həllini tapmazsa, sonda məhkəməyə müraciət etmək məcburiyyətində qalacağını bildirmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı-payçı arasında bağlanmış 14 noyabr 2018-ci il tarixli müqaviləyə əsasən “Cavabdeh" MTK ünvan 1 ünvanında MTK tərəfindən inşa edilən binanın 12-ci mərtəbəsində, 51 №-li mənzili payçı İddiaçı yəni onun mülkiyyətinə verməyi, o, isə qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Sözügedən müqavilənin 3-cü bəndinə əsasən mənzilin ümumi dəyəri 207 840 (iki yüz yeddi min səkkiz yüz qırx manat) AZN müəyyən olunmuşdur. Həmçinin, həmin müqavilənin 5-ci bəndinə əsasən mənzilin müqavilə ilə nəzərdə tutulan dəyəri tam ödənildiyi tarixdə, mənzil payçıya tam şəkildə və heç bir qeyd-şərt olmadan təhvil verilməli idi. Həmin anda payçı mənzilində təmir işləri apara və yaşaya bilər. Mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmiş və onun kooperativə borcu yoxdur. İddiaçı Cavabdehnə 13.03.2021-ci il və 06.04.2021-ci il tarixlərdə yazılı müraciətlər edərək, mənzillə bağlı ona məlumat verilməsini xahiş etsə də müraciətləri cavabsız qalmışdır. İddiaçı həmçinin sonuncu müraciətində rəsmi cavab verilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə cavabdeh kooperativi xəbərdar etmişdir. Məhkəmə hesab edir ki, ünvan 4 ünvanda inşa edilən yaşayış binasında sahəsi 173,2 kv.m. 12-ci mərtəbədə 4 otaqlı 51 saylı mənzilə İddiaçı tərəflər arasında bağlanmış müqavilə əsasında tələb hüquqları yarandığından, həmçinin İddiaçı tərəfindən müqavilə öhdəliyi olan mənzilin dəyərinin tam həcmdə ödənildiyi nəzərə alınaraq onun qeyd edilən mənzilə mülkiyyət hüququ ilə bağlı gözləntisi vardır. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 139.1.6-cı maddəsinə əsasən, qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin üzərində mülkiyyət hüquqların əmələ gəlməsi üçün əsas hesab olunur; 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər; 182.1-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 112-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququnu əldə edir; 113.1-cü maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənziltikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir; 113.2-ci maddəsinə əsasən bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqını tam ödəməsi isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Həmçinin mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-ci maddəsinə əsasən mənzillər üzərində hüquqların dövlət qeydiyyatı üçün mənzil-tikinti kooperativi (MTK) binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) tələb olunur. İddiaçı cavabdeh tərəfi müqavilə üzrə dəyərini tam ödədiyi mənzilin tam hazır vəziyyətdə, yəni mənzilin qapı və pəncərələrinin quraşdırılaraq açarlarının təhvil verilməməsi, mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyetstrində qeydə alınması (çıxarışın verilməsi) üçün tələb olunan istismara qəbul aktının surətinin verilməməsində, həmçinin həmin mənzil üzərində sahiblik, istifadə hüquqlarının həyata keçirilməsi, mənzilin onun tərəfindən təmir və istifadə edilməsinə şərait yaradılmamasında günahlandırır. Cavabdeh tərəf isə qeyd edilənlərə münasibətdə iddiaçının müraciətlərinə heç bir cavab verməmiş, həmçinin məhkəmə çağırışlarına gəlməyərək iddia ərizəsinə heç bir münasibət bildirməmişdir. İşin mübahisəsiz halı odur ki, cavabdeh tərəfindən tərtib edilmiş maliyyə arayışı ilə İddiaçı MTK qarşısında heç bir borc öhdəliyinin olmadığını təsdiqləmişdir. Bununla da tərəflər arasında bağlanmış 14.11.2018-ci il tarixli “Mənzil tikintisi haqqında” müqaviləyə əsasən İddiaçı icra edilməmiş öhdəliyi qalmadığı müəyyən edilir və bu halda İddiaçı öz öhdəliklərini tam həcmdə icra etdiyindən cavabdehdən müqavilə üzrə öhdəliklərinin icrasını tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının hazırki iş üzrə tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Göründüyü kimi “Cavabdeh" MTK müqavilə şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh MTK ilə bağlanmış 14.11.2018-ci il tarixli “Mənzil tikintisi haqqında” müqaviləyə əsasən ünvan 1 ünvanda MTK tərəfindən inşa edilən binanın 12-ci mərtəbəsində, 4 otaqlı 173,2 kv/m ibarət olan 51 №-li mənzili İddiaçı tam hazır vəziyyətdə, yəni mənzilin qapı və pəncərələrinin quraşdırılaraq açarlarının təhvil verilməsi, istismara qəbul aktının surətinin verilməsi, həmin mənzil üzərində sahiblik, istifadə hüquqlarının həyata keçirilməsi, mənzilin onun tərəfindən təmir və istifadə edilməsinə dair maneələrin aradan qaldırılması öhdəliyi Cavabdeh üzərinə öhdəlik kimi qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh MTK ilə bağlanmış 14.11.2018-ci il tarixli “Mənzil tikintisi haqqında” müqaviləyə əsasən ünvan 1 ünvanda MTK tərəfindən inşa edilən binanın 12-ci mərtəbəsində, 4 otaqlı 173,2 kv/m ibarət olan 51 №-li mənzilin İddiaçı tam hazır vəziyyətdə, yəni mənzilin qapı və pəncərələrinin quraşdırılaraq açarlarının təhvil verilməsi, istismara qəbul aktının surətinin verilməsi, həmin mənzil üzərində sahiblik, istifadə hüquqlarının həyata keçirilməsi, mənzilin İddiaçı tərəfindən təmir və istifadə edilməsinə dair maneələrin aradan qaldırılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qalan hissədə iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-2860/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2860/2021
22.06.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver