Məhkəmə qərarları › İş №2(005)-2866/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2866/2022

21.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2866/2022 21.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızı Ərizəçi “alman milliyyətinə mənsub olma faktının təsdiq olunması” tələbinə dair xüsusi icraat qaydasında ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi”nə dair xüsusi icraat qaydasında ərizə verərək, Ərizəçi məxsus bütün vətəndaşlıq vəziyyəti akt qeydlərində miliyyətinin "azərbaycanlı”dan “alman”a dəyişdirilməklə alman miliyyətinə mənsub olmağı faktının müəyyən edilməsi, qətnamənin ərizəyə məxsus ******* nömrəli hərbi biletdə və X1 məxsus Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş və doğum haqqında akt qeydləri kitabında 1182 nömrə ilə qeyd edilmiş doğum haqqında şəhadətnamədə ərizənin milliyətinin “alman'' kimi qeyd edilməsi üçün əsas sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə iddianın yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən hakim ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə ki, MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 saylı Qərarının 9.1 bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 6.2.-ci bəndinə əsasən, 9.1-ci bəndin redaksiyasından “(vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVİİ fəsli)” sözləri çıxarılsın və ikinci halda “imtina olunması” sözlərindən sonra“, yaxud vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi” sözləri əlavə edilsin. Göründüyü kimi,Ərizəçi ərizəsinə xüsusi icraat qaydasında baxıla bilməz. Çünki Ərizəçi ərizə ilə akt qeydlərinin dəyişdirilməsi (düzəliş edilməsi ) üçün aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanına müraciət etmiş və milliyyətindəki ziddiyyətin aradan qaldırılması ilə bağlı müvafiq akt qeydlərinə düzəliş edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli məktubu ilə ərizəçinin doğum haqqında şəhadətnaməsindəki səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsinin mümkün olmaması səbəbindən məhkəməyə müraciət etməsi bildirilmişdir. Yuxarıda bəhs edilən Plenum Qərarından göründüyü kimi, ərizəçi inzibati orqanın imtina məktubunu inzibati məhkəmədə mübahisələndirməli olduğu halda, ümumi məhkəməyə müraciət etmiş və vətəndaşlıq vəziyyəti akt qeydlərində miliyyətinin "azərbaycanlı”dan “alman”a dəyişdirilməklə düzəliş edilməsini və yeni doğum şəhadətnaməsi verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin: 153.3-cü madəsinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-cü maddəsinə görə iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi “alman milliyyətinə mənsub olma faktının təsdiq olunması” tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və ona izah olunmalıdır ki, ərizəçi doğum haqqında akt qeydlərində milliyyəti qrafasında dəyişiklik və ya düzəlişin edilməsi üçün aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanına müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.2-ci maddələrinə əsasən, ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, qaytarılır. Ona görə də məhkəmə hesab edir ki, Ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 153, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi “alman milliyyətinə mənsub olma faktının təsdiq olunması” tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Ərizəçi tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, qeyd olunan məsələ ilə əlaqədar olaraq Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar