Məhkəmə qərarları › İş №2(005)-2870/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2870/2024

20.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2870/2024 20.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Novruzova Aytən Nazim qızı Ərizəçi X2 maraqlı şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Qeydiyyat İmtahan İdarəsi vicdanlı əldə edən qismində tanınma, avtomobilə mülkiyyət hüququnun tanınması barədə xüsusi icraat qaydasında verilmiş iddia ərizəsini və əlavə olunmuş sənədləri araşdırıb MÜƏYYƏN ETDİM: Ərizəçi X2 xüsusi icraat qaydasında ərizə təqdim edərək onun vicdanlı əldə edən kimi tanınması və avtomobilin qeydiyyat işlərinin aparılması vəzifəsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Qeydiyyat İmtahan İdarəsinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilməlidir. Belə ki, ərizəçinin tələbi iki hissədən ibarətdir: «vicdanlı əldə edən kimi tanınma», «avtomobilin qeydiyat işlərinin aparılması vəzifəsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Qeydiyyat İmtahan İdarəsinin üzərinə qoyulması». Bu tələblərə hüquqi əhəmiyyəti olan fakt olaraq baxılması mümkün deyil. Mülki-prosessual qanunvericiliyin mülki işlər üzrə icraatın növlərindən biri olaraq müəyyənləşdirdiyi xüsusi icraat qaydasında baxılan işlər ərizəçilər tərəfindən qaldırılmaqla ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır (MPM-nin 306.2-ci maddəsi). Xüsusi icraat qaydasında baxılan işlərin siyahısı isə MPM-nin 305.1-ci maddəsində göstərilmişdir və bunların bir kateqoriyası da hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında olan işlərdir (MPM-nin 305.1.1-ci maddəsi). İddia ərizəsinin məzmunundan aydın olur ki, ərizəçinin tələbləri mübahisəsiz deyil, iş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Qeydiyyat İmtahan İdarəsi inzibati orqan olmaqla inzibati orqan üzərinə müəyyən öhdəliklər qoymaq xarakteri daşıyır. Halbuki mülki-prosessual hüququn prinsiplərinə əsasən məhkəmə yalnız mübahisə olduqda ədalət mühakiməsini həyata keçirə bilər (ümumi iddia icraatı qaydasında baxılan işlər üzrə). “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli Plenumunun Qərarının 1.3-cü bəndinə əsasən məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Qərarın 7-ci bəndinə görə, Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. 7.1. Məhkəmələrə tövsiyə olunur ki, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıb-alınmadığı aydınlaşdırılmalıdır. 7.2. Məhkəmələrə izah edilsin ki, özbaşına tikililər, istismara qəbul edilməmiş tikililər, qurğular, eləcə də başqasının adına qeydə alınmış tikililər üzərində sahiblik faktının, həmçinin avtonəqliyyat vasitələri və digər daşınar əmlak üzərində sahiblik, istifadə, sərəncam faktının müəyyən edilməsi barədə ərizələrə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxıla bilməz. Belə tələblərə məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 153.2.1-ci maddəsinə görə isə, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-cü maddəsinə görə iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 261.0.4, 262, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı Ərizəçi X2 maraqlı şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Qeydiyyat İmtahan İdarəsi vicdanlı əldə edən qismində tanınma, avtomobilə mülkiyyət hüququnun tanınması barədə xüsusi icraat qaydasında verilmiş iddia ərizəsinin icraata qəbulundan imtina edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu X1 geri qaytarılsın. Qərardaddan 10 gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar