Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2872/2023 12.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Şirinova Fatima Ağamehdi qızının katibliyi, İddiaçı, Cavabdeh X1, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh X3 qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X9 ilə birlikdə İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospektində yerləşən 118 saylı evin 27 saylı mənzilindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospektində yerləşən 118 saylı evin 27 saylı mənzili Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən xx.xx.1998-ci il tarixdə verilmiş 132677 nömrəli qeydiyyat vəsiqəsinə əsasən İddiaçı Əbülfət qızının tam mülkiyyətindədir. DİN-nin verdiyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2023-cü il tarixli arayışdan məlum olur ki, evdə yalnız İddiaçı qeydiyyatdadır. Cavabdeh Əliyeva Aydan iddiaçının keçmiş gəlinidir. O, 2012-ci ildə iddiaçının oğlu X11 ilə evlənərək, həmin mənzilə köçmüşdür. Həmin tarixdən mənzildə yaşayır. Həmçinin iddiaçının nəvələri xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X9 cavabdehlə birlikdə həmin mənzildə yaşayırlar. İddiaçının oğlu X11 ilə cavabdeh Avdan Əliyevanın nikahı Nərimanov rayon məhkəməsinin 2(005)-959/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X9 cavabdeh Əliyeva Aydanın yanında saxlanılmışdır. Beləliklə, cavabdeh Əliyeva Aydan iddiaçının keçmiş ailə üzvüdür. Hazırda özü və azyaşlı uşaqları mənzildən könüllü şəkildə çıxmaq istəmirlər. İddiaçı bu barədə polisə müraciət etmişdir. Ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İddiaçının özünü faktiki olaraq evə buraxmır. İddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. O hesab edir ki, Nərimanov Rayon Məhkəməsi iddia tələbini tam təmin etməlidir, cavabdeh Əliyeva Aydan uşaqları xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X9 ilə birlikdə mənzildən çıxarılmasına dair qətnamə qəbul etməlidir. Cavabdeh X1 nümayəndəsi və vəkili Vəkil etiraz ərizəsi ilə müraciət edərək, iddiaçı X2 cavabdehə qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh mənzilin mülkiyyətçisi İddiaçı gəlini olmuşdur. xx.xx.2011-ci il tarixində iddiaçının oğlu X10 ilə evlənərək həmin mənzilə gəlin köçmüşdür. 2012-ci ilin yanvar ayında rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X9 dünyaya gəlmişdir. İddiaçının oğlu X11 ilə nikahları Nərimanov rayon məhkəməsinin 2(005)-959/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. X11 hazırda Rusiya Federasiyasında yaşayır. X8 və X9 cavabdehin yanında saxlanılmışdır. Hal-hazırda onlara cavabdeh baxır və indiyədək həmin mənzildə onunla birgə yaşayırlar. 2011-ci ildən indiyədək həmin mənzildə övladları ilə birgə yaşamış və həmin dövr ərzində evin bütün xərclərini özü qarşılamış, mənzilin yaxşılaşdırılması ilə bağlı müəyyən işlər görmüşdür. Nikahda olduğu dövrdə 12 ildən artıq yaşadığı mənzildə qeydiyyata düşmək istəsə də, qarşı tərəfin müxtəlif bəhanələri ilə bu baş tutmamışdır. Bundan başqa, iddia ərizəsində qeyd olunan cavabdeh X1 İddiaçı faktiki olaraq mənzilə buraxmama fikri tamamilə yanlışdır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Digər ailə üzvlərinin (gəlinin və ya kürəkənin) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. İddiaçının az yaşlı 2 (iki) nəvəsinin həmin mənzildə doğulub, həmin mənzildə bu günədək yaşaması, yaşamaq üçün başqa yerin olmaması, atalarının illərdir Rusiya Federasiyasında olması və 12 ildən artıq müddətdə bu mənzildə yaşamaları, həmin dövr ərzində mülkiyyətçi tərəfindən yaşamalarına və mənzildən istifadəyə heç bir etirazın edilməməsi ilə əlaqədar qeyd etmək olar ki, onlar yaşayış sahəsinə olan ehtiyacını nənələri İddiaçı, yəni mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətindədirlər. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X7 izahat verərək iddia tələbinin əsassız olduğunu, həmin ünvanda övladları ilə yaşadığını, övladlarının yaxınlıqda yerləşən məktəbdə oxuduğunu, uşaqların həmin ünvana alışdıqlarını, mənzildən çıxarlarsa, övladları ilə yaşamağa yerlərinin olmadığını bildirib, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək, yazılı etirazın dəlilləri üzrə izahat verib, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilən MH 132677 seriya nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospektində küçəsindəki 118 saylı evin 27 saylı mənzili X4 adına tam payda xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. Bu barədə xx.xx.1998-ci il tarixdə 887 №li reyestr kitabında 556 №-li qeydiyyat aparılmışdır. AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Nərimanov Rayon Məhkəməsinə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubdan müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospektində küçəsindəki 118 saylı evin 27 saylı mənzili Bakı şəhəri, 38 saylı DNK-nın xx.xx.1998-ci il tarixli 3M-91- 95 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X4 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 595/2023 saylı qətnaməyə əsasən iddiaçı X7 ilə cavabdeh X11 arasında xx.xx.2012-ci il tarixdə Başkırdıstan Respublikası VVAQ idarəsinin Ufa şəhəri Oktyabr rayonu VVAQ şöbəsi tərəfindən qeydə alınmış və 54 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X5 anaları X1 yanında qalmaları, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq cavabdeh X6 hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir. AR DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixdə verilmiş ******* №-li arayışından görünür ki, İddiaçı Əbülfət qızı 01 dekabr 2003-cü il tarixdən ünvan 2 ünvanda qeydiyyatdadır. Qeydiyyatda başqa şəxslər yoxdur. Məhkəmə hesab edir ki, hazırki mübahisənin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin müddəaları çıxış edir. Belə ki, həmin Məcəllənin 228.1.-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2.-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5.-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Konstitusiya Məhkəməsi 27 may 2008-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, MMin 228.5-ci maddəsinində əks olunmuş “mülkiyyətçinin razılığı” müddəası konstitusiyahüquqi mənasına görə həmin Məcəllənin 228.2-ci maddəsinin tələbləri baxımından tətbiq edilməklə mülkiyyətçinin razılığı yazılı şəkildə bağlanan notariat qaydasında təsdiqlənən razılaşmada ifadə edilməlidir. MM-in 228.5-ci maddəsində əks olunmuş «həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır» müddəası Konstitusiyaya uyğun hesab edilməli və yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququna xitam verilməsinin MM-in 228.2-ci maddəsinə uyğun olaraq tərəflərin yazılı bağladıqları razılaşma ilə təyin edilməlidir (razılaşmada həmin hüquqa xitam verilməsinin nikahla əlaqələndirilməsi istisna olunmur). MM-in 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: - mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Məhkəmə qeyd edir ki, MM-in 228.5-ci maddəsində təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin müddəanın mənasına görə mülkiyyətçi ilə birgə yaşayan əri, arvadı, valideynləri və uşaqlarının onunla bərabər yaşayış sahəsindən istifadə hüququ onların mülkiyyətçinin icazəsi ilə yaşayış binasının tərkib hissəsinə köçərək orada daimi yaşamaqlarını ehtiva edir. Bu mənada, nəzərə alınmalıdır ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri ilə bağlı MM-in 228.5-ci maddəsinə nisbətdə həmin Məcəllənin 228.1-ci maddəsi daha geniş xarakter daşıyır. Belə ki, MM-in 228.1-ci maddəsində mülkiyyətçinin ailə üzvlərindən bəhs edildiyi təqdirdə, həmin Məcəllənin 228.5-ci maddəsi yalnız mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinə aiddir. Göründüyü kimi mülkiyyətçi ilə birgə yaşamayan onun ailə üzvləri MM-in 228.5-ci maddəsinin dairəsinə düşmür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh mənzilin mülkiyyətçisinin keçmiş ailə üzvləri kateqoriyasına da aid edilə bilməz. Cavabdeh mülkiyyətçiyə münasibətdə MM-in 228.1-ci maddəsinə əsasən “digər şəxslər” kateqoriyasına aid edilir. Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının oğlu X11 ilə cavabdeh X7 xx.xx.2012-ci il tarixdə rəsmi nikah qeydiyyatına daxil olmaqla ailə qurmuşlar. Cavabdeh hazırda İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 118 saylı evin 27 nömrəli mənzilində övladları ilə yaşayır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-595/2023 saylı qətnaməsindən məlum olur ki, X11 ilə cavabdeh X7 arasındakı nikah pozulmuş, iddiaçının oğlu X11 həmin mənzildən çıxmış və ayrı ünvanda yaşayır. Ancaq cavabdeh X7 həmin ünvanda yaşamaqda davam edir. Bundan başqa müəyyən edilmişdir ki, cavabdeh hazırda mübahisələndirilən mənzildə pasport qeydiyyatına alınmamışdır. Mübahisəli mənzilə istifadə hüququ barədə cavabdehlə mənzilin mülkiyyətçisi arasında notariat qaydasında yazılı razılaşma mövcud deyildir. Belə ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Göründüyü kimi, X1 istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Belə olan təqdirdə, cavabdehin yuxarıda qeyd olunan mənzildə faktiki olaraq yaşaması iddiaçının mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə də mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə görə isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndinə qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Qeyd olunmalıdır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar «xüsusi və həddən artıq məhrumiyyətlərə» məruz qalırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporronq və Lonnpot İsveçə qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. “R.Ağalarovun şikayəti üzrə” Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007ci il tarixli qərarında, MM-in 228.2-ci maddəsi ilə bağlı olaraq, mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. “Uşaqların hüquqları haqqında” 19 may 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin birinci abzasına görə hər bir uşağın mənzil hüququ vardır. Uşaqların yaşadıqları mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır. Həmin Qanunun 4 və 5-ci maddələrinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, cavabdeh X7, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X9 ilə birlikdə İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospektində yerləşən 118 saylı evin 27 saylı mənzilindən çıxarılmalıdır. Bu qənaətə gələrkən məhkəmə onu da nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Bu konteksdə məhkəmə hesab edir ki, iddianın təmin edilməməsi qanuni və ədalətli, həmçinin insaf və mənəviyyat prinsiplərinə uyğun olması mülahizəsini doğurur. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X7, yetkinlik yaşına çatmamış övladları xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X9 ilə birlikdə İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospektində yerləşən 118 saylı evin 27 saylı mənzilindən çıxarılsın. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2872/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2872/2023
12.10.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver