Məhkəmə qərarları › İş №2(005)-2890/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2890/2021

27.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2890/2021 27.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08.08.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********72230 olan Samsung Galaxy A30 markalı telefon üçün 441 manat ödənilməmiş hissə, 132 manat dəbbə, 28.06.2019-cu il tarixli müqavilə üzrə HOFFMANN markalı kondisioner üçün 553 manat ödənilməmiş hissə, 165 manat dəbbə, 29.03.2019-cu il tarixli müqavilə üzrə LG LED TV üçün 803 manat ödənilməmiş hissə, 240 manat dəbbə olmaqla, ümumilikdə 2334 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 08.08.2019-cu il, 28.06.2019-cu il və 29.03.2019-cu il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********72230 olan Samsung Galaxy A30 markalı telefon, HOFFMANN markalı kondisioner, LG LED TV almış və nəticədə 2334 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 08.08.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 686 manat (14 ay x 49 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********72230 olan Samsung Galaxy A30 markalı telefon üçün ümumilikdə, 573 manat olmaqla ondan, 441 manat ödənilməmiş hissə, 132 manat dəbbə; cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 28.06.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 869 manat (11 ay x 79 manat + 0 manat ilkin ödəniş) HOFFMANN markalı kondisioner üçün ümumilikdə, 718 manat olmaqla ondan, 553 manat ödənilməmiş hissə, 165 manat dəbbə; cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 29.03.2019-cu İl tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1344 manat (18 x 73 manat + 30 manat ilkin ödəniş) LG LED TV üçün ümumilikdə, 1043 manat olmaqla ondan, 803 manat ödənilməmiş hissə, 240 manat dəbbə pulu təşkil edir. Cavabdehin cəmi ödədiyi məbləğ 89 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz, olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, “ABC” “Müştər-nin ödədiyi məbləğin 50%-nə qədər hissəsi peniya ödənilməsinə yönədilə bilər. Məhkəmə iclasında iştirak etmiş iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Cavabdeh 23.04.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin "xxxx" MMC-yə ödənilməyən ümumi borcu 2334 manat təşkil edir. 01.09.2020-ci il tarixli DİN-in BPQMİ-nin MAPS arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. 08.08.2019-cu il tarixli, 00832626 nömrəli müqavilə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İMEİ kodu **********72230 olan Samsung Galaxy A30 markalı telefonu 14 ay müddətinə ayda 49 manat ödəmək şərti ilə almışdır. 28.06.2019-cu il tarixli, 00747708 nömrəli müqavilə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən Hoffmann SİAC-12/HR markalı kondisioneri 11 ay müddətinə ayda 79 manat ödəmək şərti ilə almışdır. 29.03.2019-cu il tarixli, 00588150 nömrəli müqavilə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən LCD 49LK6000 markalı televizoru 30 manat ilkin ödəniş ödəyərək, 18 ay müddətinə ayda 73 manat ödəmək şərti ilə almışdır. Cavabdeh ünvanlanmış 05.05.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, üzərininə götürdüyü öhdəliyi yerinə yetirməsini, əşyanın tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış penya məbləğini qısa bir zamanda ödəməsini xahiş etmişlər, əks təqdirdə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı bildirilmişdir. “Servis Link” Texniki xidmət mərkəzinin 09.01.2020-ci il tarixli texniki rəydən görünür ki, Hoffmann SİAC-12/HR markalı kondisionerin xarici blokunun yerinin dəyişdiriliməsi, istifadə zamanı divar silkələnməsindən narazılıq olmuşdur. Cihazın xarici bloku demontaj olunmuş (söküldü) və müştəri istədiyi yerdə yenidən montaj olunmuş (quraşdırıldı), boru əlavə olunmuş, müştəri göstərilən xidmətdən razı qalmışdır. Müştəridən hər hansı ödəniş alınmamış, bütün xərclər şirkət hesabına qarşılanmışdır. “LG” servis mərkəzinin 07.06.2021-ci il tarixli, 000220 texniki rəyindən görünür ki, 49LK6000 model televizordan öz-özünə sönməsi və səsi gəlməməsindən Cavabdeh tərəfindən şikayət olmuşdur. Müştəri tərəfindən Servis Mərkəzinə 4 dəfə müraciət olunmuşdur. 01.11.2019-cu ildə telefon vasitəsi ilə izah olunmuş, 22.11.2019-cu ildə müştərinin ünvanına gedilmişdir. Proqram təminatı yenilənmişdir. 18.12.2019-cu ildə müştəri ustadan imtina etmiş və lazım olsa əlaqə saxlayacağını bildirmişdir. Son müraciətdə 09.01.2020-ci ildə telefonla izah edilmişdir. Son müraciətdə cihaz normal işlək vəziyyətdə olmuşdur. Kommersiya qrumlarının dövlət reyesteri məlumatlarından görünür ki, "xxxx" MMC-nin hüquqi ünvanı ünvan 2kəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 08.08.2019-cu il, 28.06.2019-cu il və 29.03.2019-cu il tarixli müqavilələr bağlanmış və cavabdeh tərəfindən müxtəlif məişət əşyaları alınmışdır. Lakin alınmış məişət əşyalardan birində, yəni televizorda nasazlıq olduğundan, cavabdeh 4 dəfə iddiaçı şirkətə nasazlığın aradan qaldırılmasını tələb etsə də, heç bir nəticə verməmişdir. Bu hal “LG” servis mərkəzinin 07.06.2021-ci il tarixli, 000220 texniki rəyində də əksini tapır. Həmin rəyə əsasən 49LK6000 model televizordan öz-özünə sönməsi və səsi gəlməməsindən Cavabdeh tərəfindən şikayət olmuşdur. Müştəri tərəfindən Servis Mərkəzinə 4 dəfə müraciət olunmuşdur. 01.11.2019-cu ildə telefon vasitəsi ilə izah olunmuş, 22.11.2019-cu ildə müştərinin ünvanına gedilmişdir. Proqram təminatı yenilənmişdir. 18.12.2019-cu ildə müştəri ustadan imtina etmiş və lazım olsa əlaqə saxlayacağını bildirmişdir. Son müraciətdə 09.01.2020-ci ildə telefonla izah edilmişdir. Son müraciətdə cihaz normal işlək vəziyyətdə olmuşdur. Bu səbəbdən cavabdeh aylıq ödənişləri etməkdən imtina etmişdir. Məhkəmə iddianın 29.03.2019-cu il tarixli müqavilə üzrə LG LED TV üçün 803 manat ödənilməmiş hissə və 240 manat dəbbə pulu hissəsində iddianın əsassız olduğundan, həmin hissədə rədd olunmasını məqbul hesab edir. Məhkəmə hesab edir ki, 29.03.2019-cu il tarixli müqavilə üzrə LG LED TV üçün cavabdeh aylıq ödənişləri etməkdən imtina etməkdə haqlı olmuşdur. Belə mövqe onunla əsaslandırılır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Həmin Məcəllənin 581.2-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Həmin Məcəllənin 582.1-ci maddəsinə görə satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan həmin malı lazımi keyfiyyətli mala dəyişdirməyi, satış qiymətini uyğun məbləğdə azaltmağı, malın qüsurlarının icraçının (satıcının, istehsalçının) hesabına aradan qaldırılmasım və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini, həmin mala uyğun digər modelli (markalı, tipli və i.a.) mal ilə əvəz edilməsini, müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüququna malikdir. Satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan mah geri götürməyə və istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur, istehlakçı malın qüsurunun əvəzsiz olaraq aradan qaldırılmasını tələb edərsə, qüsur 14 gün ərzində və ya tərəflərin razılığı ilə başqa müddətdə aradan qaldırılmalıdır. İş materiallarında olan “LG” servis mərkəzinin 07.06.2021-ci il tarixli, 000220 texniki rəyindən də göründüyü kimi 49LK6000 model televizordan öz-özünə sönməsi və səsi gəlməməsindən Cavabdeh tərəfindən şikayət olmuşdur. Müştəri tərəfindən Servis Mərkəzinə 4 dəfə müraciət olunmuşdur. Sadalanan mülki qanunvericiliyin əsasları baxımından cavabdeh tərəfin eyni əsaslarla alınmış əşyaya görə İddiaçı MMC-nin servis mərkəzinə müraciət etməsini məhkəmə əşyanın qüsuru və 29.03.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə İddiaçı MMC-nin öhdəliyinin şərtlərini yerinə yetirməməsi kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 441.1-ci maddəsinə əsasən tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Həmin Məcəllənin 441.2-ci maddəsinə əsasən mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 441.3-cü maddəsinə əsasən əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. Həmin Məcəllənin 441.4-cü maddəsinə əsasən əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. Həmin Məcəllənin 441.5-ci maddəsinə əsasən bu Məcəllənin 441.2-441.4-cü maddələrində nəzərdə tutulan qaydalar müqavilədə ayrı qayda nəzərdə tutulmadıqda tətbiq edilir. İddiaçı yaranmış problemin məhkəmə mübahisəsi bitənə qədər kredit müqaviləsinə hesablanan aylıq ödənişlərin, faiz və cərimələrin dondurulmasını xahiş etsə də, qanunvericiliyin tələbindən görünür ki, Mülki Məcəllənin 441.5-ci maddəsinə əsasən bu Məcəllənin 441.2-441.4-cü maddələrində nəzərdə tutulan qaydalar müqavilədə ayrı qayda nəzərdə tutulmadıqda tətbiq edilir. O da qeyd edilməlidir ki, alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçı "xxxx" MMC-nin 29.03.2019-cu il tarixli müqavilə üzrə LG LED TV markalı televizorun naturada qaytarılmasını tələb etmək hüququ da istisna edilmir. Məhkəmənin qənaətinə görə cavabdeh tərəfindən tərəflər arasında bağlanmış digər müqavilələr üzrə, yəni 08.08.2019-cu il tarixli və 28.06.2019-cu il tarixli müqavilələrin isə şərtləri Cavabdeh tərəfindən pozulmaqla öhdəlik icra edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin 08.08.2019-cu il tarixli müqavilə üzrə 441 manat məbləğində əsas borcuna görə iddiaçı tərəfindən hesablanmış 132 manat cərimə yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı və 40 manata endirilməlidir. Bundan başqa cavabdehin 28.06.2019-cu il tarixli müqavilə üzrə 553 manat məbləğində əsas borcuna görə iddiaçı tərəfindən hesablanmış 165 manat cərimə yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı və 50 manata endirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia qismən təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, 13 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh 08.08.2019-cu il tarixli müqavilə üzrə 441 manat ödənilməmiş hissə, 40 manat dəbbə pulu, 28.06.2019-cu il tarixli müqavilə üzrə 553 manat ödənilməmiş hissə, 50 manat dəbbə pulu və 13 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 244-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 08.08.2019-cu il tarixli müqavilə üzrə 441 manat ödənilməmiş əsas borc, ona hesablanmış 40 manat cərimə pulu, 28.06.2019-cu il tarixli müqavilə üzrə 553 manat ödənilməmiş əsas borc, ona hesablanmış 50 manat cərimə pulu olmaqla, ümumilikdə 1084 (bir min səksən dörd) manat məbləğində pul və 13 (on üç) manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar