Məhkəmə qərarları › İş №2(005)-2905/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2905/2020

05.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2905/2020 05.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi, İddiaçı Mənzil Tikinti Kooperativinin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakları ilə İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı “müqavilənin ləğvi, mənzilin boşaldılaraq iddiaçıya qaytarılması və vurulmuş ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Mənzil Tikinti Kooperativi Cavabdeh qarşı “müqavilənin ləğvi, mənzilin boşaldılaraq iddiaçıya qaytarılması və vurulmuş ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Mənzil Tikinti Kooperativi ilə Cavabdeh arasında bağlanmış xx xxx 2020-ci il tarixli AZ/B02/MR11/MN75/KRD/220517 saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi, müqavilənin predmeti kimi cavabdehin sahiblik və istifadəsinə verilmiş İddiaçı MTK tərəfindən ünvan 1 ünvanında inşa edilmiş 2 saylı binanın 11-ci mərtəbəsində yerləşən 75 nömrəli, 3 otaqlı mənzilin boşaldılaraq iddiaçıya qaytarılması və müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulmasına görə iddiaçıya dəymiş 5 166,57 manat məbləğində ziyanın və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx xxxxxxx 2020-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair Ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı Mənzil Tikinti Kooperativi ilə Cavabdeh arasında bağlanmış xx xxx 2017-ci il tarixli AZ/B02/MR11/MN75/KRD/220517 saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi, müqavilənin predmeti kimi cavabdehin sahiblik və istifadəsinə verilmiş İddiaçı MTK tərəfindən ünvan 1 ünvanında inşa edilmiş 2 saylı binanın 11-ci mərtəbəsində yerləşən 75 nömrəli, 3 otaqlı mənzilin boşaldılaraq iddiaçıya qaytarılması və müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulmasına görə iddiaçıya dəymiş 5 166,57 manat məbləğində ziyanın və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Mənzil Tikinti Kooperativi ilə Cavabdeh arasında bağlanmış xx xxx 2017-ci il tarixli AZ/B02/MR11/MN75/KRD/220517 saylı alqı-satqı müqaviləsinə əsasən Satıcı MTK Müqavilədə tutulmuş mənzili – 2-ci binanın 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 105,68 m² olan 3 otaqlı 75 saylı mənzili alıcıya 63 408 manata – ilkin ödəniş olaraq 29 450 manat ödəməklə yerdə qalan 33 958 manatı 48 ay müddətinə, hər ay 707,46 manat ödəmək şərti ilə satmağı, alıcı olaraq cavabdeh isə öz növbəsində mənzilin dəyərini müqavilədə nəzərdə tutulmuş müddətə MTK-a ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı 2 saylı binanın 11-ci mərtəbəsində yerləşən 75 nömrəli 3 otaqlı mənzili cavabdehin sahiblik və istifadəsinə vermişdir. Lakin, alıcı olaraq cavabdeh tərəfindən müqavilənin şərtləri pozulmuş və müqavilə ilə üzərinə götürdüyü öhdəliklər icra edilməmişdir. Cavabdehin müqavilə üzrə ödənilməmiş əsas borcu ümumilikdə 23 958 manat təşkil edir. Cavabdehin xx xxx 2020-ci il tarixinə müqavilə üzrə MTK-a 15 468,46 manat ödənilməmiş – gecikmiş əsas borcu və 5 166,57 manat məbləğində gecikməyə görə yaranmış cərimə, ümumilikdə 20 635,03 manat məbləğində borcu vardır. Artıq uzun müddətdir ki, cavabdeh tərəfindən aylıq ödəniş həyata keçirilmir. Öhdəliklərin icra edilməsi ilə bağlı dəfələrlə cavabdehə yazılı və şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq, həmin xəbərdarlıqlar da heç bir nəticə verməmişdir. Cavabdeh tərəfindən müqavilədən irəli gələn öhdəliklərin icra olunmaması müqavilənin əhəmiyyətli dərəcədə pozuntusuna dəlalət edir. Son olaraq iddiaçı tərəfindən cavabdehə xx xxxx 2020-ci il tarixdə borc məbləğinin ödənilməsi və ya müqavilənin ləğv edilməsi barəfə təklif göndərilmiş və cavabdehə müqavilənin ləğvi ilə bağlı xx xxxx 2020-ci il tarixədək müddət verilmişdir. Lakin, bu təklifə də cavabdeh tərəfindən hər hansı reaksiya verilməmiş, beləliklə də cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməkdən yayınmağa davam etmişdir. Təklif məktubunu aldıqdan sonra da cavabdeh tərəfindən öhdəliklər yenə də icra edilmədiyindən iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı Mənzil Tikinti Kooperativinin nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi və vəkili X2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı tərəfindən cərimə məbləğinin nəyin əsasında hesablandığı məlum deyil. Həmçinin, 5 166, 57 manat məbləğində gecikməyə görə cərimə məbləğinin hansı qaydada hesablanması məlum deyil. O, bundan başqa müqavilə tələbləri üzrə öhdəliklərin icra edilməməsi üzrə iddia müddətinin 3 il olduğunu və iddiaçının həmin müddəti ötürdüyünü, bu səbəbdən iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, işdə iştirak edən tərəflərin izahatlarını və çıxışlarını dinləyib, onların təqdim etdiyi sübutları araşdırıb, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MTK ilə Cavabdeh arasında xx xxx 2017-ci il tarixdə bağlanmış AZ/B02/MR11/MN75/KRD/220517 saylı müqavilənin surətindən göründüyü kimi Satıcı MTK Müqavilədə tutulmuş mənzili – 2-ci binanın 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 105,68 m² olan 3 otaqlı 75 saylı mənzili alıcıya 63 408 manata – ilkin ödəniş olaraq 29 450 manat ödəməklə yerdə qalan 33 958 manatı 48 ay müddətinə, hər ay 707,46 manat ödəmək şərti ilə satmağı, alıcı olaraq cavabdeh isə öz növbəsində mənzilin dəyərini müqavilədə nəzərdə tutulmuş müddətə MTK-a ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MTK ilə Cavabdeh arasında xx xxx 2017-ci il tarixdə bağlanmış AZ/B02/MR11/MN75/KRD/220517 saylı müqavilənin 1 saylı Əlavəsi olan Ödəniş Cədvəlindən görünür ki, Cavabdeh tərəfindən xx xxxxxx 2017-ci il tarixdə 23 958 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan İddiaçı MTK tərəfindən xx xxx 2020-ci il tarixdə verilmiş 03/29 nömrəli Arayışdan görünür ki, Cavabdeh xx xxx 2020-ci il tarixə ödənilməmiş gecikmiş borc şəklində 15 468,46 manat, gecikməyə görə yaranmış faiz borcu üzrə 5 166,57 manat, ümumilikdə 23 958 manat məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı MTK tərəfindən Cavabdeh göndərilmiş borc məbləğinin ödənilməsi və ya müqavilənin ləğv edilməsi barəfə təklif göndərilmiş və cavabdehə müqavilənin ləğvi ilə bağlı xx xxxx 2020-ci il tarixədək müddət verilmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli **********01 nömrəli Mədaxil qəbzindən görünür ki, İddiaçı MTK tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum ola bilər. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Belə ki, İddiaçı Mənzil Tikinti Kooperativi Cavabdeh ilə aralarında bağlanmış xx xxx 2017-ci il tarixli AZ/B02/MR11/MN75/KRD/220517 saylı alqı-satqı müqaviləsinə əsasən 2 saylı binanın 11-ci mərtəbəsində yerləşən 75 nömrəli 3 otaqlı mənzili cavabdehin sahiblik və istifadəsinə vermiş, lakin, alıcı olaraq cavabdeh tərəfindən müqavilənin şərtləri pozulmuş və müqavilə ilə üzərinə götürdüyü öhdəliklər icra edilməmişdir. Öhdəliklərin icra edilməsi ilə bağlı dəfələrlə cavabdehə yazılı və şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq, həmin xəbərdarlıqlar da heç bir nəticə verməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi “İddiaçı Mənzil Tikinti Kooperativi ilə Cavabdeh arasında bağlanmış xx xxx 2017-ci il tarixli AZ/B02/MR11/MN75/KRD/220517 saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi, müqavilənin predmeti kimi cavabdehin sahiblik və istifadəsinə verilmiş İddiaçı MTK tərəfindən ünvan 1 ünvanında inşa edilmiş 2 saylı binanın 11-ci mərtəbəsində yerləşən 75 nömrəli, 3 otaqlı mənzilin boşaldılaraq iddiaçıya qaytarılması” hissəsində təmin edilməlidir. Məhkəmə həmçinin cavabdehin iddia müddətinin tətbiq edilərək iddia ərizəsinin rədd edilməsi barədə tələbini araşdıraraq belə qənaətə gəlir ki, cavabdeh tərəfin iddia ərizəsinə və müqavilə üzrə öhdəliklərinə bu cür yanaşması qanunvericiliyin düzgün tətbiq və şərh edilməsi ilə ziddiyyət təşkil edir. Belə ki, məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında müqavilə xx xxx 2017-ci il tarixdə bağlanmış və tərəflər müqavilənin cavabdeh tərəfindən icra müddətini 48 ay müəyyən etmişlər. Buna görə də məhkəmə iddiaçı tərəfindən iddia müddətinin ötürülmədiyi qənaətinə gəlmişdir. Məhkəmə hazırki iş üzrə iddia tələbini “müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulmasına görə iddiaçıya dəymiş 5 166,57 manat məbləğində ziyanın cavabdehdən tutulması” hissəsində araşdıraraq belə qənaətə gəlir ki, iddiaçı cavabdeh tərəfindən 5 166,57 manat məbləğində cərimə borcunu əsassız hesablanmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 2.6-cı bəndindən görünür ki, “alıcı” tərəfindən ödəniş cədvəlinin şərtləri pozulduğu halda “satıcı” birinci xəbərdarlıq verməklə hər gecikən ödəniş gününə aylıq ödənilməyən məbləğin 0,1 % -i həcmində cərimə məbləği tətbiq edir. İddia ərizəsindən də göründüyü kimi iddiaçı borc məbləğinin ödənilməsi barədə xx.xx.2020-ci il tarixdə tərəfə müraciət etdiyini bildirmişdir. Bu səbəbdən cərimənin hesablanması müddəti də xəbərdarlığın edilməsi vaxtından hesablanmalı idi. Bununla belə iddiaçı tərəf cavabdehə hesablanmış 5 166,57 manat məbləğində cərimənin hesablanmasının əsasını təşkil edən birinci dəfə cavabdehə xəbərdarlıq edilməsinə dair sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən iddia tələbi həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı Mənzil Tikinti Kooperativi ilə Cavabdeh arasında bağlanmış xx xxx 2017-ci il tarixli AZ/B02/MR11/MN75/KRD/220517 saylı alqı-satqı müqaviləsi ləğv edilməli, müqavilənin predmeti kimi cavabdehin sahiblik və istifadəsinə verilmiş İddiaçı MTK tərəfindən ünvan 1 ünvanında inşa edilmiş 2 saylı binanın 11-ci mərtəbəsində yerləşən 75 nömrəli, 3 otaqlı mənzil boşaldılaraq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia qismən təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tərəflər arasında bölüşdürülməli və 15 (on beş) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. İddiaçı Mənzil Tikinti Kooperativi ilə Cavabdeh arasında bağlanmış xx xxx 2017-ci il tarixli AZ/B02/MR11/MN75/KRD/220517 saylı alqı-satqı müqaviləsi ləğv edilsin. Müqavilənin predmeti olan İddiaçı MTK tərəfindən ünvan 1 ünvanında inşa edilmiş 2 saylı binanın 11-ci mərtəbəsində yerləşən 75 nömrəli, 3 otaqlı mənzil Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı MTK-ya qaytarılsın. Cavabdeh 15 manat məbləğində dövlət rüsumu İddiaçı Mənzil Tikinti Kooperativinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar