Məhkəmə qərarları › İş №2(005)-2910/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2910/2022

01.11.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2910/2022 01.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı5, Cavabdeh Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı5 cavabdeh Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinə qarşı “İ qrup gözdən əlil olaraq cavabdehin sifarişi əsasında inşa olunan binalarda mənzillə təmin olunma” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinə qarşı “İ qrup gözdən əlil olaraq cavabdehin sifarişi əsasında inşa olunan binalarda mənzillə təmin olunma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəməyə təqdim etdikləri sənədlər ayrı-ayrılıqda yoxlanılmaqla araşdırılaraq cavabdehin sifarişi ilə inşa edilmiş Bakı şəhəri Faiq Yusifov 40 ünvanında xx.xx.2021-ci il tarixdə "xxxx" MMC tərəfindən cavabdehə təqdim olunmuş binalarda hal-hazırkı ailə vəziyyətləri nəzərə alınmaqla mənzillə təmin olunmalarına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Daha sonra İddiaçı4 iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinə qarşı hər hansı iddia tələbinin olmadığını bildirmişdir. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışlar ki, onlar uşaqlıqdan gözdən əlildirlər, Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin üzvləridirlər. Uzun müddətdir ki, mənzil növbəsindədirlər. Bəziləri pozulmuş hüquqlarını ayrı-ayrı vaxtlarda məhkəmə qərarlarına əsasən bərpa etmişlər. Şəxsən möhtərəm prezident cənab İlham Əliyevin gözdən əlillərə göstərdiyi yüksək diqqət və qayğının nəticəsi sayəsində Bakı şəhəri Nərimanov rayonunda 2008-ci ildə 90, 2015-ci ildə isə 132 mənzilli 2 bina inşa edilərək gözdən əlillərin istifadəsinə verilmişdir. Dövlətin gözdən əlillərə göstərdiyi yüksək diqqət və qayğını öz maraqlarına uyğun istifadə edən cavabdeh özünə məxsus ərazilərdə dövlət vəsaiti cəlb etmədən əlavə olaraq 2 bina inşa etdirsə də təxminən 300-ə yaxın mənzildən cəmi 5-6 gözdən əlil mənzil ala bilmişdir. Cavabdeh həm 2008, həm də 2015-ci illərdə mənzil bölgüsü zamanı çox böyük qanun pozuntularına yol verdiyi üçün növbəlilik sistemi pozulmuş, illərlə mənzil növbəsində olub acınacaqlı vəziyyətdə yaşayan gözdən əlillərin əvəzinə sağlam şəxslər mənzillə təmin olunmuşdur. xx.xx.2015-ci ildə möhtərəm prezident cənab İlham Əliyev 132 mənzilli binanın açılışı zamanı öz nitqində gələcəkdə də gözdən əlillər üçün yeni binaların tikiləcəyini bildirmişdi. Məhz cənab prezident bu çıxışından sonra ƏMDK-nin xx.xx.2015-ci il tarixli **********97 saylı, ƏƏSMN-nin xx.xx.2016-cı il tarixli **********7 saylı, Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin xx.xx.2016-cı il tarixli 06/083 saylı məktublarını və cavabdehlə "xxxx" MMC arasında xx.xx.2015-ci ildə bağlanmış müqaviləni nəzərə alaraq Bakı şəhər İcra Hakimiyyəti cavabdehə yaşayış binalarının layihələndirilməsi haqqında xx.xx.2016-ci il tarixli 351 nömrəli sərəncam vermişdir. Cavabdehə olunan etimadsızlıq nəticəsində layihələndirilmiş 4 binadan (blokdan) yalnız birinin (blok 3) tikintisinə Bakı şəhəri İcra Hakimiyyəti xx.xx.2017-ci il tarixdə 631 nömrəli sərəncamla icazə vermişdir. Cavabdehlə "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən ilk növbədə bu binada (blok 3 d-ə) olan 84 mənzildən 75 mənzil gözdən əlillərə verilməli idi. Bundan əlavə qanunvericiliyə uyğun olaraq ümumi tikintinin 10 faizinin Bakı şəhəri İcra Hakimiyyətinin mənzil fonduna köçürülməli olan hissəsi də humanizm baxımından gözdən əlillərə bağışlanmışdır. Çox böyük təəssüf hissi ilə qeyd etməyə məcburdurlar ki, dövlət tərəfindən gözdən əlillərə göstərilən yüksək diqqət və qayğıya cavabdeh tərəfindən kölgə salınır. Cavabdehin əsas vəzifəsi gözdən əlillərin hüquq və qanuni mənafelərini qorumaqdır. Ancaq cavabdeh nə öz nizamnaməsinə, nə də qanunvericiliyin tələblərinə ümumiyyətlə əməl etmir və onların qanunla qorunan hüquqlarını kobud surətdə pozaraq onlara həmin binalarda mənzil vermək istəmir. Bu gün məlum olur ki, xx.xx.2012-ci il tarixdən etibarən təşkilatın icra orqanlarının formalaşdırılması barədə sənədlər Ədliyyə Nazirliyinə təqdim edilsə də, qanunvericiliyin tələblərinə zidd olduğu üçün müvafiq fakt qeydiyyata alınmamışdır. “Qeyri-hökümət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununun 26.4-cü maddəsinə əsasən ictimai birliyin səlahiyyət müddəti bitmiş icra orqanları tərəfindən təşkilatın fəaliyyəti ilə əlaqədar hər hansı qərarların qəbul edilməsinə və ya sənədlərin imzalanmasına yol verilmir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 9.3-cü maddəsinə əsasən hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filialı və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz. Bütün bunlara baxmayaraq qanunsuz fəaliyyət dövründə cavabdehin istifadəsində olan bir çox daşınmaz əmlaklar qanunsuz olaraq leqallaşdırılmışdır. Cavabdeh təkcə xx.xx.2014-cü il tarixli 557 №-li sərəncam verməklə 15 sahibkarın işini dayandırmış və bununla da dövlətə və cəmiyyətə külli miqdarda maddi ziyan vurmuşdur. 5 il 5 ay dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərən cavabdeh, nəhayət xx.xx.2017-ci ildə qeydiyyata alınır və X1 qurumun qanuni təmsilçisi seçilir, ancaq xx.xx.2017-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə S.A.Abdullayev barəsində vəzifədən kənarlaşdırma qətimkan tədbiri seçilmişdir. Hal-hazırda da Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci ildə istifadə verilmiş 132 mənzilin sağlam şəxslərə satılmasına dair məhkəmə prosesi davam etdirilir. xx.xx.2012-ci ildən bu günə qədər Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyi qanunsuz fəaliyyət göstərir və gözdən əlillərə məxsus əmlakı satıb talamaqla məşğuldur. Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin nizamnaməsinin 7.8-ci bəndinə Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin prezidentinin öz vəzifələrini icra etməsi mümkün olmadığı hallarda, habelə onun fəaliyyəti hüquqa zidd xarakter daşıyırsa, bu nizamnamənin tələblərinə uyğun gəlmirsə və ya Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinə zərər vurursa, o Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin məclisi tərəfindən vəzifəsindən kənarlaşdırıla bilir. Həmin nizamnamənin 7.30-cu bəndinə əsasən bütün yığıncaqlarda yazılı protokol aparılır. Protokol yığıncağın sədri və katibi tərəfindən imzalanır, yığıncaqların protokolları lazım gəldikdə bütün üzvlərə paylanmalıdır. Həmin nizamnamənin 25.4-cü bəndinə əsasən ümumi yığıncağın əsas funksiyası onun marağı naminə yarandığı məqsədlərə riayət etməkdir. Həmin nizamnamənin 7.3.4-cü bəndinə əsasən Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin Məclisi Azərbaycan Respublikasının qanunvericiliyinə və bu nizamnəyə uyğun olaraq cəmiyyətin həyatının müxtəlif sahələrinə dair hazırlanmış əsasnamələri və təlimatları təsdiq edir. Həmin nizamnamənin 7.3.5-ci bəndinə əsasən Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin Məclisinin Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin adından təşkilatın əmlakı üzərində sərəncam vermək hüququnu (daşınmaz əmlakın özgəninkiləşdirilməsi istisna olmaqla) həyata keçirir. Həmin nizamnamənin 2.2.14-cü bəndinə əsasən Cəmiyyət üzvlərinə məişət xidməti göstərir və onların həyat səviyyəsini yüksəltmək üçün tədbirlər görür. Cəmiyyətin vəsaiti hesabına tikilmiş və ya alınmış mənzilləri qanunauyğun surətdə bölüşdürür. “Qeyri-hökümət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununun 25.7-ci maddəsinə əsasən “ümumi yığıncaqda yazılı protokol aparılmalıdır. Protokol yığıncağın sədri və katibi tərəfindən imzalanır. Yığıncağın protokolu lazım gəldikdə bütün üzvlərə paylanmalıdır. Həmin Qanunun 29.2-ci maddəsinə əsasən qeyri-hökümət təşkilatının gəlirinin məbləği və strukturu, habelə onun əmlakı, xərcləri, işçilərin say tərkibi, əməyin ödənilməsi haqqında məlumatlar dövlət və ya kommersiya sirri ola bilməz. "xxxx" MMC cavabdehlə aralarında bağlanmış müqaviləyə əsasən mənzillərin cavabdehə təqdim edilməsini təsdiq edən xx.xx.2021-ci il tarixli 41/21 nömrəli məktub versə də cavabdeh mənzillərin 2023-cü ildə veriləcəyini bildirərək onları rəsmən aldadır. Şərh olunanları təsdiq edən rəsmi sənədlər və sübutlar kifayət qədərdir və iddia ərizəsinə əlavə olunaraq məhkəməyə təqdim olunacaq. Onlar cavabdehin bu hərəkətlərini qanunsuz və əsassız hesab edirlər. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə etdi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 iddianı müdafiə etdi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı3 iddianı müdafiə etdi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı5 iddianı müdafiə etdi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin nümayəndəsi X4 iddianı etiraf etmədi və izahatında bildirdi ki, İddiaçı1 2006-cı ildə mənzil növbəsinə dayanaraq ona göstərilmiş güzəşt ilə təcili olaraq 2008-ci ildə Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyi tərəfindən ailə tərkibinə uyğun 2 otaqlı mənzil şəraiti ilə təmin edilmişdir. İstismarına icazə verilmiş Nərimanov rayonu F.Yusifov 45a ünvanlı 2 otaqlı mənzili sataraq İddiaçı1 mənfəət əldə etmək üçün öz mənzil şəraitini qəsdən pisləşdirərək yenidən mənzil növbəsinə dayanmışdır. Bununla o, yenidən mənzil şəraitini Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin hesabına yaxşılaşdırmaq niyyəti ilə müxtəlif şantaj və böhtan xarakterli əməllərlə vaxtaşırı bu tip qruplaşmalar yaradaraq əsassız iddialarla cəmiyyət rəhbərliyinə qarşı çıxır. Dəfələrlə cəmiyyət rəhbərliyi ona maddi və mənəvi dəstək göstərərək sosial rifahı üçün mümkün olan güzəştlər tətbiq etmişdir. Lakin o, bunlara məhəl qoymayaraq vaxtaşırı belə təxribat kampaniyaları hazırlayaraq cəmiyyət rəhbərliyini şantaj etməyə çalışır. Digər İddiaçı2 keçmiş sovet dövründə Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyi tərəfindən mənzil şəraiti ilə təmin edilib ailə təkibinə əsasən genişləndirilmə üzrə yenidən mənzil növbəsinə dayanmış və sənədlərini aidiyyəti üzrə ƏƏSMN tabeliyində olan Sosial Xidmətlər Agentliyinə təqdim etmişdir. Digər iddiaçılara da Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyi tərəfindən mənzil növbəlilik sənədlərini aidiyyəti üzrə Sosial Xidmətlər Agentliyinə təqdim etmələri tövsiyə olunmuşdur. Belə ki, vaxtı ilə gözdən əlil cəmiyyət üzvlərinin mənzil şəraiti ilə təmin edilməsi məsələsi Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyi tərəfindən icra olunurdusa, hal-hazırda bu məsələlər Sosial Xidmətlər Agentliyi tərəfindən həll edilir. Belə ki, Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin rəhbərliyinin təşəbbüsü ilə Sosial Xidmətlər Agentliyi tərəfindən gözdən əlil ailələr mənzil şəraiti ilə təmin olunurlar. 300-ə yaxın gözdən əlil artıq mənzil şəraiti ilə təmin olunmuşdur. İddiaçılara bu haqda yetərincə məlumat verilmişdir. Sadəcə mənfəət əldə etmək niyyəti ilə iddiaçılar Nərimanov rayonu ərazisində mənzil şəraiti ilə təmin olunmaq niyyətindədirlər. Belə ki, Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyi iddia ərizəsində göstərildiyi kimi investorlar cəlb edərək öz şəxsi ərazisində Nərimanov rayonu F.Yusifov küçəsi 40-da (196) mənzillər və ofis tikintisinə start vermişdir. Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi-Tikinti Planlaşdırma Mərkəzi tərəfindən layihədə edilmiş dəyişikliyə əsasən bu yaşayış binalarından bir bina və hər binadan bütünlüklə dörd mərtəbə layihənin təhlükəsizlik meyarlarına uyğun olmadığı üçün ixtisar edilmişdir. İlkin müqaviləyə uyğun 75 mənzil nəzərdə tutulurdusa artıq hər binadan mərtəbə sayı və ümumən bir bina ixtisar edildiyi üçün müqavilə şərtləri dəyişdirilmişdir. Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyi artıq gözdən əlil vətəndaşların mənzil şəraiti problemi tədricən Sosial Xidmətlər Agentliyi tərəfindən həll edildiyi üçün müqavilə şərtlərinə dəyişiklik edərək gələcəkdə sözügedən ərazidən cəmiyyət üçün ofis şəraiti və icarə obyektlərinin tikintisinin aparılmasını planlaşdırır. Halhazırda bu məsələ barədə danışıqlar gedir. Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyi mənzil fondu olmayan, büdcədən maliyyələşməyən və üzvləri qarşısında maddi öhdəlik daşımayan ictimai birlikdir. Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyi qeyri-kommersiya təşkilatı olaraq fəaliyyət göstərir. Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyi heç bir cəmiyyət üzvünü mənzil növbəsinə götürməyib və mənzil şəraiti ilə təmin edilmələri öhdəliyi daşımır. Cəmiyyət yalnız müvafiq dövlət qurumları qarşısında məsələ qaldıraraq vəkillik siyasəti yürütməklə üzvlərinin sosial rifahı üçün fəaliyyət göstərir. Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin müraciətinə əsasən ölkə başçısı cənab İlham Əliyevin göstərişinə əsasən gözdən əlil vətəndaşlar yuxarıda da göstərildiyi kimi mənzil qanunvericiliyinə uyğun ƏƏSMN-nin tabeliyində olan Sosial Xidmətlər Agentliyi tərəfindən mənzil şəraiti ilə təmin olunurlar. Qeyd olunanlara əsasən iddia tələbi əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış 25 dekabr 2015-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin balansında olan yararsız tikililərin sökülərək ərazisində gözdən əlil şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması üçün yaşayış binasının tikintisinə dəstək verilməsinin məqsədəuyğunluğu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 22 oktyabr 2015-ci il tarixli məktubuna baxılmış, gözdən əlil şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması üçün ünvan 3 ünvanında yerləşən yararsız qeyri-yaşayış binalarının yerində inşa ediləcək yaşayış binasının layihələndirilməsi məsələsinə ərazinin planlaşdırılmasına, yaşayış məntəqələrinin baş planına və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq baxılmasına etiraz edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanmış 01 iyun 2016-cı il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Bakı şəhəri Nərimanov rayonu ərazisində Bakı şəhərinin rayon icra hakimiyyətlərində mənzil növbəsinə dayanmış gözdən əlil şəxslər üçün 12 mərtəbəli 132 mənzilli yaşayış binası inşa edilmiş və gözdən əlil şəxslərin bir hissəsi həmin binada mənzillə təmin olunmuşdur. Hazırda Bakı şəhəri üzrə rayon icra hakimiyyətlərində 500-dən çox gözdən əlil şəxs mənzil növbəsindədir. Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin balansında olan yararsız binaların yerində dövlət vəsaiti cəlb olunmadan yaşayış binalarının tikintisi və bu binalardan mənzil növbəsində olan gözdən əlillərin mənzillə təmin edilməsi həmin şəxslərin mənzil şəraitinin yaxşılaşdırılmasına xidmət edə bilər. Qeyd olunanları nəzərə alaraq Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin balansında olan yararsız tikintilərin yerində gözdən əlil şəxslər üçün yaşayış evlərinin tikilməsi layihəsinin həyata keçirilməsi məqsədəuyğundur. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinə yaşayış binalarının tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında 351 nömrəli 22 avqust 2016-cı il tarixli sərəncamından görünür ki, Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin 03 iyun 2016-cı il tarixli müraciətini, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 01 iyun 2016cı il tarixli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 25 dekabr 2015ci il tarixli razılıq məktublarını, Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyi ilə "xxxx" MMC arasında bağlanmış 27 yanvar 2015-ci il tarixli müqaviləni nəzərə alaraq, ünvan 5 ünvanda yerləşən Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinə məxsus qeyriyaşayış tikililərinin yerləşdiyi 1,0100 ha torpaq sahəsində icarə əsasında yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün həmin İctimai Birliyə icazə verilmişdir. İş materiallarında olan olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinə tikintiyə icazə verilməsi haqqında 631 nömrəli 25 dekabr 2017-ci il tarixli sərəncamından görünür ki, Nərimanov rayonu 1988-ci məhəllə, F.Yusifov küçəsi 196 (40) yaşayış binasının (blok 3) tikintisi üçün Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinə icazə verilmişdir. İş materiallarında olan Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin Nizamnaməsinin 2.1-ci bəndindən görünür ki, Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin əsas məqsədi gözdən İ və İİ dərəcəli əlilləri öz ətrafında birləşdirib onlara hərtərəfli xidmət göstərmək üçün hüquq və mənafelərini müdafiə etmək, gözdən əlillər barədə dövlət siyasətinin müəyyən edilməsində və həyata keçirilməsində fəal iştirak etmək, sosial-reabilitasiya və cəmiyyətə inteqrasiya ilə məşğul olmaq, əmək, təhsil, tibb, peşə hazırlığı, idman və mədəni həyat tərzinə əlilləri cəlb etməklə sosial müdafiələrini və ictimai fəallıqlarını inkişaf etdirmək, habelə maddi-məişət şəraitlərinin yaxşılaşdırılmasına kömək etməkdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 523 nömrəli 28 noyabr 2014-cü il tarixli sərəncamından görünür ki, 1-ci qrup gözdən əlil İddiaçı1 keçmiş iş yeri üzrə 10 fevral 2005-ci il tarixdə götürüldüyü mənzil növbəliliyi yaşayış yeri üzrə Nərimanov rayonuna keçirilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 107 nömrəli 15 aprel 2016-cı il tarixli sərəncamından görünür ki, 1-ci qrup gözdən əlil İddiaçı2 mənzil növbəsinə götürülməsi haqqında Nərimanov Rayon İcra Hakimiyyətinin 26 dekabr 2013-cü il tarixli 607 nömrəli sərəncamı ləğv edilmiş və o, 1996-cı ildən güzəştli şərtlərlə yaşayış yeri üzrə Bakı şəhəri Nərimanov rayonunda mənzil növbəliliyinə uçota götürülmüşdür. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 233 nömrəli 10 iyul 2015-ci il tarixli sərəncamından görünür ki, 3-cü qrup gözdən əlil İddiaçı3 mənzil növbəsinə götürülməsi haqqında Nərimanov Rayon İcra Hakimiyyətinin 29 dekabr 2000-ci il tarixli 256 nömrəli sərəncamı ləğv edilmiş və o, 29 dekabr 2000-ci il tarixdən yaşayış yeri üzrə Bakı şəhəri Nərimanov rayonunda mənzil növbəliliyinə uçota götürülmüşdür. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 220 nömrəli 29 iyun 2015-ci il tarixli sərəncamından görünür ki, İddiaçı5 1 nəfər ailə tərkibi ilə (özü) yaşayış yeri üzrə İ qrup gözdən əlil kimi mənzil növbəsinə götürülmüş və güzəştli mənzil sahəsi almaq hüququ olan vətəndaşların siyahısına daxil edilmişdir. İş materiallarında olan MH seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov küçəsində yerləşən 45a nömrəli binanın 83-cü mənzili İddiaçı1 xüsusi mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş ve valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” 492s nömrəli 16 avqust 2021-ci il tarixli sərəncamından görünür ki, Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin razılaşdırılmış təkliflərini nəzərə alaraq:

1. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin sifarişi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində inşa edilmiş 930 mənzil, Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsində inşa edilmiş 154 mənzil, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində inşa edilmiş 771 mənzil, Abşeron rayonunda inşa edilmiş 1890 mənzil, Lənkəran rayonunda inşa edilmiş 45 mənzil, Samux rayonunda inşa edilmiş 197 mənzil, həmçinin 2021-ci ilin sonunadək təhvil verilməsi nəzərdə tutulan Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində inşa edilən 570 mənzil və Abşeron rayonunda inşa edilən 1152 mənzil hesabına Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2015-ci il 21 dekabr tarixli 1633 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli sərəncamlarının 1-ci hissələrində nəzərdə tutulmuş şəxslərin, habelə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda uçota alınmış yuxarıda qeyd edilən sərəncamlara uyğun kateqoriyadan olan 2020-ci il ərzində uçota götürülmüş şəxslərin, eləcə də bu Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan, gözdən əlilliyi olan şəxslərin və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə istifadə edilsin.

2. Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə (bundan sonra - Komitə), Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan çoxmənzilli binaların (tikintisi davam edənlərə münasibətdə isə tikintisi başa çatdıqdan sonra) Komitənin balansından həmin binaların yerləşdiyi rayon (şəhər) icra hakimiyyətlərinin balansına verilməsi ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər.

3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın: 3.1. Bu Sərəncamın 1-cl hissəsinə uyğun olaraq müvafiq kateqoriyadan olan şəxslərə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq mənzillərin verilməsini təmin etsin; 3.2. Bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. Məhkəmə qeyd edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı5 cavabdeh Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinə qarşı “İ qrup gözdən əlil olaraq cavabdehin sifarişi əsasında inşa olunan binalarda mənzillə təmin olunma” tələbi ilə bağlı müvafiq subyektiv hüquqa malik olub-olmamaları və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı araşdırılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, gözdən əlilliyi olan şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə onlara Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq mənzillərin verilməsinin təmin edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəsidir. Eyni zamanda, Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin Nizamnaməsindən görünür ki, birliyin əsas məqsədlərindən biri gözdən əlillərin mənzillə təmin edilməsi deyil, onların maddi-məişət şəraitlərinin yaxşılaşdırılmasına kömək etməkdən ibarətdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı5 cavabdeh Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinə qarşı “İ qrup gözdən əlil olaraq cavabdehin sifarişi əsasında inşa olunan binalarda mənzillə təmin olunma” tələbi ilə məhkəməyə müraciət etmələri üçün subyektiv hüquqları olmamışdır. Belə ki, işin mübahisəsiz hallarına əsasən gözdən əlilliyi olan şəxslərə mənzillərin verilməsinin təmin edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırıldığından və Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin iddiaçıların mənzillə təmin edilməsi vəzifəsinin olmaması müəyyən edildiyindən, iddiaçıların hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə subyektiv hüquqları olmamışdır. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, məhkəmə, qanunvericiliyin qeyd olunan tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı5 cavabdeh Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinə qarşı “İ qrup gözdən əlil olaraq cavabdehin sifarişi əsasında inşa olunan binalarda mənzillə təmin olunma” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbяr tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı5 cavabdeh Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinə qarşı “İ qrup gözdən əlil olaraq cavabdehin sifarişi əsasında inşa olunan binalarda mənzillə təmin olunma” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar