Məhkəmə qərarları › İş №2(005)-2915/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2915/2020

18.08.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2915/2020 18.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh «xxxx» MMC-yə qarşı «əmək müqaviləsinə xitam verilməsi» tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxx» MMC-yə qarşı «əmək müqaviləsinə xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, iş üzrə əmək müqaviləsinə xitam verilməsi və onun «xxxx» MMC-nin direktoru vəzifəsindən azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə ki, əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı qanunvericilikdə məhkəmə tərəfindən əmək münasibətlərinə xitam verilməsi və işçinin vəzifəsindən azad olunması nəzərdə tutulmamışdır. Əmək Məcəlləsinin müqaviləyə xitam verilməsini nəzərdə tutan müddəalarından da göründüyü kimi əmək münasibətlərinə xitam verilməsi qanunvericiliyə uyğun olaraq işəgötürən tərəfindən həll edilməlidir. Əgər mübahisə həll edilməmiş qalarsa hazırki vəziyyətə uyğun olaraq əmək müqaviləsinə xitam verilməsi və vəzifədən azad etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə işçinin məhkəməyə müraciət etmək hüququ vardır. Bununla belə iddiaçı əmək müqaviləsinə xitam verilməsi və onun «xxxx» MMC-nin direktoru vəzifəsindən azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əmək Məcəlləsinin 69-cu maddəsinin 2-ci hissəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Azərbaycan Respublikası MPM-in 152.1 və 152.1.6-cı maddələrinə əsasən müqavilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. İş materiallarından göründüyü kimi iddia ərizəsinə pretenziya məktubunu əlavə etsə də həmin məktubun səlahiyyətli şəxsə göndərilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh «xxxx» MMC-yə qarşı «əmək müqaviləsinə xitam verilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməli, İddiaçı qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh «xxxx» MMC-yə qarşı «əmək müqaviləsinə xitam verilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddia ərizəsi icraata qəbul edilməkdən imtina edilsin. İddiaçı qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar