Məhkəmə qərarları › İş №2(005)-293/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-293/2025

15.01.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-293/2025 15.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzil tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzil tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən Sumqayıt şəhəri, 8-ci mkr, Babək küçəsi boyunca inşa edilən 8 mərtəbəli evin, 3-cü blok, 3-cü mərtəbə, ümumi sahəsi 110 kv.metrdən ibarət mənzillərdən birinin alınaraq ona verilməsi, dövlət rüsumu olaraq məhkəməyə ödədiyi 100 manat və AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinə ödədiyi 124 manat pul vəsaitinin cavabdehlərdən tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 10-cu mkr, Babək küçəsi boyunca inşa edilən 8 mərtəbəli evin, 3-cü blok, 3-cü mərtəbə, ümumi sahəsi 110 kv.metrdən ibarət mənzillərdən birini almaq üçün Hüseynov Şakirlə 01 saylı, xx.xx.2006-cı il tarixli payçı müqaviləsi bağlamışdır. Hüseynov Şakir hazırda vəfat etmiş, Cavabdeh2 isə onun oğlu və hüquqi qanuni varisidir. Həmin payçı müqaviləsinə əsasən 1 kv.m sahənin qiyməti 250 ABŞ dolları, cəmi 110 kv.m sahə üçün ümumi məbləğ 27500 ABŞ dolları olmuşdur. Müqavilədə ödəniş barədə ətraflı qeyd edilməsə də, öz aralarında ilkin ödəniş 3000 ABŞ dolları, hər üç aydan bir 1000 ABŞ dolları idi, ümumi məbləği isə ev təhvil verilənədək ödəməsi ilə bağlı aralarında şifahi razılığa gəlmişlər. Müqavilə əsasında alacağı mənzil üçün ilkin ödəniş 3000 ABŞ dolları, xx.xx.2006-cı il tarixdə 1000 ABŞ dolları, xx.xx.2006-cı il tarixdə 1000 ABŞ dolları, xx.xx.2006-cı il tarixdə 1000 ABŞ dolları, xx.xx.2007-ci il tarixdə 1000 ABŞ dolları, ümumilikdə 7000 ABŞ dolları pul vəsaitlərini cavabdehin əmisi Cavabdeh1 ödəmiş, sonradan tikinti işlərinin yubandığını görüb ödəmələri dayandırmışdır. Hüseynov Şakir 2008-ci il tarixdə həbs olunmuş, payçı müqaviləsinin 1.5-ci bəndində tikintinin 2 il müddətinə təhvil verilməsi qeyd edilsə də, bina 3-cü mərtəbəsinə kimi tikilmişdir. Onun müqavilə bağlayarkən bir övladı var idi və anasıgili ilə yaşamaq mümkün idi. 2010-cu il tarixdə ikinci övladının doğulacağı ilə bağlı bir yerdə yaşamağın mümkünsüzlüyü və evin də hazır olmadığından kirayəyə çıxmışdır. O, 2010-cu il tarixdən ayda 200 manat məbləğində kirayə qalır. Cavabdeh2 Sumqayıt şəhər 34-cü məhəllə ərazisində yerləşən bina tikintisi ilə məşğuldur. Dəfələrlə cavabdehə yeni evlə təmin edilməsini xahiş etsə də, heç bir nəticəsi olmamışdır. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək,cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Sumayıt Şəhəri, 10-cu mkr, Babək küçəsi boyunca inşa edilən 8 mərtəbəli evin, 3-cü blok, 3-cü mərtəbənin ümumi sahəsi 110 kv.m-dən ibarət olan mənzilin 28 kv.m görə ödədiyi 7000 ABŞ dollarının hazırda mənzil satışının bazar qiymətinə nisbətdə pulun bank uçot dərəcəsi hesablanaraq 36400 manat pulun tutulması, dövlət rüsumu olaraq məhkəməyə ödədiyi 126 manatın və AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinə ödədiyi 124 manat pul vəsaitinin cavabdehlərdən tutularaq ona qaytarılması barədə qətnamə qəbul etməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddiasının təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iddianın əsassız olduğunu qeyd edərək, rədd edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: xx.xx.2006-cı il tarixli, 01 saylı müqavilədən görünür ki, müqavilə üzrə Hüseynov Şakir Hüseyn oğlu “İcraçı”, İddiaçı “Payçı” qismində çıxış edirlər. Sumqayıt şəhəri, 10-cu mkr, Babək küçəsi boyunca inşa edilən 10 mərtəbəli evin, 3-cü blok, 3-cü mərtəbə, ümumi sahəsi 110 kv.m-dən ibarət mənzillərdən biri pay kimi verilir. Mənzilin dəyəri kimi bir kv.m sahə üçün 250 ABŞ dolları təşkil edir. Cəmi 110 kv.m üçün 27500 ABŞ dolları təşkil edir. xx.xx.2006-cı il tarixdə 3000 ABŞ dolları, xx.xx.2006-cı il tarixdə 1000 ABŞ dolları, xx.xx.2006-cı il tarixdə 1000 ABŞ dolları, xx.xx.2006-cı il tarixdə 1000 ABŞ dolları, xx.xx.2007-ci il tarixdə 1000 ABŞ dolları məbləğində faktiki ödəniş edilmiş, ödəyən və ödənişi qəbul edən imzaları ilə təsdiq etmişlər. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-2218/2021 saylı qiyabi qətnaməsi ilə cavabdeh Hüseynov Şakir Hüseyn oğlunun qanuni vərəsəsi olan Cavabdeh2 7000 ABŞ dolları məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı verilməsi qət edilmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-2218/2021 saylı qətnaməsi ilə Hüseynov Şakir Hüseyn oğlu ilə İddiaçı arasında bağlanmış 01 saylı, xx.xx.2006-cı il tarixli payçı müqaviləsinin ləğv olunması, Hüseynov Şakir Hüseyn oğlunun qanuni vərəsəsi olan Cavabdeh2 7000 ABŞ dolları məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)- 1300/2022 saylı qətnaməsi ilə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-2218/2021 saylı qətnaməsinin “Hüseynov Şakir Hüseyn oğlunun qanuni vərəsəsi olan Cavabdeh2 7000 ABŞ dolları məbləğində pulun tutulması və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı verilməsi” hissəsində ləğv olunması qət edilmişdir. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-4789/2022 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-1300/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2024 və xx.xx.2024-cü il tarixli arayışlardan görünür ki, xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən İddiaçı aldığı, 10-cu mkr, Babək küçəsində Şakir Hüseynov tərəfindən inşa edilməsi nəzərdə tutulan lakin “Şakir MTK” tərəfindən inşası başa çatdırılmış 8 mərətəbəli binanın 3-cü blok, 3-cü mərətəbəsində 110 kv.m mənzilin ödədiyi 7000 ABŞ dolları dəyərinə uyğun olan 28 kvadratın hər kvadat metrinə bazar qiyməti 1300 manat hesablamaqla, 36400 manat dəyərindədir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2006-cı il tarixli, 01 saylı müqavilə üzrə Sumqayıt şəhəri, 10-cu mkr, Babək küçəsi boyunca inşa edilən 10 mərtəbəli evin, 3-cü blok, 3-cü mərtəbə, ümumi sahəsi 110 kv.metrdən ibarət mənzillərdən birinin pay kimi verilməsi və mənzilin dəyəri kimi bir kv.m sahə üçün 250 ABŞ dolları, cəmi 110 kv.m üçün 27500 ABŞ dollarının ödənilməsi öhdəlik kimi müəyyənlişdirilmişdir. İddiaçı müqavilə üzrə ödənişləri Cavabdeh1 etməyə başlamış, lakin Hüseynov Şakir Hüseyn oğlunun həbs olunması, daha sonra da vəfat etməsi səbəbindən binanın tikilişinin tamamlanması və müqavilə üzrə iddiaçıya mənzilin verilməsi baş tutmamışdır. Hazırda iddiaçı ödədiyi məbləğə müvafiq olaraq, Hüseynov Şakir Hüseyn oğlunun qanuni vərəsəsi olan Cavabdeh2 və ödəniş etdiyi Cavabdeh1 8 mərtəbəli evin, 3cü blok, 3-cü mərtəbə, ümumi sahəsi 110 kv.m-dən ibarət mənzillərdən birinin alınaraq ona verilməsini tələb edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin məcəllənin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Həmin məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən prosessual normaların tələbləri baxımından, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “C.İsmayılzadənin şikayətinə dair” xx.xx.2007-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Brumareski Rumıniyaya qarşı” 28 oktyabr 1999-cu il tarixli qərarına görə, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. İş üzrə ilk növbədə İddiaçı Cavabdeh1 və Cavabdeh2 cavabdehlər kimi çıxış etməklə, onlara qarşı müvafiq iddia tələbi irəli sürmək üzrə subyektiv hüququn mövcudluğu müəyyən olunmalıdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-1300/2022 saylı qətnaməsinə istinadən, İddiaçı payçı müqaviləsi üzrə ödədiyi pul vəsaitlərini qəbul edən şəxsin onun etirafı və ekspertizanın rəyi ilə Şakir Hüseynov olmadığı müəyyənləşdirilmişdir. O cümlədən, İddiaçı müqavilənin icrası qaydasında pul vəsaitlərini alan şəxsin Hüseynov Şakir Hüseyn oğlunun tapşırığı əsasında hərəkət etdiyi də sübuta yetirilməmişdir. İddiaçı cavadeh qismində Cavabdeh2 qarşı iddia irəli sürməkdə onun Hüseynov Şakir Hüseyn oğlunun qanuni vərəsəsi olmasını əsas götürür. Cavabdeh2 Hüseyn oğlunun Hüseynov Şakir Hüseyn oğlunun qanuni vərəsəsi iş üzrə mübahisələndirilməyən haldır. Lakin nəzərə alınmalıdır ki, 01 saylı, xx.xx.2006-cı il tarixli payçı müqaviləsi üzrə İddiaçı müqavilənin digər tərəfi olan Hüseynov Şakir Hüseyn oğluna heç bir ödəniş etmədiyindən, yəni öz üzərinə götürdüyü öhdəliyi icra etmədiyindən vərəsə kimi Cavabdeh2 Hüseyn oğlundan da atasının yerinə yetirməli olduğu öhdəliklərin onun tərəfindən icrasını tələb etmək hüququ yoxdur. İddiaçı cavabeh qismində Cavabdeh1 qarşı həmin şəxsə verdiyi pul vəsaitlərini əsassız varlanma müddəalarına istinadən geri tələb olunması ilə bağlı iddia qaldırmaq hüququ vardır. Hazırki iddia üzrə Sumqayıt şəhəri, 8-ci mkr, Babək küçəsi boyunca inşa edilən 8 mərtəbəli evin, 3-cü blok, 3-cü mərtəbə, ümumi sahəsi 110 kv.metrdən ibarət mənzillərdən birinin Cavabdeh1 alınaraq, iddiaçıya verilməsi Cavabdeh1 üzərinə öhdəlik kimi qoyula bilməz, çünki o, müqavilə üzrə tərəf deyil, bina tikintisi üzrə işləri həyata keçirmir. Onun heç bir hüquqi əsas olmadan əldə etdikləri natura formasında deyil, pul vahidi formasında olmuşdur. Bu səbəbdən iddiaçı tərəfindən Cavabdeh1 ona ödədiyi vəsaitin indeksasiyası tələb oluna bilər. Yuxarıda qeyd edilənlərə məcmu şəkildə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdеh Cavabdeh1 əsassız varlanma hesabına əldə etdiyi 7000 ABŞ dolları (ödənişin icra edildiyi gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə) məbləğində vəsait ondan tutularaq, İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin “AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinə ödənilmiş 124 manat pul vəsaiti” hissəsində qeyd edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, qeyd edilən ekspertiza tədqiqatı hazırki mülki işdə deyil, digər mülki işlə əlaqədar olaraq keçirilmiş və iddiaçının iddiası təmin edilməmişdir. Məhkəmə iş üzrə nəticəyə gələrkən, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbini qismən təmin etdiyindən, mülki iş üzrə ödənilmiş 126 manat dövlət rüsumundan 63 manatı iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdеh Cavabdeh1 əsassız varlanma hesabına əldə etdiyi 7000 ABŞ dolları (ödənişin icra edildiyi gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə) məbləğində vəsait və ondan tutularaq, İddiaçı ödənilsin. Cavabdеh Cavabdeh1 dövlət rüsumu kimi ödənilmiş 126 manat məbləğində vəsaitin 63 manatı ondan tutularaq, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanоv Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar