Məhkəmə qərarları › İş №2(005)-2932/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(005)-2932/2021

08.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2932/2021 08.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1 İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Odlar Yurdu Universitetinə qarşı (Azərbaycan Respublikası Təhsil Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “öhdəliyin icrası” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2002-ci ildə əyani olaraq Odlar Yurdu Universitetinin Dilşünaslıq, Tərcümə (ingilis dili) fakültəsi üzrə bakalavr dərəcəsinin verilməsini təsdiq edən diplomun və diploma əlavənin ona təqdim edilməsi öhdəliyinin icrasını Odlar Yurdu Universitetinin üzərinə vəzifə kimi qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1998-2002-ci illər ərzində Odlar Yurdu Universitetinin Dilşünaslıq (ingilis dili üzrə tərcümə) fakültəsi üzrə əyani olaraq ödənişli əsaslarla təhsil almışdır. 1998-ci ildə universitetə qəbul olunan zaman onunla Odlar Yurdu Universiteti arasında təhsil haqqının ödənilməsi barədə müqavilə bağlanmışdır. Məcburi köçkün olması səbəbi ilə tələbəçilik dövründə ailə üzvlərinin maddi sıxıntısı təhsil haqqını ödəməkdə çətinlik çəkməsinə əsas olmuş və nəticədə universitetə təhsil haqqı borcu (təxminən 3700 ABŞ dolları) yaranmışdır. Universiteti bitirməsinə baxmayaraq təhsil haqqı borcunun qalması və hazırda da təhsil haqqı borcunu ödəyə bilməməsi səbəbi ilə universitet tərəfindən diplom (həmçinin diploma əlavə) iddiaçıya təqdim edilməmişdir. Məcburi köçkün kimi diplomun ona güzəştli şərtlərlə təqdim edilməsi üçün universitetin aidiyyəti şöbələrinin rəhbərliyinə eləcə də, universitetin rektoruna dəfələrlə şifahi həmçinin Təhsil Nazirliyinə yazılı müraciət etsə də, diplomun təhsil haqqı borcunun tam ödənildikdən sonra ona təqdim edilə biləcəyi və eyni zamanda qanunvericilikdə özəl təhsil müəssisələrində bu cür güzəştlərin olmadığı bildirilmişdir. İddiaçının diplom alması onun yaxın gələcəkdə pedaqoji fəaliyyətlə məşğul olması üçün zəruridir. Diplomun iddiaçıya təqdim edilməməsini aşağıda sadalanan qanunvericiliyin tələblərinə görə qanunsuz, əsassız hesab etdiyini bildirmişdir. Göründüyü kimi Odlar Yurdu Universitetinin (kreditor) iddiaçıdan (borclu) təhsil haqqının ödənilməsi tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilməlidir. Belə ki, o, universitetlə 1998-ci ildə təhsil haqqının ödənilməsi barədə müqavilə bağlamış və həmin müqaviləyə əsasən 4 illik təhsil müddətinin sonuna kimi yəni 2002-ci ilə qədər borcunu ödəməli idi. Lakin bu müddət ərzində həm 1998-ci ildən 2002-ci ilədək həm də 2002-ci ildən sonrakı dövrdə də təhsil haqqı borcunu maddi çətinlik səbəbilə ödəyə bilməmişdir. Odlar Yurdu Universitetinin diplomun ona təqdim edilməsini üzərinə öhdəlik kimi qoyduğu təhsil haqqı borcunun ödənilməsi tələbi ilə şərtləndirməsi qanunsuz, əsassız hərəkətdir. Çünki bu cür tələb qanunla müəyyən edilmiş müddət (18 il ötüb) keçdiyindən qüvvəsini itirmişdir. Həmçinin, iddiaçıya məzun olduğu üçün yaranmış zərurətlə əlaqədar olaraq hətta diplomun surəti də verilmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə mülki işə qiyabi icraat qaydasında baxılmasına dair ərizə təqdim edərək, iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Odlar Yurdu Universitetinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçı tərəfin işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməməsini nəzərə alaraq, məhkəmə işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Odlar Yurdu Universiteti tərəfindən verilmiş “Tələbələrin və magistrantların üzlüşmə” vərəqəsinin surətindən görünür ki, tərcümə fakültəsində oxumuş İddiaçı 133-T saylı, 24.06.2004-cü il tarixli əmrinə əsasən universitətdən xaric olunmuş, hazırda təhsil haqqı borcu vardır; 04.09.1998, 04.11.1998, 01.02.1999-cu il tarixli qəbzlərindən görünür ki, İddiaçı təhsil haqqı olaraq Odlar Yurdu Universitetinə 585, 600 və 600 manat ödəniş etmişdir; 16.02.2021-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı 1998-2002-ci illər ərzində Odlar Yurdu Universitetində Dilşünaslıq (ingilis dili üzrə tərcümə) fakültəsi üzrə əyani olaraq ödənişli əsaslarla təhsil almış, müəyyən səbəblərə görə təhsil haqqını gecikdirmişdir. Hazırda iddiaçı Odlar Yurdu Universitetinə diplomunu və diploma əlavəsini almaq üçün müraciət etmiş, lakin ona sənədlər təqdim olunmamışdır. Cavabdeh tərəf iddiaçının bütün müraciətlərinə cavab verməmiş, buna dair məhkəməyə hən hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsi vətəndaşların müraciət etmək hüququnu özündə əks etdirir. Həmin maddənin 1-ci bəndinə görə, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə görə, Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. “Vətəndaşların müraciəti” haqqında AR Qanunun 7.1-ci maddəsinə əsasən müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır. Həmin qanunun 7.2-ci maddəsinə əsasən vətəndaşların müraciətləri ilə bağlı kargüzarlıq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada aparılır və müraciətə baxan subyektin rəhbəri tərəfindən təmin edilir. Həmin qanunun 7.3-cü maddəsinə əsasən müraciətə baxan subyektlərin müraciətlərin qəbul edilməsi və cavablandırılması işini habelə elektron formada həyata keçirmək hüququ vardır. Həmin qanunun 7.4-cü maddəsinə əsasən vətəndaşın müraciətinə onun daxilolma tarixi və qeydiyyat nömrəsi qoyulur. Müraciət edən şəxsin tələbi ilə ona müraciətin qeydiyyat nömrəsi, tarixi və onun icraçısına dair məlumat bildirilir. Həmin qanunun 7.5-ci maddəsinə əsasən müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Müraciətə dövlət dilində cavab verilir. Həmin Qanunun 7.13-cü maddəsinə əsasən, vətəndaşların müraciətlərini aidiyyəti üzrə baxılmaq üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərmək qadağandır. Bu Qanunun 7.13-cü maddəsi ilə müəyyən edilmiş qadağaya görə vətəndaşın müraciətini aidiyyəti üzrə göndərmək mümkün olmadıqda vətəndaşa qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək hüququ izah olunur.( 7.14-cü maddəsi) Həmin Qanunun 10.1-ci maddəsinə əsasən, Bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2-10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. Bu Qanunun 9.2-ci, 9.6-cı, 10.3-cü və 10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, müraciətə baxılması üçün əlavə məlumatların əldə edilməsi və ya aidiyyəti üzrə sorğu göndərilməsi tələb edildikdə, müraciətə baxan subyektin vəzifəli şəxsinin müraciətə baxılması müddətini ən çoxu 30 iş günü uzatmaq hüququ vardır. Bu barədə müraciət edən vətəndaşa, habelə müraciəti baxılmaq üçün bu Qanunun 7.11-ci maddəsinə uyğun olaraq digər müraciətə baxan subyektə göndərmiş yuxarı dövlət orqanına onun tələbi ilə məlumat verilməlidir.( 10.2.-ci maddə) Həmin Qanunun 12.1-ci maddəsinə əsasən, müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilən və təminat verilən qaydada vətəndaşların yazılı və şifahi formada təkliflər vermək, ərizə ilə müraciət etmək, vəzifəli şəxslərin qanunazidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüquqlarının sərbəst həyata keçirilməsi üçün şərait yaradılmasını təmin etməlidirlər. Məhkəmə qeyd edir ki, iddiaçı bakalavr dərəcəsinin verilməsini təsdiq edən diplomun və diploma əlavənin ona təqdim edilməsi öhdəliyi qoyulmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının təhsil alması ilə bağlı sənədlərin - bakalavr dərəcəsinin verilməsini təsdiq edən diplomun və diploma əlavənin ona təqdim edilməsi hüququ da vardır. Eyni zamanda iddiaçının qanunla müəyyən edilmiş hüquqlarından hansından istifadə etməsi onun seçim hüququ ilə bağlı olmaqla, digər hüquqlarının həyata keçirilməsinə mane olmamalıdır. Belə ki, iddiaçının müraciətlərinə qanunla müəyyən edilmiş qaydada və müddətdə cavab verilməməsi iddiaçının hüquqlarının pozulmasına əsas olmuşdur. "İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası 30 sentyabr 2005-ci il tarixli, № 1024-İİQ saylı Qanununun 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır. Həmin Qanunun 2.2-ci maddəsinə görə hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. Həmin Qanunun 2.3-cü maddəinə əsasən informasiya sahibinə müraciət edən hər kəs 2.3.1. sorğu edilən informasiyanın informasiya sahibində olub-olmadığını öyrənmək, bu informasiya olmadıqda onu əldə etmək üçün yardımçı məlumatlar almaq; 2.3.2. informasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. Həmin Qanunun 2.4-1 -ci maddəsinə əsasən informasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin, cinayət işləri üzrə ibtidai araşdırmanın normal gedişinin təmin edilməsi məqsədlərinə zidd olmasın Qanunun 16.1-ci maddəsinə əsasən informasiya sahibi sorğuda tələb olunan informasiyanı aşağıdakı üsullarla icra edir: 16.1.1. elektron informasiya daşıyıcısında yazmaqla və ya sorğuda göstərilən elektron poçt ünvanı üzrə göndərməklə; 16.1.2. sənədin surətini və ya sənəddən çıxarışı sorğuçuya bilavasitə təqdim etməklə və ya onun poçt ünvanına göndərməklə; 16.1.3. telefaksla; 16.1.4. şifahi formada; 16.1.5. informasiya ilə taniş olmaq üçün ayrılmış yerə girməyə icazə verməklə; 16.1.6. informasiya daşıyıcısının növünü nəzərə almaqla başqa üsullarla. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun 27.1.3-cü maddəsinə əsasən açıqlanmış informasiya ilə tanış olma imkanları sorğuçuya izah edildikdə informasiya sorğusu icra olunmuş sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı 2002-ci ildə əyani olaraq Odlar Yurdu Universitetinin Dilşünaslıq, Tərcümə (ingilis dili) fakültəsi üzrə bakalavr dərəcəsinin verilməsini təsdiq edən diplomun və diploma əlavənin verilməsi vəzifəsi öz səlahiyyəti çərçivəsində Odlar Yurdu Universitetinə həvalə edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. 2002-ci ildə əyani olaraq Odlar Yurdu Universitetinin Dilşünaslıq, Tərcümə (ingilis dili) fakültəsi üzrə bakalavr dərəcəsinin verilməsini təsdiq edən diplomun və diploma əlavənin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qiyabi qətnaməni rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə, 1 (bir) ay müddətində isə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar