Məhkəmə qərarları › İş №2(005)-2985/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2985/2023

09.10.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2985/2023 09.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndəsi X3 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə qarşı AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin 10 aprel 2017-ci il tarixli, № Şt-20 saylı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrinin ləğv edilməsi; İddiaçı Sabunçu rayon Gənclər evinə direktor vəzifəsinə bərpa edilməsi; Bakı şəhərinin Sabunçu rayon Gənclər evində işlədiyi xx.xx.2014-xx.xx.2017-ci il tarixlərinin əmək stajına daxil edilməsi və bu müddətlər ərzində həmin vəzifə üçün müəyyən edilmiş ştat üzrə ödənilməmiş əmək haqqı məbləğinin ödənilməsi; xx.xx.2017-ci il tarixindən etibarən boş dayanmasına görə həmin vəzifə üçün müəyyən edilmiş ştat üzrə əmək haqqı məbləğinin məhkəmə qətnaməsi qanuni qüvvəsini alana qədər hesablanaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 1995-ci ilin sentyabr ayının 18-dən 2009-cu ilin may ayının 13-ü tarixinədək Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində müxtəlif dövlət qulluğu vəzifələrində çalışmış və xx.xx.2009-cu il tarixdən "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Həmin tarixdən X6 Kompleksinə direktor vəzifəsinə təyin olunaraq xx.xx.2014-cii il tarixinədək bu vəzifədə çalışmışdır. xx.xx.2014-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69cu maddəsinin 3-cü bəndi ilə onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2014-cii il tarixdən məni hüquqi statusu və əsası olmayan Sabunçu rayon Gənclər evinə direktor vəzifəsinə təyin edilmiş, işlədiyi müddətdə onunla rəsmi olaraq əmək müqaviləsi bağlanılmamışdır. Həmçinin onunla nazirlik arasında yaranan əmək münasibətlərim elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməmiş və həmçinin xx.xx.2017-ci il tarixinədək işlədiyi müddətdə əmək haqqı almamışdır. Bu da Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinin pozulması deməkdir. xx.xx.2017-ci ii tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin heç bir maddə və bəndinə istinad olunmadan mənimlə “bağlanılmış’' əmək müqaviləsinə birtərəfli qaydada xilam verilmiş, işlədiyi müddətdə əmək məzuniyyəti hüququndan istifadə etmədiyinə görə ona son haqq-hesab və 90 günün kompensasiyası, eləcə də üç ilin əmək haqqı məbləği də ödənilməmişdir. Bütün qeyd olunanlar cavabdeh tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmamasını və onun hüquqlarının kobud surətdə pozulmasını bir daha sübut edir. Bu səbəbdən də 10 aprel 2014-cü il tarixindən 10 aprel 2017-ci il tarixədək olan müddətdə əmək haqqı məbləğimin ona ödənilməsi və həmin müddətin əmək stajına daxil edilməsi zərurəti yaranmışdır. Məsələ ilə əlaqədar dəfələrlə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə ərizə ilə müraciətlər etsə də, müraciətləri bu günə qədər cavabsız qalmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsinin 20 aprel 2023-cü il tarixli məktubu ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən 3-17-5/1-5714/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubla Bakı şəhərinin Sabunçu rayon Gənclər evi və X6 Kompleksindəki əmək fəaliyyəti ilə bağlı sənədlərin tam təqdim edilmədiyi bildirilmişdir. Həmçinin iddiaçıya Bakı 18 saylı Mediasiya Təşkilatı 23 iyun 2023-cü il tarixli, N’ MŞB/18/2023-00877 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim olunmuş və iddiaçı tərəfindən 50 manat məbləğində mediasiyaya dair dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndəsi iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, iddia tələbini qəbul etmədiklərini, iddiaçının iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməsini bildirdi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi cavabdeh tərəfindən AR ƏM-nin 84-cü maddəsinin 2-ci bəndinin tələblərinin pozulması faktının müəyyən edildiyini, lakin inzibati xətanın törədilməsindən 1 il müddət keçdiyinə görə işəgötürəni inzibati məsuliyyətə cəlb etməyin mümkünsüz olduğunu bildirdi. İddianın təmin edilməsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Əmək kitabçasından görünür ki, İddiaçı 10 aprel 2014-cü il tarixdən Sabunçu rayon Gənclər evinin direktoru vəzifəsini müvəqqəti icra etməsi əmrlə təsdiq edilmişdir. Eyni zamanda xx.xx.2017-ci il tarixli əmrlə vəzifəsini müvəqqəti icra edən direktorun əmək müqaviləsinə xitam verilmişdir. - Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin xx.xx.2014-cü il tarixli, ŞT- 20 nömrəli əmrindən görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixdən Sabunçu rayon Gənclər evinin direktoru vəzifəsini müvəqqəti icra etməsi əmr olunmuşdur. - Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin xx.xx.2017-ci il tarixli, ŞT- 14 nömrəli əmrindən görünür ki, Sabunçu rayon Gənclər evinin direktoru vəzifəsini müvəqqəti icra edən İddiaçı 10 aprel 2017-ci il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. - AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində hüquqlarının pozulması barədə müraciətinə baxılmış və bildirilmişdir ki, Sabunçu rayon Gənclər evinin direktoru vəzifəsi üzrə əmək müqaviləsinə xitam verilərkən AR Əmək Məcəlləsinin 84-cü maddəsinin 2-ci bəndinin tələbləri pzoulduğuna görə AR İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi üzrə (işçinin əmk müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozulduğuna görə inzibati xəta törədilmişdir. Lakin törədilən inzibati xəta halının xx.xx.2017-ci il tarixində baş verməsi və AR İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində göstərilən 1 (bir) il keçdiyindən, işəgötürəni AR İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi üzrə inzibati məsuliyyətə cəlb etmək mümkün olmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı 2009-2014-cü illər ərzində X1 direktor vəzifəsini tutmuşdur. 10 aprel 2014-cü il tarixdə iddiaçının əmək müqaviləsinə AR ƏM-nin 69-cu maddəsinin 3-cü bəndi ilə xitam verilmişdir. Cavabdeh AR İdman və Gənclər Nazirliyinin eyni tarixli əmri ilə iddiaçıya Sabunçu Rayon Gənclər Evinin direktoru vəzifəsinin müvəqqəti icrası həvalə edilmiş, lakin onunla əmək müqaviləsi bağlanmamışdır. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, 10 aprel 2014-cü il tarixdən 10 aprel 2017-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsi barədə əmr verilənədək həmin vəzifə üzrə əmək funksiyalarını icra etdiyini, lakin ona əmək haqqı ödənmədiyini bildirir. İddiaçı 10 aprel 2017-ci il tarixli, № Şt-20 saylı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrinin ləğv edilməsi; İddiaçı Sabunçu rayon Gənclər evinə direktor vəzifəsinə bərpa edilməsi; Bakı şəhərinin Sabunçu rayon Gənclər evində işlədiyim xx.xx.2014-1 0.04.2017-ci il tarixlərinin əmək stajına daxil edilməsi və bu müddətlər ərzində həmin vəzifə üçün müəyyən edilmiş ştat üzrə ödənilməmiş əmək haqqı məbləğinin ödənilməsi; xx.xx.2017-ci il tarixindən etibarən boş dayanmasına görə həmin vəzifə üçün müəyyən edilmiş ştat üzrə əmək haqqı məbləğinin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi iddianın iddia müddətinin tətbiq edilməsi ilə rədd edilməsini xahiş edirlər. İddia müddətinin tətbiqi barədə ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2017ci il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv edilməsi və işə bərpa edilməsini, həmçinin xx.xx.2014-xx.xx.2017-ci illər üzrə əmək haqqı məbləğinin ödənilməsi tələbi ilə 6 il sonra məhkəməyə müraciət etmişdir.Əmək Məcəlləsinin 296-cı maddəsinin 2ci hissəsinə görə həmin maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəmə müraciət edə bilər.Həmçinin həmin maddənin 4-cü hissəsinə görə pul və digər əmlak tələbləri ilə əlaqədar həmçinin ziyan vurmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı iddia müddətinin tətbiqinə etiraz edərək, məhkəməyə müraciət etmək üçün müddətinin ötürülməsinin səbəbi atasının rəhmətə getməsi, işəgötürənin özünə çoxsaylı müraciətlər etsə də, heç bir rəsmi cavab ala bilməməsi, və mübahisəin həlli üçün ilk olaraq AR X5 Xidməti tərəfindən onun müraciətinin cavablandırılmasını gözləməsi ilə izah etmiş və buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə tərəflərin arasında yaranan mübahisə aşağıdakı qanunvericilik müddəaları tətbiq edilərək həll edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra Əmək Məcəlləsinin): - 42-ci maddəsinin 1-ci hissəsinə əsasən Əmək müqavilələri sərbəst bağlanır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. - 7-ci maddəsinin 2-ci bəndinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. - 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. On beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlanıla bilməz. Tam fəaliyyət qabiliyyəti olmayan şəxs işəgötürən ola bilməz. - 43-cü maddəsinin 1-ci bəndinə əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. - 44-cü maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. - 69-cu maddəsinin 3-cü bəndinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.[114] - 81-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqavilələri bağlanmasının sənədləşdirilməsi Kargüzarlıq işini tənzimləmək məqsədi ilə zəruri hallarda bağlanmış əmək müqaviləsi qüvvəyə mindikdən sonra işəgötürənin mülahizəsinə əsasən onun əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilə bilər. - 81-ci maddəsinin 2-ci bəndinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş qaydada yazılı formada əmək müqaviləsi bağlanmadan əmək münasibətlərinin işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməsi qadağandır. - 294-cü maddəsinin 4-cü bəndinə əsasən,məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. - 296-cı maddəsinin 1-ci bəndinə əsasən, bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. - 296-cı maddəsinin 2-ci bəndinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. - 296-cı maddəsinin 4-cü bəndinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Mülki işin araşdırılmış hallarından görünür ki, tərəflər arasında 2014-cü il 10 aprel tarixində tərəflər arasında əmək müqaviləsi bağlanmamış və əmək münasibətləri işəgötürənin əmri ilə rəsmiləşdirilmişdir. Halbuki, qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən, yazılı formada əmək müqaviləsi bağlanmadan əmək münasibətlərinin işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməsi qadağandır. İşəgötürən tərəfindən qəbul edilmiş əmr, tərəflər arasında müqavilə bağlanmadığına görə tərəflər arasında əmək münasibətlərinin yaranması üçün əsas sayıla bilməz. 2014-2017-ci illərdə tərəflər arasında əmək münasibətləri mövcud olmadığından İddiaçı Bakı şəhərinin Sabunçu rayon Gənclər evində işlədiyi xx.xx.2014–xx.xx.2017-ci il tarixlərinin əmək stajına daxil edilməsi və bu müddətlər ərzində həmin vəzifə üçün müəyyən edilmiş ştat üzrə ödənilməmiş əmək haqqı məbləğinin ödənilməsi; xx.xx.2017-ci il tarixindən etibarən boş dayanmasına görə həmin vəzifə üçün müəyyən edilmiş ştat üzrə əmək haqqı məbləğinin müəyyən edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə iclasında təqdim edilmiş iddia müddətinin tətbiqi barədə ərizə ilə bağlı qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı isə 2014-cü ildən etibarən hüquqlarının pozulduğunu bildiyi halda, 2017-ci il tarixdə isə işəgötürənin əmri ilə əmək müqaviləsinə xitam verildiyi halda, məhkəməy yalnız 2023-cü il tarixdə müraciət etmişdir. Beləliklə, qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. İddia ərizəsindən və iddiaçının izahatından görünür ki, iddiaçı 10 aprel 2017-ci il tarixdən etibarən əmək müqaviləsinə xitam verilməsi barədə əmrin mövcudluğundan xəbərdar olmuşdur. Yol verilmiş hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək imkanı qanunvericilikdə konkret olaraq bir ay müddətlə məhdudlaşdırılmışdır. İddiaçı isə əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qəbul edilməsindən təxminən 6 il keçdikdən sonra mediasiyaya müraciət etmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyi əmək hüquqlarının müdafiəsi üçün müddətlər müəyyən etmişdir və həmin müddətlər ərzində də səlahiyyətli şəxslər öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilərlər. Bu müddət, yəni iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçünsəlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Məhkəmə iddia müddətinin tətbiqinə cavabdehin etirazı ilə bağlı qeyd edir ki, etiraz əsasladırılmamışdır. Cavabdeh iddia müdddətinin ötürülülməsini hər hansı üzrlü halla əlaqələndirə bilməmişdir. Belə ki,cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 etdiyi müraciətin cavabını gözləməsi, atasının rəhmətə getməsi və s. kimi hallarla əsaslandırmışdır. Halbuki AR KM-nin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Qərarında təsbit edilmiş hüquqi mövqeyə əsasən, X5 Xidməti fərdi əmək mübahisəsinə baxan orqan hesab edilmir. Eyni zamanda mülki işin materiallarından görünür ki, Xidmət tərəfindən cavabdehə arayış təqdim edilmiş, hər hansı qərar qəbul edilməmişdir. AR KM-nin Plenum Qərarında müəyyən edilmiş hüquqi mövqeyi rəhbər tutan məhkəmə hesab edir ki, belə olan təqdirdə iddia müddətinin axımını həmin orqanın iddiaçıya təqdim etdiyi cavab məktubunun tarixindən hesablanması üçün heç bir əsas yoxdur. Belə ki, AR ƏM-nin 294-cü maddəsinin 4-cü hissəsində iddia müddətinin əvvəli əmək mübahisəsinə baxan orqanın qərar qəbul etdiyi gündən hesablanması nəzərdə tutulub. Bu hal isə işin halları ilə müəyyən edilmir. Digər tərəfdən iddiaçı atasının rəhmət getdiyini, buna görə iddia müddətini ötürdüyünü bildirsə də, iş materiallarında olan ölüm kağızından görünür ki, iddiaçının atası 18 yanvar 2019-cu il tarixdə vəfat etmişdir. Halbuki, iddiaçı 2017-ci ilin aprel ayının 10-dan müvafiq vəzifə üzrə səlahiyyətlərinə xitam verilməsi barədə əmrdən məlumatlı olmuşdur. Belə olan təqdirdə bu hal da iddiaçının əmək münasibətlərinə xitam verilməsi barədə əmrin qəbulundan 6 il sonra məhkəməyə müraciət etməsini üzrlü hesab edilməsinə əsas verən hal kimi nəzərdən keçirilən bilməz. Eyni zamanda, iddiaçı əmək haqqı və boşdayanmanın əvəzinin ödənilməsi tələbləri ilə bağlı məhkəməyə müraciət müddətini də ötürmüşdür. Belə ki, qüvvədə olan əmək qanunvericiliyinə əsasən bu qəbildən olan tələblərdə iddia müddəti 1 il həddində müəyən edilmişdir. İddiaçı bu müddəti də ötürmüşdür. Məhkəmə eyni zamanda qeyd edir ki, “əmrin ləğvi, işə bərpa və müddətin əmək stajına daxil edilməsi” tələbi təmin edilmədiyinə görə, əmək haqqı və boşdayanmanın əvəzinin ödənilməsi ilə bağlı tələblər mahiyyəti üzrə də əsassızdır və təmin edilə bilməz. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001ci il tarixli Qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikincisi, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncüsü iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarına əsasən iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Bununla da, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini keçirmişdir. Mübahisə tərəfi olan cavabdeh isə iddia müddətinin ötürülməsinə görə iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinin tələbinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddia müddətinin axımının başlanğıcı həm obyektiv, həm də subyektiv anla bağlıdır. Obyektiv an şəxsin öz subyektiv mülki hüququnun pozulduğu andır. Subyektiv an isə şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu andır. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla yox, subyektiv anla şərtləndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Prosessual mənada iddia hüququ, yəni iddia ilə məhkəməyə müraciət etmək imkanı isə hər hansı vaxtla (anla) məhdudlaşdırılmır Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Məhkəmə yuxarıda göstərilən qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə qarşı AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmrin ləğv edilməsi, işə bərpa, müddətin əmək stajına daxil edilməsi, əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar